18 May 2024

Şənbə, 23:14

QİYMƏT TAVANI

Qış aylarında enerji böhranının baş verəcəyindən narahat olan Avropa ölkələri təbii qaz qiymətləri ilə bağlı yuxarı həddin müddətini uzada bilər

Müəllif:

01.11.2023

Qəribə təsadüfdür. Artıq iki ildir ki, Baltikyanı regiona payız qədəm qoyan kimi dövlətlərarası sualtı boru kəmərləri zədələnir. Məsələn, ötən ilin sentyabrında partlayışlar nəticəsində Baltik dənizinin dibi ilə Rusiya və Almaniyanı birləşdirən “Şimal axını 1” və “Şimal axını 2” təbii qaz kəmərləri sıradan çıxıb. Bununla, Rusiya “mavi yanacağı”nın Avropaya ixracı dayandırılıb. Bu hadisənin günahkarları, həmçinin onun səbəbləri hələ də müəyyən edilməyib. Üstəlik, bu kəmərlərdə təmir işləri də aparılmır.

Bu il oktyabrın 8-nə keçən gecə isə Finlandiya-Estoniya təbii qaz kəməri olan “Balticconnector”da sızma aşkar edilib. Doğrudur, bu dəfə zərərin miqyası o qədər də böyük deyildi, çünki “Balticconnector” yalnız Estoniya ilə Finlandiya arasında qaz nəqli üçün istifadə olunur. Buna baxmayaraq, oktyabrın 10-da Avropada təbii qazın qiyməti 14% artıb. Problemin aradan qaldırılması bir neçə ay çəkəcək və bu, təbii qaz bazarına mənfi təsir göstərir. Bundan başqa, siyasətçilər İsrail və HƏMAS qrupu arasında münaqişə, həmçinin təbii qaz infrastrukturuna mümkün təxribat səbəbindən bu qış tədarükün risk altında ola biləcəyindən ehtiyat edirlər.

 

Baltik sindromu

“Balticconnector”da baş vermiş insidentdən sonra bu il avqustun 22-dən bəri Avropada təbii qazın qiyməti ilk dəfə olaraq 1000 kubmetr üçün 500 dolları ötüb. Avropada havaların hələ də isti keçməsinə və yeraltı anbarların dolu olmasına baxmayaraq, daha sonra “mavi yanacaq” 600 dollaradək bahalaşıb. Hazırda birjalarda təbii qazın qiyməti 1000 kubmetr üçün 500 dollardan yuxarıdır: 530-540 dollar.

Xatırladaq ki, “Balticconnector” 2020-ci ilin yanvar ayından fəaliyyət göstərir. Bu kəmər ilkin olaraq Latviyadakı anbarından təbii qazın Estoniya vasitəsilə Finlandiyaya ixracı üçün istifadə olunurdu. İnkooda mayeləşdirilmiş təbii qaz (LNG) terminalı olan “Exemplar” 2023-cü ilin əvvəlində istismara verildikdən sonra kəmərin yüklənməsi azalıb.

“Balticconnector” boru kəməri oktyabrın 8-nə keçən gecə Baltik dənizinin şərqində zədələnib. Estoniya və İsveç arasında ehtiyat rabitə kabelinin də eyni vaxtda zədələndiyi güman edilir.

Finlandiya Prezidenti Sauli Niinistö isə bu hadisənin kənar müdaxilənin nəticəsi ola biləcəyini istisna etməyib. Finlandiya polisi ilkin araşdırma zamanı müəyyən edib ki, Honq-Konq bayrağı altında üzən Çinin “Newnew Polar Bear” gəmisinin hərəkətləri borunun zədələnməsi vaxtı və yerinə uyğun gəlir. Hazırda gəminin hadisə ilə əlaqəsinin olub-olmaması araşdırılır.

Ekspertlərin fikrincə, təbii qaz kəməri gələn ilin aprelindən tez olmayaraq istifadəyə verilə bilər.

