29 Aprel 2024

Bazar ertəsi, 01:10

BÖYÜK SİYASƏT ÖNCƏSİ MƏŞQ

Türkiyədə bələdiyyə seçkilərinə kim və necə hazırlaşır?

Müəllif:

01.02.2024

Türkiyə ölkə üçün xüsusi əhəmiyyət kəsb edən iyirminci bələdiyyə seçkilərinə hazırlaşır. Qanuna uyğun olaraq, seçkilər 2024-cü il martın 31-də baş tutacaq.

Ölkənin əksər siyasi partiyaları namizədlərini hazırlıq mərhələsində müəyyən etsə də, hazırda bu istiqamətdə işlər davam edir. Bəli, Türkiyədə bələdiyyə seçkiləri heç bir halda ölkədə siyasi hakimiyyətin statusunu və gələcəyini müəyyən edən əsas amil deyil. Amma yenə də bu, mühüm mərhələdir. Məhz bunun sayəsində siyasi qüvvələr xalqla sıx əməkdaşlıq şəraitində özlərinə ictimai dəstəyi təmin edə və bələdiyyə idarəçiliyində təcrübə qazana bilərlər. Əsas məsələ isə iqtisadi idarəetmə rıçaqlarından istifadə etməkdir. Buna görə də Türkiyədə bələdiyyə seçkiləri ictimai maraq və partiyaların fəallığı baxımından heç də parlament və prezident seçkilərindən geri qalmır.

Mart seçkiləri öncəsi seçki prosesi yanvarın 1-dən başlayıb. İndiyədək 36 partiya iştirak etmək üçün müraciət edib. Martın 3-də Türkiyə Mərkəzi Seçki Qurumu (MSQ) iddiaçı partiyaların və namizədlərin yekun siyahısını açıqlayacaq. Seçki kampaniyası martın 21-də başlayacaq və 30-da başa çatacaq.

 

Keçmişdən dərslər

Son iyirmi iki ildə Türkiyəni idarə edən Ədalət və İnkişaf Partiyasının (AKP) vahid lideri və hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın da siyasi karyerasının bələdiyyə seçkiləri ilə başladığı heç kimə sirr deyil. 1994-cü ildə İstanbul şəhər bələdiyyəsinin sədri seçilən Ərdoğan Türkiyənin “əsl paytaxtı”nda gördüyü işlər səbəbi ilə xalqdan ciddi dəstək görmüş və daha sonra böyük siyasətə atılarkən xalqdan ciddi dəstək alaraq uzun illərdən sonra təkbaşına hökumət qurmağa nail olmuşdu.

AKP iqtidarda olduğu uzun illər ərzində Türkiyədə bələdiyyələrin böyük hissəsini əlində saxlaya bilib, xüsusən də böyük şəhərlərdə - İstanbul, Ankara – bələdiyyə sədri postlarını qazanıb. Lakin 2019-cu il bələdiyyə seçkilərində ilk dəfə CHP uğurlu kampaniya apararaq İstanbul, Ankara kimi böyük şəhərlərdə (İzmirdə CHP bələdiyyə seçkilərini bir qayda olaraq, qazanır) bələdiyyə sədri postlarını götürüb. Bu hadisə AKP üçün ciddi uğursuzluq olaraq qəbul olunub, siyasi dəhlizlərdə AKP-nin mövqelərinin zəifləməsi və seçkilərdə uduzacağı ilə bağlı proqnozlara səbəb olub.

Lakin sonrakı dövrdə keçirilən parlament və prezident seçkilərində qalib gələn Ərdoğan siyasi səhnədən getmək niyyətində olmadığını nümayiş etdirib. Bu mənada qarşıdan gələn bələdiyyə seçkiləri həm AKP, həm də CHP üçün önəmlidir. AKP itirilmiş mövqelərini bərpa etmək, CHP isə hələ də güclü olduğunu və beş il əvvəl xalqdan aldığı mandatı özündə saxladığını nümayiş etdirmək niyyətindədir. Ümumiyyətlə, bələdiyyə seçkiləri xalqın siyasi qüvvələrə bir növ “etimad barometri” hesab olunur.

