15 May 2024

Çərşənbə, 06:53

SONUNCU DEYİL, ÜÇÜNCÜ

Çinin 10 yaşlı «Bir kəmər, bir yol» təşəbbüsü bu gün nə qədər cəlbedicidir?

Müəllif:

01.11.2023

Dünyanın bir başında eyni zamanda iki yerdə beynəlxalq təhlükəsizlik sistemini kökündən məhv edə biləcək müharibənin getdiyi vaxtda Pekində üçüncü «Bir kəmər, bir yol» forumu keçirilib. Forum layihənin 10 illiyinə həsr edilib. Tədbirin əsas mövzusu «Kəmər və yol»un birgə keyfiyyətli tikintisi və ümumi inkişafa, çiçəklənməyə nail olunması üçün birgə səylər» təşkil edib.

KİV xəbər verir ki, foruma 130-dan çox ölkədən nümayəndə və 30 beynəlxalq təşkilatın təmsilləri dəvət olunub. Onun işində 17 dövlət başçısı, 7 baş nazir və bir parlament sədri iştirak edib. Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin 25-27 aprel tarixlərində keçirilmiş ikinci analoji foruma 150 ölkə təmsilçisi, o cümlədən 40 dövlət başçısı qatılmışdı.

Rəqəmlər dünya liderlərinin bu formata marağının azaldığını göstərir. Amma bu, hərfi mənada belədirmi? Bu suala birmənalı cavab vermək çətindir. Son illərin hadisələri fonunda bir çox lider belə tədbirlərə qatıla bilmir. Tədbirə qatılanlar isə onlar üçün prioritetlərin aydın olduğunu göstərir və inkişaf etməkdə olan şəraitdən şübhə doğura bilməz.

 

Liderlik yarışı

Çinin özü üçün «Bir kəmər, bir yol» son dərəcə böyük əhəmiyyət daşıyır. O, Pekinin stratieji seçimini göstərir, onun siyasi infrastrukturunu formalaşdıran siyasi və iqtisadi razılaşmalar, müqavilələr sistemini əks etdirir. Bu isə o qədər geniş və iddialıdır ki, ABŞ başda olmaqla, Qərbin narahatlığına səbəb olur.

Çin üçün «Bir kəmər, bir yol» iqtisadi inkişafın davam etdirilməsinə imkan verən layihələr və marşrutlardan ibarət sprutdur. Layihənin konsepsiyası lap əvvəldən geniş dəmir yolları şəbəkəsinin, enerji xətlərinin, avtomagistralların, istər qərbə (Mərkəzi Asiya istiqaməti), istər şərqə (Pakistan, Cənubi Asiya və Cənub-Şərqi Asiya ölkələri) optimallaşdırılmış sərhəd keçidlərinin yaradılmasını nəzərdə tutub. Güman edilir ki, bu nəqliyyat şəbəkələrindən istifadə beynəlxalq hesablaşmalarda Çin yuanından istifadə imkanlarını artıracaq.

Yeri gəlmişkən, sammitin başa çatmasından cəmi bir gün sonra yuan SWIFT vasitəsilə hesablaşmaların ilk onluğunda avronu ikinci sıradan sıxışdırıb çıxararaq, rəsmən dünyanın ikinci valyutasına çevrilib.

Asiya İnkişaf Bankı hələ 2018-ci ildə bildirirdi ki, qitə infrastruktur layihələrinin maliyyələşdirilməsi işində ildə 900 milyard dollardan çox vəsait çatışmazlığı hiss edir. Asiya İnfrastruktur İnvestisiyaları Bakının yaradılması bu problemin həllinə əhəmiyyətli dərəcədə yardım edib və yuanın mövqeyini gücləndirib. Pekin tərəfdaş ölkələrlə qarşılıqlı hesablaşmaları əsasən milli valyutası ilə həyata keçirməyə üstünlük verir.

