18 May 2024

Şənbə, 19:22

GÜNƏŞ ALYANSI

Azərbaycanla BƏƏ karbohidrogenlərin hasilatı və alternativ enerji stansiyalarının inşası ilə bağlı layihələrdə uğurla əməkdaşlıq edir

Müəllif:

15.01.2024

Enerji tərəfdaşlığı Azərbaycanla Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) arasında əməkdaşlığın gündəliyinin ən mühüm bəndlərindən biridir. Yanvarın 9-da Bakıda BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın rəsmi səfəri çərçivəsində iki ölkə arasında, ilk növbədə, “təmiz enerji” sahəsində əlaqələrin möhkəmləndirilməsi ilə bağlı yeni sənədlər paketi imzalanıb.

Yeni ilin ilk ayında Yaxın Şərq şirkətləri, xüsusən də BƏƏ ilə bərpa olunan enerji mənbələri sahəsində mühüm sazişlərin imzalanması artıq Azərbaycan üçün yaxşı ənənəyə çevrilib. Belə ki, 2020-ci ilin yanvarında Bakıda “Masdar” (BƏƏ) ilə günəş elektrik stansiyasının (GES) inşasına dair ilk saziş imzalanıb. Bir il əvvəl, yəni 2023-cü il yanvarın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə rəsmi səfəri zamanı dəniz külək enerjisinin inkişafı, hidrogen layihələrinin həyata keçirilməsi, həmçinin günəş fotovoltaik stansiyaları və quruda külək turbinləri ilə bağlı sazişlər imzalanıb.

Bu dəfə tərəflər “günəş damları”, ekoloji cəhətdən təmiz aviasiya yanacağı, “yaşıl hidrogen və ammonyak” istehsalı ilə bağlı investisiya imkanlarını araşdırmaq barədə razılığa gəliblər. BƏƏ-nin bu sahədə zəngin təcrübəsini və hər iki ölkənin “təmiz enerji” və enerji səmərəliliyinə marağını nəzərə alsaq, bu əməkdaşlığın səmərəli olacağını söyləyə bilərik.

 

Ticarətdən enerjiyədək

Azərbaycan ilə BƏƏ arasında iqtisadi əlaqələr uzun müddət əvvəl qurulub, lakin müəyyən vaxta qədər onlar əsasən qeyri-neft sektorunda inkişaf edib. BƏƏ Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının üzvü olan ölkələr arasında Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. O, Azərbaycana mexaniki cihazlar, qida və kimya sənayesi məhsulları, poliesterlər, qızıl, zərgərlik məmulatları və s. ixrac edir. Azərbaycan da öz növbəsində BƏƏ-yə metal məmulatları, maşınqayırma məhsulları, turbovintli mühərriklər tədarük edir.

Onların arasında enerji tərəfdaşlığı isə 2016-cı ilin sonunda hər iki ölkənin qlobal neft qiymətlərini tənzimləmək üçün bağladığı neft hasilatının azaldılmasına dair “OPEC+” müqaviləsi ilə başlayıb. 2018-ci il oktyabrın 17-də isə Azərbaycanın Energetika Nazirliyi ilə “Masdar” arasında bərpa olunan enerji mənbələrindən geniş istifadəyə dair çərçivə sənədi imzalanıb və bununla alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq haqqında razılıq əldə olunub.

2020-ci il yanvarın 9-da “Masdar” şirkəti ilə Azərbaycanda ötən ilin oktyabrında istifadəyə verilmiş “Qaradağ” Günəş Elektrik Stansiyasının tikintisinə dair icra müqaviləsi bağlanıb.

Yenə də yanvarın 9-da, lakin bu dəfə 2024-cü ildə Bakıda Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və Prezident İlham Əliyev arasında aparılan danışıqlardan sonra strateji əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Onlardan dördü birbaşa enerji sektoruna aiddir.

