19 May 2024

Bazar, 15:42

YENİ ÜMUMXALQ MİSSİYASI

Prezident İlham Əliyev müsahibəsində nəyin anonsunu verdi?

Müəllif:

15.01.2024

Azərbaycan Prezidenti İlham Əliyevin yerli telekanallara verdiyi son müsahibə ölkədə yeni siyasi mövsümün açılışı kimi qiymətləndirilə bilər. Yeni il tətili başa çatıb, bununla da Azərbaycanda və dünyanın əksər ölkəsində bayramla əlaqədar yaranmış «siyasi pauza»ya da son qoyulub. Yeni ideyalar və konsepsiyaların elan olunma dövrü isə elə məhz yeni ilin ilk günləridir.

Prezident İlham Əliyevin müsahibəsinə gəlincə, o, sadəcə ölkədə yeni siyasi mövsümə start verməyib.

 

Siyasi «yenilənmə»

Əslində, Azərbaycan Prezidenti müsahibəsi ilə Azərbaycanda yeni siyasi dövrün başlanğıcını qoyub: «Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır».

Aydındır ki, söhbət sadəcə «bütün pisliklərə qarşı yaxşılıqlar» arzulamaqdan, şüarlar səsləndirməkdən getmir. Dövlət başçısı «siyasətçilər, politoloqlar, elm adamları və ziyalıları» bu məsələ ətrafında geniş açıq diskussiyaya çağırıb. Prezident ölkə üçün vacib məsələlərdə ümumxalq dialoqu ideyasına sadiqliyini bir daha ortaya qoyub. Əsas odur ki, bu, sadəcə «çığır-bağır» yox, əsl dialoq olsun.

Müstəqil Azərbaycanın siyasi həyatı, ideologiyası, dövlət və ordu quruculuğunda əsas hədəflərdən biri məhz Qarabağ probleminin həlli, ərazilərin erməni işğalından azad edilməsi olub. Bu gün bu vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəlinib. Belə olduğu təqdirdə ortaya sual çıxır: bəs sonra? Bu gün ölkənin qarşısında hansı hədəflər durur, artıq bu gün Azərbaycan hansı çağırışlarla üzləşir? «Postqarabağ dövrü» de-fakto başlayıb. Bəli, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan bayrağını ucaltmasından, Xankəndinin mərkəzi meydanında Azərbaycanın Zəfər Paradı keçirməsindən sonra bunu əminliklə söyləmək mümkündür.

 

«Səhvlər üzərində işləmək».

Bəlkə də kimlərsə bu situasiyada Azərbaycanın eyforiyaya qapılacağını, müdafiə büdcəsini azaltmağa, xüsusilə fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkisi ərəfəsində maliyyəni sosial proqramların icrasına yönəldəcəyini gözləyir və proqnozlaşdırırdı. Tarixdə belə nümunələr kifayət qədərdir. Amma problem ondadır ki, belə eyforiyalar sonda ölkələrə baha başa gəlir. Məsələn, Birinci Dünya müharibəsindən sonra Avropada əksər siyasətçilər əmin idilər ki, bu dəhşətli savaşdan sonra insanlar özlərinə «Əlvida, silah!» deməyə borcludurlar. Bəli, o zaman müdafiə xərcləri azaldıldı, bəzi ölkələr ümumiyyətlə, ordusunu ləğv etdi. Versal razılaşması Almaniyanın öz ordusunu dirçəltməsini ciddi şəkildə məhdudlaşdırırdı, artıq Avropada heç kim hansısa təhlükəni gözləmirdi… Amma sonra Almaniyada hakimiyyətə Hitler gəldi, Versal razılaşmasından yayınaraq, güclü ordu yaratdı və revanşa, düşünmədən dünyada sülh dövrünün başladığına əmin olan Avropa ölkələrini bir-birinin ardınca asanlıqla «udmağa» başladı.

Daha yeni nümunələr də var. «Soyuq müharibə»nin bitməsindən, Berlin divarının sökülməsindən və SSRİ-nin süqutundan sonra NATO ölkələri də hərbi büdcələrini azaltmağa başlamışdılar. O zaman Almaniyanın birliyi ilə AFR və ADR-in güclü ordularının birləşməsinin nəticələrindən narahat olanlar var idisə, bu gün əksər ekspertlər etiraf edir ki, müdafiə xərclərinin azaldılması nəticəsində Bundesver praktik olaraq, döyüş qabiliyyətini itirib.

