29 Aprel 2024

Bazar ertəsi, 14:43

TRANS-XƏZƏR EKSPRESİ

Avropada Rusiyadan yan keçən nəqliyyat dəhlizi layihəsinə böyük miqdarda sərmayə qoymaqla bağlı qərar verilib

Müəllif:

15.02.2024

Yaxın Şərqdəki mürəkkəb geosiyasi vəziyyət, Qırmızı dəniz və Ədən körfəzində husilərin iki aydır ki, gəmilərə hücumları fonunda Avropanın və beynəlxalq maliyyə institutları trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) dəstək üçün on milyardlarla avro ayırmaq qərarına gəlib.

Əslində, alternativ marşrutları təkcə avropalılar axtarmır. Əsas ixrac marşrutu kimi Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sistemindən istifadə edən Qazaxıstan ötən ilin martından neftin Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə tranzitinə başlayıb. Hazırda bu ölkə 2 il ərzində trans-Xəzər marşrutu üzrə tədarük həcmini illik 3 milyon tona çatdırmaq istəyir. Bundan əlavə, bu məqsədlə Bakı-Supsa neft kəmərindən istifadə imkanları nəzərdən keçirilir.

Okeana birbaşa çıxışı olmayan Türkmənistan isə karbohidrogen ehtiyatlarının ixracı marşrutlarını şaxələndirmək üçün İran vasitəsilə Türkiyəyə təbii qaz nəqli imkanlarını nəzərdən keçirir. Bu ölkə Azərbaycanla İran vasitəsilə “mavi yanacağın” svop tədarükünün bərpası imkanlarını müzakirə edir.

 

Yaxınlaşma üçün milyardlar

Yanvarın 29–30-da Brüsseldə Avropa İttifaqının (Aİ) “Global Gateway” (“Qlobal qapı”) strategiyası çərçivəsində bu təşkilat və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat əlaqələri üzrə İnvestorlar Forumu keçirilib.

Bu forumda Avropa Komissiyasının, Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələrinin, Türkiyə və Aİ-nin yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Bundan başqa, tədbirə G7 ölkələrinin, maliyyə institutlarının və özəl sektorun nümayəndələri qatılıblar.

Forumda Aİ və Mərkəzi Asiya ölkələrinin yaxınlaşması istiqamətində həlledici addım atılıb. Daha dəqiq desək, Rusiyadan yan keçən nəqliyyat dəhlizinin yaradılması ilə bağlı.

“Birlikdə biz Avropa və Mərkəzi Asiya arasında daha sürətli və etibarlı əlaqələr təmin etmək, münasibətləri gücləndirmək, həmçinin əməkdaşlıq və ticarət üçün yeni imkanlar açmağı hədəfləyirik”, - Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis deyib.

Avropa Komissiyasının məlumatında qeyd olunub ki, Azərbaycan ərazisindən keçən, “Global Gateway” proqramının investisiya strategiyasına uyğun olaraq 15 gün və ya daha az müddətdə Avropanı Mərkəzi Asiya ilə birləşdirən trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz) multimodal, müasir, rəqabətədavamlı, dayanıqlı, proqnozlaşdırıla bilən, “ağıllı” və yüksək sürətli marşrut kimi inkişaf etdirmək üçün 10 milyard avro məbləğində investisiya lazımdır.

Forumda bir sıra mühüm öhdəliklər qəbul edilib. Xüsusilə, Avropa İnvestisiya Bankı (AİB) Qazaxıstan, Qırğızıstan və Özbəkistan hökumətləri, həmçinin Qazaxıstan İnkişaf Bankı ilə ümumi dəyəri 1,47 milyard avro olan anlaşma memorandumları imzalayıb. Bu kreditlər Avropa Komissiyası tərəfindən verilən zəmanətlər sayəsində mümkün olacaq.

Üstəlik, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Mərkəzi Asiyada nəqliyyat əlaqələrinin ümumi inkişafı üçün 1,5 milyard avro investisiya portfeli ilə Qazaxıstanla Anlaşma Memorandumu imzalayıb.

