15 May 2024

Çərşənbə, 21:09

NORMALLAŞMA TƏXİRƏ SALINIR?

Brüssel formatında danışıqların taleyi təşkilatçılardan çox münaqişə tərəflərinin onu davam etdirmək istəyindən asılıdır

Müəllif:

01.11.2023

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivi ilə bağlı son dövrün əsas informasiyası Azərbaycan və Ermənistan liderlərinin oktyabrın sonunda Brüsseldə keçirilməsi planlaşdırılan görüşünün baş tutmayacağı xəbəridir. Belə bir vəziyyətdə iki ölkənin baş nazirləri Əli Əsədov ilə Nikol Paşinyanın Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvilinin vasitəçiliyi ilə bir araya gəlmələri müəyyən nikbinlik yaradıb. Bununla yanaşı, oktyabrın 23-də Tehranda «3+3» formatında təşkil olunmuş görüş çərçivəsində uzun müddətdən sonra iki ölkənin xarici işlər nazirləri də bir araya gəlib. Bu, üçüncü ölkə ərazisində olsa belə, birbaşa dialoqun mümkünlüyünü göstərsə də, ümidverici bəyanatların olmaması tərəflərin sülh müqaviləsinin imzalanmasından nə qədər uzaq olduqlarını ortaya qoyub.

 

Yeni «qorxu nağılları»

Ermənistanın baş naziri növbəti dəfə bildirib ki, onun ölkəsi ilin sonunadək Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Lakin onun bu sözləri istər özünün, istərsə də Ermənistanın digər aparıcı siyasətçilərinin əməlləri və bəyanatları ilə ziddiyyət təşkil edir. Məsələn, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 25-də kanadalı həmkarı Melani Jolini qəbul edərkən diqqəti «Azərbaycanın Dağlıq Qarabağa təcavüzü»nə, həmçinin guya Bakının Zəngəzur dəhlizini «ələ keçirməsi» ilə bağlı təhdidə yönəldib. Görünən odur ki, erməni tərəfi bu cür fikirlər səsləndirməklə Qərb dövlətlərindən Azərbaycanın Ermənistana hücumuna, Zəngəzur dəhlizinin «ələ keçirilməsinə» imkan verilməyəcəyinə dair zəmanət almaq istəyir. Hər halda, Ermənistanda vəziyyəti belə şərt etməyi xoşlayırlar.

Baş verənlərin fonunda Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev ilə oktyabrın 5-də baş tutmuş sonuncu telefon danışığında bildirib ki, «Bakı Ermənistana ərazi iddiaları irəli sürə bilməz». O, «Bakı ilə İrəvanın qanrşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıdıqlarına zəmanət» də tələb edib. Bununla da Mişel İrəvana onların narahatlığını bölüşdüyünü, bu istiqamətdə fəaliyyət göstərəcəyini nümayiş etdirməyə çalışıb.

Halbuki Bakı guya onun Ermənistan ərazisinə girmək planının olduğuna dair fikirlərin absurdluğunu dəfələrlə ifadə edib. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev «Politico» nəşrinə açıqlamasında bir daha dilə gətirib, bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqların nəticə verməməsi halında Bakı Zəngəzuru ələ keçirməyi düşünmür. «Bu layihə bizim üçün aktuallığını itirib. Biz bu yolu İran vasitəsilə aça bilərik», - deyə H.Hacıyev qeyd edib.

 

«Təhlükəsizlik zəmanəti» nə qədər çoxdursa, o qədər yaxşıdır

Buna baxmayaraq, İrəvan «Azərbaycan tərəfindən gələn təhdid»in arxasında gizlənərək, öz ərazisində qeyri-region oyunçularının sayını artırmaqdadır. Görünən odur ki, İrəvan onlardan «bufer» kimi istifadə etmək istəyir. Bu missiyanı mümkün qədər genişləndirmək üçün əlindən gələni edən Ermənistan Kanadanın Aİ-nin bu ölkə ərazisindəki mülki müşahidə missiyasına qoşulmaq istəməsini alqışlayıb. Halbuki Kanadanı Avropa ölkəsi saymaq yumşaq desək, çətindir.

Bundan başqa, İrəvan hələ də Qərb dövlətlərindən Bakıya sanksiyaların tətbiqini tələb edir – guya Azərbaycan Qarabağ iqtisadi regionunda «etnik təmizləmə» aparıb.

