28 Aprel 2024

Bazar, 23:10

NEAPOL: GÖRMƏK, AMMA ÖLMƏMƏK

Neapol, Pompey və Vezuvi kraterinə səyahətin ən maraqlı cəhətləri

Müəllif:

01.02.2024

İtaliyanın əhalisinin sayına görə Roma və Milanın ardından üçüncü şəhəri olan Neapolu «İtaliyanın qəlbi» adlandırırlar. Azərbaycanlılar üçün isə o, Bakını xatırlatması ilə cəlbedicidir. Neapolun xüsusilə sahilyanı bulvarı, buxtası və qədim məhəllələri Bakı ilə bənzərdir. Bundan başqa, artıq 52 ildir qardaşlaşmış şəhərlər olan Bakı ilə Neapolun əhalisinin sayı da təxminən eynidir. Bakıda Neapol küçəsi və dairəsi var, Neapolda isə küçələrdən biri Bakının adını daşıyır. Hər iki şəhərin sakinlərinin cənublu temperamenti də öz yerində. Əsl sevgi yeridir!

 

Gəz ki, gəzəsən…

Neapola bir günlük gedərək, oranı tələsik gəzsəniz, şəhərin ruhunu, koloritini hiss etməyəcəksiniz. Burada turistlər üçün «must see» (görülməsi mütləq) çoxsaylı görməli yerləri dolaşmaq, vacib və maraqlı şəhərləri, obyektləri gəzmək üçün ən azı 7-10 gün lazımdır. Peşman olmayacaqsınız. Üstəlik, onların hamısı Neapoldan avtobus, qatar və bərə ilə 1-2 saatlıq məsafədə yerləşir…

Düşünün, UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınmış, dünyanın ən qədim üçüncü şəhəri olan, muzeylər, saraylar, meydanlar və digər memarlıq əsərləri ilə zəngin Neapol. Bir çox yaradıcı insan bu şəhərə musiqi əsərləri, yazıçı və şairlər kitablar həsr edib, rəssamlar burada möhtəşəm əsərlər yaradıb. Demək, Neapol, həqiqətən də, möhtəşəm gəzməli, görməli məkanları ilə zəngindir. Bundan başqa, bu şəhərdən bərə ilə təxminən 1 saata Kapri adalarına çatırsan. Avtobus və ya qatarla isə 1,5 saata Amalfi sahillərinə çatmaq, orada Pozitano, Amalfi, Salerno, Sorrento və s. kimi gözəl şəhərləri gəzmək mümkündür.

Məşhur Vezuvi vulkanı yaxınlığında yerləşən Neapol İkinci Dünya müharibəsi illərində İtaliyanın ən çox zərər görmüş şəhərlərindən biridir. Lakin postmüharibə dövründə uzun illər aparılmış bərpa işləri nəticəsində şəhər keçmiş şöhrətini geri qaytara bilib. Vulkan püskürməsi nəticəsində qalın kül örtüyü altında qalmış nəhəng memarlıq kompleksi olan Pompey də öz yerində.

Şəhəri gəzmək üçün çoxsaylı ekskursiyalardan birini seçmək, yaxud günəşli Neapolu asudə şəkildə dolaşaraq Kral sarayı, Kastel-Nuovo qəsri, təmtəraqlı I Qalereya Umberto pasajını ziyarət etmək olar. San-Françesko-di-Paola kilsəsinə, San-Karlo teatrına, Müqəddəs Yanuariya kilsəsinə, Pyassa-del-Plebişito, Kapella San-Severo ibadətgahına, Kastel-Sant-Elmo qalasına da mütləq baş çəkin. Tələsmədən bulvarı gəzin, skamyalarda və ya sahilyanı qayaların üzərində əyləşərək Neapol körfəzinin və Vezuvinin gözəlliyindən zövq alın. Acdıqda isə pizzanın dadına baxın – dünyaca məşhur olan bu ənənəvi İtaliya yeməyinin vətəni məhz Neapoldur.

 

Pompeyin keçmişi və indisi

Neapoldasınızsa, ekskursiya üçün əsas istiqamətlərdən biri, şübhəsiz ki, Pompey şəhəri olmalıdır. Neapola gəlmiş turistlərin əksəriyyəti tərəddüd etmədən, qrup şəklində və ya təkbaşına Pompeyə yollanır. Bunun üçün yarım, uzağı isə bir saat yol getmək kifayətdir.