“Mərkəzi Asiya ölkələrini birləşdirən müasir trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu daha böyük regional iqtisadi inteqrasiya, regionda gələcək iqtisadi artım, həmçinin Avropa ilə əlaqələrin yaxşılaşdırılması yardım göstərmək səylərimizdə təməl daşıdır. Dəmir yollarının modernləşdirilməsindən tutmuş dəniz limanlarının tutumlarının artırılması və donanmanın yenilənməsinə qədər 33 infrastruktur layihəsinə  investisiyaların qoyulmasına ehtiyacın duyulduğunu müəyyən etdik. Bugünkü İnvestorlar Forumu həm institusional, həm də özəl investorlar tərəfindən bu layihələrin dəstəklənməsinə böyük marağın olduğunu göstərib”, - Avropanın nəqliyyat məsələləri üzrə komissarı Adina Velian vurğulayıb.

Ukraynada hərbi əməliyyatların başlamasından sonra Xəzər dənizindən keçən marşruta maraq ciddi artıb. Bu müharibə nəqliyyat axınlarının yenidən istiqamətləndirilməsinə səbəb olub. Məsələn, TBNM Rusiya və Belarusdan keçən əsas marşruta alternativə çevrilib. Yaxın Şərqdəki mürəkkəb geosiyasi vəziyyət, yəmənli husilərin Qırmızı dəniz və Ədən körfəzindəki gəmilərə hücumları səbəbindən tədarük zəncirini pozulması sanki “ocağa benzin töküb”. Axı, neft və yanacaqdoldurma məntəqələrindəki qiymətlər məhz bu dəhlizin təhlükəsizliyindən asılıdır.

 

Proqram lazımdır

Trans-Xəzər marşrutunun potensialı hələ də öyrənilməmiş olaraq qalır. Üstəlik, yükdaşımaların həcmini artırmaq üçün bu dəhlizdə iştirak edən əksər ölkələrdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi üçün böyük vəsait tələb olunur.

İnvestorlar Forumunda qəbul edilmiş razılaşmaların həyata keçirilməsi üçün qərara alınıb ki, yaxın aylarda trans-Xəzər nəqliyyat şəbəkələrinin işə salınması və istifadəsi üçün Mərkəzi Asiyada “Regional Rifah Proqramı”nın icrasına başlanılsın. Bu proqram Beynəlxalq Ticarət Mərkəzi – BMT-nin və Dünya Ticarət Təşkilatının texniki əməkdaşlıq agentliyi tərəfindən həyata keçiriləcək. Paralel olaraq, bütün beş ölkənin nəqliyyat nazirliklərinə yüksək səviyyəli rezident məsləhətçilər təqdim olunacaq. Bundan başqa, bu istiqamətdə irəliləyişə nəzarət etmək və trans-Xəzər nəqliyyat dəhlizinin planlaşdırıldığı kimi inkişafını təmin etmək üçün ümumi əlaqələndirmə platforması yaradılacaq.

Artıq 2025-ci ildə Brüsseldə Aİ tərəfindən maliyyələşdirilən regional nəqliyyat proqramının təsdiqlənəcəyi gözlənilir. Bu proqramla Mərkəzi Asiya ölkələrinə mövcud və gələcək nəqliyyat layihələrinin inkişafı üçün texniki yardım göstəriləcək.

Yeri gəlmişkən, hələ ötən ilin noyabrında Dünya Bankının məsləhətçilərdən ibarət komandası “Orta ticarət-nəqliyyat dəhlizi: 2030-cu ilə qədər yük daşımalarının həcmini üç dəfə artırmaq və səfər vaxtını yarıya endirmək üçün zəruri strateji qərarlar və investisiyalar” mövzusunda araşdırmalarının əsas nəticələrini təqdim ediblər.

Araşdırmada Qazaxıstan, Azərbaycan və Gürcüstanda nəqliyyat sahəsinə dair tələbatın ödənilməsi və iqtisadi inkişafın dəstəklənməsi üçün lazım olan əsas sahələr və investisiyalar müəyyən edilir. Trans-Xəzər marşrutu üzrə yükdaşımaların cari həcmini 3 dəfə artırmağa kömək edəcək mümkün həll yolları da təhlil olunur. Tədqiqatda informasiya sistemlərinin, su və dəmir yolu nəqliyyatının optimallaşdırılması məsələlərinə toxunulub. Dünya Bankının hesablamalarına görə, TBNM idarəetməsinin səmərəliliyinin artırılması Avropa İttifaqı ilə ticarətin həcmini 28%, həmçinin Gürcüstan və Azərbaycanla ticarət dövriyyəsini 37% artıracaq. Yüklərin ötürücülük qabiliyyətinin artırılması üçün Türkiyə, Gürcüstan, Azərbaycan və Çinlə koordinasiya perspektivləri də müəyyən edilib.

