17 May 2024

Cümə, 07:53

MÜFLİS OLMUŞ STANDARTLAR

Dünyada insan hüquqları uğrunda mübarizəyə və BMT-nin fəaliyyətinə natamam layihələr kimi baxmaq olar

Müəllif:

01.12.2023

Qərbin insan hüquqları ilə bağlı istənilən universitetində giriş kursları bu hüquqların fəlsəfi əsaslarından başlayır. Sonradan bir çoxu fəal şəkildə BMT-də, hökumətlərdə, dünyanın müxtəlif tərəflərində hüquq müdafiəsi və qeyri-hökumət təşkilatlarında çalışan gələcək mütəxəssislər bir gerçəkliyi dəqiq öyrənməlidirlər – insan hüquqları sahəsində beynəlxalq norma və qanunların əsasını universal dəyərlər toplusu təşkil edir. İnsan hüquqları isə istisnasız olaraq, bütün insanların əbədi var-dövlətidir. Bununla yanaşı, insan hüquqlarının universallığı məhz fərdiliyin son və ali reallıq olduğu liberalizm paradiqması ilə izah olunur.

Bu anlayış bəşəriyyətə 1948-ci ildə, BMT Baş Assambleyasının Parisdə keçirilən toplantısında 217 A (III) qətnaməsi ilə İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin (İHÜB) qəbulu ilə gəlib. İnsan hüquqlarına dair istənilən dərsliyin müqəddiməsində deyilir ki, Bəyannamənin meydana gəlməsinə «İkinci Dünya müharibəsi zamanı yaşanmış və bir daha təkrarlanmalı olmayan zorakılıq və dəhşətlər» səbəb olub.

Bəyannamədə fundamental mülki, siyasi, sosial, iqtisadi və mədəni hüquqlar öz əksini tapıb. Onun preambulası «bəşər ailəsinin bütün üzvlərinə xas olan ləyaqətləri və onların bərabər və alınmaz hüquqları» ilə başlayır, sonrakı 30 maddədə bu hüquqlar detallı şəkildə göstərilir. İnsan hüquqları sahəsində 1945-ci ildən qəbul edilmiş bir çox beynəlxalq müqavilə və digər sənədlər bu sahədə beynəlxalq hüququn normalarını genişləndirib. Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya (1948), İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya (1965), Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya (1979), Uşaq Hüquqları Konvensiyası (1989), Əlillərin hüquqları haqqında Konvensiya (2006) və s. onlara aiddir.

 

Köhnə problemlər

Bütün xoş məramlara rəğmən, İHÜB-nin qəbulundan sonra bəşəriyyətin həyatı ümumilikdə heç də daha yaxşı, daha rasional, mənəvi baxımdan daha üstün olmayıb. Xoşbəxtlikdən, hələ ki, Üçüncü Dünya müharibəsi baş verməyib (baxır hansı cəhətdən yanaşırıq), lakin 1939-1945-ci illərdə baş vermiş dəhşətlər bu gün də dünyanın müxtəlif bölgələrində mütəmadi olaraq təkrarlanır.

İnsan hüquqları haqqında universal hadisə kimi danışılsa da, bütün xalqların, millətlərin, müxtəlif insan qruplarının bu hüquqlarla bağlı, onların harada başlayıb, harada bitdiyi ilə bağlı düşüncələri fərqlidir. Bir çox siyasətçi, politoloq və alim hesab edir ki, müasir insan hüquqları sisteminin təməlini təşkil edən liberal dünya düzəninin özü də böhran yaşayır. İndi son onilliklərdə insan hüquqlarının öz-özlüyündə son hədəf yox, siyasət, geosiyasət və iqtisadiyyatın aləti olduğunu heç kim inkar edə bilmir. Səbəb elə əvvəldən milli dövlətlərin üzərində dayanan bu hüquq konvensiyalarının özüdür. Nəticədə, bu universal standartlar ona aparıb çıxarır ki, dövlətlərin daxili işlərinə qarışılmaması, onun əsasları tam aydın olmur. Odur ki, bu vəziyyət son məqsədin heç də İHÜB-də yer almış prinsiplərin olmadığı müxtəlif manipulyasiyalara yol açır. Üstəlik, bundan daha çox Qərb ölkələri istifadə edib və edir. O Qərb ölkələri ki, faktiki olaraq bütün beynəlxalq təşkilatları inhisara alıblar və «humanitar müdaxilə» adı altında güc tətbiqi təcrübəsinə malikdirlər. Odur ki, insan hüquqları mövzusu çoxdandır ki, «ikili standartlar» ifadəsi ilə yanaşı işlədilməkdədir.

