19 May 2024

Bazar, 04:16

İRANIN URANI

Tehran yaxın zamanlarda nüvə silahı yaradacaqmı?

Müəllif:

15.10.2023

İranın nüvə proqramı ilə bağlı problem dünya siyasətinin gündəmindən çıxmır. ABŞ-ın Tehranın ən yaxın vaxtda nüvə silahı əldə edə biləcəyinə dair bəyanatı ilə məsələ yenidən aktuallaşıb.

 

«Davamlı təhdid»

ABŞ Müdafiə Nazirliyinin oktyabrın əvvəlində açıqladığı «Kütləvi qırğın silahına müqavimət strategiyası» adlı illik məruzədə bildirilir ki, İran nüvə silahının hazırlanmasına kifayət edəcək parçalanmış materialı 2 həftədən də qısa müddətdə əldə etmək iqtidarındadır. Bununla yanaşı, Pentaqon etiraf edir ki, Tehran yaxın perspektivdə nüvə silahına sahib olmaq məqsədi güdən proqramın icrası ilə məşğul deyil. Yəni sənəddə söhbət ümumilikdə İranın yaratdığı kompleks təhdidlərin tərkib hissəsindən gedir. ABŞ İranın kimyəvi silaha nəzarət öhdəliyinə əməl etməməsini də bu qəbildən olan təhdid sayır. Pentaqonun iddiasına görə, Tehran kimyəvi silah istehsalının həyata keçirildiyi obyektlərlə bağlı bəyannamənin təqdim olunması haqda razılaşmaya əməl etmir. Bundan başqa, İranın sinir sistemini iflic edən hücum silahları istehsal etmək imkanları da ABŞ-ı narahat edən məqamlardandır. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi fonunda Tehranın Moskva ilə hərbi əməkdaşlığı fəal inkişaf etdirməsi Vaşinqton tərəfindən «davamlı təhdid» kimi qiymətləndirilir. Əsas təhdid isə yenə də İranın nüvə proqramı ilə bağlıdır.

İndi İranla hələ 2015-ci ildə əldə olunmuş, sanksiyaların yumşaldılması qarşılığında Tehranın nüvə proqramını məhdudlaşdırmasını nəzərdə tutan razılaşmanın bərpası məsələsi yalnız Birləşmiş Ştatların deyil, digər beynəlxalq elçilərin (Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) də diqqət mərkəzindədir. Razılaşma 2018-ci ildə Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyasının onu tərk etməsi və İrana qarşı sanksiyaları sərtləşdirməsi ilə pozulub. Nəticədə, Tehran atom silahı əldə etmək niyyətində olmadığını desə də, nüvə proqramını yenidən fəallaşdırıb.

Cozef Baydenin başçılıq etdiyi yeni ABŞ administrasiyası razılaşmanın bərpasını istəyir və buna çalışır. 2022-ci ilin iyulunda Tehran da eyni istəkdə olduğunu bəyan etsə də, tərəflər hələ ki, bu istiqamətdə ciddi irəliləyişə nail olmayıb.

Bu ilin fevralında Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) İranın 60%-dək zənginləşdirilmiş 87,5 kq urana malik olduğunu açıqlayıb. Mütəxəssislər iddia edirlər ki, nüvə başlıqlarının istehsalı üçün uran 90%-dək zənginləşdirilməlidir. Sonradan yayılan məlumata görə, İranın zənginləşdirilmiş uran ehtiyatı fevralda açıqlanmış rəqəmdən də artıqdır. Bu isə beynəlxalq dairələri, ilk növbədə ABŞ-ı narahat edir. Bayden administrasiyasının Tehranla danışıqlara yeni yanaşma ortaya qoyması da bundan qaynaqlanır.

Güman ki, Ağ Ev İranın nüvə proqramını qismən dondurması qarşılığında sanksiya rejiminin zəiflədilməsini nəzərdə tutan yeni razılaşmanın əldə olunmasını mümkün sayır. Amma istər bu, istərsə də köhnə razılaşmanın bərpası yolunda bir sıra maneələr var. Onlardan biri Tehranın MAQATE-nin Fransa və Almaniyanı təmsil edən 8 müfəttişinin akkreditasiyasını ləğv etməsidir.

 

Rədd edilmiş müfəttişlər

Qərb və MAQATE İranın bu qərarını tənqidlə qarşılayıb. ABŞ-ın dövlət katibi Entoni Blinken bunu Tehranın nüvə proqramına görə məsuliyyət daşımaq istəməməsi kimi xarakterizə edib. 2015-ci il razılaşmasının koordinatoru olan Avropa İttifaqı isə İranı qərara yenidən baxmağa çağırıb. Brüsseldə hesab edirlər ki, iranlıların bu qərarı agentliyin işini görməsinə ciddi maneədir.

Beləliklə, Qərb Tehranın əməllərində nüvə proqramının beynəlxalq monitorinqinə mane olmaq cəhdləri görür. Halbuki Nüvə silahlarının yayılmaması haqqında Müqavilənin 9-cu maddəsinə əsasən, İranın ölkənin nüvə obyektlərində yoxlama aparan MAQATE müvəttişlərinin akkreditasiyasından imtina etmək səlahiyyəti var.