Eyni zamanda Azərbaycanın Energetika Nazirliyi və BƏƏ-nin İnvestisiya Nazirliyi enerji sektorunda, xüsusilə elektrik enerjisinin ötürülməsi, şəbəkələrin inkişafı layihələri üzrə investisiya əməkdaşlığı çərçivələrinin müəyyən edilməsinə, həmçinin texniki bilik və təcrübələrin mübadiləsinə dair razılıq əldə edib.

Tərəflər arasında imzalanmış strateji əməkdaşlıq sazişi ilə quruda və dənizdə külək elektrik stansiyalarının, günəş elektrik stansiyalarının, o cümlədən “günəş damı” layihələrinin tikintisi, “yaşıl hidrogen və ammonyak”, sintetik metan istehsalı imkanlarının öyrənilməsi nəzərdə tutulur.

Bundan əlavə, Tədbirlər Təqvimi ilə Azərbaycanda quruda 1 GVt gücündə günəş və külək elektrik stansiyalarının tikintisi üzrə yol xəritəsi müəyyən edilib. Sənəddə Azərbaycanda 1 külək və 2 günəş elektrik stansiyasının tikintisi üzrə 2027-ci ilə qədər həyata keçiriləcək tədbirlər öz əksini tapıb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Əbu Dabi Milli Neft Şirkəti (ADNOC) isə Strateji Əməkdaşlıq Sazişi imzalayıblar. Söhbət iki şirkət arasında müxtəlif sahələrdə - neft və qazdan tutmuş “yaşıl enerji”yə qədər əlaqələrin inkişafından gedir.

Azərbaycan tərəfi əmindir ki, əldə olunan razılaşmalar BƏƏ ilə gələcək tərəfdaşlıq üçün güclü zəmin yaradacaq.

“İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında Sizin ölkənizin sərmayələri hesabına Azərbaycanda 10 giqavat yaşıl enerji istehsalı nəzərdə tutulur”, - Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüş zamanı deyib.

Azərbaycan dövlət başçısı BƏƏ liderinin Bakıya səfərini tarixi hadisə adlandırıb və bunun BƏƏ Prezidentinin Azərbaycana ilk rəsmi səfəri olduğunu qeyd edib.

“Əminəm ki, bu səfər iki ölkə arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafına böyük töhfə verəcək. Əməkdaşlığımız çoxşaxəlidir, bir çox sahələri əhatə edir və yaxın keçmişdə enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində çox önəmli addımlar atılmışdır. Keçən ilin oktyabr ayında Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışı olmuşdur. Bu stansiyanın yaradılması ölkənizin investisiyaları hesabına mümkün olmuşdur. Bu, sadəcə olaraq, birinci addımdır”, - İḷham Əliyev bildirib.

BƏƏ Prezidenti isə Əbu-Dabinin Bakı ilə əməkdaşlığı inkişaf etdirməyə və bütün sahələrdə, xüsusən də COP29-a ev sahibliyi etməkdə təcrübə mübadiləsinə hazır olduğunu qeyd edib.

“İki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir və biz müxtəlif sahələrdə daimi tərəqqi və uğurun şahidi oluruq. Biz də Birləşmiş Ərəb Əmirliklərində iki ölkə arasında ölkələrimizin və xalqlarımızın rifahı naminə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına hazırıq.... Biz də öz növbəmizdə ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsi və yeni körpülərin yaradılması istiqamətində səylərimizi səfərbər edirik”, - o vurğulayıb.

 

“Yaşıl ambisiya”lar

Bu məqamda qeyd edək ki, BƏƏ bərpa olunan enerji mənbələri və enerji səmərəliliyinin artırılması sahəsində lider ölkələrdən biridir. Ölkə davamlı inkişaf proqramlarını fəal şəkildə inkişaf etdirir, “yaşıl layihə”lər həyata keçirir, yeni texnologiyalar tətbiq edir və bərpa olunan enerji mənbələrinə investisiya yatırır.