Bu arada, Finlandiya istehlakçılarının təxminən üçdə birinə “Balticconnector”lə “mavi yanacağ”ın nəqlinin dayandırılması təsir göstərib. Doğrudur, Finlandiyanın təbii qaz sisteminin vəziyyəti “stabil” kimi qiymətləndirilir. Hazırda bu enerji resursunun təchizatı “Inkoo LNG” terminalı vasitəsilə təmin edilir.

Estoniya isə itkiləri “İnçukalns” yeraltı anbarının yerləşdiyi Latviyadan təchizat hesabına kompensasiya etməyi planlaşdırır. Bundan başqa, Estoniyanın enerji konserni “Eesti Gaas” noyabrın ikinci yarısında ABŞ-dən “Inkoo” terminalına əlavə həcmdə LNG tədarük edəcəyini açıqlayıb.

 

Təbii qazın qiymətinə təsir edən amillər

Əlbəttə ki, qiymətlərlə bağlı vəziyyət təkcə Baltik interkonnektorunun fəaliyyətinin dayandırılması ilə bağlı deyil. Yaxın Şərqdə vəziyyətin pisləşməsi buna daha çox təsir göstərir. Davam edən hərbi əməliyyatlar fonunda İsrail hakimiyyəti “Tamar” dəniz yatağında təbii qaz hasilatını müvəqqəti dayandırmaq qərarına gəlib. Təbii ki, bu, Misirə ixracın həcminin azalmasına və müvafiq olaraq qiymətlərin artmasına səbəb olub.

Buna səbəb həm də odur ki, Misirdə yerləşən 2 LNG terminalındakı İsrail qazının bir hissəsini məhz Avropaya göndərilirmiş. Avropa bununla Rusiya idxalını başqa ölkələrdən tədarüklə əvəz etməyə çalışır. Nəticədə, İsrail “mavi yanacağı”nın Misirə ixracının azalmasına bazar tezliklə reaksiyasını verib. Belə ki, artıq oktyabrın 20-də Avropa etalonu olan Niderland təbii qazının fyuçersləri düz 35% bahalaşıb.

Əgər Yaxın Şərqdə münaqişə gərginləşərsə, İsrailin daha bir böyük təbii qaz yatağı olan, Livan yaxınlığında yerləşən “Leviafan”da hasilatın dayana biləcəyi ilə bağlı narahatlıqlar var.

Bu arada, Avstraliyadakı “Chevron” şirkətinə məxsus 2 LNG zavodunda yeni tətillər təhlükəsi səbəbindən təbii qaz kotirovkaları yüksəlib. Bu məqamda qeyd edək ki, adıçəkilən zavodlar qlobal LNG tədarükünün təxminən 7%-ni təşkil edir. Onların fəaliyyətinin dayanması isə Asiyaya idxalın azalmasına, həmçinin avropalı və asiyalı alıcılar arasında rəqabətin artmasına səbəb ola bilər.

Avstraliyanın “Wheatstone Downstream” və “Gorgon” LNG zavodlarında son etiraz aksiyaları sentyabrın 8-də olub. Bu, Avropada təbii qaz qiymətlərinin 8% artmasına səbəb olub.

Ümumiyyətlə, bu dəyişikliklər ötən il Ukraynada münaqişənin başlanmasından bəri volatilliyin hökm sürdüyü bazara növbəti zərbədir. Qiymətlərə təsirdən əlavə, “Şimal axınları”ndan sonra mümkün təxribat nəticəsində “Balticconnector”un qısamüddətli olsa belə, sıradan çıxması ciddi problemdən xəbər verir. Söhbət məhz Avropada əsas enerji infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı boşluqlardan gedir.

Hər halda, bazarın Avstraliya zavodlarında tətil təhdidlərinə reaksiyası dünyanın mayeləşdirilmiş təbii qazdan asılılığının artdığını göstərir. Üstəlik, Yaxın Şərqdəki münaqişə “mavi yanacaq” bazarının geosiyasi vəziyyətə nə qədər həssas olduğunu bir daha nümayiş etdirib.

