16 May 2024

Cümə axşamı, 17:45

5 QIZIL MEDAL

Azərbaycanın pauerliftinq üzrə “WRPF Iron Fist” komandası “Arnold Classic Europe” çempionatında böyük uğur qazanıb

Müəllif:

01.11.2023

İspaniyanın paytaxtı Madriddə keçirilən, Avropanın ən böyük idman festivalı olan “Arnold Classic Europe” festivalında Azərbaycanı ilk dəfə pauerliftinq üzrə “WRPF Dəmir Yumruq” komandası təmsil edib. Açıq Avropa Çempionatı xarakteri daşıyan mötəbər yarışda təmsilçilərimiz beş qızıl medal və iki kuboka layiq görülüblər.

 

Addım-addım

İlk gündə 110 kq çəki dərəcəsində çıxış edən Vüsal Ağalarov “squat” (ştanq ilə oturub-qalxma) hərəkətində 335 kq, “bench-press” (ştanqı sinədən sıxma) hərəkətində 205 kq, “deadlift”də (ştanqı yerdən təkanla dartma) isə 310 kq-ın öhdəsindən gələrək birinci olub. O, həmçinin “Powerlifting Knee Wraps” divizionunun mütləq qalibi olaraq kubokla təltif edilib.

Turnirin ikinci günündə 110 kq-da mübarizə aparan Ramil Əhmədov təchizatsız pauerliftinq növündə “squat” hərəkətində 310 kq, “bench-press”də 205 kq, “deadlift”də isə 300 kq-la birinci yeri tutub.

Yarışın üçüncü günündə Vüqar Namazov “deadlift” hərəkətində 330 kq-ı ram edərək qızıl medal və master kateqoriyasında mütləq qalib adına layiq görülüb. Yeniyetmələr arasında keçirilən yarışda İlkin Namazov “bench-press”də 152.5 kq, “deadlift”də isə 230 kq-ın öhdəsindən gələrək hər iki hərəkətdə qızıl medal qazanıb.

Pauerliftinqdə çox mötəbər yarış sayılan “Arnold Classic Europe” məşhur Hollivud aktyoru, həm də bu idman növündə uğur sahibi Arnold Şvartsnegerin adı ilə bağlıdır. 2011-ci ildə təsis edilən yarışda 50-dən çox ölkədən olan minlərlə güclü atlet iştirak edir.

 

Beş dəfə fəxri kürsünün ən yüksək pilləsində

“Arnold Classic Europe” çempionatının qalibi, 5 dəfə dünya, 9 qat Avropa çempionu olan Ramil Əhmədov yarışla bağlı təəssüratlarını “R+” jurnalı ilə bölüşüb: “Gərgin rəqabət hiss etdiyimiz yarış oldu. Azərbaycan komandası ölkəmizin idman şərəfini layiqincə qorudu. Ümumilikdə 5 qızıl medal qazandıq və beş dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdıq. Karyeramda əksər böyük titullara sahib çıxmışam. Bu yarışın qızıl medalını qazanmamışdım. Çox sevinirəm ki, “Arnold Classic Europe” kimi çempionatın qızıl medalını əldə etdim. Bu yarış dünyanın diqqətində olan turnir sayılır. Ona görə qazandığımız qələbə dünyaya bu idman növünün Azərbaycanda yüksək səviyyədə olduğunu göstərdi”.

Qeyd edək ki, hazırda Azərbaycan Pauerliftinq Federasiyası yeni formalaşma dövrünü yaşayır. Bu idman növü olimpiya xarakterli olmasa da, Azərbaycanda çox populyardır. Təsadüfi deyil ki, hər il Azərbaycan çempionatında onlarla yeni idmançılar qızıl medal uğrunda mübarizəyə qoşulur.



MƏSLƏHƏT GÖR:

59