4 May 2024

Şənbə, 20:21

YOLGÖSTƏRƏN MƏQSƏD

Yaxın iki il ərzində azad edilmiş ərazilərdə yol inşası layihələrinin 90%-i tamamlanacaq

Müəllif:

01.03.2024

İyirmi ildən artıqdır ki, Azərbaycanda Rusiya, İran və Gürcüstan sərhədlərinə çıxışı olan müasir beynəlxalq avtomobil yollarının yaradılması üçün irimiqyaslı layihələrin icrasına başlanılıb. Bunun ardınca ölkədə rayonlararası və yerli əhəmiyyətli avtomobil yolları modernləşdirilib. 21 min kilometrdən çox yol salınıb və yenidən qurulub. Vətən müharibasində əldə etdiyimiz Qələbədən sonra isə yol inşası layihələri Qarabağ və Şərqi Zəngəzur regionuna yön alıb. İşğaldan azad edilmiş bölgələrimizdə körpülər inşa olunur, tunellər, magistrallar və digər yol infrastrukturu çəkilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qeyd edib ki, azad edilmiş ərazilərində yol layihələrinin əksəriyyəti 2025-ci ildə başa çatdırılacaq.

 

Keyfiyyət göstəricisi

2022-2023-cü illərdə geniş Avrasiya məkanında ənənəvi ticarət yolları əhəmiyyətli dərəcədə yenidən formatlaşdırılıb. Artıq üç ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsi və sonrakı sanksiyalar savaşı “Şimal” dəhlizinin beynəlxalq nəqliyyat və logistika marşrutu kimi əhəmiyyətini faktiki olaraq aradan qaldırıb. Bu, nəticədə, Avropa İttifaqı (Aİ) dövlətlərinin, həmçinin Mərkəzi Asiya ölkələrinin, Çin və Türkiyənin Qərb-Şərq vektoru üzrə yüklərin daşınması üçün alternativ marşrutlara marağını artırıb. Söhbət xüsusilə Orta Dəhlizdən gedir. Əslində, bir-biri ilə rəqabət aparan tərəflər qlobal ticarətin yeni problemlərinin həlli üçün optimal olan Azərbaycanın geniş nəqliyyat potensialından istifadə etməyə çalışırlar.

Milli Məclisdə andiçmə mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, son 20 ildə Azərbaycanda nəqliyyat sektorunda çox böyük işlər görülüb: “Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etmişik, həm Xəzər dənizində, həm dəmir yolu infrastrukturunda, həm avtomobil yolları, həm dəniz limanı, gəmiqayırma zavodu, hansı ki, bu gün tam gücü ilə işləyir. İlk dəfə olaraq, o zavod işə salınanda sifarişlər onu 100 faiz işlə təmin edib. Səkkiz beynəlxalq aeroportumuz var, doqquzuncu Laçında inşa edilir”.

Həqiqətən, Azərbaycanda nəqliyyat infrastrukturunun inkişaf tempi və miqyası dərin təəssürat yaradır. Avtomobil yollarının inkişafı baxımından Azərbaycan bir sıra beynəlxalq maliyyə təşkilatlarının, reytinq agentliklərinin hesabatlarında dəfələrlə qeyd edilib və dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində olub. Belə ki, bir neçə il əvvəl Davos İqtisadi Forumunun hesabatında yol şəbəkəsinin keyfiyyətinə görə Azərbaycan bir çox postsovet ölkələrini, hətta dünyanın yüksək inkişaf etmiş ölkələrini də qabaqlayaraq dünyada 27-ci yeri tutub. Məsələn, beynəlxalq yükdaşımalarının Orta Dəhliz ölkələri zəncirinə keçməsi fonunda Mərkəzi Asiya dövlətləri hələ indi irimiqyaslı yol layihələrinə başlayır.

