19 May 2024

Bazar, 03:22

QARA ŞƏNBƏ

İsraildə baş verənlər regionda tammiqyaslı müharibəyə çevrilə bilər

Müəllif:

15.10.2023

Oktyabrın 7-si, şənbə günü başlayan hadisələr nəinki minlərlə israilli ailəsinin həyatını, həm də Yaxın Şərq regionunun yeni tarixini iki dövrə bölüb – bunadək və bundan sonra. Region XX əsrin 40-cı illərinin ikinci yarısından sonra dünyanın ən qaynar nöqtələrindən biri olaraq qalır. Terror aktları, yaraqlı axını, lokal toqquşmalar – bütün bunlar İsrail həyatının reallığıdır. Amma ölkə son 50 ildə belə miqyaslı hücumla üzləşməmişdi.

 

Heç kimin gözləmədiyi müharibə

İsrailli jurnalistlər HƏMAS-ın hücum ssenarisini belə canlandırıblar: hücum səhər saat 06:00 radələrində başlayıb. Əvvəlcə İsrail şəhərləri miqyasına görə görünməmiş raket atəşinə tutulub – ən azı 2500 raket. Bunun ardından 7 saat ərzində hava həyəcanı siqnalı susmayıb. Terrorçuların ilk qrupu İsraillə Qəzza zolağı arasındakı müdafiə divarını paraplanlarla keçib. Eyni vaxtda, inşaat texnikasının köməyi ilə divar dağıdılıb. Bununla yanaşı, kiçikölçülü gəmilərlə dənizdən də hücum başlayıb. Əsas dəhşət ölkənin cənubunda yaşanıb. Burada yaraqlılar Sderot şəhərinə, Kfar-Aza, Maqen, Bari, Sofa icmalarına daxil olublar… Dəhşətli faciə Reim kibbutsu ətrafında da baş verib. Burada HƏMAS yaraqlıları Neqev səhrasında açıq səma altında keçirilən Supernova Musiqi Festivalının iştirakçılarını və qonaqlarını güllələyiblər. Hadisə yerində 260 cəsəd aşkarlanıb. Ümumilikdə isə terrorçuların İsrailə hücumu nəticəsində mindən artıq insan həlak olub, yüzlərlə şəxs itkin düşüb. Onlardan əksəriyyətinin terrorçular tərəfindən tutularaq Qəzzaya aparıldıqlarına şübhə yoxdur. Terrorçular saysız-hesabsız ailəni son üzvünədək məhv edib.

Azərbaycanda ictimai rəyin baş verənlərə reaksiyası özünü gözlətməyib. İnsanlar İsrailin Bakıdakı səfirliyinə axışıb, oraya gül-çiçək, şamlar, oyuncaqlar aparıblar. Qarabağda baş vermiş son proseslər fonunda biz İsraildən Azərbaycana silah, hücum dronları, raket əleyhinə sistemlərin tədarük olunduğunu yaxşı xatırlayırıq.

Ermənistanda isə sosial şəbəkələrdə başqasının bədbəxtliyinə sevinc əlamətləri aşıb-daşır. Səbəb, əlbəttə ki, Azərbaycan-İsrail əməkdaşlığıdır. Ekspertlər xatırladır ki, HƏMAS-ın İsrailə hücumu ərəfəsində İrəvanda şəhərin yeganə sinaqoqu vandal hücumuna məruz qalmışdı. Baş verənlərə görə məsuliyyəti üzərinə götürmüş ASALA üstəlik, bütün dünyada israillilərə hücumların təşkil olunacağı vədini vermişdi. Təsadüf, yoxsa Ermənistan növbəti dəfə beynəlxalq terrorçuluqla qədim əlaqələrini ortaya qoyur?

Analitiklər İsraildə bu cür dəhşətin necə baş verdiyini müzakirə edirlər. Haqlı olaraq dünyanın ən güclülərindən sayılan İsrail xüsusi xidmət orqanları bu hücum hazırlığını niyə nəzərdən qaçırıb? Ordunun baş verənlərə reaksiyası nədən bu qədər ləngiyib? Necə olub ki, terrorçular müharibəni İsrail ərazisinə daşıya biliblər? Versiyalar çoxdur və onların hər birində əsaslı görünən məqamlar var.

Bəziləri hesab edir ki, İsrailin Qəzza sektorunda kəşfiyyat meydanı olmadığından, o, yalnız texnika vasitəsilə aparılan müşahidələrlə kifayətlənib, HƏMAS liderləri isə öz növbələrində, elektron avadanlıqlarından minimum istifadə və s. ilə yaxşı pərdələnə biliblər.

Digərləri 1973-cü ildə Yom Kippur müharibəsi başlayan zaman da ərəblərin İsraili qəflətən yaxaladıqlarını xatırladırlar. Bir fakt da var: Amerikanın xüsusi xidmət orqanları 2001-ci ilin 11 sentyabr terroruna hazırlıqdan xəbər tuta bilməmişdi və bunun səbəbi yəqin ki, MKİ, FTB, MTA və digərlərinin peşəkarlıq səviyyəsinin zəifliyi deyildi. Kəşfiyyat məlumatlarının təhlili hər zaman «qəhvə falı açmaq» kimi bir şeydir və orada insanın məhz görmək istədiyini «görməsi» riski çoxdur. İsrail kəşfiyyat xidmətlərinin bu qrupun hərbi-intellektual potensialı haqqında bildikləri onların belə genişmiqyaslı hücum təşkil etmək iqtidarında olduğuna şübhə yaratmırdı. Daha sonra ekspertlər belə bir qənaətə gələcəklər ki, bu hücumu planlaşdıran və həyata keçirən, şübhəsiz ki, axmaq fanatiklər olmayıb.