Çin fiziki infrastrukturun qurulmasına töhfələrlə yanaşı, yüzlərlə xüsusi iqtisadi və ya sənaye zonasının qurulmasını da maliyyələşdirib ki, bu da minlərlə iş yerinin yaranmasına imkan verib. O, təşəbbüsün iştirakçısı olan ölkələri «Huawei» telekommunikasiya nəhəngi bazasında «5G» kimi texnologiyadan istifadəyə də çağırıb.

Çin lideri Si Cinpin «Bir kəmər, bir yol» təşəbbüsünün anonsunu verməklə yanaşı, 2013-cü ildə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının İndoneziyada keçirilən sammitində XXI əsrin Dəniz İpək Yolunun yaradılması planlarından da bəhs etmişdi. Pekin dəniz daşımalarının artırılması üçün Hind okeanı boyu – Cənub-Şərqi Asiyadan Şərqi Afrikaya və Avropanın bəzi hissələrinədək – limanların inkişafına maliyyə ayırmaq niyyətini ortaya qoymuşdu.

 

Həm quruda, həm dənizdə

ABŞ və regional müttəfiqləri ilə Çin arasında qarşıdurmanın artması fonunda dənizdə rəqiblərinin imkanlarından xeyli çox olduğunu anlayan Pekin özünün dəniz infrastrukturunu da sürətlə gücləndirməyə başlayıb. Söhbət, ilk növbədə, Hind-Sakit okean regionunda dəniz ticarəti infrastrukturundan gedir. Etiraf etmək lazımdır ki, çinlilər buna əsasən nail olublar. Geridə qalmış illər ərzində Pekin Hind okeanı boyunca əsas limanlara çıxışını təmin edə bilib. Buraya Pakistanın Quvadar, Şri-Lankanın Hambantota, Banqladeşin Çittaqonq limanları da daxildir. Görünən isə odur ki, bu, son deyil.

Çinin «Bir kəmər, bir yol» ilə bağlı iddialarının miqyası həqiqətən də heyrətamizdir. Bu gün Çinin bu təşəbbüsünə qoşulan və ya qoşulmaqda maraqlı olduğunu deyən 147 ölkə dünya əhalisinin üçdə ikisini, dünya ÜDM-nin isə 40%-ni özündə birləşdirir. Analitiklərin qiymətləndirməsinə görə, bu layihələrin ən nəhəngi dəyəri 62 milyard dollar olan Çin-Pakistan İqtisadi Dəhlizidir. O, özündə Çini Pakistanın Quvadar limanı və Ərəb dənizi ilə birləşdirən nəqliyyat layihələri kompleksini cəmləyir. Ümumilikdə isə Pekin «Bir kəmər, bir yol» təşəbbüsünə təxminən 1 trilyon dollar investisiya qoyub. Başqa qiymətləndirməyə görə, söhbət hətta 8 trilyon dollardan gedə bilər.

Bununla yanaşı, Çin yalnız düyanın ticarət xəritəsinin yenidən çəkilməsində deyil, daxili problemlərinin həllində də əhəmiyyətli uğurlar qazanıb. Belə problemlərdən ən ciddisi şərq (sahilyanı) və qərb (qitədaxili) regionlar arasındakı uçurumdur. Məsələn, Sintzyan-Uyğur muxtar rayonu separatçılıq səbəbilə ölkənin ən problemli regionlarındandır. İndi bu qərb əyalətinin iqtisadi inkişafına dəstək Mərkəzi Asiya və Yaxın Şərqdən enerji daşıyıcılarının tədarükü kimi, Pekinin prioritetləri sırasındadır. O, bu tədarükü xüsusilə Qərbi Çini enerji resursları ilə zəngin qonşuları ilə birləşdirən marşrutlar vasitəsilə tədarük etməyə çalışır. Çinlə uzun sərhədə malik Qazaxıstan əlbəttə ki, bu sırada yer alır.