Bahalaşmaya baxmayaraq, Avropada təbii qazın qiyməti ötən illə, yəni Rusiya və Ukrayna arasında müharibə başlayandan sonrakı dövrlə müqayisədə xeyli aşağıdır. Lakin bu məsələ Aİ üçün ciddi siqnaldır və bu qurum buna cavab verməlidir. Qarşıdan gələn qışda yeni enerji böhranına dair narahatlıq fonunda Avropa ölkələri təbii qaz qiymətləri ilə bağlı bu ilin fevralında tətbiq olunan yuxarı həddin müddətini uzada bilər.

Avropa Komissiyası (AK) bu yaxınlarda avropalı diplomatlara təqdimatında bildirib ki, qiymət tavanı hələ də bazara mənfi təsir göstərməyib.

Noyabrda AK-nin enerji sektoru ilə bağlı təklifini təqdim edəcəyi gözlənilir. Xüsusilə, burada qiymətlərin yuxarı həddi, yeni enerji layihələrinin təsdiqi üçün tədbirlər, o cümlədən qaz paylanması sahəsində tənzimləmə ilə bağlı tövsiyələr yer alacaq. Təbii qaz istehlakını 15% azaltmaq üzrə könüllü öhdəliklərin müddəti isə artıq 2024-cü ilin mart ayına qədər uzadılıb.

 

Genişlənmə yolunda

Azərbaycan təbii qazının Avropaya nəqlinə gəlincə, burada hər şey sabitdir - ixracın həcmi artır. Ötən il Azərbaycan Avropaya ixracı 40% - 11,4 milyard kubmetrə qədər artırıb. 2023-cü ildə bu göstəricinin 12-12,5 milyard kubmetr təşkil edəcəyi gözlənilir.

“Eurostat”ın sentyabr ayında dərc olunmuş məlumatlarına əsasən, Azərbaycan 2023-cü ilin birinci rübündə boru kəmərləri ilə Avropaya təbii qaz tədarükçüləri arasında ilk beşliyə daxil olub. Yanvar-mart aylarında ilk beş ixracatçı siyahısına Norveç, Şimali Afrika, Rusiya və Böyük Britaniya da daxildir.

Azərbaycanın Energetika Nazirliyi 2023-cü ilin 9 ayının yekunlarına əsasən məlumat verib ki, ilin əvvəlindən Avropaya ixracın həcmi 8,6 milyard kubmetr və ya bütün tədarükün 48%-ni təşkil edib. Üstəlik, Avropada Azərbaycanın “mavi yanacağı”na tələbatın artacağı gözlənilir.

“Son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var”, - Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, hazırda ölkənin iqtisadi hədəfi qazıntı yanacağından asılılığını azaltmaq üçün iqtisadiyyatı şaxələndirməyi davam etdirməkdir: “Eyni zamanda biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik”.

Hazırda Avropada Azərbaycan “mavi yanacağı”nın alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır (bu ilin mart ayından). Macarıstan və Slovakiyaya tədarük isə bu ilin sonuna qədər başlanılmalıdır. Sırada isə Serbiyadır (gələn ildən).

“Şahdəniz” konsorsiumu da öz növbəsində 2027-ci ilə qədər Aİ-yə illik ixracı 10 milyarddan 20 milyarda çatdırmaq üçün hasilatın artırılması üzərində işləyir. Eyni zamanda yeni yataqların istismara verilməsi prosesi gedir. Bu ilin iyulunda “Abşeron” yatağında hasilat başlanıb, gələn il isə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda dərin qaz laylarından “mavi yanacağ”ın hasilatına başlanılacaq.