Türkiyənin 81 vilayəti və 30 böyük şəhərində bələdiyyə başçıları vəzifəsi uğrunda mübarizə aparılacaq. Bələdiyyə məclis üzvləri xüsusən də böyük şəhər bələdiyyələrində siyasi qüvvələr üçün əhəmiyyət kəsb etsə də, əsas hədəf bələdiyyə sədri postudur. Çünki səlahiyyətlər əsasən bələdiyyə sədrində olur və onun fəaliyyəti həm də təmsil etdiyi siyasi təşkilatın imicini, siyasi reytinqini və qarşıdakı seçkilərdə daha çox səs qazanmasını təmin edir.

 

AKP-nin bələdiyyə “vitrini”

Hakim AKP artıq böyük şəhərlərdə bələdiyyə sədrliyinə namizədlərini elan edib. AKP-nin İstanbul şəhər bələdiyyəsi sədrliyinə namizədi keçmiş nazir Murad Kurum, Ankara bələdiyyə sədrliyinə namizədi Turqut Altınok, İzmir şəhərinə isə Həmzə Dağ olacaq.

Qeyd edək ki, AKP blədiyyə seçkilərinə də müttəfiqi MHP ilə birlikdə gedəcək. Hazırkı siyahıya əsasən AKP 81 vilayətdən 74-da namizədini müəyyən edib. Yerdə qalan 7 vilayətdə isə ikisi böyük şəhər olmaqla MHP-nin namizədlərini müdafiə edəcək.

Maraqlıdır ki, 74 bələdiyyə sədri namizəddən 31-i hazırda bələdiyyə sədridir, yerdə qalan 43 bələdiyyədə isə yeni namizədlər irəli sürülüb. Hakim partiyanın namizədlərindən dördü qadındır: Fatma Şahin, Jülide İskenderoğlu, Belgin İba və Ülkü Öcal. Yeri gəlmişkən, Ülkü Öcal hazırda HDP-nin təmsilçisinin sədr olduğu İğdırdan namizəd göstərilib.

AKP-nin daha bir seçki “sürprizi” isə ötən il fevralın 6-də zəlzələnin baş verdiyi vilayətlər olub. Bu vilayətlərdə indiki bələdiyyə sədrlərinin heç biri yenidən namizəd olaraq irəli sürülməyib.

 

Status-kvonu qorumaq

2019-cu il bələdiyyə seçkilərində sürpriz nəticə göstərərək İstanbul, Ankara kimi iki böyük və əsas şəhərin bələdiyyə sədri postunu qazanan CHP üçün bu seçkilər həm də etimad imtahanı olacaq. Ötən ilin payızında sədr dəyişikliyinə gedən CHP-nin bu seçkilərdə əsas hədəfi 2019-cu il nəticələrini qoruyub saxlamaqdır.

Ancaq bu, indi o qədər də asan görünmür. Doğrudur, CHP-nin yenidən namizəd göstərdiyi İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara bələdiyyəsinin sədri Mansur Yavaş ciddi nüfuza və dəstəyə malik olsalar da, sonuncu prezident və parlament seçkilərində qələbə qazanmış AKP ilə yarış çətin olacaq. Üstəlik, AKP-dən fərqli olaraq, CHP 5 il əvvəlki kimi seçkilərə ittifaqla getmir. İYİ partiya seçkilərə öz namizədləri ilə qatılacaq. Bu isə Yavaş və İmamoğlu üçün ciddi səs itkisi ola bilər.

M.Yavaş və Ə.İmamoğlu ilə yanaşı, CHP bu seçkilərdə Adana bələdiyyəsinin hazırkı sədri Zeydan Karalar, Mersin bələdiyyəsinin sədri Vahap Seçer, Aydın bələdiyyəsinin sədri Özlem Çerçioğlu və Hatay bələdiyyəsinin sədri Lütfü Savaşın namizədliyini yenidən irəli sürəcək.