Azərbaycan Prezidenti isə müsahibəsində Bakının müharibə sonrası eyforiyaya qapılmaq niyyətində olmadığını bir daha təsdiqləyib. İlham Əliyev bildirib ki, «cəmiyyətdə sakitləşmə ovqatı yaradılmamalıdır. Birincisi, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilib».

Dövlət başçısı müsahibəsində Qarabağ müharibəsinin nəticələrinə toxunaraq,  Bakı ilə İrəvan arasındakı danışıqlar prosesinin gizli məqamlarından da bəhs edib. Üstəlik, o, bu haqda Ermənistanın revanşa zəmin yaradılması, bunun üçün xaricdən dəstəyin alınması istiqamətindəki aşkar cəhdləri fonunda danışıb.

 

Fransız aksenti ilə erməni revanşizmi

Prezident İlham Əliyev bildirib ki, 44 günlük müharibədən sonra Ermənistan kənar qüvvələrin təhriki ilə sülh prosesini dəfələrlə pozub. Qeyd edək ki, dünyada münaqişələrlə manipulyasiya etmək, həm Ermənistana, həm də Azərbaycana təzyiq göstərməyə çalışan kifayət qədər güc və ölkə var. Son zamanlar onların önündə Fransa gəlir. Bu ölkənin rəhbəri Emmanuel Makron hələ 2020-ci ilin payızınadək beynində «Napoleon planları» qurur, Ermənistan vasitəsi ilə Cənubi Qafqaza daxil olmağı düşünürdü.

Açıq desək, Ermənistanın 44 günlük müharibədə yaşadığı darmadağından sonra real düşünə bilən istənilən siyasətçi regionda Ermənistana arxalanaraq hər hansı ciddi hədəfə nail olmağın mümkünsüzlüyünü anlamalı idi. Amma…

İlham Əliyev müsahibəsində yalnız Fransanın vasitəçilər sırasında olmaq istəyindən, danışıqlarda obyektivliyə necə zəmanət verdiyindən bəhs etməyib. Azərbaycan Prezidenti bildirib ki, son dövrlərədək ən azı görüntü olaraq, balansa riayət edilib. Dövlət başçısı fikrini belə davam etdirib: «…Münasibətlərimizin tarixinə nəzər salsaq, hər şey çox yaxşı başlamışdı. Həm 1990-cı illərdə, həm də artıq mənim Azərbaycana rəhbərlik etdiyim dövrdə münasibətlər kifayət qədər normal idi. Bunun bizim torpaqlarımızın işğal altında olması, yaxud sadəcə, Fransanın siyasi müstəvisində nəsillərin dəyişməsi ilə bağlı olması başqa məsələdir. Mənim üçün bunu söyləmək çətindir. Amma bütün hallarda balans qorunub saxlanılırdı… Balans, hətta Fransa tərəfindən İkinci Qarabağ müharibəsinə qədər pozulmuşdu və bu, görünür ki, Fransanın xarici siyasətində fundamental əsasların nəsil dəyişikliyi səbəbindən baş vermişdi. Biz hazırda bunu təkcə Fransada deyil, həm də Avropa ölkələrinin əksəriyyətində müşahidə edirik. Öz ölkəsində və beynəlxalq arenada böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər və ümumilikdə, təsadüfi adamlar – populistlər, demaqoqlar gəldilər və bunun nə ilə nəticələndiyini hamımız görürük». Nəticədə, bu gün Azərbaycan-Fransa münasibətləri «dondurulub». Bakı ilə Paris arasında Fransa agenturasının darmadağınını, diplomatların ölkədən çıxarılmasını və s. nəzərə almasaq, heç nə baş vermir.

Prezident İlham Əliyev mücahibəsində onu da deyib ki, əslində, Azərbaycanla Fransa bir-birlərini unudaraq da yaşaya bilərlər. Amma burada da müəyyən məqamlar var. Fransanın Azərbaycan əleyhinə addımlarını şərh edən dövlət başçısı deyib: «Biz təkcə müdafiə olunan və özünə bəraət qazandıran ölkə deyilik. Biz adekvat cavablar veririk və verəcəyik. Belə ki, fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında dünyanın xatırlayacağı faktlar həddindən artıq çoxdur».

Görünən odur ki, Azərbaycan tərəfinin cavabı Fransa üçün çox ağrılı alınıb. Odur ki, Paris buna xüsusilə keçmiş müstəmləkələrində üzləşdiyi yumşaq desək, xoşagəlməzliklərdən sonra «fikir verməyə» bilməyəcək. Belə bir vəziyyətdə yenə də Fransanın vədlərinə çox bel bağlayan Ermənistanın özünü də ciddi problemlər gözləyə bilər.

