19 May 2024

Bazar, 01:59

QARABAĞDA BÖYÜK TİKİNTİ İŞLƏRİ

İşğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etmək üçün daxil olan təkliflərin sayı artıq 1500-ə çatıb

Müəllif:

01.11.2023

İşğaldan azad edilmiş ərazilərin inkişafına maraq sürətlə artır. Bunu yaxınlarda Bakıda keçirilən III Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi – “Rebuild Karabakh 2023” bir daha təsdiqləyib. Bu torpaqlarda aparılan böyük tikinti işləri həm yerli inşaatçılara, həm tikinti materialları istehsalçılarına, həm də yolların, hava limanlarının tikintisində, enerji və kommunal xidmətlərin, rabitə sistemlərinin bərpasında fəal iştirak edən Azərbaycana dost dövlətlərdən olan podratçılara dəstək verir.

“Qarabağda və Şərqi Zəngəzurda uğurla icra edilən quruculuq-bərpa və reinteqrasiya işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq və inkişaf nümunəsinə çevrilir”, - Azərbaycan Prezidenti İlham Əliyevin “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciətində qeyd edilib.

Bu gün Qarabağda həyatın yenidən canlandığını və bu torpaqların əzəli sahiblərinin sülh şəraitində əbədi yaşamaq üçün doğma yurdlarına qayıtdıqlarını vurğulayan dövlət başçısı sərgi iştirakçılarını biznes qurmaq imkanlarından yararlanmağa çağırıb.

Çox diqqətəlayiq haldır ki, əsasən xarici şirkətlər tərəfindən təmsil olunan tikinti sərgilərində debütantların sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu, qlobal tikinti materialları istehsalçılarının, tikinti xidmətləri təchizatçılarının, qabaqcıl texnologiyaların istehsalçılarının, dizayn və konsaltinq firmalarının Azərbaycanın azad edilmiş ərazilərində çoxmilyardlı layihələrdə iştirak etmək istəyini aydın şəkildə göstərir. Əslində, Qarabağda böyük tikinti işlərinin Xəzər regionu üçün misli görünməmiş miqyasını və maliyyələşməsini nəzərə alsaq, bunun təəccüblü olmadığını söyləyə bilərik. Belə ki, təkcə 2020-2022-ci illərdə Qarabağ və Şərqi Zəngəzurda infrastruktur və digər işlərə büdcədən 6,6 milyard manata yaxın vəsait ayrılıb. Bu məqsədlə 2023-cü ildə daha 3,1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. 2024-2026-cı illərdə azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsinin ikinci mərhələsi çərçivəsində 10,5 milyard manatadək büdcə vəsaiti cəlb olunacaq.

Üstəlik, söhbət təkcə birbaşa məqsədli büdcə maliyyələşdirməsindən getmir. Növbəti illərdə də əlavə dövlət investisiyaları gözlənilir. Qarabağ regionuna yerli və xarici özəl kapitalın cəlb edilməsi, beynəlxalq donorlar, həmçinin keçmiş məcburi köçkünlərin özlərinin (KOB subyektləri, fərdi sahibkarlar) investisiyaları vasitəsilə texniki layihələrin həyata keçirilməsi istiqamətində də işlər davam etdirilir. Ümumi investisiya qoyuluşları 30,5 milyard manat həcmində qiymətləndirilir.

Bütün bu nəhəng “tikinti sahəsi” artıq 3 ildir ki, onlarla yerli mənzil-tikinti kooperativlərini, həmçinin podrat, layihələndirmə, konsaltinq və nəqliyyat strukturlarını işlə təmin edir. Eyni zamanda bu, həm bazarda tələbatın artması, həm də dövlət sifarişləri hesabına əsas tikinti materiallarının istehsalını stimullaşdırır. Üstəlik, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il yerli müəssisələr istehsalı 12,6% artırıb. 2023-cü ilin yanvar-iyul aylarında isə bu göstərici təxminən 24,1% artıb. Nəticədə, respublikada 592,9 milyon manatlıq tikinti materialları istehsal edilib.