BƏƏ 2050-ci ilə qədər karbon neytral ölkəyə çevrilmək məqsədilə “UAE Net Zero” strateji təşəbbüsünü qəbul edib. Üstəlik, bu ölkə qlobal enerji təchizatı üçün hələ də vacib olan ekoloji cəhətdən zərərli enerji mənbələrinin istifadəsini diqqətlə izləyir. Bundan əlavə, Əmirlik təkcə özünün “yaşıl enerji” sahəsini inkişaf etdirmir, həm də xaricdə bərpa olunan enerji layihələrinə fəal şəkildə sərmayə qoyur. Bu günə qədər ölkə artıq 70 ölkədə “təmiz enerji” layihələrinə 50 milyard dollardan çox vəsait ayırıb və növbəti 10 il ərzində də eyni məbləğdə sərmayə qoymağı öhdəsinə götürüb.

Azərbaycan isə 2030-cu ilədək daxili ehtiyacların təmin edilməsi, iqtisadiyyatın dekarbonlaşdırılması və elektrik enerjisinin ixracı üçün quruda və dənizdə xarici investisiyalardan istifadə etməklə ümumi gücü 8 GVt-dan çox olan “yaşıl enerji” layihələrini həyata keçirməyi planlaşdırır. Ölkə hakimiyyəti 2030-cu ilə qədər Azərbaycanda quraşdırılmış elektrik enerjisi istehsal güclərində bərpa olunan enerji mənbələrinin payını 33%-ə çatdırmaq niyyətindədir.

Beləliklə, bu sahədə əməkdaşlığın, xüsusən də BƏƏ-nin Xəzər regionuna, onun karbohidrogen və bərpa olunan resurslarına yüksək marağını nəzərə alsaq, hər iki tərəf üçün faydalı olduğunu söyləyə bilərik.

“BƏƏ ilə imzalanan sazişlər ekoloji cəhətdən “təmiz dünya” naminə həmrəyliyimizin təzahürü olacaq və “yaşıl enerji” sahəsində tərəfdaşlığımızı daha da gücləndirəcək”, - Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Gələcək əməkdaşlığın təfərrüatlarını açıqlayan nazir əlavə edib ki, bu ilin sonuna qədər ölkə “Masdar” şirkəti ilə birlikdə ümumi gücü 760 MVt olan iki günəş elektrik stansiyasının, gələn il isə 240 MVt gücündə bir külək stansiyasının tikintisinə başlamağı planlaşdırır. Bu işlərin həyata keçirilməsi üçün 2023-cü il oktyabrın 26-da “Masdar” ilə investisiya müqavilələri imzalanıb.

Xarici ekspertlərin fikrincə, bu üç layihəyə qoyulan investisiyaların ümumi həcmi 1 milyard dollar qiymətləndirilir. Eyni zamanda Neftçala rayonunda günəş elektrik stansiyasının gücü 315 MVt, Biləsuvar rayonundakının isə 445 MVt olacaq.

Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanda artıq “Masdar”la birgə fəaliyyətin uğurlu nəticəsi var. 2023-cü ilin oktyabrında ölkədə MDB və Xəzər regionunda ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə və dəyəri 262 milyon ABŞ dolları olan “Qaradağ” günəş elektrik stansiyası istifadəyə verilib.

 

Xəzər aktivi

İki ölkə arasında əməkdaşlığın digər mühüm sahəsi hidrogen enerjisidir. BƏƏ Yaxın Şərq ölkələri arasında “mavi və yaşıl hidrogen” istehsal potensialını inkişaf etdirmək yarışına rəhbərlik edir. İxracyönümlü hidrogen layihələrinin 29%-i Əmirliyin payına düşür. SOCAR və ADNOC bu istiqamətdə tərəfdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər. 2023-cü ilin dekabrında imzalanmış müqavilə ilə ətraf mühitin mühafizəsi sahəsində birgə fəaliyyətin daha da genişləndirilməsi, “mavi hidrogen”, geotermal enerji və karbon emissiyalarının idarə edilməsi sahəsində əməkdaşlıq nəzərdə tutulur.

