19 May 2024

Bazar, 05:31

OLMAYAN «FƏLAKƏT»

Bəs Qarabağ erməniləri necə olsun? İrəvanın bu suala cavabı varmı?

Müəllif:

15.12.2023

Peşəkar siyasətçi və jurnalistlərin məşhur bir ifadəsi var: «Mövzunu qorumaq». Yəni mütəmadi bəyanatlarla çıxış etmək, mətbuat konfransları keçirmək, press-relizlər yaymaq, müsahibələr vermək – bir sözlə, informasiya fonu yaratmaq və ictimai rəy formalaşdırmaq. Bu gün Ermənistanda Qarabağdan gəlmiş etnik ermənilərlə bağlı eyni vəziyyət yaşanır. «Telegram» kanalları mütəmadi olaraq ianələrin toplandığını elan edir, yerli siyasi ulduzlar hökuməti «qarabağlı qardaşlar»ın taleyinə biganəlikdə günahlandırır…

 

Olmayan «humanitar fəlakət»

Ola bilsin ki, bu yerdə bir real faktı qeyd etmək lazımdır. Qarabağ ermənilərilə bağlı bütün ah-zara baxmayaraq, fakt faktlığında qalır: bu gün həmin insanların başına gələnlər onların öz seçimidir. Qarabağ ermənilərini oradan heç kəs zorla qovmayıb. Orada heç bir «etnik təmizləmə» baş verməyib. Erməni sakinlər Qarabağı könüllü tərk ediblər. Hər şeyi öz adı ilə çağırsaq, bu, həmin vaxt son günlərini yaşayan qanunsuz xuntanın təhriki ilə baş verib.

Azərbaycan Prezidenti İlham Əliyev «Euronews» telekanalına müsahibəsində deyib: «Öz evlərini tərk etmiş insanlara gəldikdə, bu, onların öz qərarı idi. Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Biz açıq şəkildə elan etdik və mən antiterror əməliyyatı başa çatdıqdan sonra Azərbaycan xalqına müraciətimdə bildirdim ki, onlar qala bilər. Biz elektron qeydiyyat portalını açdıq. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur». Dövlət başçısı fikirlərini belə davam etdirib: «Geri qayıtmaq üçün onlar müəyyən qaydalara əməl etməlidirlər və mən antiterror əməliyyatının keçirilməsindən bir neçə ay əvvəl demişdim ki, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər. Çünki insanlar başqa ölkənin vətəndaşı olmaqla Azərbaycanda necə yaşaya bilərlər? Ya vətəndaşlıq, ya iş icazəsi, ya da yaşayış icazəsi olmalıdır. Onlar dırnaqarası «dağlıq qarabağ respublikasında» yaşadıqlarını deyərək Azərbaycanda yaşaya bilməzlər. Çünki dırnaqarası «dağlıq qarabağ respublikası» mövcud deyil».

Öz tərəfimizdən bir məqamı da əlavə edək: əgər erməni ictimaiyyətinin bəzi şəxslərində azərbaycanlılara qarşı nifrət çox yüksəkdirsə və bu üzdən onlar ciblərində Azərbaycan Respublikasının pasportunu gəzdirməyi mümkün saymırlarsa, nəticədə «öz evlərini, kilsələrini və xaçkarlarını» ataraq qaçmağa üstünlük verirlərsə, buna görə Ermənistanın siyasi elitasından başqa kimisə günahlandırmaq, ən azı absurddur. Amma bu, nə erməni siyasətçiləri nə İrəvanın xarici himayəçilərini dayandıra bilir. Xüsusilə Avropada fotokameralar qarşısında təntənə ilə qarabağlılara sədəqə yığır, utanmadan bunu «humanitar yardım» kimi təqdim edirlər. Bu isə Bakıda təbii suallar yaradır. Çünki Azərbaycanda elə həmin ölkələrin real etnik təmizləmənin qurbanı olmuş azərbaycanlı qaçqınların faciəsinə necə biganə yanaşıldığını yaxşı xatırlayırlar.

Amma «qarabağlılar»ın ünvanına bitib-tükənməyən şəfqət bəyanatlarına baxmayaraq, onların taleyinin necə olacağı sualına nə İrəvanda, nə də onun yaxın və uzaq himayədarlarında cavab var. Rəsmi İrəvan üçün ən acınacaqlısı isə odur ki, mümkün variantlar arasında bütün mənalarda münasib sayılacaq variant yoxdur.

