18 May 2024

Şənbə, 23:42

ÇƏKİSİ YÜNGÜL, QİYMƏTİ…

Qətər beynəlxalq və regional problemlərin həllində moderator rolunu gücləndirir

Müəllif:

15.01.2024

Ukrayna və Yaxın Şərqdəki miqyaslı münaqişələr fonunda bəzi ölkələr çətin geosiyasi proseslərdə moderator rolu oynamaq qərarına gəliblər. Onların arasında Qətər xüsusi nəzər cəlb edir. O, eyni vaxtda həm Rusiya-Ukrayna qarşıdurmasında, həm də İsrail-HƏMAS müharibəsində danışıqlar meydanı kimi çıxış etmək əzmindədir.

 

Yaxın Şərq miqyaslı danışıqlar meydanı

Qətər Kiyevlə Moskva arasında hərbi qarşıdurmanın başlamasından sonra Rusiyaya köçürülmüş uşaqların Ukraynaya qayıdışının təmini üçün vasitəçilik etməyə çalışır və bu, onun ilk vasitəçilik cəhdi deyil. Məlum olduğu kimi, əvvəllər o, Afrikanın ehtiyac içərisində olan ölkələrinə Rusiya taxılının tədarükü məsələsində Rusiya və Türkiyənin tərəfdaşı kimi də çıxış edib.

Bu gün Qətər İsraillə HƏMAS arasında girovların azad olunması məsələsində də əsas danışıqlar meydanıdır. Məlum olduğu kimi, yəhudi dövləti HƏMAS ilə birbaşa danışıqlar aparmır. Burada vasitəçiliyi Doha ilə Qahirə öz üzərinə götürüb, arada onlara ABŞ da qoşulur.

Qətər dünyada ən yaxşı satılan məhsul olan qazın əsas tədarükçülərindən biridir. Bu, onun bazarda qiymətin formalaşması prosesinə əhəmiyyətli təsir göstərməsinə, prosesdə Rusiya ilə ciddi əməkdaşlıq qurmasına imkan verir. Nəticədə, Qətərin Rusiyaya təsir imkanları da artır.

2022-ci ilin martında Doha Rusiya-Ukrayna münaqişəsinə münasibət bildirib. Onun mövqeyini energetika məsələləri üzrə dövlət naziri Saad ben Şarid al-Kaabi açıqlayıb. Nazir deyib ki, Qətər bu münaqişədə heç kimin tərəfini tutmur və gələcəkdə Avropaya mayeləşdirilmiş qaz ixracını artırmağı düşünür. A-Kaabi bildirib ki, Doha dünyanın enerji resursları bazarındakı mövqeyindən «siyasi mənfəət» qazanmaq üçün istifadə etməyəcək və o, Avropa ilə əməkdaşlığa heç bir halda «Rusiya ilə qarşıdurma» kimi baxmır. «Biz tərəf tutmuruq. Biz işgüzar maraqlarımızdan çıxış edirik», - deyə nazir qeyd edib.

Qətərin HƏMAS-ın da daxil olduğu «müsəlman qardaşlar» hərəkatının siyasi dəstəkçisi və maddi sponsoru olduğu sirr deyil. Təşkilatın İsmail Haniyənin rəhbərlik etdiyi siyasi qanadının mənzil-qərargahı 2012-ci ildən Dohada yerləşir. HƏMAS-la Qətər arasındakı sıx əlaqələr sonuncunun hər il Qəzza zolağında infrastrukturun dəstəklənməsinə və onun ictimai xidmətlərinə yüz milyonlarla dollar xərcləməsilə nəticələnir.

