19 May 2024

Bazar, 00:17

VİRTUAL REALLIQ

IV Sənaye İnqilabı ilə bağlı məsələlərin həlli vahid sənəd – Rəqəmsal İqtisadiyyat Strategiyasına əsasən həyata keçirilir

Müəllif:

01.01.2024

Rəqəmsal transformasiya, istehsalat və biznes proseslərində müasir İT texnologiyalarından istifadə son illər dünyada iqtisadi inkişafın əsas istiqamətlərinə çevrilib. Artıq inkubasiya mərkəzlərinin, startapların fəaliyyət göstərdiyi, həmçinin güclü data mərkəzlərinin və “Hökumət buludu” (G-cloud) sistemlərinin yaradılması üzrə işlərin aparıldığı, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının (4IR) Təhlili və Koordinasiya Mərkəzinin fəaliyyət göstərdiyi Azərbaycanda da bu tendensiyalar hiss olunmaqdadır. Bundan başqa, ölkədə İT ekosisteminin digər komponentləri sənaye, energetika, nəqliyyat sahələrində formalaşır, “ağıllı şəhər və kəndlər” yaradılır. Bu yaxınlarda 4IR çərçivəsində iqtisadiyyatın rəqəmsallaşdırılması üzrə Azərbaycanın hədəflərini bir konsepsiyada birləşdirmək məqsədilə Rəqəmsal İqtisadiyyat Strategiyası təsdiqlənəcək.

 

Gerçəkləşən gələcək

Dördüncü Sənaye İnqilabı və ya Sənaye 4.0 texnologiyalar, sənaye və cəmiyyətə dair modellərdə sürətli dəyişikliklər anlayışıdır. Bu termin 2015-ci ildə Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab tərəfindən təqdim edilib. Bu termin ənənəvi sənaye kapitalizmini keyfiyyətcə dəyişdirən inkişaf etməkdə olan yüksək texnologiyaların hazırkı dövrü ilə əlaqədar istifadə olunur. Bu dəyişiklik mərhələsinin bir hissəsi süni intellekt, qabaqcıl robototexnika, insan həyatının bütün sahələrini “ağıllı şəhər” sistemləri əhatə edərək texnologiyaları birləşdirməkdir. Nəticədə, bu, fiziki və rəqəmsal dünya arasındakı sərhədləri siləcək.

4IR-in ən mühüm vəzifəsi ənənəvi istehsal və sənaye üsullarının avtomatlaşdırılması hesabına müasir “ağıllı texnologiyalar”dan, genişmiqyaslı maşınlararası əlaqələrdən və əşyaların internetindən istifadə etməklə qlobal istehsal və təchizat zəncirinin transformasiyasıdır. Başqa sözlə, 4IR innovativ istehsal konsepsiyası qlobal təchizatçıların - çip istehsalçılarının, proqram təminatı və tədqiqatı ilə məşğul olan İT şirkətlərinin, həmçinin universitetlərin, vençur fondlarının çoxsaylı kollektiv səyləri ilə elmi tədqiqatların bazar məhsuluna və ya xidmətə çevrilməsi prosesinə əsaslanır. Bilik və tədqiqatın kommersiyalaşdırılması ən yaxşı şəkildə əlverişli dəstəkləyici mühitdə - bütün bu səyləri çərçivəyə salan və sinerji effektin əldə olunmasına imkan verən innovasiya ekosistemində baş verir.

İndiyə qədər belə həll yolları əsasən yüksək inkişaf etmiş ölkələrdə istifadə olunur. Hazırda 4IR-in fərdi komponentləri Azərbaycan daxil olmaqla, postsovet məkanı ölkələrində tədricən tətbiq olunur.

 

“Böyük buludlar”

Qeyd etdiyimiz bu məqsədlər təxminən iki əvvəl qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji proqramına və bu sənəd üzrə icra olunan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən formalaşdırılıb. Bu sənədlərlə rəqəmsal iqtisadiyyatın inkişafının sürətləndirilməsi, innovativ istehsalın və xidmət sektorunun genişləndirilməsi, softver biznesi və startaplarda insan kapitalının inkişafının sürətləndirilməsi üçün ilkin şərtlərin yaradılması nəzərdə tutulur. Son illərdə bu istiqamətdə işlər Türkiyə, İsrail, Çin və bir sıra Avropa ölkələrinin şirkətləri və mütəxəssislərin dəstəyi ilə həyata keçirilib.