Mühafizə olunan divara peşəkar hazırlıqlı yaraqlılarla «doldurulmuş», lakin sanki heç bir hazırlığı olmayan insan kütləsinin göndərilməsi, paraplanlardan, qayıqlardan, katerlərdən istifadə və bütün bunların vahid məqsədə qulluq etməsi – HƏMAS-dan bunu sadəcə, gözləməyiblər. Ona görə də baş verənləri görməyiblər. Bundan başqa, HƏMAS-ın hücumu İsrail daxilində görünməmiş siyasi parçalanmanın yaşandığı vaxta təsadüf edib. Netanyahu hökumətinin həyata keçirdiyi məhkəmə islahatları on minlərlə insanı küçələrə çıxaraq etiraz aksiyası keçirməyə vadar edib, «dindarlar»la «dünyəvilər» arasında münasibətlər gərginləşib. Son faciəvi hadisələr də açıq şəkildə göstərib ki, daxildəki siyasi bölünmə müasir İsrail kimi dövlətdə belə, döyüş qabiliyyətinə ciddi təsir göstərə bilir. Demokratiya belədir. Onu da qeyd etmək lazımdır ki, terrorçuların hücumu şənbə günü, Sukot bayramının səhəri erkən saatlarda başlayıb. Bu da təbii ki, baş verənlərə reaksiyanın ləngiməsinin səbəblərindəndir.

Qəfil hücum, İsrailin müdafiə xəttində zəif yerlərin tapılması, divarın mühafizəsi ilə məşğul olan postlarda növbənin dəyişməsi vaxtının bilinməsi və s. əlbəttə ki, terrorçuların müəyyən uğur qazanmasına imkan verə bilər, amma bu, heç bir halda strateji qələbə ola bilməz. Hücuma cavabın son dərəcə sərt olacağı ilk andan heç kimdə şübhə yaratmırdı. Belə olan təqdirdə terrorçuların məqsədi nə imiş?

 

Özününküləri vur ki…

İsrailin cənubunda oktyabrın 7-8-də baş verənlər kənardan hərbi əməliyyatı xatırlatsa da, əslində terror aktı idi. Terrorun hədəfləri isə məlum olduğu kimi, tam başqadır: qorxu və təşviş yaratmaq, qarşı tərəfin zəif olduğunu göstərmək… Sifarişçilərin də mümkün motivləri haqda mülahizələr irəli sürmək olar. Onların olduğuna şübhə yoxdur. HƏMAS bu cür hücumu nəzəri olaraq belə, təkbaşına hazırlaya bilməz. Kiməsə İsrailin Ukraynaya dəstəyi xoş gəlməyə bilər, kiməsə onun beynəlxalq silah bazarındakı fəallığı…

Qeyd olunmalıdır ki, İsrail son aylarda görünməmiş dərəcədə uğurlu «diplomatik həmlə»lər də edir. O, Türkiyə ilə münasibətlərini normallaşdırıb və bu, Azərbaycanda böyük sevinclə qarşılanıb, bir çox ərəb ölkəsi ilə dialoq qurub, nəhayət, çoxdan gözlənilən hadisə – İsraildə Azərbaycan səfirliyi açılıb. Bunların İranın radikal qanadının xoşuna gəlmədiyinə şübhə yoxdur. Onlar Fars körfəzinin ərəb ölkələrinin İsraillə kimə qarşı dostluq etmək istədiklərini yaxşı anlayırlar. Demək, «sionist rejim», «Qəzzanın dinc əhalisi arasında tələfat» və s. kimi damğaları yenidən aktuallaşdırmağın tam zamanıdır. İran rəhbərliyi baş verənlərə görə məsuliyyəti açıq şəkildə üzərinə götürməsə də, İsrailə hücumu alqışlayıb ki, bu da təsadüf deyil.

 

İsrailin cavabı – kimlər hazırlaşsın?

İsrailin cənubunda baş verən bu dəhşətdən sonra ölkə rəhbərliyi baş nazir Binyamin Netanyahunun simasında HƏMAS-a «indiyədək görünməmiş cavab atəşi» vəd edib. Son illər ŞƏMAS həmişə buna bel bağlayıb ki, İsrail «təmizləmə əməliyyatı» başlasa dərhal dünya birliyi onun əlindən yapışacaq. Amma indi buna ümid etmək olmaz. İsrailin hərbi-siyasi kabineti müharibə elan edib. Bu, 1973-cü il savaşından sonra bir ilkdir. Artıq İsraildə ehtiyatda olan hərbçilərin orduya çağırılmasına başlanılıb. Onların çoxu xaricdə olsa da, vətənə qayıdaraq döyüşə atılmağa tələsir. ABŞ Şərqi Aralıq dənizinə artıq ikinci təyyarə daşıyan gəmisini göndərib. Görünən odur ki, bu dəfə iş Qəzza zolağında ənənəvi antiterror əməliyyatı ilə məhdudlaşmayacaq. Ekspertlər «qərarların qəbulu mərkəzləri»nə də zərbələrin endiriləcəyini istisna etmir və demək, İran da təhlükə ilə üz-üzədir. Bu isə artıq Yaxın Şərqdə miqyaslı savaş riski deməkdir. İndi HƏMAS-ın külək əsdirən sifarişçiləri tufana düşmək «şans»ı qazanıblar. Əlbəttə, miqyaslı münaqişədə heç kim, ilk növbədə isə İranın qonşuları, o cümlədən Azərbaycan maraqlı deyil. Lakin təəssüf ki, sülh üçün onu hamının istəməsi lazımdırsa, müharibə üçün iştirakçılardan birinin istəyi kifayətdir.



MƏSLƏHƏT GÖR:

58