Bu məqamda qeyd edək ki, Azərbaycanda yol sektorunda bütün strateji layihələr indiki nəqliyyat bumundan daha əvvəl həyata keçirilib. Təxminən 10 il əvvəl Bakıdan Gürcüstanla dövlət sərhədinə qədər olan 508 kilometrlik İpək Yolu marşrutunun modernləşdirilməsi tamamilə başa çatdırılıb, 2018-ci ildə isə 204 kilometr uzunluğunda dördzolaqlı Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun inşası tamamlanaraq istifadəyə verilib. Ötən ilin oktyabrında isə H.Z.Tağıyev qəsəbəsindən Qubaya və Rusiya ilə sərhədə qədər olan 152 kilometrlik yeni avtomobil yolu istifadəyə verilib. Bu birinci kateqoriya sürətli avtomobil yolu ödənişli rejimdə işləyir.

 

Rekord statistika

Artıq qeyd etdiyimiz kimi, 20 il ərzində ölkədə 21 min kilometrə yaxın yol inşa edilib, yenidən qurulub və təmir edilib. AAYDA-nın məlumatına görə, əgər 2003-cü ildə birinci texniki dərəcəli yolların uzunluğu 115 kilometr idisə, hazırda bu rəqəm 1025 kilometrə çatıb.

Beynəlxalq əhəmiyyətli əsas avtomobil yollarının inşası faktiki başa çatdıqdan sonra ən mühüm inkişaf tendensiyası rayonlararası avtomobil yollarının və regionlarda yolların yenidən qurulması olub. 2003-cü ildən 2023-cü ilədək 6,2 milyon əhalinin yaşadığı 2210 yaşayış məntəqəsini birləşdirən 5100 kilometr rayondaxili avtomobil yolları inşa edilib və yenidən qurulub. Bundan başqa, 500-ə yaxın yeni körpü və yol qovşağı tikilib, onlarla yeni yol tuneli salınıb, yüzə yaxın belə obyekt əsaslı şəkildə yenidən qurulub.

Qeyd etmək lazımdır ki, neft böhranı zamanı yol tikintisinin tempinin bir qədər aşağı düşməsindən sonra 2019-2023-cü illərdə yolların inkişafına dövlət investisiyaları yenidən artıb və yüksək göstəricilər bu gün də qorunub saxlanılır.

“2024-cü ilin ikinci yarısında Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması başa çatacaq. Artıq Bakı-Quba hissəsində yolun təxminən 45%-i təmir olunub. Bu yay son tamamlama işləri aparılacaq, bundan sonra yol istifadəyə veriləcək”, - S.Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, 2025-ci ilin mart ayına kimi Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda görülən işlər yekunlaşacaq. Muğanlı dairəsindən Qəbələyə doğru 4 zolaqlı yol çəkiləcək. Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədinin Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsində 130 kilometrlik hissəsinin dörd zolağa qədər genişləndirilməsi layihəsi yekunlaşmaq üzrədir. Bu magistral Böyük İpək Yolunun beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olmaqla Avropa ilə Asiya arasında beynəlxalq və ölkədaxili avtomobil yükdaşımalarının artırılmasında mühüm rol oynayacaq.

 

Bütün yollar Qarabağa aparır

Hazırda işğaldan azad edilmiş ərazilərdə çətin dağlıq ərazidə iyirmiyə yaxın yol-nəqliyyat layihəsi üzrə işlər aparılır. 2020-ci ilin sonundan burada uzunluğu təxminən 2,2 min kilometr olan körpülər, tunellər və digər yol infrastrukturu tikilib. Yeri gəlmişkən, tamamlanmaq üzrə olan 33 tunelin ümumi uzunluğu 50 kilometrdən çoxdur. Bundan başqa, bu regionda 84 körpü də tikilir. Artıq yolların 2/3 hissəsi və mühəndis tikililəri hazırdır, daha bir neçə hissədə isə intensiv işlər aparılır.

“Hazırda işğaldan azad edilmiş ərazilərdə 16 yol layihəsi həyata keçirilir. Onlardan üçünün - Bərdə-Ağdam, Hadrut-Füzuli yolları, eləcə də Zəfər yolunun inşası başa çatıb”, - S.Məmmədov qeyd edib.