 

İranın və ABŞ-nin dostu

Qətərin xarici siyasətinin daha bir özəlliyi, yəqin ki, onun Fars körfəzinin İranla sıx əlaqələrə malik yeganə ərəb monarxiyası olmasından qaynaqlanır. 2017-ci ildə Qətər Tehranla bir il əvvəl kəsilmiş əlaqələrini bərpa edib. Doha bu addımı Səudiyyə Ərəbistanının onu «Müsəlman qardaşlar» hərəkatının timsalında terrorçuluğu maliyyələşdirməkdə günahlandırması və diplomatik əlaqələri kəsməsindən sonra atıb. Əvəzində İran yaranmış diplomatik böhranda Qətərə qeyd-şərtsiz dəstəyini ifadə edib. 2017-ci ilin iyununda isə Tehran qonşuları tərəfindən iqtisadi blokada ilə üzləşmiş Qətərə kömək olaraq, ildə 1 tondan artıq meyvə-tərəvəz göndərmək qərarına gəlib. O zaman İranın dövlət başçısı Həsən Ruhani ərəb ölkələrini Dohaya təzyiqlərə son qoymağa da çağırmışdı.

Qeyd olunmalıdır ki, Qətərin İran və HƏMAS ilə sıx əlaqələri onun ABŞ ilə aktiv əlaqələrinə mane olmur. «Ərəb baharı» zamanı Qətər hökumətinə məxsus «Əl-Cəzirə» şirkəti münaqişəni «obyektiv işıqlandırdığı üçün» Qərb ölkələrinin müxtəlif mükafatlarına layiq görülmüşdü. Əslində, burada söhbət ABŞ və tərəfdaşlarının ərəb ölkələrilə bağlı informasiya siyasətinin həyata keçirilməsindən gedirdi. Həmin illərdə məhz «Əl-Cəzirə» ərəb dünyasında keçmiş rejimləri sərt tənqid edir, canlı reportajlarda müxtəlif mövqelərə yer verərək, ənənəvi dövlət kanallarına meydan oxuyurdu.

Qətər ərazisindəki El-Udeyd aviabazasında 11 min ABŞ hərbçisinin olduğu da unudulmamalıdır. Bu, Amerikanın regiondakı ən böyük hərbi bazalarından biridir. Bazanın əhəmiyyətini göstərmək üçün yalnız bir faktı qeyd etmək kifayətdir: Birləşmiş Ştatların hərbi və digər aviasiyasının yanacaqla təminatının təxminən 80%-i bu bazada həyata keçirilir.

Qətər həm də xüsusilə daşınmaz əmlak və maliyyə xidmətləri sahəsində ABŞ-nin nəhəng investorlarındandır. Qətərin Suveren Rifah Fondu Amerika şirkətləri və daşınmaz əmlakına, o cümlədən hotellər, ticarət mərkəzləri və ofis binalarına milyardlarla dollar sərmayə yatırıb.

Bütün bunlarla yanaşı, Doha ABŞ üçün çoxdandır ki, regionda əsas danışıqlar meydanı kimi tanınır. Vaşinqtonla «Taliban» hərəkatı təmsilçiləri arasında uzun illər müzakirələr məhz burada aparılıb, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması haqda razılaşma da məhz bu ölkə ərazisində əldə olunub.

Maraqlıdır ki, Qətərlə taliblərlə əlaqə hələ də davam edir. İndi gündəlikdə «Taliban» hökumətinin Əfqanıstanın qanuni hakimiyyəti kimi tanınması məsələsidir.

 

Yaxın Şərq siyasətinin amili kimi

Türkiyə Qətərin faktiki müttəfiqidir. Onlar Yaxın Şərq və Şimali Afrikada fəaliyyətlərini sıx koordinasiya edir, regionda fəaliyyət göstərən dost siyasi təşkilatlara dəstək verirlər.

Dekabrın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə rəsmi səfər də edib. O, regionda Türkiyə hərbi bazasının olduğu yeganə ölkədir. Tərəfləri regional siyasətə ümumi yanaşma da birləşdirir. Ərdoğanın səfəri iki ölkənin yaxınlaşmasının prioritet olduğunu, Türkiyə-Qətər geosiyasi tandeminin getdikcə gücləndiyini bir daha təsdiqləyib. Yaxın Şərqdə miqyaslı siyasi dəyişikliklərin yaşandığı bir vaxtda Ankara ilə Doha regionda nüfuzlarını artırmaq üçün birgə fəaliyyət imkanlarını müəyyənləşdirməyə çalışırlar.

