19 May 2024

Bazar, 00:51

BÜDCƏ İLİNİN BAŞLANĞICI

Bu il dövlət büdcəmiz yenə sosialyönümlü olacaq

Müəllif:

01.01.2024

Ötən il dekabrın sonunda Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin dövlət büdcəsini təsdiqləyib. Neftin orta satış qiymətinin 1 barel üçün 60 dollar götürüldüyü büdcənin ənənəvi sosialyönümlülüyü də saxlanılıb: xərclərin təxminən 43%-i sosial xarakterlidir.

Qeyd edək ki, son 20 ildə Azərbaycanın büdcə xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən xərclər 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur.

 

Demək olar ki, yarıbayarı

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 34,2 milyard manat (ötən illə müqayisədə 0,8% çox), xərclərinin 36,8 milyard manat (0,4% çox) olacağı gözlənilir. Müvafiq olaraq, büdcədə 2,6 milyard manat və ya ÜDM-in 2,2% həcmində kəsir yaranıb. Büdcə təqdimatının preambulasında qeyd edildiyi kimi, dünyada geosiyasi vəziyyət gərgin olaraq qalır, bu da son nəticədə makroiqtisadi proseslərə təsir edir, qurulmuş təchizat zəncirlərini pozur və ümumi iqtisadi artımı azaldır. Azərbaycan üçün digər mühüm amil isə neft hasilatının bir qədər azalmasıdır. Bu da təbii ki, büdcə gəlirlərinin həcmində əks olunur. Belə ki, 2023-cü ilin dövlət büdcəsi ilə müqayisədə neft sektorunun gəlirləri (Dövlət Neft Fondundan transfertlər nəzərə alınmaqla) 4,3% azalacaq. Burada müsbət məqam ondan ibarətdir ki, neft və qeyri-neft sektorlarının ümumi həcmdə payı arasındakı fərq ildən-ilə daha da azalır və 2024-cü ildə bu nisbət müvafiq olaraq 50,2% (17,2 milyard manat) və 49,8% (17 milyard manat) təşkil edəcək. Eyni zamanda qeyri-neft sektorunun ümumi gəlirləri 6,6% artacaq.

“Biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ancaq neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il (2023-cü il) neft hasilatının cüzi aşağı düşməsi səbəbindən bizim iqtisadi artımımız nisbətən zəifdir. Lakin ötən illərə nəzər salsaq görərik ki, son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir”, - Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda “Euronews” telekanalına müsahibəsində qeyd edib.

Xatırladaq ki, 2024-cü ilin dövlət büdcəsinin gəlirləri strukturunda Dövlət Neft Fondundan transfertlərinin 12,8 milyard manat (2023-cü ildə verilmiş proqnozdan 8,9% çox), ƏDV-dən daxilolmaların 7,6 milyard manat, gəlir vergisinin 5,7 milyard manat, fiziki şəxslərin gəlir vergisinin 1,9 milyard manat, aksizlərin 1,5 milyard manat, gömrük rüsumlarının 1,5 milyard manat olacağı proqnozlaşdırılır.

Eyni zamanda hökumət dövlət büdcəsində qeyri-neft gəlirlərinin payını artırmağı davam etdirməyi planlaşdırır. Bunu maliyyə naziri Samir Şərifovun son açıqlaması da sübut edir: “Növbəti illərdə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin ardıcıl şəkildə azaldılması və büdcə xərclərinin daha çox qeyri-neft sektorundan olan daxilolmalar hesabına təmin edilməsi üzrə qəbul edilmiş fiskal siyasətin davam etdirilməsi vacibdir”.

 

Xərclərin üç sütunu

2024-cü il dövlət büdcəsinin xərclər hissəsinə gəlincə, artıq qeyd olunduğu kimi, onun ənənəvi xüsusiyyəti sosialyönümlülük olaraq qalır. Bu il sosial xərclər 15,8 milyard manat proqnozlaşdırılır və bu da 2023-cü illə müqayisədə 7% çoxdur.

“Son 5 ildə qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 6 milyard manat, sosialyönümlü xərclər isə bu dövrdə eyni məbləğdə artıb. Ümumilikdə 2 milyon 300 mindən çox ölkə vətəndaşı, yəni əhalinin təxminən 23%-i dövlət büdcəsindən birbaşa və ya dolayı yolla sosial ödənişlər alır”, - Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili müsahibələrdən birində vurğulayıb.

O əlavə edib ki, sosial ödənişlərin məbləğinin artırılması ölkədə iqtisadi fəallığın artmasına da təsir edir ki, bu da iqtisadi siyasətin əsas məqsədidir.

Bu baxımdan digər əsas stimullaşdırıcı amil işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti və bərpa layihələridir. Daha əvvəl Baş nazir Əli Əsədovun verdiyi məlumata görə, 2021-2023-cü illərdə bu məqsədlə dövlət büdcəsindən 12 milyard manat vəsait ayrılıb və 2024-cü ildə isə daha 4 milyard manat vəsait nəzərdə tutulub.

“Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün sonrakı illərdə 14,5 mlrd. manat vəsait nəzərə alınmaqla 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat vəsait tələb olunur”, - Baş nazir bildirib.

Planlara əsasən, 2026-cı ilin sonuna kimi 34,5 min ailə, yəni 140 min nəfər Qarabağa və Şərqi Zəngəzura qayıdacaq.

“Bunun üçün isə biz infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırmalıyıq... Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq”, - Prezident İlham Əliyev vurğulayıb.

Xərclərin üçüncü mühüm vektoruna - müdafiə və milli təhlükəsizlik xərclərinə gəlincə, onların ümumi həcmi 6,4 milyard manat təşkil edəcək. Nəticədə, onların 2024-cü ilin dövlət büdcəsində xüsusi çəkisi 17,4% təşkil edəcək. 2023-cü illə müqayisədə dövlət büdcəsinin bu istiqaməti üzrə xərclər 6% artacaq ki, bu da geosiyasi vəziyyət nəzərə alınmaqla kifayət qədər özünü doğruldur.

Belə ki, Azərbaycanın builki dövlət büdcəsi sabit iqtisadi inkişafın təmin edilməsinə və ən mühüm sosial hədəflərin həyata keçirilməsinə yönəlib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, davam edən geosiyasi gərginlik fonunda da heç bir iqtisadi risk gözlənilmir.

“Çünki bu günədək bizim iqtisadi inkişafımız müsbət olub, hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə. Hətta işğal dövründə bizim iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Biz genişmiqyaslı iqtisadi islahatlar aparırıq ki, büdcədə daha çox vəsait toplansın”, - dövlət başçısı vurğulayıb.

Bir sözlə, rəqəmlərə əsaslanaraq söyləyə bilərik ki, bu ilin büdcəsi qarşıya qoyulan vəzifələrin öhdəsindən tam gələcək və Azərbaycanın iqtisadi inkişafının əsas prioriteti olan sabitliyi dəstəkləyəcək.


MƏSLƏHƏT GÖR:

46