O əlavə edib ki, digər layihələr üzrə işlər sürətlə davam edir və 70%-dən çox tamamlanıb: “Qarabağda və Şərqi Zəngəzurda yol inşasının təxminən 80-90%-nin 2024-cü ilin sonu 2025-ci ilin ortalarınadək başa çatdırılması planlaşdırılır”.

Beləliklə, yol tikintisi vektoru bu gün Şərqi Zəngəzur iqtisadi rayonuna yönəlib. Bu regionun Orta Dəhlizin vacib komponentinə çevrilməsi nəzərdə tutulub. Bununla əlaqədar burada uzunluğu 123,5 kilometr olan birinci texniki dərəcəli Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun inşası başa çatdırılır. Yolun bir hissəsi altı, digəri isə dörd hərəkət zolağından ibarətdir. Bu marşrut üzrə ümumi işlərin 5/6-dən çoxu artıq yerinə yetirilib.

Zəngilan, Qubadlı və Laçın rayonlarının 30-dan çox yaşayış məntəqəsini əhatə edən 56,4 kilometr uzunluğunda Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun, həmçinin Xanlıqdan Qubadlı şəhərinə uzanan 14 kilometrlik yolun inşası sürətlə davam etdirilir. Kəlbəcərlə Laçın arasında 23 körpü və 17 tuneldən ibarət dağ avtomobil yolu (75,8 kilometr) inşa olunur. Yeddi tuneldə artıq qazma işləri başa çatdırılıb və daxili infrastruktur yaradılır. Yeni yol bu iki rayonun bir çox yaşayış məntəqələri ilə, eləcə də Laçın Beynəlxalq Hava Limanı ilə rahat əlaqəni təmin edəcək.

Toğanalı-Kəlbəcər-İstisu yolunda (82 kilometr) çox mürəkkəb mühəndislik işləri həyata keçirilir. Belə ki, Murovdağ silsiləsində dünyanın ən uzun tunellərindən birinin inşası planlaşdırılır. Bu günə qədər tunelin 14 kilometrlik hissəsi artıq qazılıb. Bu, layihənin demək olar ki, yarısı deməkdir.

Daha əvvəl Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər (80 kilometr), Ağdərə-Ağdam (35,5 kilometr) və s. avtomobil yollarının yenidən qurulmasına başlanılıb. Bu il həmçinin Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa (34 kilometr), Tərtər-Ağdərə (24,2 kilometr) və Füzuli-Xocavənd-Ağdam (55,7 kilometr) avtomobil yollarının bərpası nəzərdə tutulub.

Beləliklə, sadalanan layihələr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı tədbirlər planına daxil edilib. Buraya Ağdamda (təxminən 190 kilometr) şəhərdaxili yolların inşası da daxildir. Onlar 2, 4, 6 və 8 zolaqdan ibarət olacaq və bu avtomobil yollarının inşasının 2026-cı ildə tamamlanacağı gözlənilir.

I Dövlət Proqramı çərçivəsində Avtomobil Yolları Dövlət Agentliyi və onun tərəfdaş podratçıları 2022-2026-cı illərdə 20 layihənin (ümumi uzunluğu 2229 kilometr) həyata keçirilməsi öhdəliyi götürüb. Buraya Laçın rayonunda beynəlxalq hava limanının tikintisi ilə bağlı qazma, partlayış və torpaq işləri daxildir.

Son üç ildə hökumət Qarabağ regionunda yolların inşası və digər nəqliyyat layihələrinin icrasını sürətlə davam etdirir. Bu səylər 2024-2026-cı illərdə də davam etdiriləcək. Azad edilmiş ərazilərin bərpası və dirçəldilməsinin ikinci mərhələsində 10,5 milyard manata qədər büdcə vəsaiti isə əsasən mənzil tikintisinə və 35 minə yaxın ailənin qayıtması üçün lazımi şəraitin yaradılmasına yönəldiləcək. Məhz inkişaf etmiş yol şəbəkəsinin olması şəhər və kəndlərin abadlaşdırılması, burada sənaye və kənd təsərrüfatı klasterlərinin və ixrac istehsalının yaradılması üçün əsas şərtdir.



MƏSLƏHƏT GÖR:

23