 

«Qalmaq olmaz getmək»

«Vətəndaş müqaviləsi» hökuməti bənzər problemlə 2020-ci ilin noyabrında – 44 günlük müharibədən sonra da qarşılaşmışdı. O zaman Xankəndidə ən yaxşı halda 1000-1500 nəfər qalmışdı, İrəvanda isə Paşinyanın rəqibləri etiraz aksiyaları keçirir, parlamentin binasına hücum edirdilər. Həmin vaxt Nikol Paşinyanın hakimiyyətdə qalmağı bacarması çoxlarını təəccübləndirmişdi.

2020-ci ildə rəsmi İrəvan «qarabağlı qardaşlar»ın Xankəndiyə qayıtması üçün çox səy göstərməli olmuşdu. Bu gün isə Bakı bütün səviyyələrdə bildirir ki, o, Qarabağ ermənilərini öz vətəndaşları sayır, onlar geri qayıda, Azərbaycan vətəndaşlığını qəbul edə bilər, bu insanların siyasi, mədəni və dini hüquqları qorunacaq və s. Amma bu dəfə geri qayıdış hər bir halda Azərbaycanın şərtləri çərçivəsində baş verə bilər. Bu isə Paşinyana xüsusilə Ermənistanda müşahidə olunan türkfobiya fonunda çətin ki, siyasi dividendlər gətirsin. «Biz Arsaxa qayıdacaq və qələbə qazanacağıq» bəyanatı ilə təzad çox güclüdür. Belə bir vəziyyətdə «qarabağlılar» Ermənistan hökuməti üçün klassik «qaynar kartof»a çevrilir – əldə saxlamaq olmur, atmaq isə heyifdir.

 

«Xaric kömək etməyəcək»

Nəzəri baxımdan, «bədbəxt qarabağlılar»ı üçüncü ölkələr qəbul edə bilərdi. Bunu xüsusilə rəsmiləri durmadan onların xeyrinə bəyanatlar verən ölkələrdən gözləmək olardı. Bəlkə də Qarabağ ermənilərinin müəyyən hissəsi «heç kimdən soruşmadan» icazə almadan aradan çıxır». Ermənistandan emiqrasiya artıq faciəvi miqyas alıb, ölkə ciddi demoqrafik böhranla üz-üzə qalıb. Ölkə əhalisinin sayı 3 milyona güclə çatır, artım dinamikasında dönüşə nail olmaq isə mümkün olmur. Ermənistanın keçmiş rəhbərliyi kimi, hazırkı hökumət də «məsələnin həll olunacağını» vəd edir, lakin ortada hələ də vəddən başqa heç nə yoxdur. Üstəlik, Ermənistanı daha çox ixtisaslı, perspektivli kadrlar tərk edir.

Doğrudur, bu gün ölkədə rusiyalı relokantların hesabına müəyyən canlanma hiss olunur. Lakin ekspertlər hesab edir ki, bu, müvəqqətidir. Ermənistan iqtisadiyyatının sistem problemləri yerindədir.

Bir sözlə, bu gün Qarabağ ermənilərini qəbul etmək istəyən yoxdur. Bunu Ermənistanın çox ümid bəslədiyi Fransa belə, rəsmən bəyan edib. Paris meri Ann İdalqo üzərində «Arsaxa yardım» yazılmış yük maşınlarının qarşısında həvəslə poz verməyi xoşlasa da, Paris küçələrində «arsaxlı» görmək arzusunda deyil. Ermənistanın istər köhnə, istərsə də təzə digər tərəfdaşları tərəfindən də hər hansı siqnal, eyham yoxdur.

Erməni diasporu da susur. Ermənistanın Qarabağda uğradığı məğlubiyyətdən sonra diaspor təşkilatları «milli xərac marafonları»nı unudub, nəinki qarabağlılara qucaq açmaq istəmir, onlara humanitar yardım göndərməyi belə, lazım bilmirlər. Bu gün ermənilər «qələbənin atası çox olur, məğlubiyyət isə hər zaman yetimdir» fikrini real olaraq yaşayırlar. Beləliklə, uduzmuş Qarabağ ermənilərini heç kim xatırlamaq istəmir. Necə deyərlər, özünüz öz başınıza çarə qılın. Demək, onlarla, ilk növbədə, Ermənistan hökuməti məşğul olmalıdır.

 

«Kasıb qohumlar», yoxsa təhlükəli qonaqlar?