 

Birlikdə yaxşıdır, amma ayrı-ayrılıqda da olar

Hazırda “Cümhur İttifaqı” adlı iqtidar koalisiyasında yer alan Milliyyətçi Hərəkat Partiyası 31 mart bələdiyyə seçkilərində ortaq namizədlərlə yanaşı, müstəqil olaraq namizədlərini irəli sürəcək. Partiya Türkiyənin iki böyük şəhəri də daxil olmaqla, 12 vilayətdə bələdiyyə başqanı olmaq üçün mübarizə aparacaq 55 nəfərin namizədliyini irəli sürüb. Məsələn, Manisa vilayətində hazırkı sədr Cengiz Ergün, Mersində isə MHP Mərkəzi İdarə Heyətinin üzvü, Mersin vilayət təşkilatının sədri Sərdar Soydan bələdiyyə başçısı postu uğrunda mübarizə aparacaq.

Görünən odur ki, MHP-nin qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı iddialı hədəfləri yoxdur. Milliyyətçilər bəzi vilayət və rayonlarda öz namizədlərini irəli sürsələr də, əksər ərazilərdə AKP-nin namizədlərinə şans tanımaq yolunu seçiblər.

 

İYİ partiya gücünü təkbaşına sınayacaq

Ötən il mayda keçirilən seçkilərdə CHP ilə ittifaqda olan İYİ partiya daha sonra ittifaqdan ayrıldığını və bələdiyyə seçkilərinə müstəqil şəkildə qatılacağını bəyan etmişdi. Yanvarın ortalarında İYİ partiya artıq İzmir, Manisa, Samsun, Kayseri, Antalya, Bursa, Ordu kimi vilayətlərdə namizədlərini elan edib.

Bundan başqa, Meral Akşener yanvarın 24-də Ankaradan Cengiz Topel Yıldırımın, İstanbuldan isə Buğra Kavuncunun namizədliyini irəli sürdüklərini açıqlayıb.

 

DEM namizədlərini praymerizlə seçir

Xüsusilə Türkiyənin cənub-şərq vilayətlərində güclü ictimai dəstəyi olan Xalqların Demokratiyası Partiyası da (və ya DEM) bələdiyyə seçkilərində öz namizədləri ilə iştirak etmək qərarı verib. DEM ilk dəfə olaraq Türkiyə tarixində bələdiyyə sədrliyinə namizədləri praymeriz vasitəsilə müəyyən edir.

 

Nəticə

Partiyalar xalqla ilkin təmas institutu olan bələdiyyələrə həm də iqtisadi azadlıq və etimad vasitəsi olaraq yanaşır. Bu mənada bələdiyyə seçkilərinə maraq heç də parlament seçkilərindən geri qalmır.

2024-cü il seçkiləri AKP-nin 5 il əvvəl itirdiyi mövqeləri geri qaytarması və 2023-cü ildə xalqdan aldığı etimadı daha da gücləndirməsi üçün bir fürsətdir. Bu seçkilər CHP üçün isə yeni sədr Özgür Özəlin ilk sınağı olacaq. Eyni zamanda CHP hələ də güclü olduğunu göstərmək üçün əlindəki böyük şəhərləri qoruyub saxlamalıdır.

Qeyd edək ki, 2019-cu il bələdiyyə seçkilərində AKP 44,33 faiz, CHP isə 30,12 faiz səs qazanıb. Ölkənin 30 böyük şəhərində AKP-dən 15, CHP-dən 11, HDP-dən 3 və MHP-dən 1 namizəd bələdiyyə sədri olub. Ümumi səs hesabında AKP irəlidə olsa da, böyük şəhərlərdə CHP daha çox səs qazanıb. AKP isə CHP-nin qazandığı bələdiyyələrdə daha çox məclis üzvü yeri əldə etməklə faktiki olaraq CHP-dən olan bələdiyyə sədrlərinə ciddi müxalifət yarada bilib.

Seçkilərə hələ 2 ay qaldığı üçün təbii ki, indidən proqnoz vermək doğru olmaz. Lakin seçkiqabağı vəziyyətin ilkin təhlili göstərir ki, mövcud iqtisadi problemlərə baxmayaraq, hakim partiyanın qalib gəlmək şansı yüksəkdir. CHP əldə olunan nəticələri saxlamaq üçün çox çətin sınaqdan keçməli olacaq.



MƏSLƏHƏT GÖR:

31