Yeri gəlmişkən, Qazaxıstan prezidenti Tokayev foruma qatılmaq üçün Çinə səfər etmiş liderlər sırasında idi və bu səfər çərçivəsində iki ölkə arasındakı münasibətlərin inkişafı istiqamətində daha bir addım atılıb. İndiyədək Pekin Qazaxıstan iqtisadiyyatına ümumilikdə 23 milyard dollar investisiya yatırmışdısa, səfər zamanı tərəflər 16,5 milyard dollarlıq investisiya qoyuluşunu nəzərdə tutan daha 30 sənədə imza atıb.

 

Sadəcə biznes?

Tənqidçilər Çinin bu qlobal təşəbbüsü çərçivəsində ayrılan bəzi kreditlərin qeyri-şəffaf tender proseduru vasitəsilə ayrıldığını iddia edir. Nəticədə podratçılar xərclərini şişirdir, bu isə bir çox hallarda layihələrin ləğvinə, mənfi siyasi reaksiyalara səbəb olur. Belə hallar az deyil. Məsələn, Malayziyada artıq sabiq baş nazir Maxatxir bin Məhəmməd Çinlə mövcud layihələrin təkrar qiymətləndirilməsini həyata keçirərək, ümumilikdə 22 milyard dollarlıq razılaşmaları ləğv etmişdi. Amma sonradan o, layihəyə «tam dəstək» verdiyini də bildirmişdi. Ümumilikdə qiymətləndirmələr göstərir ki, 2013-cü ildən bu yana Çinə olan ümumi borcun həcmi kəskin artaraq, bəzi ölkələrdə ÜDM-in 20%-ni ötüb.

COVID-19 pandemiyası və Ukrayna müharibəsi dünya bazarlarına mənfi təsir göstərdiyindən, «Bir kəmər, bir yol» təşəbbüsünün iştirakçıları arasında gəliri azalan ölkələrin sayı davamlı olaraq artır. Onlar bu layihə çərçivəsində götürdükləri kreditləri qaytarmaq üçün bütün güclərini ortaya qoyur, nəticədə borc böhranı və layihə ilə bağlı tənqidi fikirlər güclənir. Məsələn, Pakistanda Çin-Pakistan İqtisadi Dəhlizi infrastrukturunun inşası üçün lazım olan idxal büdcə kəsirini artırıb, bu isə İslamabadı Beynəlxalq Valyuta Fondundan maliyyə yardımı istəmək məcburiyyətində qoyub. Qana və Zambiyada isə o cümlədən «Bir kəmər, bir yol» təşəbbüsü çərçivəsində alınmış kreditlər hesabına yaranmış borc yükü suveren defolta yol açıb. Bununla yanaşı, Çinin təşəbbüsünə qoşulmuş ölkələrin əksəriyyətinin alternativi o qədər də çox deyil. Bir çox hallarda elə olunur ki, infrastrukturun maliyyələşdirilməsi üçün Çindən yuxarı faizlə kredit götürməkdən başqa yol qalmır.

 

Azərbaycan, Rusiya və…

Amma bu, hamıya aid deyil. «Bir kəmər, bir yol» təşəbbüsündə fəal iştirak edən Azərbaycan kimi ölkələrin Çin kreditinə ehtiyacı yoxdur. Bakı üçün vacib olan Pekinin yardımından faydalanmaq yox, layihədə tamhüquqlu üzv kimi iştirakdan imtiyazlar əldə etməkdir.