Belə ki, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Türkiyənin Müdafiə Sənayesi Komitəsi və bu ölkənin Prezident Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi ilə sıx əməkdaşlıq edir. Onların yardımı ilə kibertəhlükəsizlik sahəsi daxil olmaqla, insan kapitalının inkişafına dair bir sıra proqramlar hazırlanır. Həyata keçirilməsini başa çatmaqda olan “G-cloud” layihəsi icra edilərkən ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, İrlandiya və Estoniyanın qabaqcıl təcrübələrindən istifadə olunub. “Bulud” xidmətləri təşkil edilib, 36 dövlət qurumunun informasiya sistemlərinin “bulud”a keçirilməsinə başlanılıb. “G-cloud”un əsas komponenti Azərbaycanda çox səmərəli və geniş tutumlu Data mərkəzlərinin yaradılmasıdır. Bunlar Azərbaycanda iqtisadiyyatın və dövlət idarəçiliyinin rəqəmsallaşdırılması üçün “Big Data” kimi mühüm təşəbbüslərin səmərəliliyini artıracaq.

Bundan əlavə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vasitəsilə əhalinin rəqəmsal bacarıqlara yiyələnməsi istiqamətində işlər aparılır: təkcə Bakıda deyil, Lənkəran, Gəncə və Sumqayıtda da fəaliyyətə başlayacaq təlim mərkəzləri və xüsusi innovasiya platformaları təşkil edilir. Agentliyin təşəbbüsü ilə rəqəmsal hökumət, rəqəmsal səlahiyyətlər və innovasiya ekosistemi üzrə layihələr vahid “Digital Azerbaijan” brendi altında həyata keçiriləcək: bu, “Digital Academy”, “Digital Finance”, “Mygov”, “Digital Docs”, “Digital Login” və s. üçün məhsulların hazırlanmasına da aiddir.

Xatırladaq ki, Azərbaycanda bir neçə ildir ki, proqram təminatı biznesinin inkişafı məqsədilə İT startapları və ixtisaslaşmış inkubasiya mərkəzləri üçün ekoloji məkanın yaradılması üzərində işlər aparılır. Bunun üçün IoT və süni intellekt texnologiyaları tətbiq edilir, mülki xarakterli dronlar hazırlanır. Smart City (“Ağıllı şəhər”) proqramı çərçivəsində isə Bakı, Gəncə və Qarabağ bölgəsinin dirçəldilən şəhərlərində kommunal sektorda “yaşıl enerji” və enerji səmərəli texnologiyaların komponentlərinin olduğu “ağıllı şəhər və kəndlər”in rəqəmsal idarəetmə sistemləri işə salınır. Bununla bağlı gələcəkdə paytaxtda “City Digital Twins” layihəsi həyata keçiriləcək. Bu, şəhər məkanının, onun kommunikasiyalarının və digər sistemlərin virtual modelidir. Belə ki, bu layihə onların real vaxt rejimində dəyişməsini əks etdirəcək və “Smart City” texnologiyaları vasitəsilə şəhər infrastrukturunu səmərəli idarə etməyə imkan verəcək.

 

Nəzəriyyədən təcrübəyə

İqtisadiyyatın rəqəmsallaşdırılması üzrə strateji planlarda Dünya İqtisadi Forumu mühüm rol oynayıb, onun dəstəyi ilə 1,5 il əvvəl Bakıda Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi açılıb. Bu, MDB ölkələrində açılan ilk belə strukturdur. Onun fəaliyyəti müasir texnologiyaların tətbiqinin sürətləndirilməsi, rəqəmsallaşma və innovasiyaların ölkəmizdə tətbiqinə mühüm töhfə vermək məqsədi daşıyır. Bu iş üç əsas platforma vasitəsilə aparılır. Buraya süni intellektin inkişafı və maşının öyrənilməsi, IoT sistemləri və şəhər transformasiyası, həmçinin rəqəmsal ticarət daxildir.

4IR konsepsiyasının həyata keçirilməsində növbəti addım ölkədə İqtisadiyyat Nazirliyi tərəfindən ilk Rəqəmsal İmkanlar Mərkəzinin istifadəyə verilməsi olacaq. “2024-cü ildə Bakıda Rəqəmsal İmkanlar Mərkəzinin yaradılması yerli şirkətlərə məhsuldarlığı və rəqabət qabiliyyətini artırmaq üçün innovasiyaları tətbiq etməyə və iş proseslərinin rəqəmsallaşdırılmasını genişləndirməyə kömək edəcək, həmçinin mərkəzdə rəqəmsal innovasiyalar da nümayiş olunacaq”, - Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib.

Onun sözlərinə görə, nazirlik yüksək texnologiyalı biznesə dəstək üçün bütün proses boyunca, yəni konsepsiyadan inkişafa və inkişafdan tətbiqə qədər hərtərəfli proqramı işə salmağı planlaşdırır.