“Hazırda Avropanın 10-dan çox ölkəsinin Azərbaycan qazına olan ümumi tələbatı illik 30 milyard kubmetrdən çoxdur və bu layihələr əlavə tədarükün mühüm mənbələri qismindədir”, - Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Dəfələrlə qeyd olunduğu kimi, Azərbaycandan Avropaya əlavə qaz həcmlərinin çatdırılması üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsi nəzərdə tutulur. Daha dəqiq desək, bu, onun seqmentləri – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə həyata keçiriləcək.

Türkiyənin energetika naziri Alparslan Bayraktar təsdiqləyib ki, rəhbərlik etdiyi nazirlik TANAP-ın operatoruna ildə 31 milyard kubmetrə qədər kəmərin ötürücülük qabiliyyətini genişləndirməyə hazırlaşmağı tapşırıb.

Trans-Adriatik Qaz Boru Kəmərinin (20 milyard kubmetrə qədər) ötürücülük qabiliyyətini artırmaq üçün TAP konsorsiumu və tranzit ölkələrin qaz şəbəkəsi operatorları hazırda bazarın qiymətləndirilməsini həyata keçirirlər. Bununla bağlı nəticələr 2024-cü ilin əvvəlində dərc olunacaq.

Bu işlərin bütün kompleksi əhəmiyyətli investisiyalar və əlavə qaz üçün alıcıların olacağına zəmanət tələb edəcək. Burada mübahisə doğuran məqam, Azərbaycan və Türkiyə rəsmilərinin qeyd etdiyi kimi, avropalı alıcıların uzunmüddətli müqavilələr bağlamaq istəməməsidir. Onlar konkret məqamda bağlanan qısamüddətli və ya spot müqavilələrə üstünlük verirlər.

“Avropa bazarının TANAP çərçivəsində uzunmüddətli əsasda daha çox təbii qaz almağa hazır olub-olmadığına tam əmin deyiləm. Bu öhdəlik olmadan genişlənmənin mümkün olduğunu düşünmürəm”, - A.Bayraktar qeyd edib.

SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov jurnalistlərə açıqlamasında bildirib ki, uzunmüddətli qaz alqı-satqısı müqavilələri ixrac infrastrukturuna investisiyanın qaytarılmasına zəmanət verir:

“Birincisi, boru kəməri nəqli ilə əlaqəli istənilən qaz istehsalçısına uzunmüddətli alış zəmanəti lazımdır - 10 illik və daha çox. Belə ki, 2013-cü ildə biz “take or pay” şərtilə 25 illik qaz satışı haqqında müqavilələr bağladıq. Təbii ki, bu kapitalın geri qaytarılması zəmanətini təmin edir. İndi isə şirkətlər 10 ildən çox müddətə müqavilə bağlamağa hazır deyillər və əsasən hər kəs qaz seçimini (Aİ-nin iqlim məqsədlərinə görə - “R+”) istifadə etmək mümkün olmadıqda başa çatdırmaq istəyirlər”.

Bundan başqa, Avropa bankları karbohidrogen layihələrinin maliyyələşdirilməsinə həvəs göstərmirlər.

Əgər qısamüddətli dövr üçün bütün bu yük Azərbaycanın üzərinə qoyulursa, o zaman gərək “mavi yanacaq” çox yüksək qiymətə satılsın ki, ölkə 10 ildən sonra bunun bəhrəsini görə bilsin.

“Lakin təbii qazı Avropanın likvid bazarından daha yüksək qiymətlə satmaq mümkün deyil”, - E.Nəsirov vurğulayıb.

Onun sözlərinə görə, İtaliyada boru kəməri sisteminin genişləndirilməsi ilə bağlı məsələlər var, genişləndirmənin həyata keçiriləcəyinə dair zəmanət lazımdır.

Beləliklə, ola bilsin ki, təbii qaz bazarını sarsıdan son hadisələr avropalı alıcıların mövqeyinə təsir edəcək və Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün investisiyaların cəlb edilməsi prosesi sürətlənəcək. Əlbəttə ki, bunu zaman göstərəcək.



MƏSLƏHƏT GÖR:

61