 

Qazaxıstanın dəstəyi

“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu “Bir kəmər, bir yol” təşəbbüsünü effektiv şəkildə tamamlayır”, - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

Onun sözlərinə görə, regional haba çevrilməyə çalışan Qazaxıstan bu marşrutunun inkişafı üzərində fəal şəkildə çalışır: “Biz trans-Xəzər marşrutunu trans-Avropa nəqliyyat şəbəkəsi ilə birləşdirmək niyyətindəyik. Biz qlobal infrastruktur və sərmayə sahəsində tərəfdaşlıq üçün G7 təşəbbüsünü dəstəkləyirik”.

Bu məqamda qeyd edək ki, Qazaxıstan neftinin əsas ixrac marşrutu bu günə qədər Xəzər Boru Kəməri Konsorsiumu sistemi olaraq qalır. Bu sistem vasitəsilə ixracın 80%-dən çoxu təşkil edir. Boru kəmərinin illik gücü 67 milyon ton neft təşkil edir. 2022-ci ildə isə Qazaxıstanda neft ixrac marşrutlarının şaxələndirilməsi barədə ciddi müzakirələr aparılmağa başlanıldı. Belə ki, o vaxt ekoloji qanunvericiliyin pozulmasının aradan qaldırılması üçün məhkəmə qərarı ilə CPC dəniz terminalının fəaliyyətinin mümkün dayandırılması barədə məlumatlar yayılmışdı.

Daha əvvəl isə akvatoriyada partlayıcı maddələrin olub-olmamasına dair yoxlamaların aparılması ilə əlaqədar yanalma qurğularının fəaliyyətinə məhdudiyyətlər qoyulmuş, həmçinin təxminən 1 ay davam edən fırtınanın nəticələrinə görə CPC körpülərindən daşımalar dayandırılmışdı.

Həmçinin 2022-ci ildə Tokayev trans-Xəzər dəhlizi ilə neft nəqlinin həcminin artırılması ilə bağlı tapşırıqlar verib. Bu göstərişə əsasən, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında beşillik müqavilə bağlanıb. Bu sənədlə “Tengiz” yatağından Azərbaycana ildə 1,5 milyon ton xammalın göndərilməsi və daha sonra onun Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə nəqli nəzərdə tutulur. Gələcəkdə bu həcm illik 5 milyon tona yüksəldiləcək. Qazaxıstan və Azərbaycan donanmaları paritet əsasında daşımalarda iştirak edir.

Bu razılaşmalar çərçivəsində Qazaxıstanın magistral neft kəməri operatoru olan “KazTransOil” 2023-cü ildə Azərbaycan vasitəsilə digər illərlə müqayisədə 5,6 dəfə çox, yəni 1,392 milyon ton neft nəql edib.

Eyni zamanda Qazaxıstan hökuməti iki il ərzində trans-Xəzər marşrutu üzrə tədarükün 3 milyon tona qədər artırılması planlarını açıqlayıb.

“Azərbaycan tərəfi ilə Qazaxıstan neftinin Bakı-Supsa neft kəməri vasitəsilə ildə 3 milyon tona qədər nəqli imkanlarının nəzərdən keçirilməsi məsələsi müzakirə olunur”, - Qazaxıstanın Energetika Nazirliyinin məlumatında qeyd edilib. Eyni zamanda 2024-cü ildə Azərbaycan ərazisindən 1,5 milyon tona qədər Qazaxıstan neftinin tranziti nəzərdə tutulur.

Tokayevin karbohidrogenlərin ixrac marşrutlarının şaxələndirilməsi ilə bağlı tapşırıqlarını yerinə yetirmək üçün Qazaxıstan tankerlərin sayını artırmaq qərarına gəlib. Ötən ilin noyabrında Aktaudan Bakıya neft çatdırmaq üçün hər birinin dedveyti 8 min ton olan “Taraz” və “Liva” tankerləri alınıb. Bu tankerlər Qazaxıstan tərəfinin ildə 750 min ton neft nəqli ilə bağlı öhdəliklərini tam ödəməyə imkan verəcək.

