19 May 2024

Bazar, 02:30

İNAMA DOĞRU

Rəcəb Tayyib Ərdoğanın Afinaya səfəri iki ölkə arasında münasibəti dostluq və mehriban qonşuluq məcrasına çıxarıb

Müəllif:

15.12.2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana dekabrın 7-də etdiyi səfər tarixə Ankara-Afina münasibətlərində dönüş nöqtəsi kimi düşə bilər. Səfər çərçivəsində əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər Türkiyə ilə Yunanıstan arasında heç də yaxşı olmayan, hətta bəzən az qala müharibə həddinə çatan münasibətlərin dostluq, mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq məcrasına çıxacağına ciddi ümidlər yaradıb.

 

Mübahisəyə qarşı həmrəylik

Son illər Türkiyə-Yunanıstan münasibətlərinin kəskinləşməsi, ilk növbədə, Egey dənizinin şərq hissəsindəki adaların statusu ilə bağlıdır. Bu adalar 2023-cü ildə imzalanmış Lozanna müqaviləsinə əsasən, Yunanıstanın nəzarətinə keçib. Söhbət Türkiyə Cümhuriyyəti sərhədlərinin dünya birliyi tərəfindən tanınmasını nəzərdə tutan müqavilədən gedir. Həmin dövrün beynəlxalq dəniz hüququna görə, Yunanıstanın ərazi suları 6 dəniz mili təşkil edir. Lakin Afina Krit adası və Egey dənizindəki adalar ətrafında ərazi sularını 12 dəniz milinədək böyütmək istəyir. O, bu məsələdə BMT-nin müasir Dəniz hüququ haqqında Konvensiyasına istinad edir. Bu halda Türkiyənin Egey və Aralıq dənizlərinə çıxışı praktik olaraq, qapanır. Odur ki, Ankara mütəmadi olaraq Afinaya xəbərdarlıqlar edir, bunun tərəflər arasında müharibəyə yol aça biləcəyini bildirir. Bununla yanaşı, Türkiyə Yunanıstanın Egey dənizində özünə aid saydığı iqtisadi zonanı tanımır.

Bu məsələdə dramatik hadisələrdən biri 2020-ci ilin yayında yaşanıb – Türkiyə öz şirkətlərinə Aralıq dənizinin mübahisəli sularında qaz quyuları qazmaq icazəsi verib. O zaman Türkiyə və Yunanıstan flotiliyaları faktiki olaraq, Egey dənizi və Aralıq dənizinin şərq hissəsində bir-birlərini mühasirəyə almış, bu digər bənzər hadisələr iki ölkə arasında münasibətləri ciddi şəkildə gərginləşdirmişdi. Məsələ o həddə çatmışdı ki, Türkiyənin dövlət başçısı Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakisi persona non-qrata elan etmişdi.

İki ölkənin münasibətlərində istiləşmə yalnız bu ilin fevralında baş vermiş faciəvi hadisədən sonra başlayıb. Yunanıstan dağıdıcı zəlzələnin baş verdiyi Türkiyəyə xilasedicilərini göndərən ilk ölkələrdən olub. Maraqlıdır ki, Yunanıstan Prezidenti Katerina Sakellaropulu Ərdoğanla görüşündən əvvəl bir məqamı xüsusi vurğulayıb: «Həmrəylik hissi bir müddət əvvəl təbii fəlakətlərdən ciddi əziyyət çəkmiş və bir-birinə yardım göstərmiş iki xalqı birləşdirir». O, istər Türkiyədə baş vermiş zəlhələ, istərsə də Yunanıstanın üzləşdiyi yanğın və daşqınları nəzərdə tutur.

Ankara ilə Afinanın yaxınlaşma istiqamətindəki addımları artıq öz bəhrəsini verməyə başlayıb. Ərdoğanın Yunanıstana son altı ildə ilk dəfə etdiyi səfər bunun göstəricisidir.

 

Əlamətdar bəyannamə

Səfər çərçivəsində əsas hadisə Türkiyə ilə Yunanıstan arasında «Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Bəyannamə»nin imzalanması olub. Sənədə əsasən, «tərəflər aralarında yaranacaq hər hansı mübahisəni sülh yolu, birbaşa məsləhətləşmələr və ya qarşılıqlı seçimə əsaslanan və BMT Nizamnaməsində nəzərdə tutulmuş başqa vasitələrlə həll etməyə çalışacaq». Afinada qəbul edilmiş Bəyannamənin ən vacib maddələrindən biri regionda sülh və sabitliyə təhdid yarada biləcək hər hansı bəyanat, təşəbbüs və əməldən çəkiniləcəyinə dair öhdəliklə bağlıdır. Türkiyə ilə Yunanıstan gərginlik mənbələrini və onlaorla əlaqəli riskləri aradan qaldırmaq üçün hərbi sahədə də inamın gücləndirilməsi üçün tədbirlər görəcəklər.

