19 May 2024

Bazar, 02:16

İŞGÜZAR TRENDLƏR

Ticarət əməliyyatlarının sadələşdirilməsi, nəqliyyat əməkdaşlığı, “yaşıl enerji”nin inkişafı İƏT ilə tərəfdaşlığın əsas prioritetləridir

Müəllif:

15.11.2023

Son illərdə Azərbaycanın xarici iqtisadi münasibətlərinin şaxələndirilməsi siyasətinin strateji vektoru Türkiyə, Çin, Mərkəzi Asiya respublikaları və regionun digər müsəlman ölkələri ilə biznes inteqrasiyası olub. Eyni zamanda ölkəmiz əməkdaşlığın mühüm vasitəsi kimi İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərlə əlaqələrin gücləndirilməsini müəyyən edib. Bu ölkələrlə ən mühüm regional layihələr həyata keçirilir. Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İƏT-in 16-cı sammitində nəqliyyat layihələrinin birgə həyata keçirilməsi, sənayeyə investisiyaların cəlb edilməsi və “yaşıl enerji” ilə bağlı perspektivlər müzakirə edilib.

 

Qərb vasitəsilə Şərqə

Son onilliklərdə Türkiyə və Avropa ölkələri Azərbaycanın əsas ixrac malı olan karbohidrogen xammalı, yanacaq, neft-kimya məhsulları və elektrik enerjisinin əsas bazarları olub. Əslində, məhz buna görə Qərb istiqamətində çoxprofilli nəqliyyat kommunikasiyalarının və boru kəmərlərinin inkişafı üçün milyardlarla dollar sərmayə qoyulub. Bu məqsədlər üçün dəniz nəqliyyatı, dəmir yolu hərəkət tərkibi əldə edilib, dəmir və avtomobil yolları müasirləşdirilib, treydinq şirkətləri formalaşdırılıb, svop və digər neft-qaz ticarəti mexanizmləri hazırlanıb. Ölkəmizdə yaradılmış nəqliyyat və logistika potensialından Xəzəryanı dövlətlər, ilk növbədə, Qazaxıstan və Türkmənistan, əsasən, xam neftin və “qara qızıl”dan emal olunmuş məhsullarının tranziti üçün intensiv istifadə edirdilər.

Bu sabit tendensiyalar 2014-2018-ci illərin enerji böhranı zamanı dəyişməyə başladı. Xammal qiymətlərinin ciddi şəkildə aşağı düşməsi və Xəzərdə yükdaşımalarda tranzit tariflərinin azalması fonunda qeyri-neft yüklərinin çatdırılmasına, o cümlədən multimodal konteyner daşımalarının yaradılmasına tələbat xeyli artıb. Bununla əlaqədar, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə 2018-ci ilin sonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (TBNM) istifadəyə verib. 2019-cu ildə isə​​ Xəzər dənizində yerləşən Türkmənbaşı və Ələt limanlarını birləşdirən “Lapis Lazuli Corridor” (Lapis Lazuli dəhlizi) işə düşüb. Nəticədə, Pekin və Ankara Trans-Xəzər marşrutundan kifayət qədər intensiv şəkildə istifadə etməyə başlayıb. Pandemiyadan sonrakı dövrdə Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində və digər regional formatlarda nəqliyyat, enerji, ticarət və investisiya əməkdaşlığını inkişaf etdiriblər. Avrasiya məkanında geosiyasi parçalanmaya gətirib çıxaran Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Xəzər regionu ölkələri Orta Nəqliyyat Dəhlizinin logistikasının mənimsənilməsinə daha çox diqqət yetiriblər. Qeyd edək ki, bu layihə həm Avropa İttifaqı, həm Çin və təbii ki, TDT ölkələri tərəfindən dəstəklənir.

Əslində, yuxarıda sadalanan amillər İqtisadi Əməkdaşlıq Təşkilatına birgə biznes səyləri üçün əlavə təkan verən katalizator rolunu oynayıb.