Ermənistanın regionda nə qədər ziddiyyətli mövqe tutduğunu ölkənin baş nazirinin söz və əməllərində də görmək mümkündür. Paşinyan Qərb mətbuatına növbəti müsahibəsini «The Walle Street Journal» verərək bildirib ki, o, Bakı ilə sülh müqaviləsinin imzalanması perspektivinə nikbin yanaşır, «regionun gələcəyi Azərbaycanla Türkiyə arasında Ermənistan vasitəsilə quru yolunun açılmasından keçir». Bununla yanaşı, o, Bakının guya «etnik təmizləmə» apardığına dair dəfələrlə ifadə etdiyi mövqeyini dəyişməyib. Paşinyan müsahibəsində onu da deyib ki, İrəvan Moskvanın əvəzinə diqqətini Ankara və Bakı ilə münasibətlərə yönəltməlidir. «Rusiya hərbi bazasının Ermənistan ərazisində qalmasının hər hansı üstünlüyünü görmədiyini» deyən baş nazir, bununla Rusiyadan uzaqlaşmaq xəttini bir daha təsdiqləyib. O, ölkəsinin yeni tərəfdaşlar axtardığını da bildirib, bunu «Moskvanın müttəfiqlik öhdəliklərini yerinə yetirə bilməməsi» ilə əsaslandırıb.

 

3+3=5

Bir gün əvvəl isə Ararat Mirzoyan Tehranda Azərbaycan, Türkiyə, Rusiya və İrandan olan həmkarları ilə birlikdə Qafqazda gedən proseslərə qeyri-region dövlətlərinin təsirinin məhdudlaşdırılması məsələlərini müzakirə edib. Görüş iştirakçılarının əksəriyyəti onların regionda mövcudluğunun məqsədəuyğun olmadığı qənaətindədirlər. Yəni nazirlərin sözlərindən məlum olub ki, onlar Cənubi Qafqazda ABŞ və ya Fransadan, həmçinin digər Avropa ölkələrindən olan hərbçiləri görmək istəmirlər. Bunu Ermənistana eyham kimi də qiymətləndirmək olar. Çünki İrəvan öz maraqlarını təmin etmək üçün regiona onun xarici siyasi iddialarını dəstəkləyəcək ölkələrin cəlbi cəhdlərini davam etdirir.

Qeyd edilməlidir ki, bu, xarici işlər nazirlərinin «3+3» formatında ilk görüşü idi. Ümumilikdə «3+3» (Gürcüstan da nəzərdə tutulur) platformasının effektivliyi təsdiqlənərsə, dayanıqlı regional gündəliyin formalaşdırılmasının mümkünlüyünü düşünə bilərik. O, ölkələr arasındakı münasibətlərdə mövcud olan problemləri aradan qaldıra bilməsə də, ən azı problemlərin birbaşa dialoqda ifadə edilməsinə şərait yaradacaq.

Heç kim yeni regional müharibə istəmir. Hamı öz nəqliyyat-tranzit mövqeyindən maksimum faydalanmağa çalışır. Odur ki, çoxtərəfli formatda da daxil olmaqla, dialoqa heç kim alternativ görmür.

Nəqliyyat məsələsi Tehranda Azərbaycan və İran xarici işlər nazirlərinin ikitərəfli görüşündə də müzakirə edilib. Ceyhun Bayramov xüsusi vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu, «Şimal-Cənub» dəhlizi, Azərbaycan-İran-Türkiyə üçtərəfli formatı belə əməkdaşlıqların bir dövlətin deyil, onlara cəlb olunmuş bütün tərəflərin rifahına xidmət etdiyinin bariz nümunəsidir. Bu layihələr və formatlar yalnız region ölkələrinə deyil, həm də onların tərəfdaşlarına, daha geniş coğrafiyaya fayda verir.

Tehran görüşündən sonra İrəvan belə, kommunikasiyaların açılması perspektivindən danışmağa başlayıb. Nikol Paşinyan oktyabrın 26-da Tbilisidə «Yeni İpək Yolu» konfransındakı çıxışı zamanı ölkəsinin «sülh kəsişməsi» olmaq arzusunu xüsusi vurğulayıb, Ermənistanın nəqliyyat arteriyası vasitəsilə bütün region ölkələrini birləşdirə biləcəyini söyləyib. Amma baş nazir buna Azərbaycan və Türkiyə üçün qəbuledilməz yanaşmaları fonunda necə nail olmağı düşündüyünü açıqlamayıb.