Eramızdan əvvəl 79-cu il avqustun 24-də Vezuvi vulkanının püskürməsi nəticəsində şəhər tamamilə yanıb, bütün ətraf qalın vulkan külünün altında qalıb. O zaman bu təbiət hadisəsindən yalnız Pompey yox, yaxınlıqdakı Gerkulanum və Stabii şəhərləri də zərər görmüşdü. Tarixçilərin bildirdiklərinə görə, vulkan o qədər güclü püskürürmüş ki, onun külü qonşu Misir və Suriyayadək gedib çıxırmış. Nəticədə, şəhər əhalisinin böyük hissəsi (təxminən 20 min nəfər) həyatını itirmiş, bəziləri isə fəlakətdən əvvəl şəhərdən qaça bilmişdi. Amma şəhərin tarixi bununla bitmir. İtaliyanın Kampaniya regionlarının şəhərlərindən olan, 36 min əhaliyə və müasir infrastruktura malik şəhər mövcudluğunu davam etdirir – öz hotelləri, restoranları, nəqliyyatı və görməli yerləri ilə…

İtaliya üçün ən əhəmiyyətli Papa kilsələrindən olan Məryəm Ana bazilikası buradakı mərkəzi meydanda yerləşir. O, Müqəddəs Taxt-Tacın toxunulmazlıq hüququ olan malikanəsi statusu da daşıyır. Buranı ildə 4 milyon zəvvar ziyarət edir. Kilsənin memarlığı və naxışları isə hər kəsi valeh edir.

Amma qədim Pompeyin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş xarabalıqları daha çox turist cəlb edir və o, heç bir mövsümdə populyarlığını itirmir. Tarixi kompleksin ərazisi 14 hektardır və oranı tələsik dolaşmaq üçün belə, ən azı 3 saat vaxt lazımdır. Yox, əgər «şəhər»lə detallı şəkildə tanış olmaq istəyirsinizsə, gərək bir gününüzü bu işə ayırasınız. Arxeologiya parkına giriş bileti (villaya girişi nəzərdə tutmur) təxminən 22 avrodur. Gəzinti zamanı audiobələdçidən istifadə etmək istəsəniz, təxminən 30 avro ödəməli olacaqsınız. Kimsə buranı şəxsi ekskursiya rəhbəri ilə gəzmək istəyirsə, əlavə 50 avrosundan da keçməlidir.

Burada öyrənəcəksiniz ki, şəhər uzun əsrlər boyu külün altında qalıb. Qədim şəhərin ilkin əlamətləri yalnız 1592-ci ildə aşkarlanıb. Bu, şəhər divarı olub. 100 il sonra isə üzərində «Pompey» yazılmış lövhə də tapılıb. Qədim şəhərdə qazıntı işləri əsasən XVIII-XIX əsrlərdə, qismən isə XX əsrdə aparılıb. Lakin ekspertlərin sözlərinə görə, bu günədək Pompeyin yalnız 75%-i aşkarlanıb. Demək, alimlər bu istiqamətdə hələ çox iş görməlidirlər.

Arxeoloji kompleksin vacib obyektlərinə gəlincə, onların ən əhəmiyyətlisi şəhərin mərkəzi hissəsini tutan Forumdur. Qismən dağılmış bazilika, Yevmaxiya binası, amfiteatr, böyük teatr, ticarət küçələri, antik allahların məbədlərinin qalıqları, taxıl anbarı burada yerləşir. Ən böyük marağa səbəb olan şəxsi iqamətgahlardır – Faun Evi, Vetti Evi, freskaların hələ də rənglərinin parlaqlığı ilə heyran etdiyi Kiçik Fəvvarə və Sirlər Villası. Cəmi iki sütunu qalmış Apollon məbədi də maraq doğurur. Vezuvi püskürməsi zamanı ölən 13 nəfərdən ibarət kadrları tanınan Qaçaqlar bağı uzunmüddətli təəssürat yaradır.

Neapoldan Pompeyə sərbəst şəkildə ən rahat yol elektrik qatarı ilədir (30-40 dəqiqə). «Napoli Garibaldi» stansiyasından Sorrento istiqamətində hər 30-60 dəqiqədən bir qatar yola düşür. Biletin qiyməti təxminən 3 avrodur. Qatardan «Pompei Scavi» stansiyasında düşmək və kompleksədək olan 10-15 dəqiqəlik yolu piyada getmək lazımdır. Romadan Neapola isə hər gün Pompey turları təşkil olunur. Bir günlük turun qiyməti 25-35 avro təşkil edir.