4IR rəqəmsal məkanının yaradılmasının ən mühüm məqsədi hələ də sənaye istehsalında yüksək texnologiyalar və süni intellektdən istifadə etməkdir. Bunun üçün Azərbaycanda sənaye robotlarının, rəqəmsal nou-haunun tullantısız, ekoloji cəhətdən təmiz istehsalata tətbiqi üzrə tədqiqatlar aparılır.

2024-cü ildə bu istiqamətdə ilk addımlar atılacaq. Məsələn, bu məqsədlə “Abşeron vadisi” innovasiya klasterinin yaradılması üçün büdcə vəsaitinin ayrılması nəzərdə tutulur. Məqsəd iqtisadiyyatın prioritet sahələrində innovasiyaların tətbiqinə dövlət dəstəyidir.

Qeyd etmək lazımdır ki, Dördüncü Sənaye İnqilabı ilə bağlı hədəflərə nail olunması məsələsində SOCAR strukturları ön sıralardadır. Onlar ilk növbədə rəqəmsal texnologiyalara keçid və bütün istehsal proseslərinin maksimum avtomatlaşdırılması yolu ilə resurs və vaxt itkilərini minimuma endirməyə və məhsuldarlığı artırmağa çalışır. Bu məqsədlə SOCAR Xəzər İnnovasiya Mərkəzini təsis edib və artıq bir neçə ildir ki, neft və təbii qaz hasilatında quyuların planlaşdırılması, qazılması və istismara verilməsi seqmentində rəqəmsal transformasiya həyata keçirir. Oxşar işlər neft məhsullarının, yanacağın, gübrələrin emalı və marketinqi, əməyin mühafizəsi və qəzaların qarşısının alınması və s. sahələrdə də aparılır.

 

Yeni strategiya

4IR çərçivəsində Azərbaycanın nəzərəçarpacaq irəliləyiş əldə etdiyi digər sahə nəqliyyatdır. Söhbət Orta Dəhlizin inkişafı üçün Xəzər regionu ölkələrinin rəqəmsal sistemlərinin birləşdirilməsindən gedir. Rəqəmsal transformasiya artıq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə məlumat və sənədlərin mübadiləsi mexanizmlərini əhatə edir.

Bundan başqa, sadələşdirilmiş gömrük prosedurları sistemləri inteqrasiya olunur. İlkin məlumat mübadiləsi təmin edilməklə gömrük riski təhlillərinin mübadiləsi qurulub və bu da məhsulların sərhədlərdən keçirilməsi zamanı vaxt itkisini əhəmiyyətli dərəcədə azaldacaq. Hazırda Ankara, Astana, Bakı və Tbilisidə gömrük və digər müvafiq idarələr informasiya mübadiləsi texnologiyalarını inteqrasiya edir. Bu prosesin sürətləndirilməsi üçün ən mühüm addım Prezident İlham Əliyevin 2023-cü il iyunun 21-də “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişin təsdiq edilməsi haqqında qanunu imzalaması olub.

“PwC Azərbaycan” şirkətinin texnoloji konsaltinq üzrə direktoru Fərid Qattalın sözlərinə görə, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu marşrutunda rəqəmsal həllərdən istifadə tariflərə təsir edən xərcləri optimallaşdırmağa kömək edir və bu da Orta Dəhliz üçün rəqabət baxımından üstünlüyə çevrilir.

Eyni zamanda bu gün Azərbaycanın qarşısında eyni dərəcədə mühüm vəzifə dayanır: 4IR sahəsində həyata keçirilən layihələrin idarələrarası koordinasiyasını, onların sinerjisini, həmçinin iqtisadiyyatın rəqəmsallaşdırılması üzrə konkret tədbirlərin uzunmüddətli planlaşdırılması və detallaşdırılmasını təmin etmək. Bu məqsədlə xüsusi sənəd - Azərbaycanın Rəqəmsal İqtisadiyyat Strategiyası hazırlanır. Onun müddəaları turizm, nəqliyyat və logistika, sənaye, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və s. daxil olmaqla, bir sıra sektorları əhatə edir. Bu sənədlə dövlət-özəl tərəfdaşlıq mexanizmlərinin fəal şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

“Strategiyanın prioritet istiqamətlərinə informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi, o cümlədən rəqəmsal iqtisadiyyata keçid üçün dayanıqlı texnoloji infrastrukturun yaradılması da daxildir”, - Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Bir sözlə, bütün bu tədbirlər son nəticədə Azərbaycan iqtisadiyyatının rəqəmsal transformasiyası proseslərinin sürətləndirilməsinə, onun rəqabət qabiliyyətinin artırılmasına, innovativ meyillərə yönəldilməsinə və beynəlxalq əmək bölgüsü sisteminə tam daxil olmasına imkan verəcək.


MƏSLƏHƏT GÖR:

46