Bu məqamda qeyd edək ki, hər iki şirkətin karbon neytrallığına nail olmaq üçün ümumi məqsədləri var: ADNOC buna 2045-ci ilə qədər nail olmağı proqnozlaşdırır, SOCAR isə 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi, 2050-ci ilə qədər əməliyyatlarda xalis sıfıra (“Net Zero”) və s. nail olmaq niyyətindədir. Beləliklə, ADNOC-un təcrübəsi Azərbaycanın yanacaq-energetika kompleksində “yaşıl məqsədləri”nə nail olunmasına müsbət töhfə verə bilər.

Bərpa olunan enerji mənbələrinin inkişafı ilə paralel olaraq, Əmirliyin dövlət şirkəti neft və qaz layihələrinə sərmayə qoymağa davam edir. “Global Witness”in məlumatına görə, ADNOC 2030-cu ilə qədər neft və təbii qaz hasilatına 100 milyard dollar və ya ayda orta hesabla 1,14 milyard dollar xərcləməyi planlaşdırır.

Maraqlıdır ki, şirkət xaricdə hasilat sektoruna ilk investisiyalarını Azərbaycanda qoyub və bu da bu regiona olan marağını təsdiqləyir. Müqavilə ötən ilin avqustunda SOCAR və Fransanın “TotalEnergies” şirkətindən “Abşeron” qaz-kondensat yatağının işlənməsi layihəsində hər biri 15% pay almaqla başa çatıb. Sövdələşmə başa çatdıqdan sonra SOCAR və “TotalEnergies”in Abşeron layihəsindəki payları 35% olacaq.

SOCAR əmindir ki, bu saziş Azərbaycan ilə BƏƏ arasında strateji münasibətləri daha da möhkəmləndirəcək və Bakının təbii qazın etibarlı təchizatçısı kimi nüfuzunu artıracaq.

“ADNOC-un BƏƏ-dən kənarda hasilat layihəsinə Azərbaycanda ilk sərmayəsi ölkəmizdə xarici investorlar üçün yaradılmış əlverişli investisiya mühitinin daha bir təsdiqidir”, - Azərbaycan Dövlət Neft Şirkəti vurğulayıb.

Müqaviləni şərh edən ADNOC şirkətinin aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi qlobal qaz tələbatının qarşıdakı onilliklərdə davamlı olaraq artacağının gözlənildiyini söyləyib: “ADNOC “Abşeron” kimi dünya səviyyəli aktivləri ilə dünyanın enerji tələbatını məsuliyyətlə qarşılamağa davam edəcək. Biz inanırıq ki, SOCAR və “TotalEnergies” ilə strateji tərəfdaşlıq Xəzər regionunun gələcək onilliklər üçün potensialını açır və BƏƏ ilə Azərbaycan arasında enerji sahəsində daha geniş əməkdaşlığı tamamlayır. Bu, qlobal bərpa olunan enerji sektorunun artımını sürətləndirəcək, çünki hər iki ölkə aşağı karbonlu gələcəyə keçid üçün cəsarətli addımlar atacaq”.

Bundan başqa, SOCAR və ADNOC arasında Azərbaycan dövlət şirkətinin Əbu-Dabidəki layihələrdə iştirakının və bu məsələdə ADNOC tərəfindən müvafiq dəstəyin nəzərdə tutulduğu Anlaşma Memorandumu imzalanıb. Bərpa olunan enerji mənbələri və aşağı karbonlu həllər, habelə üçüncü ölkələrin neft-qaz sektorunda investisiya imkanları sahəsində potensial əməkdaşlıq sahələrinin araşdırılmasına dair razılıq da əldə olunub.

Ümumiyyətlə, BƏƏ ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf edir. İnanmaq istərdim ki, energetikanın yeni sahələrində əməkdaşlıq məhsuldar və səmərəli olacaq və bu sahənin inkişafına töhfə verəcək.



MƏSLƏHƏT GÖR:

46