Bundan başqa, Qazaxıstanın liman infrastrukturunun inkişafı istiqamətində işlər aparılır. Belə ki, Kurık limanında taxıl terminallarının inşası 2023-cü ildə başa çatdırılıb, liman akvatoriyasında dibdərinləşdirmə işləri isə 2024-cü ilin iyul ayına kimi başa çatdırılmalıdır. Ümumi yüklər və “yaşıl hidrogen”in daşınması üçün terminallar da tikiləcək. Terminalların inkişafına qoyulan investisiyaların ümumi həcmi 200 milyon dollardan çox olacaq. 2024-cü ildə analoji işlər Aktau limanında da aparılacaq.

Belə ki, Qazaxıstan xarici bazara neft tədarükü marşrutlarının şaxələndirilməsi və alternativ istiqamətlərdə ixrac həcminin artırılması siyasətini həyata keçirir.

 

Türkmənistanın çətin seçimi

Türkmənistan da karbohidrogen ehtiyatlarının marşrutlarının şaxələndirilməsi üzrə strategiyasını həyata keçirir və bu məsələdə əsas mövqeləri tutacağını gözləyir.

 

Türkmənistan neftinin ixracı ilə bağlı heç bir sual yoxdur, çünki onun bu enerji resursu uzun illərdir ki, tankerlərlə Bakıya tədarük olunur və daha sonra BTC ilə nəql edilir. Amma təbii qazla bağlı vəziyyət xeyli mürəkkəbdir. Trans-Xəzər qaz kəmərinin inşası ilə bağlı aparılan danışıqlar hələ heç bir nəticə verməyib və bu ilin yanvar ayının əvvəlindən Türkmənistan “mavi yanacağı”nın İran vasitəsilə Azərbaycana svop tədarükü dayandırılıb.

Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Sxinas Türkmənistana səfərindən sonra keçirdiyi brifinqdə trans-Xəzər qaz kəmərinin perspektivlərindən danışarkən qeyd edib ki, onun həyata keçirilməsi üçün kommersiya marağı və yeni satış bazarları lazımdır. Sirr deyil ki, Aşqabad uzun illərdir ki, Azərbaycan, Türkiyə, Gürcüstan və Aİ ilə trans-Xəzər kəmərinin (illik gücü 10-30 milyard kubmetr) inşasına dair müzakirələr aparır.

“Aİ Türkmənistan təbii qazının nəqli üçün səylərini necə gücləndirəcək?” sualına M.Sxinas belə cavab verib: “Aİ mövcud mənbələrdən ehtiyac duyduğumuz qədər enerji resurslarına sahib olmağımızı təmin etmək üçün enerji dayanıqlılığı yaradır”.

O vurğulayıb ki, Aİ ekoloji cəhətdən təmiz “yaşıl enerji”nin tərəfdarıdır.

Türkmənistandan Azərbaycana İran vasitəsilə svop qaz tədarükünə gəlincə, bu sxem 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişinə uyğun olaraq 2022-ci ilin yanvar ayından uğurla işləyib. Bu müqavilə ildə 1,5-2 milyard kubmetrədək qazın nəqlini nəzərdə tuturdu. 2022-ci il iyunun əvvəlində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Ovci Bakıda Anlaşma Memorandumu imzalayıblar.

Lakin bu ilin yanvar ayından svop tədarükü müvəqqəti olaraq dayandırılıb. Bakı ilə Aşqabad bu istiqamətdə razılığa gələrsə, bu tədarüklər bərpa olunacaq. Bu qərara nəyin səbəb olduğu hələ məlum deyil. Türkmənistan KİV-ləri xəbər yayıb, bu, enerji resursunun qiyməti ilə bağlıdır və tərəflər hələ bu məsələyə dair razılığa gələ bilməyiblər. Bildirilib, əvvəlki razılaşmaya əsasən, təbii qazın qiyməti 1000 kubmetr üçün təxminən 135-140 dollar idi. Görünən odur ki, Türkmənistan tərəfi “planka”nı yüksəltmək qərarına gəlib. Amma fevral ayında da vəziyyət dəyişməyib. Beləliklə, bu istiqamətdə müzakirələr davam edir.

Görünür, Aşqabad alternativ tapmaq qərarına gəlib və İran vasitəsilə Türkiyəyə təbii qaz ixrac etməyi təklif edir. Bu məsələ dekabrın 6-da Aşqabadda Türkmənistan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası zamanı müzakirə olunub. Daha sonra BOTAŞ (Türkiyə) və “Turkmengaz” (Türkmənistan) dövlət qaz şirkətlərinin nümayəndələri arasında marşrutun istiqaməti göstərilmədən (İran və ya Azərbaycan vasitəsilə) danışıqlar aparılıb.

