19 May 2024

Bazar, 00:37

OXŞAR MÖVQELİ OYUN

Rəisinin Moskva səfəri Rusiya-İran tərəfdaşlığının gücləndiyini təsdiqləyir

Müəllif:

15.12.2023

Son günlərin ən maraqlı siyasi hadisələrindən biri, yəqin ki, İran Prezidenti İbrahim Rəisinin Moskva səfəridir. Bu səfər Rusiya-İran əməkdaşlığının qlobal və regional siyasətin vacib amilinə çevrildiyini təsdiqləyib. Söhbət həm də Cənubi Qafqazdakı proseslərdən gedir.

 

Yaxın Şərqdən Ukraynayadək

Rusiya ilə İran çoxqütblü dünya düzəninin formalaşması və müvafiq olaraq, Qərbin qlobal liderliyi qoruyub saxlamaq cəhdləri ilə mübarizə məsələsində tam həmrəy olduqlarını nümayiş etdirirlər. İranın 2024-cü ilin yanvarından BRHÇC (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatına qoşulması, həmçinin Moskva ilə Tehranın beynəlxalq siyasətin ən aktual problemlərində eyni mövqedən çıxış etmələri bunun təsdiqidir. Söhbət, ilk növbədə, Fələstin-İsrail münaqişəsindən gedir. Rəsmi məlumata görə, Rəisinin rusiyalı həmkarı Vladimir Putinlə görüşündə bu məsələnin müzakirəsi əsas yeri tutub. Maraqlıdır ki, Rusiya lideri Rəisi ilə görüşü ərəfəsində Yaxın Şərq münaqişəsinin nizama salınması məsələsini Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına səfərlərinin gedişində də müzakirə edib. Putin-Rəisi danışıqları isə Rusiyanın mövqeyinin İslam dünyasının mövqeyi ilə üst-üstə düşdüyünün növbəti təsdiqi olub. Söhbət Fələstin dövlətinin yaradılmasının vacibliyi məsələsindən gedir. Amma İrandan fərqli olaraq, Rusiya İsrailin ünvanına onu dövlət kimi tanınmadığını göstərəcək sərt fikirlər səsləndirmir. İki ölkənin Qəzzada yaşananlarla bağlı eyni mövqedə olduqlarına isə şübhə yoxdur. Hər halda, Putin İsrailin Fələstin anklavındakı əməllərini «soyqırımı və bəşəriyyət əleyhinə cinayət» kimi qiymətləndirən Rəisinin sözlərinə etiraz etməyib. Rusiya lideri həmkarının «bu cinayətlərin ABŞ və Qərb dövlətləri tərəfindən dəstəkləndiyi» fikrinə də əks arqument səsləndirməyib.

İki prezidentin Yaxın Şərq problemi ilə bağlı müzakirələrinin konkret nəticələrini İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian açıqlayıb: «Tərəflər Qəzza və İordan çayının qərb sahilində davam edən müharibənin və soyqırımın dərhal dayandırılmasının vacibliyini bildirib, Qəzza zolağı sakinlərin məcburi köçünə son qoyulmalı, bütünlükdə Qəzzaya miqyaslı humanitar yardımların çatdırılması üçün Rəfahdakı sərhədin dərhal açılmalı olduğunu deyiblər».

Bununla yanaşı, İran Ukrayna müharibəsi məsələsində də Rusiyanın yaxın tərəfdaşı olaraq qalır. Bu mənada, Moskvada «dar çərçivədə» keçirilən Rusiya-İran danışıqlarında Rusiyanın müdafiə naziri Sergey Şoyqunun iştirakı maraqlıdır. Güman ki, tərəflər hərbi-texniki əməkdaşlığın gücləndirilməsi məsələlərini də müzakirə ediblər. İran Rusiyaya hücum dronları tədarük edib və ola bilsin ki, edir. Bununla yanaşı, Tehran yaxın zamanlarda Rusiyadan yeni «Su-35» qırıcıları və «Mi-28» hərbi helikopterlərinin tədarükünü gözləyir.