MAQATE-nin rəhbəri Məhəmməd Eslami də qərbli müvəttişlərin işdən kənarlaşdırılmalarından narahatlığını dilə gətirib, bununla yanaşı, bildirib ki, Tehranın Birgə Hərtərəfli Fəaliyyət Proqramının (BHFP) bütün tələblərinə əməl etdiyini, MAQATE-nin isə lazımi obyektlərə baxış keçirə bildiyini söyləyib. Qərbin prioritet tələblərindən biri məhz MAQATE ilə əməkdaşlıqdır. ABŞ-da hesab edirlər ki, Tehran gərginliyi azaltmaq, diplomatiya üçün şərait yaratmaq, agentliklə əməkdaşlığı gücləndirmək istəyirsə, «deeskalasiya addımları» atmalıdır. Amerika Vaşinqtonla Tehran arasında birbaşa və ya dolayı danışıqların bərpası üçün ilk addım olaraq məhz bunu tələb edir.

Bəs Tehran vəziyyəti düzəldəcək, Qərblə, ilk növbədə Birləşmiş Ştatlarla dialoqu bərpa edəcək ilk addım olaraq nəyi görür?

 

«Yaxşı razılaşma» mümkündürmü?

İran prezidenti İbrahim Rəisi Amerikanın CNN telekanalına müsahibəsində «söhbət dinc xarakterli nüvə proqramından gedirsə, İran uranı niyə yüksək həddə zənginləşdirir?» sualına cavab olaraq bildirib ki, əvvəlcə onların uranı 59%-dən çox zənginləşdirmək planı olmayıb. Rəisinin sözlərinə görə, İran hökuməti BHFP çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam sadiq olub. Lakin sonradan «Böyük Britaniya, Fransa və Almaniya İrana sanksiyalar tətbiq edən Amerikanın yanında yer alıblar» və öhdəliklərinin icrasını dayandırıblar. Bu üzdən də Tehran onlara uranı zənginləşdirməklə cavab verib. Bununla yanaşı, Rəisi məqsədlərinin nüvə silahı əldə etmək olmadığını da söyləyib. «Avropalılar öhdəliklərinin icrasına başlayarlarsa, əmin olun ki, İran da keçmişdə olduğu kimi, yenə də öhdəliklərinə sadiqlik göstərəcək», - deyə dövlət başçısı qeyd edib.

Bununla, İran danışıqlar yolu ilə BHFP-ni bərpa etmək istəyini də ortaya qoyub. Amma bunun üçün o, əvvəlcə sanksiyaların ləğvini tələb edir. Rəisi Qərb dövlətlərinin BHFP çərçivəsində öhdəliklərini yerinə yetirməsi dedikdə məhz bunu nəzərdə tutur. İran prezidenti bildirib ki, onlar sanksiyaların ləğvini gözləyirlər və bu, BHFP normalarına qayıdılması yolunda əhəmiyyətli addım olardı. «Yaxşı razılaşmaya aparan yolun təmizlənməsi üçün bu, vacibdir», - deyə Rəisi qeyd edib. Bununla yanaşı, o, deyib ki, «Qərb bizimlə bir neçə kanal vasitəsilə əlaqə qurmağa çalışır, lakin sözlər əməllərlə də təsdiqini tapmalıdır».

Qərbdə isə Tehranın bütün israrlarına rəğmən, İranın nüvə silahı əldə etmək üzərində işləmək ehtimalını real sayırlar. ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, onlar bunun baş verməməsi üçün bundan sonra əllərindən gələni edəcəklər. Vaşinqtonda əmindirlər ki, nüvə silahı əldə edəcək İran bütünlükdə Yaxın Şərq regionu üçün təhdidə çevriləcək.

Oktyabrın 7-də Amerikanın regiondakı ən yaxın müttəfiqi olan İsraillə Fələstinin radikal HƏMAS qruplaşması arasında müharibənin başlaması bu mövqeyi daha da gücləndirib. İsrail hər zaman İranın nüvə proqramına qarşı çıxıb, bunu öz milli maraqlarına təhdid sayıb. Çünki Tehran İsrail dövlətinin xəritədən silinməli olduğunu hər imkanda açıq şəkildə ifadə edir. Bununla yanaşı, İsrail rəhbərliyi əmindir ki, İranın strateji hədəfi məhz nüvə silahının əldə olunmasıdır. Yəhudi dövləti Tehranla nüvə razılaşmasını bu üzdən qəbul etmir. Belə bir vəziyyətdə ABŞ, İsrail və onların avropalı müttəfiqləri ilə İran arasında gərginliiyn daha da artacağı gözləniləndir. Bu, İranın HƏMAS təşkilatının İsrailə qarşı apardığı hərbi əməliyyatları dəstəkləməsilə də bağlıdır. Hər halda, hərəkat rəhbərliyi İsrailin yaşayış məntəqələrinə hücumlar zamanı istifadə etdikləri silahların tədarükünə görə İrana minnətdarlıq edib. Bu, şübhəsiz ki, İranın nüvə proqramı ətrafında proseslərin gedişinə də öz təsirini göstərəcək. Nüvə probleminin ən azı indiki mərhələdə danışıqlar yolu ilə yeganə həlli isə BHFP-nin bərpası ilə mümkün ola bilər.



MƏSLƏHƏT GÖR:

60