Afina Bəyannaməsinin həm də Türkiyə ilə Yunanıstan arasında sərhədləri müəyyənləşdirmiş Lozanna müqaviləsinin 100-cü ildönümündə imzalanmasının rəmzi mənası da var. Bundan başqa, yeddi illik fasilədən sonra Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı da keçirilib. Tərəflər bu toplantının hər il keçirilməsinə dair razılığa da gəlib. Yeri gəlmişkən, artıq 2024-cü ilin yazında Yunanıstanın baş naziri Mitsotakis Türkiyəyə səfər etməlidir.

Türkiyə Prezidentinin Afinaya səfəri çərçivəsində tərəflər arasında təhsil sahəsində əməkdaşlığı, elektrik şəbəkələri əlaqəsinin yaradılmasını (iki ölkənin elektrik şəbəkəsi opratorları arasında), həmçinin kiçik və orta biznes, investisiya, sosial xidmətlər, turizm və idman sahələrində əməkdaşlığı nəzərdə tutan daha 15 sənəd imzalanıb. Aparılmış danışıqların əlamətdar nəticələrindən biri də növbəti 5 ildə iki ölkə arasında ticarət dövriyyəsinin 10 milyard dollara çatdırılması hədəfinin müəyyənləşdirilməsidir.

 

Problemləri çözmək arzusu

Bütün qeyd olunanlarla yanaşı, Türkiyə Prezidentinin Yunanıstana bu uğurlu səfəri ikitərəfli münasibətlərdə köhnə problemlərin davam edəcəyini istisna etmir. Bu sırada ilk yeri isə Kipr məsələsi tutur.

Ankara israrla bildirir ki, mövcud vəziyyət nəzərə alınmalı, faktiki olaraq, Kipr türklərinin Şimali Kipr Türk Cümhuriyyəti olaraq, dövlətçiliyi tanınmalıdır. Yəni Ankara Kipr probleminin adada iki dövlət – türk və yunan dövlətinin yaradılması ilə həllini vacib sayır. Yunanıstan isə problemin yeganə həlli yolu kimi, adanın birləşməsini görür.

Lakin Kipr mövzusu çoxdandır ki, Türkiyə-Yunanıstan münasibətlərində ən kəskin problem olmaqdan çıxıb. Hazırda onlar arasında ən ciddi fikir ayrılığı Egey dənizində ərazi sularının delimitasiyası və iqtisadi zonaların müəyyənləşdirilməsilə bağlıdır. Tərəflər məsələyə Haaqa Beynəlxalq Məhkəməsinə baxılmalı olduğunu belə, istisna etmir.

Bununla yanaşı, Afina ilə Ankara problemi dialoq yolu ilə həll etmək əzmində olduqlarını göstərirlər. Yunanıstanın baş naziri Mitsotakis tərəflərin fikir ayrılıqlarına son qoyacağına ümidini ifadə edib. Prezident Ərdoğan isə öz növbəsində, onların çözə bilməyəcəkləri problemin olmadığını bildirib. «Biz ümumi dənizə, ümumi coğrafiyaya, vahid iqlimə, hətta bir çox sahələrdə ümumi mədəniyyətə malik iki qonşuyuq. Amma nəinki qonşu dövlətlər, doğma qardaşlar arasında belə, mübahisələr ola bilər. Bu, normaldır. Əsas bu mübahisələri həll etmək arzusudur», - deyə R.T.Ərdoğan qeyd edib.

Bununla yanaşı, Ərdoğan deyib ki, «tərəflərin dinc gələcəyə aparacaq yola çıxması» Yunanıstanın Türkiyə kimi, «kənar müdaxilələrə yol verilməməsi yanaşmasından çıxış edəcəyi təqdirdə» mümkündür. Bununla da o, Afinanın ayrı-ayrı Qərb dövlətlərinin anti-Türkiyə addımları atmasında vasitəçiyə çevrilməli olmadığına eyham vurub. Bu mənada, ilk növbədə söhbət Fransadan gedir. Onun Şərqi Aralıq dənizi regionunda nüfuzunu Türkiyənin maraqlarını nəzərə almadan gücləndirmək üçün Yunanıstandan istifadə etməyə çalışdığı məlumdur. Bundan başqa, ABŞ Egey dənizindəki adaları aktiv şəkildə hərbiləşdirməklə məşğuldur. Başqa sözlə, Yunanıstanın hesabına regionda mövcudluğunu gücləndirməyə, Türkiyənin artan nüfuzunu əngəlləməyə çalışır. Ankara isə Egey adalarının hərbiləşdirilməsinin Lozanna müqaviləsinin maddələrinə zidd olduğunu deyir və buna qəti etirazını bildirir.

Beləliklə, indi əsas intriqa Yunanıstanın adaların qeyri-qanuni hərbiləşdirilməsi məsələsində hansı addımları atacağına bağlıdır. Baş nazir Mitsotakisin «Egey dənizi və Şərqi Aralıq dənizində qitə şelfinin və müstəsna iqtisadi zonaların müəyyənləşdirilməsi məsələsində yaxınlaşma mümkündür» deməsi bu mənada nikbin olmağa əsas yaradıb.