 

«Şimal-Cənub» dəhlizi prioritetdir

Rusiya-İran münasibətlərində iqtisadi əməkdaşlıq əsas elementdir. Vladimir Putinin sözlərinə görə, son il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 20% artaraq, 5 milyard dollara çatıb. Lakin ikitərəfli siyasi əməkdaşlıq getdikcə daha çox geosiyasi çalar alır. Ali Avrasiya İqtisadi Şurasının ilin sonunda Sankt-Peterburqda keçirilmiş iclasında Aİİ (Avrasiya İqtisadi İttifaqı) ilə İran İslam Respublikası arasında imzalanan razılaşma bunu bir daha təsdiqləyir.

Moskva ilə Tehran «nəhəng infrastruktur layihələri»nin reallaşdırılmasına da qarşılıqlı maraq göstərir. Putin bununla əlaqədar bildirib ki, Rusiya ilə İran «Şimal-Cənub dəmir yolunun inşası layihəsinin praktik reallaşdırılması mərhələsinə çatıblar». Hər halda, ekspertlər «Şimal-Cənub» nəqliyyat dəhlizinin yaradılmasını əbəs yerə Rusiya-İran iqtisadi əməkdaşlığının mərkəzi mövzusu adlandırmırlar. Bu iki ölkə layihənin mümkün qədər tez reallaşdırılmasında maraqlı olduqlarını göstərirlər. Lakin Moskva və Tehrandan gələn xəbərlər bu layihənin maliyyə məsələlərilə bağlı tam razılaşmanın olmadığını göstərir. İran tərəfi əsas maliyyə yükünü Rusiyanın öz üzərinə götürəcəyinə ümid edir. Moskva isə deyəsən, Avropa ilə Asiyanı birləşdirəcək bu dəhlizin çəkilməsinin maliyyə yükünün bərabər bölünməsinə tərəfdardır.

«Şimal-Cənub» dəhlizinin reallaşdırılmasında Rusiya ilə İran arasında yeganə körpü olan Azərbaycana aparıcı rolun tanınması xüsusi əhəmiyyət daşıyır. Amma Rusiya və İranın Cənubi Qafqazdakı strateji maraqları kontekstində Azərbaycanın əhəmiyyəti yalnız bu məqamla məhdudlaşmır.

 

Cənubi Qafqaz və «3+3»

İndi Moskva ilə Tehranın «Cənubi Qafqaz siyasəti» Azərbaycanın Ermənistanla 44 günlük müharibədəki qələbəsindən və Qarabağ münaqişəsinin başa çatmasından sonra yaranmış yeni regional reallıqdan irəli gəlir. Rusiya və İranın bəyanatlarından məlum olur ki, onlar Ermənistanla Azərbaycan arasındakı münaqişənin bitməsinə yalnız bu iki ölkənin münasibətlərinin normallaşması yox, həm də bütün regionda sülhün möhkəmlənməsi, çoxtərəfli əməkdaşlığın qurulması baxımından tarixi imkan kimi yanaşırlar.

Eyni zamanda həm Rusiya, həm də İran Ermənistanın getdikcə Qərbə meyillənməsini öz maraqlarına təhdid sayır. Rusiya-Ermənistan münasibətlərində ciddi soyuqluğun müşahidə olunması, İranın İrəvanın xarici siyasi kursunu dəyişmək cəhdlərindən narahatlığı da bununla izah edilir. Məsələn, İran davamlı olaraq Ermənistanın ərazi bütövlüyünə dəstəyini ifadə etsə də (sanki buna kimsə təhdid yaradır), ermənilərə Qərbin regional proseslərə cəlbinin yolverilməzliyinə dair davamlı ismarıclar göndərir.