Beləliklə, beynəlxalq münasibətlərdə demokratiya və insan hüquqlarının yayılması cəhdlərinin əhəmiyyətli dərəcədə iflasa uğradığını söyləmək olar. Bu sahədə tanınmış Qərb ekspertlərinin məqalələrini təhlil etsək, görərik ki, Qərb dövlətləri daha çox beynəlxalq hüquqa deyil – halbuki ideyaya görə, bu, bütün xalqlar və ölkələrin qəbul etdiyi normalardır, qaydalara («rules-based order» - Qərbin qaydalarına) əsaslanan düzənə istinad edirlər.

Maraqlıdır ki, faktiki olaraq özünü bu məsələlərdə lider, insan hüquqlarının qlobal müdafiəçisi kimi təqdim edən ABŞ bu rola heç uyğun gəlmir. Bu ölkədə ölüm hökmünün hələ də qüvvədə olmasının özü çox şeydən xəbər verir. Son illərin təcrübəsi göstərir ki, Birləşmiş Ştatlarda irqi məsələlər, həmçinin məsələn, miqrasiya ilə bağlı problemlər hələ də ciddiliyini qoruyub saxlayır. ABŞ müasir hüququn tərkib hissəsini təşkil edən bir sıra vacib çoxtərəfli beynəlxalq müqavilədə iştirak etmir. Qərbdə məhz sosial və iqtisadi hüquqların o qədər də populyar olmadığı da vurğulanmalıdır. Qərb universitetlərinin bir çox professoru işsizliyin insan hüquqlarına faktiki təsirindən daha çox qadınların abort hüquqları, yaxud cinsi azlıqların hüquqları haqda danışmağa üstünlük verir.

 

Yeni çağırışlar

Müasir dünyada insan hüquqları konvensiyası yeni sınaqlar qarşısında qalıb. Məsələn, müxtəlif rəqəmsal texnologiyaların və süni intellektin inkişafı bu sahəyə ciddi təhdidlər yaradır. Söhbət şəxsi həyatın toxunulmazlığı, azadlıq və təhlükəsizlik, bərabərlik və ifadə azadlığı kimi hüquqlardan gedir. Bundan başqa, süni intellekt artıq sosial və iqtisadi hüquqlara da öz təsirini göstərir.

Bu sahə üçün daha bir mövcud və ya gözlənilən sınaq iqlim dəyişikliyidir. Artıq aydındır ki, bəşəriyyət daha çox qlobal istiləşmə ilə deyil, qlobal iqlim pozğunluğu ilə üz-üzədir. Belə şəraitdə İHÜB-nin təsdiqlənmiş prinsiplərinin necə şərh oluna biləcəyinə dair sualı heç kim cavablandıra bilmir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, iqlim dəyişikliyi yaşam, mənzil, su, sanitariya, qidalanma, sağlamlıq, inkişaf, şəxsi təhlükəsizlik və lazımi həyat səviyyəsi də daxil olmaqla, insan üçün nəzərdə tutulmuş bütün hüquqlara birbaşa və ya dolayı təsir göstərir. İqlim dəyişikliyi nəhəng qaçqın kütləsinin yaranmasına yol açarsa, necə olacaq? Bəs atmosferə zəhərli qazların buraxılması ilə mübarizə? Həqiqətən, niyə Qərb ölkələrinin onilliklər ərzində təbiət və insan resurslarının istismarından milyardlar qazanması fonunda daha az inkişaf etmiş dövlətlər bu şərtlərə elə indi əməl etməli, faktiki olaraq öz inkişaflarını ləngitməlidir (demək, öz iqtisadi rifahını və sosial inkişafını təhlükə altına atmalıdır)? Bu suallara adekvat cavablar yoxdur.

 

BMT də heç nə ilə fərqlənmir…

Bütün bunların fonunda dünyada BMT-yə inam məsələsində davamlı böhran yaşandığı da etiraf olunmalıdır. Bu təşkilat dünyada maraqlar balansını tənzimləməli, ona zəmanət verməlidir. Lakin onun uzun illərdir bu vəzifənin öhdəsindən gələ bilmədiyini hamı etiraf edir. Yaxın Şərqdə yaşanmaqda olan son eskalasiya BMT-nin imicinə daha bir ciddi zərbə vurub, onun nəinki münaqişələri çözə bilmədiyinin, onları yumşaltmaq gücündə belə, olmadığının daha bir sübutudur.

İkinci Dünya müharibəsinin dəhşətlərini hələ unutmamış xalqların ən yaxşı arzularından yaradılmış bu məsələlər bu gün – XXI əsrdə ən yaxşı halda hoqqabazlıq təsiri bağışlayır. Bu gün BMT Təhlükəsizlik Şurasının (TŞ) işi Rusiya-Qərb qarşıdurması, həmçinin Çin-ABŞ rəqabəti ilə tam iflic vəziyyətə düşüb. Aydındır ki, TŞ-nin tərkibi genişləndirilməlidir. Bəs orada təmsil olunmağa kimlər daha çox layiqdir? Aİ vahid təmsilçi müəyyənləşdirə bilərmi? Bəs Afrika? İslam dövlətləri necə? Heç kim bir-birinə inanmır və inanması üçün əsas da yoxdur.