Qarabağda infrastrukturvə yaşayış layihələrinin nəhəng miqyasını nəzərə alsaq, bu tələbatın azı yaxın 10 il ərzində də qalacağını söyləyə bilərik. “Böyük Qayıdış” I Dövlət Proqramında qeyd edilib ki, 2027-ci ilədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 35 minə yaxın ailənin yaşaması üçün bütün lazımi şərait yaradılmalıdır. Bu məqsədlə mənzillərin, o cümlədən sosial, inzibati və kommersiya obyektlərinin intensiv tikintisi, kənd təsərrüfatı və sənaye klasterlərinin formalaşdırılması ilə bağlı işlər aparılır. Bu məqamda qeyd edək ki, 2023-cü ilin əvvəlindən belə layihələr Ağdam, Şuşa, Laçın, Füzuli və Zəngilan rayonlarının şəhər və kəndlərində fəal şəkildə həyata keçirilir.

Belə ki, yaxın 3 ildə Füzuli rayonunun inzibati mərkəzində çoxmərtəbəli binalarda 2330-a yaxın mənzilin, ətraf kəndlərdə isə 3350 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub.

“Böyük Qayıdış” Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq”, - Prezident İlham Əliyev Füzuli şəhəri günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Əhalinin Laçına qayıtması prosesi də davam edir. Belə ki, bu günə kimi mindən çox insan Laçına köçürülüb. Bir neçə yüz ailə artıq Zəngilan rayonunda yaşayır. 2040-cı ilə qədər 25 min keçmiş məcburi köçkün Şuşaya, 2026-cı ilin sonuna kimi isə 13 min insan Kəlbəcərə qayıdacaq.

Beləliklə, azad edilmiş ərazilərdə uğurla həyata keçirilən tikinti layihələri dövlət və özəl sektor arasında əməkdaşlığın təkanverici qüvvəsinə çevrilməklə yanaşı, həm də xarici investorları də cəlb edir. Bu ilin birinci yarısında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1,2 mindən çox fərdi sahibkarlıq subyekti yaradılıb, yeni iş yerlərinin sayı düz 2,4 dəfə artıb. 2030-cu ilə qədər Qarabağda on minlərlə iş yerinin – əsasən sənaye parklarında, kənd təsərrüfatı və mədənçıxarma sektorlarında və turizm sahəsində –  açılacağı proqnozlaşdırılır.

Əslində, hazırda bu proses artan istiqamətdə davam edir. Qarabağın bərpasında iştirak etmək üçün biznes nümayəndələrindən daxil olan təkliflərin sayı 1500-ə çatıb. Bundan başqa, ümumi müraciətlərin üçdə birindən bir qədər az hissəsi xarici şirkətlərdən daxil olub. Bu mənada türkiyəli sahibkarlar liderlik edirlər. Onlar mineral ehtiyatlar, qızıl və mis yataqlarının işlədilməsini, turizm, kənd təsərrüfatı emalı, geyim istehsalı və s. sahələrin inkişaf etdirilməsini planlaşdırır.

Bu da son deyil. Qarabağda biznes fəaliyyəti həyata keçirmək istəyən Qazaxıstan şirkətlərindən 65-ə yaxın müraciət daxil olub. Üstəlik, Macarıstan, Özbəkistan, Böyük Britaniya, İsrail, Pakistan sahibkarlarından da bir sıra təkliflər var... Söhbət ümumilikdə 40 ölkənin şirkətlərindən gedir.

Bir sözlə, xarici tərəfdaşların bu layihələrdə iştirak etmək istəyi çox vacibdir. Çünki bu, bütün öhdəliklərin ən şəffaf şəkildə, aydın texniki parametrlər və vaxt çərçivələri ilə həyata keçirilməsinə, ən əsası müasir texnologiyaların transferinin təmin edilməsinə imkan verəcək. Xarici investorların iştirakı beynəlxalq donor strukturlarından qrantların cəlb edilməsi, texniki və konsaltinq yardımının həyata keçirilməsi, vençur kapitalından istifadə olunması baxımından mühüm əhəmiyyət kəsb edir.



MƏSLƏHƏT GÖR:

61