6 May 2024

Bazar ertəsi, 12:29

PUÇ OLAN ÜMİDLƏR

Münxendə yeni danışıqlar formatı və Ermənistanın keçmişdə «ilişib qalmış» strategiyası

Müəllif:

01.03.2024

Münhen Təhlükəsizlik Konfransı başa çatdı. Ermənistanın baş naziri Nikol Paşinyanın bəxti onda gətirdi ki, bu dəfə o, Azərbaycan Prezidenti İlham Əliyev ilə debata çıxmalı olmadı. Münhendə Ermənistan-Azərbaycan mövzusunda baş vermiş əsas hadisə isə əlbəttə ki, İlham Əliyev ilə Nikol Paşinyanın Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə bir araya gəlmələri oldu. Görüşdə sanki nəticə də əldə olundu: danışıqların davam etdirilməsi, sülh müqaviləsinin hazırlanması üçün XİN başçılarının görüşməsi. Amma…

 

«Diplomatik dönüş»

Münhen görüşünün nəticəsinin Azərbaycanın xeyrinə olduğuna heç bir şübhə yoxdur. Danışıqlar prosesindən Fransa Prezidenti Emmanuel Makron qəti şəkildə uzaqlaşdırılsa da, prosesin tam əsaslı olaraq, «Avropa meydançası»nda getdiyini söyləmək olar.

Bundan başqa, Azərbaycanın dövlət başçısı ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdə Minsk qrupunun rəsmən buraxılması məsələsinin qoyulmasının vacibliyini bildirib. Üstəlik, Bakı Qranada danışıqlarının nəticələrinin sıfırlandığını da bəyan edib. Xatırladaq ki, Bakı həmin görüşə qərəzli mövqedən çıxış edən Makronun orada iştirak etməsi səbəbilə qatılmamışdı. İlham Əliyev o zaman Azərbaycanın şərtini kifayət qədər konkret açıqlamışdı: ya Makron danışıqlara qatılmayacaq, ya da görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Şərt qəbul olunmamış, nəticədə Azərbaycan Qranada görüşündə iştirakdan imtina etmişdi.

Bununla yanaşı, Qranadada Qarabağda bağlı qəbul olunmuş bəyanat Avropa İttifaqının vasitəçiliyini böyük sual altına qoymuş, Bakı birtərəfli şəkildə qəbul edilmiş sənədi imzalamaqdan təbii ki, qəti şəkildə imtina etmişdi.

Belə bir vəziyyətdə Münhen görüşü artıq yeni formatdır. Almaniya kansleri ev sahibi kimi, danışıqların ilkin mərhələsində iştirak edib. Daha sonra müzakirələr ikitərəfli formatda davam etdirilib: Əliyev-Paşinyan. Yəni danışıqlarda hər hansı vasitəçi iştirak etməyib ki, Azərbaycan Prezidentinin tələbi də məhz bu idi. Odur ki, nəticənin cüzi olmasına baxmayaraq, Azərbaycan tərəfi onu öz aktivinə yaza bilər.

 

Toplar susmayanda

Ekspertlər hesab edirlər ki, Münhen konfransının hansı şəraitdə keçirildiyi nəzərə alınarsa, orada danışıqların baş tutması faktının özü böyük nailiyyət sayılmalıdır. Xatırladaq ki, Ermənistan fevralın 12-də Azərbaycanla şərti sərhədində növbəti təxribata əl atmışdı. Ermənistan snayperi Azərbaycan sərhədçisini ağır yaralamışdı. Cavabında Azərbaycan Ordusu «Qisas» əməliyyatı keçirmiş, atəşin açıldığı erməni postu darmadağın edilmişdi. Nəticədə İrəvan 4 hərbçisinin həyatını itirdiyini rəsmən açıqlamışdı.

Doğrudur, sərhəddə insidentlər əvvəllər də olub. Lakin son aylarda belə hallara rast gəlinmirdi. Çünki həm Azərbaycan, həm də Ermənistan qoşunlarını yavaş-yavaş sərhəddən geri çəkirdi. Üçüncü ölkələrin ekspertləri də miqyaslı müharibə təhlükəsi görmür, Avropa İttifaqının mülki monitorinq missiyasının üzvləri isə razı halda müsahibələr verirdi: guya pis Azərbaycan iztirablı Ermənistana onların sayəsində hücum etmir.

Lakin sərhəddə baş vermiş son dramatik hadisələr bu idilliyanı tamamilə dağıdıb. Jozep Borrel kimi şəxslər Azərbaycanın cavabının «qeyri-proporsional» adlandırsa da, ilk atəşin «iztirablılar» tərəfindən açıldığını gizlətmək mümkün olmayıb. Üstəlik, Bakı təxribatın heç də təsadüf olmadığını, İrəvanın «sürətli hücum» planı qurduğunu bəyan edib. Azərbaycanlı ekspertlər fransalı generalın Ermənistan tərəfdən şərti sərhədə gəlişini, həmçinin Ermənistandan Azərbaycan ərazisinə qeyri-qanuni yolla keçmiş Çexiya vətəndaşının saxlanılmasını məhz bu planla əlaqələndirir. Rəsmi versiyaya görə, guya o, alpinistdir və sadəcə, dağlarda azıb. Bu halda sual yaranır: bu «alpinist» erməni postlarından necə yayınıb və minalı əraziləri necə keçib?!