BMT Baş Assambleyasında bir-birinin ardınca qətnamələr qəbul edilir. Amma onların heç nə həll etmədiyini, heç nəyə təsir göstərmədiyini hamı, o cümlədən Azərbaycan yaxşı bilir. Səs çoxluğu ilə qəbul olunan həmin qərarlar sadəcə, tövsiyə xarakteri daşıyır və əksər hallarda onlara məhəl qoyan olmur.

Ola bilsin ki, BMT-də yaşanan böhranda dünya diplomatiyası günahkardır. Hər halda, onun getdikcə daha dinamik xarakter alan dünyada vəzifəsinin öhdəsindən gələ bilmədiyi ortadadır. Bu gün sosial şəbəkələrdə müzakirələr Xarici İşlər nazirliklərinin, səfirliklərin binaları ilə müqayisədə dəfələrlə sürətli gedir. O da aydındır ki, bu gün bu və ya digər məsələnin həllində maraqlı olan dövlətlərin buna lokal fəaliyyətlə daha effektiv nail olurlar, nəinki iri beynəlxalq qurumlar vasitəsilə.

Kimsə düşünə bilər ki, geosiyasət necə olur-olsun, axı BMT vacib humanitar funksiya da həyata keçirir. Amma belə də deyil. Bəli, rəsmi sənədlərdə maliyyənin ayrıldığı nəcib hədəflər göstərilir. Məsələn, 2015-ci ildə 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəliyə əsasən, 17 hədəf müəyyənləşdirilib. Bu ilin oktyabrında BMT-nin baş katibi Antoniu Qutyerreş Baş Assambleyanın Beşinci Komitəsinə 2024-cü il üçün qurumun proqramlarının büdcəsini təqdim edib. Bununla yanaşı, o, təşkilatın vacibliyini bildirib, bu gün beynəlxalq birliyin «bütün istiqamətlərdə çağırışlarla qarşı-qarşıya olduğunu» deyib. Büdcə ümumilikdə 3,3 milyard dollar təşkil edir. Nələrisə dəyişmək üçün pis məbləğ deyil. Çünki təşkilatda, ilk növbədə, səbəblərdən yox, nəticələrdən danışılır. Bu, həkimin diaqnoz qoymaqdansa, simptomları müalicə etməsinə bənzəyir.

Müxtəlif hesablamalara görə, Yer kürəsi əhalisinin təxminən 4 milyard nəfəri (bəlkə də daha çoxu) kanalizasiyadan məhrumdursa, təbii ehtiyaclarını az-çox sivil yolla ödəyə bilmirsə, «innovasiyalar və ekosistemin qorunması»ndan necə danışmaq olar? Bu gün təxminən 1 milyard insan bu ehtiyacını necə gəldi, harda gəldi ödəyir. Bu isə sadəcə həmin insanlar üçün narahatlıq demək deyil. Normal tualetlərin olmaması öldürücü xəstəliklərin yayılmasına yol açır, şəxsi sərhəd və təhlükəsizlik problemini kəskin şəkildə ortaya qoyur, üstəlik, bundan ən çox qızlar və qadınlar əziyyət çəkir. Amma kimdir qadın hüquqlarının pozulmasının mənbəyində duran problemlər haqda düşünən? Bu problemi nə investisiyalar, nə elmi çəkişmələr, nə beynəlxalq həmrəylik çözə bilir. Əvəzində, hər il BMT Ümumdünya Tualet Günü keçirir, buna xüsusi sammitlər həsr edir. Ümumdünya Tualet Təşkilatı belə, mövcuddur.

Bütün bunlarla yanaşı, BMT-nin kişi və qadın hüquqlarını bərabərləşdirməyə çalışdığı vaxtda artıq bir sıra ölkələrdə üçüncü cins də peyda olub. İndi onların hüquqlarını da bərabərləşdirmək lazım gəlir, lakin öz nüanslarına uyğun, o cümlədən tualet məsələsində – növbəti məruzə üçün ciddi səbəbdir. Niyə də yox?

Beləliklə, insan haqları və BMT müflis olmuş ideyalardırmı? Yox. Güman ki, söhbət daha çox bu ideyaların tutarsız, səhv reallaşdırılmasından gedir. Onların özündə heç bir səhvlik yoxdur. Bəşəriyyət daha yaxşısını düşünmək iqtidarında da deyil. Bu baxımdan, insan hüquqları uğrunda mübarizəyə və BMT-nin işinə hələ natamam layihələr kimi baxılmalıdır. Hər halda, tarix üçün 70-80 il çox kiçik dövrdür.



MƏSLƏHƏT GÖR:

42