Ermənistanda Qarabağ ermənilərini «kasıb qohumlar»ın taleyinin gözlədiyini bilmək çətin deyildi. Sözdə hamının bu insanlara canı yanır, onların problemlərinin həlli ilə isə heç kim məşğul olmur. Parlament və ya mitinq tribunalarında gurultulu çıxışlar etmək, «düşmənə bir qarış da torpaq vermə!» kimi çağırışlar etmək, bu «vətənpərvərlik» nəticəsində seçicilərdən səs qoparmaq asandır. Bəs bu qarabağlıların yerləşdirilməsi ilə  məşğul olmaq, onlar üçün sığınacaq, iş, pul tapmaq, sosial ödənişlər etmək və s.?

İndi Nikol Paşinyan üçün Qarabağ erməniləri «kasıb qohum»dan çox «təhlükəli qonaq»dır. Ermənistana gəlmiş qarabağlılar birincisi, hökumət başçısı və Ali Baş Komandanın məhz Paşinyan olduğu dövrdə baş vermiş darmadağının canlı sübutlarıdır. İkincisi və hazırkı baş nazir üçün ən təhlükəlisi, onlar Paşinyanın ən təhlükəli rəqibi olan «Qarabağ klanı»nın elektoratıdır. İrəvanda bunu yaxşı anlayır və artıq daxili siyasi meydanda qarabağlıların siyasi fəallığının qarşısını almağa çalışırlar. Bəzən vəziyyət gülməli həddə çatır: işğal zamanı rəsmi İrəvan qarabağlılara Ermənistanın ümumvətəndaşlıq pasportlarını paylayıb. İndi isə bunun vətəndaşlığı təsdiqləmədiyi, sadəcə «yol vərəqəsi» olduğu deyilir. Odur ki, qarabağlılar yenidən Ermənistan vətəndaşlığı almalıdırlar.

 

Bəs «Qarabağ bombası» yalnız seçkidəmi işə düşə bilər?

Ermənistana Qarabağdan yalnız qadınlar, qocalar və uşaqlar yox, həm də döyüş təcrübəsi olan şəxslər köçüb. Bundan başqa, işğal illərində Qarabağda ciddi terror infrastrukturu yaradılıb. İndi VOMA və bənzər təşkilatların nə qədər «məzun»unun Ermənistana köçdüyünü təxmin etmək olar. 44 günlük müharibənin başa çatmasından az sonra rusiyalı hərbi müxbirlər bildirirdilər ki, Ermənistan tərəfindən döyüşmüş xarici «könüllü»lər Xankəndini tərk etməyə tələsmir – onlar silahlarını gizlədib, mülki geyimə keçiblər və öz vaxtlarını gözləyirlər. Bu «vaxt» isə Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri olub. Elə Ruben Vardanyanın özünün Qarabağda «partizan müharibəsi»nə başlanacağına dair səs-küylü vədləri heç bir nəticə verməyib. İndi baş tutmayan həmin müharibənin neçə potensial iştirakçısı Ermənistandadır? Heç kim bilmir.

Bu ölkədə siyasi məsələləri dəfələrlə terror və qətllər vasitəsilə çözməyə çalışıblar. İrəvanda bu haqda açıq danışmağı xoşlamasalar da, burada praktik olaraq, hər daxili siyasi qarşıdurma siyasi qətllər silsiləsi ilə müşayiət olunur. 1999-cu ilin 27 oktyabrında 5 terrorçunun parlamentin binasına soxularaq ölkə rəhbərliyinin yarısını, o cümlədən ozamankı spiker və baş naziri güllələdiyini hər kəs yaxşı xatırlayır. 2016-cı ilin yayında İrəvanda polis bazasının ələ keçirdildiyi də unudulmayıb. Qarabağdan Ermənistana bir neçə min, bəlkə də on minlərlə hazırlıqlı yaraqlının gəlməsi isə Baqlamyan 26 ünvanında əyləşənlər üçün birbaşa və aşkar təhlükədir. Bu, xüsusilə Ermənistanın Rusiya ilə Qərbin geosiyasi qarşıdurmasına qoşulduğu şəraitdə aktualdır. Paşinyanın rəhbərlik etdiyi hökumət bu qarşıdurmanın hər iki tərəfinin etibarını itirib. Belə vəziyyətdə xarici oyunçular Ermənistanda meydanı «hamarlamaq» üçün ən gözlənilməz variantlara əl ata bilərlər. Bu halda Qarabağ klanının silahlı dəstələrinə hansı rolun veriləcəyi maraqlıdır. Rəsmi İrəvanda bu suala da cavab yoxdur.



MƏSLƏHƏT GÖR:

45