 

Təhlükəli, lakin cəlbedici krater

Neapol yaxınlığında yerləşən Vezuvi məlum olduğu kimi, dünyanın ən məşhur, ən çox müzakirə olunan vulkanlarındandır. Qədim Roma dövründə məhz onun püskürməsi nəticəsində istər Pompey, istərsə də Neapol, Gerkulanum və s. şəhərlər darmadağın olub. Müasir dövrdə oradan ara-sıra lava axsa da, Vezuvi yatmış vulkan sayılır. Burada lava axını son dəfə 1944-cü ildə müşahidə olunub. Bununla yanaşı, alimlər düşünür ki, vulkanın uzun illər yatması orada təzyiqin toplanmasına və daha dəhşətli partlayışa səbəb olu bilər. Bu isə ətrafda yaşayan yüz minlərlə, bəlkə də milyon insan üçün təhlükəli ola bilər.

Vezuvinin püskürməsindən sonra yaranmış kraterin gözəlliyi turistləri valeh edir. Təhlükəli olmasına baxmayaraq, oraya hər il milyonlarla turist axışır. Əvvəlcə insanların kraterin zirvəsinə qalxmasını asanlaşdırmaq üçün burada funikulyor quraşdırılıbmış. Lakin zəlzələ onun işləməsinə imkan verməyib. Odur ki, bu gün Vezuvinin zirvəsinə yalnız piyada qalxmaq olar.

Oraya ilin istənilən vaxtı Neapoldan istər sərbəst şəkildə, istərsə də xüsusi turlarla yollanmaq mümkündür. Əgər Pompeyə və Vezuvi dağına nahar daxil bir günlük tura yollanmaq istəyirsinizsə, bu, sizə 110-120 avroya başa gələcək. Turu Neapolun bir çox turist məntəqələrindən əldə etmək olar. Yox, kraterə sərbəst şəkildə yollanmaq istəyirsinizsə, bu, o qədər də çətin deyil. Birincisi, bilməlisiniz ki, bunun üçün əvvəlcədən onlayn bilet almalısınız. Dağın ətəyindəki kassalardan bilet əldə etmək mümkün deyil. Üstəlik, nəzərə alsaq ki, burada internetə qoşulmaq çox çətindir, geri bilet tapmamaq riskiniz də var.

İkincisi, Vezuvi Milli Parkına daxil olduqdan sonra bileti atmayın. Çünki o sizə çıxışda da lazım olacaq. Bu yolla dövlət tərəfindən qorunan obyektin mühafizəçiləri ziyarətə gəlmiş insanları nəzarətdə saxlayır ki, heç kim itməsin.

Üçüncüsü, krateri yalnız italyan və ya ingilis dilində danışan bələdçi ilə birlikdə ziyarət etmək olar. Sizi vulkanın zirvəsinə (dəniz səviyyəsindən 1170 metr yüksəklikdə yerləşir) təxminən 3800 metrlik cığır aparır. Bu cığırla hərəkət etmək çox da asan deyil və ekspertlər bu zaman turistlərə rezin altlığı olan çəkmə geymələrini məsləhət bilirlər. Soyuq havada isə istiliyi saxlayan və küləkdən qoruyan termal alt paltarı geyinmək məsləhətdir. Özünüzlə su, günəş eynəyi və baş geyimi götürməyi də unutmayın.

Vezuviyə ilk dəfə gələn turistləri bələdçilər qruplara ayırır. Onlar zirvəyə təxminən 20 dəqiqəyə çatırlar. Ünvana çatdıqda vulkan haqda qısa məlumat verilir, bundan sonra isə insanların krater ətrafında sərbəst dolaşmasına imkan yaradılır. Buradan Neapol körfəzinə, İskya adasına, həmçinin Gerkulanum, Pompey şəhərlərinə, Amalfi sahilinə və Kapri adalarına möhtəşəm mənzərə açılır. Dağın zirvəsində bir neçə kiçik kafe və suvenir mağazaları da var.

Vulkana ən tez və ucuz çatmağın yolu Neapolun mərkəzi vağzalından «Circumvesuviana» qatarı ilə «Ercolano» stansiyasına getmək, oradan isə təxminən 14 kilometrlik yolu «Vesuvio Express» avtobusu ilə qət etməkdir. Pompey stansiyasından Vezuviyə də eyni avtobuslar gedir. Bundan başqa, Neapolun mərkəzi vağzalından Vezuviyə gündə iki dəfə birbaşa avtobus da gedir (iki tərəfə biletin qiyməti 15 avrodur).

Odur ki, çamadanlarınızı yığın və yola düşün…

Yaxşı yol!



MƏSLƏHƏT GÖR:

32