 

Niyə «Yerkrapa»?

İnsidentdən sonra İrəvan dünyasını dəyişmiş 4 nəfərin «Yerkrapa» Könüllülər Birliyinin üzvləri olduğunu bəyan edib. Söhbət Qarabağda döyüşmüş şəxslərin bir araya gəldiyi təşkilatdan gedir. Sərhəddə hərbi xidmət çəkməyə əsgərin tapılmaması, bu işin könüllü təşkilatının yaşlı üzvlərinə tapşırılması Ermənistandakı demoqrafik böhranın daha bir göstəricisidir. Amma bu, onların daxili işidir. Təhlükəli olan başqa məqamdır. Ermənistanın baş naziri özünü «sülh göyərçini» kimi göstərir və sanki Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını vəd edir (doğrudur, iş vəd verməkdən o tərəfə keçmir). Reallıqda isə İrəvanda revanş planları davam edir.

Əlbəttə, Ermənistan hərb meydanında necə darmadağın edildiyini unutmayıb. Lakin düşünürlər ki, birincisi, Azərbaycan hələ ki, azad etdiyi ərazilərdə tam möhkəmlənə, müdafiə istehkamları qura, hərbi infrastruktur yarada bilməyib və s. İkincisi, görünür, onlar özlərini 2020-ci ilin payızındakı müharibə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirlərinin Azərbaycanın hərbi resruslarını xeyli azaltdığına inandırmağa çalışırlar.

Hər bir halda, sərhəddə «Yerkrapa» könüllülərinin peyda olması təsadüf deyil. Onlar Ermənistanda döyüş qabiliyyəti ən yüksək olmuş və olan kontingent sayılır, ölkənin doxsanıncı illərin əvvəllərində əldə etdiyi hərbi uğurlar da onların adına yazılır. Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş bu «könüllü»lər Ermənistanda hələ də döyüş qabiliyyətinə malik güc sayılır və onlar sərhəd yaxınlığında o zaman peyda olurlar ki, ortada yeni ərazi işğalı ssenarisi olmur. Bir sözlə, «Yerkrapa»nın Azərbaycanla sərhəddə peyda olması yalnız bir şeydən xəbər verir – ermənilərin ərazi ələ keçirmək planı var.

 

İrəvanın dağılmış planları

Münhen Təhlükəsizlik Konfransı və konfrans çərçivəsində keçirilməsi nəzərdə tutulmuş Əliyev-Şolts-Paşinyan görüşü ərəfəsində sərhəddə təxribata əl atılması yəqin ki, gözlənilməz deyildi. Paşinyan oraya bir çox üstünlüklə yollanmaq istəyirdi. Kiçik də olsa, yeni ərazilərin ələ keçirilməsi Ermənistanı məğlub tərəf damğasından xilas edəcək, ona danışıqlar masasına «yumruq çırpmaq» imkanı yaradacaqdı. İrəvanda ümid edirdilər ki, sərhəddə hərbi əməliyyat «Avropanın dəstəyi»ni də stimullaşdıracaq və ortaya qoyacaq.

Amma bu planlar puç olub və İrəvanın ən yaxın dostları belə, bu məsələdə ona dəstək verməyə tələsməyib. Avropanın müşahidə missiyası belə, yumşaq desək, etibardan düşüb. Odur ki, Paşinyan sərhəddə hərbi fəallığı dayandırmaq, konfransa ciddi gözləntilər olmadan yollanmaq məcburiyyətində qalıb.

Münhendə isə İrəvanın ağlından belə, keçirmədikləri baş verib. Məlum olub ki, Azərbaycan-ABŞ münasibətlərində heç bir «dərin böhran» yoxdur, Bakı Qərbdən qətiyyən üz döndərməyib. Prezident İlham Əliyev 2 gündə dövlət və hökumət başçıları, maliyyə mərkəzləri və beynəlxalq korporasiyaların rəhbərləri ilə 24 görüş keçirib. Daha 10 görüş yalnız fiziki olaraq, vaxt çatmadığı üçün baş tutmayıb. Üstəlik, görüşlərin hamısı qarşı tərəflərin xahişi və təşəbbüsü ilə keçirilib. Azərbaycan-ABŞ danışıqlarında qarşılıqlı münasibətlərin normallaşdırılması istiqamətində addım atılıb. Bununla yanaşı, Bakı onunla münasibətlərə Ermənistanla münasibət prizmasından baxılmamasının vacibliyini vurğulayır.

Paşinyana gəlincə, o, Münhendən sonra Parisə səfər edib və orada Makronun növbəti dəstək vədlərini dinləyib. Lakin hər kəs yaxşı anlayır ki, Fransa bel bağlanacaq dövlət deyil. Bu isə İrəvan üçün ciddi problemə çevrilə bilər.



MƏSLƏHƏT GÖR:

27