Tehran sammitinə qayıdaraq, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Cənubi Qafqazda müharibələrin arxada qaldığı, region dövlətlərinin dinc əməkdaşlıq məsələlərini müzakirə etməsinin vaxtı olduğu haqda bəyanatına diqqət çəkmək lazımdır. Türkiyənin XİN başçısı Hakan Fidanın ermənistanlı və rusiyalı həmkarları ilə görüşləri də məhz bu məsələlərə həsr olunmuşdu. Azərbaycanın xarici işlər naziri isə istər türkiyəli, istərsə də İran və rusiyalı həmkarları ilə də danışıqlar aparıb.

Maraqlıdır ki, Sergey Lavrov ilə Ararat Mirzoyanın ünsiyyəti haqda heç nə deyilmir. Beləliklə, iki ölkə münasibətlərində böhranın dərinliyi ortadadır. Bu, özünü xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyanın Strasburqa səfəri və Avropa Parlamentindəki bəyanatlarından sonra daha açıq göstərir. Vəziyyət o həddə çatıb ki, geniş tərkibdə təşkil olunmuş görüş çərçivəsində iki ölkənin XİN başçıları bir araya gəlməyə lüzum belə, görməyiblər. Bu, Rusiya-Ermənistan münasibətlərində ilkdir.

Belə bir vəziyyətdə Rusiyanın Birinci kanalında Ermənistanın baş naziri və onun fəaliyyəti ilə bağlı yayımlanmış veriliş iki ölkə arasında növbəti qalmaqala səbəb olub.

Tehranda keçirilmiş beştərəfli görüşün yekununda qəbul olunmuş bəyanatda aparılmış diskussiyaların əsas mövzuları əksini tapıb. Tərəflər görüşün nəticələrini müsbət qiymətləndirib, bu platformanın Gürcüstanın da bərabərhüquqlu iştirakına açıq olduğunu bir daha vurğulayıb.

 

Görüş təxirə salınır. Bəs vasitəçilik?

Oktyabrın son günlərində bir daha məlum olub ki, Bakı üçün Ermənistanla münaqişədən qalmış məsələlərin həlli artıq o qədər də həyati əhəmiyyət daşımır. Brüssel görüşünün baş tutmamasının səbəbi də bu və ya digər dərəcədə məlum olub. Ehtimallara görə, orada Qarabağ ermənilərinin Azərbaycana «xüsusi zəmanət altında» qayıtması məsələsi prioritet mövzu olacaqmış. Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın sözləri də təsdiqləyir: «Bizim hədəfimiz Qarabağ ermənilərinin öz evlərinə qayıtmasıdır. Qranadada keçirilmiş və Əliyevin iştirak etmədiyi görüşün vacibliyini vurğulamaqla yanaşı, biz Brüsseldə Paşinyan-Əliyev danışıqlarının təşkilinə çalışırıq». Beləliklə, əsas müzakirə mövzusunun sülh müqaviləsi yox, ermənilərin Qarabağa qayıdışı olduğu bir şəraitdə Brüsselə yollanmağa ehtiyac qalmırdı.

Bununla yanaşı, avropalı məmur ümidini itirmir. «Azərbaycanla Ermənistan son bir neçə həftədə sülh danışıqlarına, xüsusilə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin başçılıq etdiyi Brüssel prosesinə sadiq olduqlarını açıq ifadə ediblər», - deyə Klaar bildirib. O, Brüsselin yeni görüş imkanlarını nəzərdən keçirdiyini söyləyib. Amma o, bu bəyanatında da belə demək mümkünsə, qeyri-dəqiqlik edib. Məsələ ondadır ki, Brüssel görüşləri Şarl Mişelin başçılığı ilə deyil, onun vasitəçiliyi ilə təşkil olunur. Başqa sözlə, tərəflərin orada iştirakı danışıqlar prosesi «başçısı»nın istəyindən çox, tərəflərin onu davam etdirmək niyyətindən asılıdır.



MƏSLƏHƏT GÖR:

58