Bu, müəyyən mənada Rusiyaya da aiddir. Qərbin sanksiyaları ilə üz-üzə qalmış Moskva Çin ilə əməkdaşlığa sözün birbaşa və dolayı mənasında «dünyaya pəncərə» kimi baxır. Bu mənada, Rusiya prezidenti Vladimir Putinin Pekinə səfəri nümunəsi hadisədir. Başa çatmaqda olan ildə Rusiya Çin ilə ticarət dövriyyəsinin həcminə görə 200 milyard dollarla ikinci pilləyə yüksəlib (ABŞ-dan təxminən 3 dəfə geri qalır). Artıq Çin Rusiyanın enerji resurslarının əsas satış bazarına da çevrilir. İndi Pekin Moskva üçün yalnız əsas xarici ticarət tərəfdaşı yox, həm də geosiyasi məsələlərin həllində strateji tərəfdaşdır. Vladimir Putin açıqlamalarında bu məqama diqqət çəkərək bildirir ki, «hazırda dünyada güclü iqtisadi və siyasi güc, nüfuz mərkəzlərinin formalaşması prosesi gedir, hər kəs bu mənada gücünü ortaya qoyur və onunla hesablaşılmasını tələb edir». Çin də Rusiyaya qlobal hədəflərə çatılmasında tərəfdaş kimi yanaşır. Söhbət, ilk növbədə, qlobal Cənubun timsalında Qərbin maliyyə və siyasi mexanimzlərinə müqavimət göstərilməsindən gedir.

İstənilən halda, dünya siyasətindəki tektonik hərəkətlər «Bir kəmər, bir yol» layihəsinin effektivliyi üçün də testə çevrilib. Bunu foruma hansı dövlət liderlərinin qatılmadığına nəzər salmaqla da görmək mümkündür. Bu, «Qırğızıstan nəqliyyat dəhlizi»nin «Bir kəmər, bir yol» təşəbbüsünün vacib komponentlərindən olmasına rəğmən, Bişkekə də aiddir, illərdir region üçün vacib olan Düşənbə-Xoroq-Kolma yolunun inşası ilə məşğul olan Tacikistana da.

Tədbirə Misir və BƏƏ istisna olmaqla, Yaxın Şərq ölkələrinin rəhbərləri də qatılmayıb. Bir tərəfdan onların bəziləri bu il Pekinə səfər edərək Çin-ərəb ölkələri sammitində iştirak edib, digər yandan isə İsrail-Fələstin savaşı fonunda onlar İsraili dəstəkləyən Vaşinqtonla münasibətləri korlamaq istəmirlər.

Forumda Cənubi Amerikadan da heç kim iştirak etməyib ki, bu, Pekin üçün kifayət qədər ciddi siqnaldır. Çinin bu bölgəyə yatırdığı investisiyaların həcmi iki dəfə azalıb və bölgə liderlərinin sammitə qatılmaması bununla da bağlı ola bilər.

Forumda Afrika ölkələrinin təmsilçiləri də çox az idi. Bu, yəqin ki, Afrikada qlobal oyunçuların qarşıdurmasının qızışması, belə şəraitdə onların geosiyasi seçimlərini açıq nümayiş etdirmək istəməməsi ilə əlaqədardır.

Bununla yanaşı, Romadan getdikcə daha aydın eşidilən mesajlar «Bir kəmər, bir yol» təşəbbüsünün Qərbdən olan yeganə nəhənginin layihəni tərk edə biləcəyini göstərir. İtaliya təşəbbüsə 2019-cu ildə qoşulmaqla, faktiki olaraq «Böyük yeddilik» üzvlərini şoka salıb. Bu yaxınlarda isə Roma «G7» sammitində elan olunmuş «Qlobal infrastukrlurlar və invetisiyalar üçün tərəfdaşlıq» (PGII) təşəbbüsünə qoşulub. Söhbət bütün dünyada infrastruktur layihələrinin maliyyələşdirilməsini nəzərdə tutan təşəbbüsdən gedir. Qeyd edək ki, «Böyük iyirmilik» dövlətlərinin Yeni Dehlidə sentyabrda keçirilmiş sammitində təqdim olunmuş, Çinin «Bir kəmər, bir yol» təşəbbüsünə rəqib sayılan yeni Hindistan-Yaxın-Şərq-Avropa (IMEC) iqtisadi dəhlizi də ona daxildir.

Lakin IMEC iqtisadi dəhlizi yalnız plandırsa, «Bir kəmər, bir yol» nəinki baş tutmuş reallıqdır, həm də zamanla sınaqdan çıxmış reallıqdır. Həm də çətin və maraqlı dövrün sınağından…



MƏSLƏHƏT GÖR:

53