31 ildən artıqdır ki, İƏT-in tamhüquqlu üzvü olan Azərbaycan 2023-cü ildə bu təşkilatın “Yaşıl keçid” və qarşılıqlı əlaqələr” şüarı altında keçirilən iclasına sədrlik edib. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən tədbirlər və təşəbbüslər təşkilatın praktiki tərəfdaşlığının genişlənməsinə böyük töhfə verib.

“İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir. Azərbaycan İƏT-in üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Azərbaycanın nəqliyyat və logistika infrastrukturu İƏT-in üzv dövlətləri üçün açıqdır. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”, - Azərbaycan Prezidenti İlham Əliyev İƏT-in Daşkənddə keçirilən 16-cı Sammitində çıxışı zamanı bildirib.

 

Tranzit marşrutları prioritetdir

Sammit zamanı Zəngəzur nəqliyyat dəhlizinin infrastrukturunun formalaşdırılması üzrə Azərbaycan-İran əməkdaşlığının perspektivləri də müzakirə olunub.

“İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən, məhz Azərbaycanın əsas hissəsindən Naxçıvana gediş-gəlişi təmin etməkdən imtina edirdi və imtina etməkdə davam edir. Bu, onların seçimidir, düşünürəm ki, onlar böyük səhvə yol veriblər”, - İlham Əliyev bildirib.

Dövlət başçısı Araz çayının cənub sahili boyunca dəmir yolu və avtomobil xətti marşrutunun razılaşdırılması istiqamətində İran və Azərbaycan nümayəndələrinin birgə fəaliyyətindən məmnunluğunu ifadə edib.

Dövlət başçısı əmindir ki, bu layihə qısa müddətdə həyata keçiriləcək və “Şimal-Cənub” nəqliyyat dəhlizinin daha bir istiqamətinə çevriləcək. Gələcəkdə Azərbaycanın iki nəqliyyat marşrutu olacaq. Biri Astaradan, digəri isə Ağbənddən keçəcək. Hər ikisindən qonşu ölkələr və tərəfdaşlar istifadə edə biləcək.

Ümumiyyətlə, sammit iştirakçıları enerji, sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi, investisiya, nəqliyyat, humanitar, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd ediblər.

“Azərbaycanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin iqtisadiyyatları davamlı inkişaf templəri nümayiş etdirir. Bakı sədrliyi dövründə bir sıra mühüm təşəbbüslərlə çıxış edib və təşkilatın fəaliyyətinə ciddi töhfə verib”, - Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə keçirilən sammitin açılışında çıxışı zamanı bildirib.

İƏT-ə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi aspektlərinə toxunan Özbəkistanın dövlət başçısı multimodal nəqliyyat dəhlizlərinin işə salınmasının, həmçinin ticarət əməliyyatlarının asanlaşdırılmasına dair sazişin imzalanmasının vacibliyini vurğulayıb.

Hərtərəfli ticarət sazişinin imzalanması ilə yanaşı, transsərhəd prosedurlarının sadələşdirilməsi, nəqliyyat sahəsində standartların uyğunlaşdırılması, çevik tarif və gömrük siyasətinin tətbiqi üçün vahid qaydalar qəbul ediləcək. Artıq bir neçə ildir ki, Bakı və Astanada bu istiqamətdə işlər aparılır. Eyni zamanda bu iki ölkədə Orta Dəhlizin nəqliyyat arteriyaları boyunca iri multimodal logistika mərkəzləri tikilir.

Ş.Mirziyoyevin sözlərinə görə, Özbəkistan, Azərbaycan və Türkiyə yükdaşımaları ilə bağlı vahid rəqəmsal məlumat bazası formalaşdırıb və analoji layihələr təşkilatın digər üzv dövlətləri ilə də həyata keçiriləcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da sammit zamanı nəqliyyat inteqrasiyasının prioritet olması ilə bağlı oxşar fikir bildirib.

