16 May 2024

Cümə axşamı, 18:07

DOSTLUQ… KİMƏ QARŞI?

Azərbaycanofobiya Qərbin Ermənistanla bağlı son dərəcə təhlükəli ssenarisinin təzahürüdür

Müəllif:

01.03.2024

Bu gün ikili standartlar bir sıra beynəlxalq institut üçün adi hala çevrilib və təəssüf ki, bu mənada Avropa İttifaqı da istisna deyil. Bunu almaniyalı parlamentarilərdən ibarət nümayəndə heyəti ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də dilə gətirib.

Dövlət başçısı bildirib ki, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin qeyri-adekvat bəyanatları Azərbaycanda ciddi məyusluq yaradır. Çünki onun dedikləri reallığı əks etdirmir və beynəlxalq hüququn normaları ilə ziddiyyət təşkil edir. Bakı Borrelin fikirlərini öz ünvanına örtülü hədə kimi qiymətləndirir. Belə ki, Borrel Azərbaycanın Ermənistana hücum edəcəyi təqdirdə bunun acı nəticələri ilə qarşılaşacağını bildirib.

Bəs Borrel Azərbaycanın Ermənistana hücum etməyə hazırlaşdığı xəbərini haradan əldə edib? «Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir», - deyə İlham Əliyev qeyd edib.

Dövlət başçısı son dərəcə vacib mövzuya toxunub. Guya «iztirablı Ermənistana hücum etmək» planı olan mifik «Azərbaycan təhdidi» mövzusu Qərb mətbuatının gündəmindən düşmür. Bu nədir? Sadə isterika? Yoxsa söhbət düşünülmüş kampaniyadan gedir?

 

İsterika, yoxsa informasiya fonu?

Açıq desək, Avropada Azərbaycan əleyhinə fikirlərlə daim rastlaşırıq. İndi isə Azərbaycanofobiya özünü son dərəcə təhlükəli ssenarinin təzahürü kimi göstərir. Ən azı Qərbin müəyyən dairələri praktik olaraq, Ermənistanı Bakı ilə yeni hərbi qarşıdurmaya təhrik edir.

Bu «strategiya»nın bir çox «əsas»ı var. Hansısa dairələr sadəcə, Azərbaycanın Qarabağda qazandığı qələbəni həzm edə bilmir. Kimlərsə münaqişə ilə manipulyasiya etmək şansını itirmək istəmir və demək, Bakı-İrəvan qarşıdurmasını «işlək vəziyyətdə» saxlamaq lazımdır. Bunun üçün isə Ermənistan yeni təcavüzə sövq edilməli, amma bu elə həyata keçirilməlidir ki, günah Azərbaycanın üzərinə qoyulsun. Nəhayət, İrəvanın Moskvadan incikliyindən yararlanaraq, Ermənistanı Rusiyanın forpostundan onun əleyhdarına çevirmək istəyənlər var.

Bəs Ermənistan Rusiyadan «qopmaq» qərarında nə qədər ciddidir və İrəvanın Moskvadan mövcud asılılığı şəraitində bu, nə dərəcədə mümkündür? Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiya sərhədçiləri qoruyur və İrəvan bu vəziyyəti tezliklə dəyişmək üçün çətin ki, lazımi resurslara malik olsun. Üstəlik, hələ Azərbaycanla yeni sərhədlərin müəyyənləşdirilməsi məsələsi də var.

Türkiyə istiqamətində Ermənistanın təhlükəsizliyinə Rusiyanın Gümrüdəki hərbi bazası cavabdehdir. Ermənistanla Rusiyanın birgə quru qoşunları qrupu və vahid hava hücumundan müdafiə sistemi də var. Təcrübədə bu, Ermənistanın hava məkanının da Rusiya tərəfindən qorunduğu deməkdir. Eyni şey Ermənistanın dəmir yollarına da aiddir. Ölkənin dəmir yolları şəbəkəsi Rusiyanın Dəmir Yolları İdarəsinin konsessiyasındadır. Yəni Ermənistanın zərərlə işləyən dəmir yollarını işlək vəziyyətdə saxlayan yenə də Rusiyadır. Nəhayət, İrəvan Moskvadan enerji daşıyıcılarını rusiyadaxili qiymətlərlə alır…

Amma bütün bunlar Nikol Paşinyanın mütəmadi olaraq Rusiya əleyhinə səs-küylü bəyanatlar verməsinə, eyni zamanda qərbpərəst mövqedən çıxış etməsinə mane olmur. Bunun qarşılığında isə Qərb siyasətçiləri fədakarcasına ermənilərin oyunlarında iştirak etməyə çalışırlar. Belə bir vəziyyətdə xarici KİV-də müşahidə olunan anti-Azərbaycan isteriyasının öz məqsədləri var – informasiya fonunun yaradılması və auditoriyada «qəddar azərbaycanlılar»ın bu gün-sabah müdafiəsiz Ermənistana hücum edəcəyi fikrinin formalaşdırılması. Demək, «sivil dünya», yəni Qərb sadəcə, Ermənistana kömək etməyə borcludur. Əks halda Ukrayna müharibəsi də nəzərə alınarsa, Qərb ictimaiyyətini Ermənistana yardımın vacibliyinə inandırmaq mümkün olmayacaq. İctimai rəy açıq təxribatlara məhz bu yolla hazırlanır.