 

«Konserv bankaları» və real təhlükə

Azərbaycanın tarixi zəfəri həm Bakı, həm də İrəvan üçün, həqiqətən, dinc gələcək qurmaq imkanı yaradıb. Amma təəssüf ki, imkan zəmanət demək deyil. Sülh prosesi iki nəfərin rəqs etməli olduğu tanqo kimidir. Ermənistan isə hələ də revanş haqda düşünür. Ermənistan rəhbərliyinə inam da tam deyil. Dövlət başçısı İlham Əliyev bütün razılaşmaların ziddinə olaraq, Qarabağda qanunsuz «prezident seçkisi»nin keçirildiyini xatırladıb, bunun «ikinci qırmızı xətt» olduğunu deyib. Əliyevin sözlərinə görə, «birinci qırmızı xətt Ermənistanın baş naziri Paşinyanın sentyabrın 2-də separatçı rejimə təbrik məktubunun göndərilməsi idi. Bu, həm qırmızı xəttin pozulması idi, həm də ki ümumiyyətlə, çox təzadlı bir addım idi. Çünki ondan qabaq Ermənistanın baş naziri Qarabağı Azərbaycan torpağı kimi rəsmən tanımışdı və bunu dəfələrlə bəyan edirdi. Belə olan halda, onda bu təbrik nədir?!»

Nəhayət, Prezident müsahibəsində üçüncü ölkələrə də dəqiq mesajlar verib: «Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir». Yəni razılaşma Azərbaycanla Ermənistan arasında olmalıdır. Üçüncü ölkələr tərəflərə öz həll variantlarını qəbul etdirməyə çalışmamalı, xüsusilə də tərəflərdən biri ilə digərinin hesabına razılığa gəlməməlidirlər. Onlar bu işə yalnız kömək edə bilərlər. Ən əsası isə, Prezident heç bir xarici dəstəyin Ermənistana revanş ssenarisini həyata keçirmək imkanı verməyəcək: «Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq «Bastion» maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik».

Azərbaycan Prezidentinin sözlərinin əməlləri ilə üst-üstə düşdüyünü isə tarix sübut edib.

 

SİTAT

«Bu gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yenə də İran ərazisindən həyata keçirilir. Niyə buna etiraz edilmir, məhz Mehri hissəsinə etiraz edilir? Ermənistan-İran ticarəti gündən-günə artır, çiçəklənir. İran Qərbi Zəngəzurda konsulluq açıb. Niyə bu, necə deyərlər, heç bir sual yaratmır? Yəni belə məntiqsiz və cəfəng açıqlamalar heç kimə şərəf gətirmir və «biz buna imkan verməyəcəyik» deyəndə, - mən artıq bunu demişəm, - Amerika nəyi nəzərdə tutur, necə imkan verməyəcək? Gələcək Zəngəzurda bir sədd qoyacaq, ya Zəngilanda bir qoşun yerləşdirəcək, ya İran ərazisində? Necə imkan verməyəcək? Bu, bizim suveren işimizdir.

Bizim İranla bu yaxınlarda Astaraçay üzərində körpünün açılışı olmuşdur. Nə üçün? Çünki Şimal-Cənub dəhlizində yükdaşımaların həcmi iki dəfə artıb və hazırda Astaradakı terminal bütün o yükləri götürə bilmir. Rusiya ilə ikinci keçid açmışıq. Xanobada və indi Rusiya-Azərbaycan sərhədində iki keçid var, bir idi. İranla da iki keçid var. Yəni bu, bizim suveren işimizdir.

Ona görə Ermənistan tərəfinə məsləhətim odur ki, burada manipulyasiyalarla məşğul olmasın. Onların Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən təklif etdiyi marşrut tamamilə yararsızdır və ilboyu o marşrutdan istifadə etmək mümkün olmayacaq. Çünki orada hava şəraiti də və relyef də çox sərtdir. Ən düzgün variant Mehri ərazisindəndir. Onsuz da sovet vaxtında oradan dəmir yolu keçirdi və avtomobil yolu da tikilirdi. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir. Azərbaycandan Azərbaycana, dediyim kimi, heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir».

Azərbaycan Prezidenti İlham Əliyev



MƏSLƏHƏT GÖR:

39