“Sammitdə biz bir çox məsələləri, o cümlədən regiondaxili ticarətin yaxşılaşdırılması, tədarük zəncirinə təsir edən problemlərin aradan qaldırılması, ölkələrimiz arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi zərurətini müzakirə etdik. Biz dərhal İƏT çərçivəsində ticarət sazişi bağlamalıyıq və ticarətin inkişafı baxımından çoxtərəfli nəqliyyat dəhlizlərinin, ilk növbədə “Şərq-Qərb” (Orta Dəhliz) dəhlizinin inkişafına birgə dəstək çox vacibdir”, - Türkiyə lideri bildirib.

Qarşılıqlı investisiyaların artırılması, mərkəzi ofisi İstanbulda yerləşən “Ekobank”ın institusional və maliyyə imkanlarının genişləndirilməsi, turizm sahəsində əməkdaşlıq məsələlərinə mühüm diqqət yetirilib.

İƏT iştirakçılarının regionda nəqliyyat kommunikasiyalarını və ticarətini genişləndirmək səyləri xüsusilə aktualdır, çünki onlar Azərbaycanın ən böyük ticarət tərəfdaşlarıdırlar və digər məsələlərlə yanaşı, dövlət büdcəsinə fiskal gəlirləri təmin edirlər. Üstəlik, cari və sonrakı illərdə ticarət, investisiya və nəqliyyat əməkdaşlığı genişlənəcək. Bu, həm Avropaya enerji resurslarının nəqlinin artması, həm də qeyri-neft məhsullarının tranzitinin genişlənməsi hesabına baş verəcək. Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə Aİ tərəfdaşları ilə birlikdə TBNM infrastrukturuna bir neçə milyard dollar sərmayə qoymağı planlaşdırır və 2025-2026-cı illərdə Orta Dəhlizin yükdaşıma qabiliyyətini 10 milyon tona çatdırmağa ümid edir.

 

“Yaşıl perspektiv”lər

Sammitdə müzakirə olunan digər mühüm əməkdaşlıq sahəsi “yaşıl enerji”nin inkişaf perspektivləri ilə bağlı olub. “Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə olan münbit sərmayə iqliminin nəticəsidir. Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, biz bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk. Azərbaycanın bərpa olunan enerji potensialı quruda 37 giqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 giqavat külək enerjisi təşkil edir. Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək”, - İlham Əliyev bildirib.

O qeyd edib ki, Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirilir.

Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı İƏT-ə üzv ölkələrin diqqətini cəlb edir. Bu, Qarabağda “yaşıl enerji” zonasının yaradılması, eləcə də burada alternativ enerjidən fəal istifadə olunmaqla sənaye, kənd təsərrüfatı və digər istehsal klasterlərinin formalaşdırılması ilə bağlıdır.

Azərbaycan Prezidenti qeyd edib ki, azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib: “2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək”.

Azərbaycan müttəfiqlərinin və regional tərəfdaşlarının işğaldan azad edilmiş ərazilərdə podrat və investisiya layihələrində iştirakını alqışlayır. İƏT ölkələrindən olan şirkətlərin bərpa olunan enerji sektorunda iştirakı xüsusilə cəlbedici sahə kimi görünür. Türkiyə bu məsələdə liderdir. Onun şirkətləri yol tikintisi işlərinin əksəriyyətində, sənaye aqrar-sənaye klasterlərinin formalaşdırılmasında və “yaşıl iqtisadiyyat”ın inkişafında iştirak edir. Qazaxıstan, Pakistan və Özbəkistandan olan yüzlərlə şirkət bu işlərdə iştirak etməyi planlaşdırır və belə müraciətlərə artıq Azərbaycanın İqtisadiyyat Nazirliyinin müvafiq strukturları tərəfindən baxılır.



MƏSLƏHƏT GÖR:

54