Ümumilikdə Rusiya ilə İran ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda Qərbin nüfuzunun genişləndirilməsi cəhdlərinə müqavimət göstərəcəklərini nümayiş etdirirlər. Bu məsələdə onlar digər nəhəng regional fövqəldövlət olan Türkiyənin də dəstəyini alırlar. Azərbaycan Prezidenti İlham Əliyevin «3+3» platformasının yaradılması təşəbbüsünə ilk dəstək məhz Ankaradan gəlib. Söhbət Cənubi Qafqazda altı region ölkəsinin iştirakı ilə sülh, təhlükəsizlik və geniş əməkdaşlıq layihəsindən gedir. Bu baxımdan, «3+3» formatının Rusiya və İran tərəfindən də dəstəklənməsi təəccüblü deyil.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla beş Xəzəryanı ölkənin XİN başçılarının dekabrın 5-də Moskvada təşkil olunan iclası çərçivəsində keçirdiyi görüşdə xüsusi olaraq vurğulayıb ki, «İlham Əliyevin Cənubi Qafqazda «3+3» formatında regional platformanın yaradılması təşəbbüsü artıq müəyyən şəkil alır».

Xəzəryanı ölkələrin XİN başçılarının görüşü özü də geniş regional əməkdaşlıq ideyasının təsdiqləndiyinin göstəricisidir.

 

Xəzər ölçüsü

Moskva görüşünün yekununda birgə bəyanat qəbul edilib. Sənəddə Xəzər dənizində inam tədbirləri və hərbi fəaliyyətə dair beştərəfli razılaşma layihəsinin razılaşdırılması üçün danışıqlar prosesinin aktivləşdirilməsinə dəstək ifadə olunur, dənizdə axtarış və xilasetmə işləri, elmi-tədqiqatlar, su nəqliyyatı sahələrində əməkdaşlıqdan bəhs olunur.

Rusiya və İranın XİN başçıları sahilyanı ölkələrdən ibarət təşkilatın – Xəzər Şurasının yaradılması təşəbbüsü ilə də çıxış ediblər. Lavrov bildirib ki, «hər hansı bürokratik sxeminin nəzərdə tutulmadığı əməkdaşlıq, dialoq forumu olacaq Xəzər Şurasının formalaşdırılması bizim işlərimizin effektivliyi artıra bilər». Rusiyalı nazir deyib: «Xəzər dənizinin dostluq, tərəqqi və inkişaf rəmzinə çevrilməsi üçün kollektiv əməkdaşlığı gücləndirməliyik. Biz strukturlaşma yolunda irəliləməliyik. Bu kontekstdə, Xəzər dənizində əməkdaşlığın bütün istiqamətlərini idarə, ona nəzarət edə biləcək vahid katibliyin və ya təşkilatın yaradılması imperativdir».

Xəzəryanı ölkələrin regional əməkdaşlığın gücləndirilməsi səylərinin strukturlaşdırılması ilə əlaqədar xüsusi ekspert qrupunun ilk olaraq dekabrın 18-19-da Bakıda toplanmasına dair əldə edilmiş razılaşma da böyük əhəmiyyət daşıyır. Toplantının məqsədi Xəzərdə dəniz mühitinin qorunmasına dair çərçivə konvensiyasının katibliyinin işi ilə bağlı sənədlərin hazırlanmasıdır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, bu, məhsuldar dialoqun qurulmasına kömək edəcək. Məsələn, «ekspertlər qrupunun uğurlu işi katibliyin Bakı şəhərində yerləşməsi prosesinə start verilməsinə imkan yarada bilər».

Xəzəryanı ölkələrin əməkdaşlığı, o cümlədən Rusiya ilə İranın bu prosesdə bilavasitə rol oynaması onların qarşıya ilk növbədə, regional inteqrasiya ilə bağlı vəzifələr qoyduqlarını təsdiqləyir. İran Prezidentinin Moskva səfərinin nəticələri göstərir ki, Tehranla Moskva Xəzər «beşliy»i və «3+3» platformasına bir-biri ilə əlaqəli formatlar kimi yanaşırlar. Söhbət region dövlətlərinin ilk növbədə Qərbin timsalında kənar müdaxilə olmadan əməkdaşlığının təminindən gedir. Cənubi Qafqazda gedən bu geosiyasi qarşıdurmada Moskva ilə Tehranın yanaşması Azərbaycanın və onun strateji müttəfiqi olan Türkiyənin maraqları ilə üst-üstə düşür. Belə ki, regionda xarici güclərin hökmranlığını Bakı ilə Ankara da yolverilməz sayır.



MƏSLƏHƏT GÖR:

41