Və nəhayət, Ərdoğanın «çayı keçərkən dənizdə boğulmamalıyıq. Gəlin Egey dənizini sülh dənizinə çevirək» çağırışına Mitsokatisin cavabı o bir o qədər pozitiv olub: «Biz iki kapitan olaraq, xoş sahil küləyinin əsdiyi sakit sularda üzməliyik».

 

Gərginlikdən əsər-əlamət qalmadı?

Tam aydın olan odur ki, Türkiyə ilə Yunanıstan arasındakı fikir ayrılıqları və qarşıdurmanın strateji perspektivi yoxdur, çünki onlar NATO çərçivəsində müttəfiqdirlər. Tərəflər müasir tarixlərində ən sərt münaqişələrdə belə, bu amili nəzərə alıb. Bu dəfəki yaxınlaşma isə Ərdoğanın 2023-cü ilin mayında keçirilmiş prezident seçkisində qələbə qazandıqdan sonra Qərblə münasibətləri yaxşılaşdırmaq kursundan başlayıb. Ankara məhz bu kurs çərçivəsində Avropa İttifaqına üvz olmaq hədəfinə sadiqliyini bəyan edib. Şübhəsiz ki, Afina ilə yaxınlaşma Ankaranın siyasətinin Qərb vektorunun reallaşdırılmasına ciddi kömək edəcək. Bu mənada, Mitsotakisin Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında ölkəsinin Türkiyənin Aİ-yə qəbuluna dəstək vermək niyyətini dilə gətirməsi maraqlıdır.

Ərdoğanın «yeni Qərb siyasəti»ndə Yunanıstanla yaxınlaşmanın daha bir elementi Yaxın Şərq ölkələrindən olan qaçqınlarla bağlı razılaşmadır. Afinada imzalanmış «Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Bəyannamə»də bu məsələ də öz əksini tapıb. Xatırladaq ki, bu mövzu illərdir Türkiyə-Yunanıstan münasibətlərində qıcıqlandırıcı amil olaraq qalır. Afina Ankaranı miqrantları məqsədli şəkildə Türkiyə ilə həmsərhəd olan yunan adalarına istiqamətləndirməkdə belə, günahlandırıb.

Lakin bu ilin payızından, Türkiyənin sahil mühafizəsi miqrantları daşıyan yedək gəmiləri saxlamağa başlayıb. Üstəlik, o, bunu Yunanıstanın sahil mühafizəsi xidmətilə birlikdə həyata keçirir. Mitsotakis əbəs yerə deməyib ki, «miqrantlara gəlincə, son zamanlar axının əhəmiyyətli dərəcədə azaldığını vurğuladıq. Bu, həm dəniz, həm də quru sərhədlərinin sistemli mühafizəsinin nəticəsidir. Bu, eyni zamanda, ölkələrimizin polis və sərhəd mühafizəsi xidmətləri arasında yüksək səviyyəli əməkdaşlığın nəticəsidir». Bu əməkdaşlığı daha da gücləndirmək olar və lazımdır».

Ekspertlər bildirirlər ki, Türkiyənin qeyri-qanuni miqrasiya ilə mübarizəni gücləndirməsinin müqabilində Yunanıstan Türkiyə vətəndaşlarına Egey dənizinin şərq hissəsindəki onlarla yunan adasında dincəlmək üçün sadələşdirilmiş viza prosedurunun tətbiqinə razılıq verib. Bu razılaşma Ərdoğanın Yunanıstan səfərinin daha bir nəticəsi hesab oluna bilər.

Bununla yanaşı, Ankara illərdir Aİ-dən qaçqınlarla bağlı razılaşmaya cavab olaraq, viza prosedurunun sadələşdirilməsini tələb edir. Yunanıstanın baş naziri Mitsotakisin sözlərindən belə məlum olub ki, onların razılaşdırdıqları «ada layihəsi» Türkiyə ilə Avropa İttifaqının miqrant məsələsi ilə bağlı yeni miqyaslı qərar qəbul etməsi üçün model rolu oynaya bilər.

Beləliklə, Ankara ilə Afina ikitərəfli əlaqələrin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində ciddi addım atıb. Bu mənada, Ərdoğanın «Afina görüşü Yunanıstan-Türkiyə münasibətlərinə yeni eranın başlanğıcı olacaq» bəyanatı önəmlidir. Bu fikri Mitsotakis də dəstəkləyir: «Hesab edirəm ki, biz münasibətlərdəki gərginliyin sonuna çatmışıq. Həmsərhəd ölkələr birlikdə hərəkət etməlidir. Biz gözəl gələcək qurmalıyıq».

Türkiyə və Yunanıstan liderlərinin səyləri və nikbinlikləri göstərir ki, onların anonsunu verdikləri «yeni era» və «gözəl gələcəyin» əlamətləri özünü ən yaxın gələcəkdə göstərməlidir.



MƏSLƏHƏT GÖR:

38