“Tərəflər Türkmənistan qazının Türkiyəyə və daha sonra dünya bazarlarına çıxarılması imkanlarını müzakirə ediblər. BOTAŞ-ın rəhbəri Əbdülvahid Fidan bu məqsədə çatmaq üçün Türkmənistan tərəfinə hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib”, - BOTAŞ bu görüşün nəticələri barədə məlumat verib. Amma danışıqların konkret təfərrüatları barədə açıqlama verilməyib.

 

Bir güllə ilə iki dovşan vurmaq

Türkmənistan qazının İran ərazisindən Türkiyəyə nəqli məsələsi hələ də müzakirə səviyyəsində olsa da, rəsmi Vaşinqton bununla bağlı mövqeyini bildirib. ABŞ-nin İran üzərindən tranzitə necə reaksiya verəcəyinə gəlincə, bu ölkənin Türkmənistandakı səfiri Metyu Klimou deyib ki, bu, bir çox amillərdən asılıdır: “Məsələn, təbii qazın İran vasitəsilə svop yolu ilə Azərbaycana ötürülməsi sanksiyaları pozmur. Bu məsələ müqavilənin necə hazırlanacağından asılı olacaq”.

Onun sözlərinə görə, Türkmənistanın Qərb, Şərq və Cənub istiqamətində neft və ya təbii qaz tədarükünü şaxələndirmək niyyəti çox müdrik qərardır.

Eyni zamanda səfir Avropa ölkələrinin marağı nəzərə alınmaqla trans-Xəzər qaz kəmərinin inşası ideyasını müsbət qiymətləndirib: “Hesab edirəm ki, Xəzər dənizindən qaz kəmərinin çəkilməsi də çox müdrikdir. Texniki nöqteyi-nəzərindən bunun çəkilməsi böyük problem deyil. Belə bir layihənin həyata keçirilməsi üçün siyasi və iqtisadi hesablamalar aparılmalı, bu layihəyə Xəzər regionu ölkələrindən, Avropadan maraq olmalıdır”.

Azərbaycanlı ekspertlər Türkmənistan təbii qazının İran üzərindən svop tədarükü ilə bağlı danışıqları şərh edərkən bildiriblər ki, Bakı və Aşqabad arasında razılıq əldə olunmasa, o zaman Azərbaycan 2024-cü ildə Türkmənistan “mavi yanacağı” olmadan keçinə bilər. Onların fikirləri ilə razılaşmamaq mümkün deyil. 2024-cü ildə Azərbaycanda, ilk növbədə, “Ümid” və “Abşeron” qaz-kondensat yataqlarından daxili bazara əmtəəlik qaz tədarükünün həcmində əhəmiyyətli artımın proqnozlaşdırıldığını nəzərə alsaq, Türkmənistandan bu enerji resursunun idxalına ehtiyacın qalmayacağını söyləyə bilərik.

Qeyd edək ki, 2024-cü ildə “Ümid” yatağında illik qaz hasilatının həcminin 3 milyard kubmetr (2023-cü ildə təxminən 2 milyard) olacağı gözlənilir. “Abşeron” yatağında “mavi yanacaq” hasilatı bu il pik həddə çatacaq və 1,5 milyard kubmetr (2023-cü ildə 0,7 milyard) təşkil edəcək. Bu həcmlər Azərbaycanın digər yataqlarından tədarüklə yanaşı, daxili tələbatı tam ödəyəcək və Gürcüstanla bağlı müqavilə öhdəliklərini yerinə yetirəcək.

Bir sözlə, bu və ya digər marşrutun xeyrinə son seçimi Türkmənistan etməli olacaq. Bu seçim çox çətin olacaq. Belə ki, Aşqabad ya Azərbaycanla artıq müəyyən edilmiş svop qaz tədarükü sxeminə qayıtmalı, ya da sıfırdan Türkiyəyə İran vasitəsilə qaz tranzitini təşkil etməlidir. İkinci halda razılaşmalara tez bir zamanda olunması ehtimalı yoxdur. Bununla bağlı variantların müxtəlifliyi seçim problemini daha da çətinləşdirir. Əsas məsələ odur ki, bu proses “bir güllə ilə iki dovşan vurmağa” çevrilməsin.



MƏSLƏHƏT GÖR:

30