Qərb mətbuatında, ilk növbədə, Fransa mediasında artıq mümkün ssenari belə, müzakirə edilib. Bu, Azərbaycana sürətli hücumun edilməsi və ən azı sərhəd boyu bir neçə strateji yüksəkliyin ələ keçirilməsidir. Əlbəttə, bu, vəziyyəti 2020-ci ilin sentyabrındakı duruma qaytarmayacaq, lakin artıq Ermənistan tərəfindən güc tətbiqi sayılacaq.  Silsilə hərbi məğlubiyyətlərdən, həmçinin yalvarış və göz yaşları içərisindəki isterikaya rəğmən, Rusiyanın köməyə gəlməməsindən sonra belə əməliyyat Ermənistanda Qərbin nüfuzunu möhkəmləndirərdi.

Bəs görəsən bu ssenarini hansı güclə reallaşdıracaqlarmış? Məlum deyil. Mütəxəssislər bildirir ki, Azərbaycan Ermənistan üzərində hərbi üstünlüyü hələ 2010-cu illərin ortalarında ələ alıb. Amma bu, ekspertlərin istər 2016-cı ilin aprel döyüşləri, istərsə də 44 günlük müharibə ərəfəsində «münaqişənin hərbi yolla həllinin olmadığını» söyləməsinə mane olmurdu. Yəni guya Azərbaycan Qarabağı hərbi yolla geri qaytara bilməzmiş.

Ermənistanda isə 2020-ci ilin payızının əvvəllərində əmin idilər ki, onlar ötən əsrin doxsanıncı illərində gerçəkləşdirdikləri ssenarini indi də xüsusi çətinlik çəkmədən təkrarlaya bilərlər. Qeyd olunmalıdır ki, 44 günlük savaşda darmadağın olduqdan sonra belə, İrəvanın strateqləri Qarabağda 15 minlik hərbi qrup saxlayaraq, revanş planları qururdu. Odur ki, bu gün İrəvanın mövcud qüvvələr nisbətini nə qədər obyektiv, adekvat qiymətləndirdiyi böyük sual altındadır.

Amma söhbət yalnız İrəvanın nə qədər yanıldığından getmir. Qərb də revanşistləri dəstəkləməyə hazırdır. Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə bu yaxınlarda etdiyi qalmaqallı səfər bunu bir daha təsdiqləyib.

 

Makron Paşinyanı necə alçaltdı?

Nəzəri baxımdan bu səfər Nikol Paşinyanın «Fransa zəfəri» olmalı idi. Yelisey sarayında qəbul, təbəssümlə qarşılama, çiyinə atılan əl, dəstək ifadələri, nəhayət, Misak Manuşyanın qalıqlarının Paris Panteonunda «erməni tütəyi»nin müşayiəti ilə təkrar dəfni, əlbəttə ki, dərin təəssürat yaradırdı. Paris müdafiə naziri Sebastyan Lekornyunu İrəvana səfərə də göndərib.

Lakin bu səfər zamanı son dərəcə maraqlı hadisə yaşanıb. Yelisey sarayındakı təntənəli şama Emmanuel Makron Fransanın Erməni Təşkilatlarının Koordinasiya Şurasının sədri, Fransa daşnaklarının lideri Murad Papazyanla onun müavini Ara Toranyanı da dəvət edib. Maraqlı məqam ondan ibarətdir ki, Papazyan və erməni diasporunun bir sıra digər rəhbərlərinin Ermənistana girişi hələ 2022-ci ildə qadağan olunub. İrəvan onlara Paşinyan əleyhinə keçirdikləri silsilə etiraz aksiyalarını bağışlamır. Doğrudur, Papazyan Ermənistanda persona non-qrata elan olunması ilə bağlı qərarı məhkəmə yolu ilə ləğv etdirməyi bacarıb, amma hökumət məhkəmənin bu qərarına etirazını bildirib. Bir sözlə, Papazyanın Paşinyanla təntənəli ziyafətə dəvət olunması baş nazirin alçaldılmasıdır. Üstəlik, Paşinyanla Papazyan arasında diskussiyanın təşəbbüskarı kimi də çıxış edən Makron sonda baş nazirin diaspor liderinə Ermənistana buraxılacağına dair zəmanət verməsinə də nail olub.