İkitərəfli münasibətlərin gündəliyindən danışarkən, onun zəngin olduğunu, səfərin kifayət qədər məhsuldar keçdiyini vurğulamaq lazımdır. Səfər çərçivəsində tərəflər arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 12 sənəd, həmçinin Ali Strateji Komitənin 9-cu iclasının Birgə Bəyannaməsi də imzalanıb. Ümumilikdə 2014-cü ilin 19 dekabrında Qətər-Türkiyə Ali Strateji Komitəsinin yaradılmasına dair Birgə Bəyannamənin qəbulundan sonra tərəflər arasında təxminən 100 sənəd imzalanıb. Qeyd edək ki, Komitə üzvləri o vaxtdan davamlı olaraq hər il görüşürlər. İmzalanmış sənədlər ilk növbədə ali səviyyədə əməkdaşlığın optimallaşdırılmasına, bu komitə vasitəsilə əməkdaşlığın müxtəlif istiqamətlərində strateji inkişafa nail olunmasına yönəlib.

Qətərlə Türkiyə iqtisadi sahədə də bir-birinə bağlıdırlar. Bu münasibətlərin kulminasiyası isə energetika, infrastruktur, istehsalat, hərbi-texniki və turizm sahələrində razılaşmalar olub. Bu gün Türkiyə Qətərin ən önəmli ticarət tərəfdaşlarından biridir. İkitərəfli ticarət dövriyyəsinin həcmi o qədər böyük olmasa da, Türkiyə iqtisadiyyatına yatırılmış Qətər investisiyası ticarət dövriyyəsini xarakterizə edən rəqəmi dəfələrlə üstələyir. Məsələn, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,2 milyard dollar olubsa, Qətərin Türkiyə iqtisadiyyatına yatırdığı investisiya 33,2 milyard dolları aşır. Bu gün Türkiyədə Qətər kapitalı ilə fəaliyyət göstərən 200-dək şirkət var. Tərəflərin hədəfi qarşılıqlı ticarət dövriyyəsinin həcmini 5 milyard dollara çatdırmaqdır.

 

Müstəqilliyin qiyməti

Qətərin müstəqil siyasəti zaman-zaman onun qonşuları ilə münasibətlərində gərginlik yaradır. Dohanın regional nüfuzunu getdikcə artırması isə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və s. dövlətləri qıcıqlandırır, Dohaya müxtəlif vasitələrlə təzyiq göstərməyə vadar edir. Amma bütün bunlar Qətərin dayandırmır. Dohanın müstəqil siyasəti, «Taliban», İran və HƏMAS ilə sıx əlaqələri onu İranla Səudiyyə Ərəbistanı arasında gərginlikdə, həmçinin İsraillə münasibətlərdə xüsusilə fərqləndirir.

Regional və beynəlxalq siyasətdə mərkəzi gücə çevrilməyə çalışan Qətər iddialarını ortaya qoymaq üçün tez-tez hücum diplomatiyasına üstünlük verir və bəzi hallarda həddi aşır. Bu mənada, onun Avropa Parlamentində «Qətərgeyt» adı ilə tanınan qalmaqal xüsusilə yadda qalıb. Qalmaqal 2022-ci ilin sonunda Avropa Parlamenti sədrinin müavini Yeva Kayli və daha 5 nəfərin Belçika prokurorluğu tərəfindən saxlanılması ilə başlayıb. Səbəb 2022-ci ilin futbol üzrə dünya çempionatına ev sahibliyi etməli olan Qətərin «əhəmiyyətli pul və hədiyyələr qarşılığında Avropa Parlamentinin qərarına təsir etmək cəhdləri» idi. Söhbət Qətərə dəstək məqsədilə təşkil olunmuş bir sıra tədbirlərdən, Avropa institutlarının bu ölkə ilə əməkdaşlığının dərinləşməsindən gedirdi. Maraqlıdır ki, rüşvət faktı təsdiqlənsə də, günahkarlar saxlanılsa da, Qətər bundan hər hansı ciddi zərər görməyib. Bu isə Qətərin Avropa və dünyadakı böyük nüfuzu ilə əlaqələndirilə bilər. Yeva Keylilər gəlir və gedir, Qətərin Avropa üçün o cümlədən qaz mənbəyi kimi əhəmiyyəti və nüfuzu isə qalır.



MƏSLƏHƏT GÖR:

33