İlk baxışdan, Fransa prezidenti ölkəsinin erməni icmasının rəhbərliyini Ermənistan hakimiyyətilə barışdırmağa çalışır. Reallıqda isə məqsəd tam fərqlidir. Makron Paşinyanı daşnaklarla «barışdıraraq», erməni revanşistlərin vahid cəbhəsini yaratmaq istəyir. Bəs onların başında hazırkı baş nazir dayanacaq, yoxsa Paris onu «öz namizədi» ilə dəyişməyə çalışacaq? Bunu zaman göstərəcək. Fransa müstəmləkələrinin nazı ilə oynamağa vərdiş etməyib, Ermənistanı isə Parisdə məhz bu gözdə görürlər. Doğrudur, bütün bunları Ermənistanın daxili problemləri və ya şəxsən Paşinyan üçün başağrısı kimi qəbul etmək olardı. Amma revanşistlərə «stavka» edilməsi Ermənistanın yeni müharibə hazırlığının tərkib hissəsidirsə, vəziyyət dəyişir.

 

Sülh istəyən kimdir, müharibəyə hazırlaşan kim?

«Sülh istəyirsənsə, müharibəyə hazır ol» fikri qədim dövrlərdən məşhurdur və onun nə qədər ədalətli və aktual olduğu dəfələrlə təsdiqlənib. Amma müharibəyə hazırlaşanların heç də hamısının sülh istəmədiyinə şübhə yoxdur. Makron İrəvanı dəstəkləməsində məqsədin eskalasiyaya yol verilməməsi olduğunu nə qədər istəsə bəyan edə bilər. Reallıqda regionda gərginliyi məhz Ermənistanla Fransanın hərbi əməkdaşlığı artırır. Fransa artıq İrəvana 50-dək təkərli «Bastion» zirehli maşını verib. Növbədə Fransa lisenziyası ilə Hindistanda istehsal edilmiş artilleriya qurğularıdır. Bundan başqa, Paris Ermənistana hərbçilərin, o cümlədən piyadaların və dağ qoşunlarının hazırlanmasında da yardım vəd edir.

Son məqam irəvanlı blogerlər tərəfindən istehzalı şərhlərlə qarşılanıb, çünki Fransa son illərdə qalib gəldiyi müharibələrlə öyünə biləcək dövlət deyil. Xüsusilə dağlarda döyüşmək tələb olunarsa. Amma burada hərbi yardım faktının özü deyil, prosesdə iştirak edən tərəflər vacibdir. İrəvanda əmindirlər ki, lazım gələcəyi təqdirdə Fransa, Avropa İttifaqı və bütün sivil dünya kömək edəcək.

Bütün bu təxribatların nəticəsi özünü Azərbaycanla Ermənistanın şərti sərhədində göstərməyə başlayıb. Aylardır sakitliyin hökm sürdüyü bu bölgədə yenidən atəş səsləri eşidilməyə başlayıb. Fevralın 12-də bu gərginlik pik həddə çatıb – Zəngilan istiqamətində Azərbaycanın sərhəd postu atəşə tutulub və nəticədə Dövlət Sərhəd Xidmətinin hərbçisi ağır yaralanıb. Ondan sonra sərhəddən mütəmadi olaraq atəş xəbərləri gəlir. Azərbaycan təxribata uymur və eyni cür cavab vermir. Lakin Bakının səbri tükənməz deyil. Bir daha qeyd edək ki, tərəflərin hərbi potensialı arasında fərq çoxdur və bu fərq heç də Ermənistanın xeyrinə deyil. Bu o Ermənistandır ki, rəhbərləri başqalarının uzun illərdir onlardan siyasi alət kimi istifadə etməsinə imkan verir. XIX əsrin sonu, XX əsrin əvvəllərində Antanta ölkələri «erməni kartı»ndan Osmanlı imperiyasına qarşı istifadə etmişdilər. Bu gün isə Ermənistan Rusiyaya qarşı ikinci cəbhənin açılması üçün platforma rolu oynamağa hazırdır. Belə bir şəraitdə Paşinyanın KTMT əleyhinə sərt bəyanatının Fransanın Cənubi Qafqazdakı «oyunları» ilə eyni vaxta təsadüf etməsi də qəribədir.

İtənilən halda, İrəvan unutmamalıdır ki, yüz il əvvəl hadisələr düşünülmüş ssenari üzrə getmədiyi anda xarici himayədarları onu asanlıqla «satmışdı».



MƏSLƏHƏT GÖR:

28