20 May 2024

Bazar ertəsi, 08:03

EHTİRASLAR YANĞINI

Hadisələrin arzulanmaz istiqamətdə inkişafı Yaxın Şərqdə «böyük yanğın»a səbəb ola bilər

Müəllif:

15.03.2024

Yaxın Şərqdə münaqişənin sonu hələ ki görünmür. SAXAL ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınan HƏMAS radikal islam qruplaşmasının İsrailə oktyabrın 7-də təşkil etdiyi miqyaslı hücumdan sonra Qəzza sektorunda başlatdığı hərbi əməliyyatları davam etdirir. Artıq aylardır ki, sektora miqyaslı raket zərbələri endirilir, eyni zamanda, yerüstü hərbi əməliyyatlar aparılır.

 

Həyat böhranı

Müxtəlif məlumatlara görə, ötən dövr ərzində münaqişədə ölənlərin sayı 30 minə çatıb, 72 mindən artıq insan xəsarət alıb. Bununla yanaşı, Qəzzanın dinc sakinləri son dərəcə ciddi humanitar böhran nəticəsində də həyatlarını itirirlər.

«Anadolu» agentliyinin fevralın 20-də anklav hökumətinin mətbuat xidmətinə istinadən yaydığı xəbərdə bildirilir ki, Qəzza sektorunu kütləvi aclıq gözləyir və bu, 700 mindən artıq insanın həyatına son qoya bilər. Digər mənbələr eyni səbəbdən 2 milyonadək insanın ölə biləcəyini deyir.

İsrail Fələstinin dinc əhalisi arasında kütləvi tələfatla bağlı sərt tənqidlərlə üzləşib ki, bu da təəccüblü deyil. Bəzi insidentlər isə vəziyyəti daha da ağırlaşdırır. Onlardan ən ciddisi fevralın sonunda onlarla Fələstinin BMT-nin yardımını əldə etməyə çalışan zaman basabasda ölməsidir. HƏMAS isə İsrail əsgərlərinin insanlara atəş də açdığını iddia edir. Təl-Əviv bu ittihamı rədd edərək bildirib ki, fələstinlilər israilli əsgərlərə bir neçə metr məsafəyədək yaxınlaşaraq, onlara «real təhlükə» yaradıblar, lakin hərbçilər onları güllələməyib.

Atəşlə bağlı məqamı kənara qoysaq belə, yaşananlar Qəzza sektorunda vəziyyətin nə qədər dəhşətli olduğunu göstərir. Humanitar yardım paylanmırmış – onu sadəcə, talan ediblər. Bu zaman isə kütləvi basabas yaranıb, yük maşınları insanları əzməyə başlayıb, xaotik atəş səsləri eşidilib. Üstəlik, güman ki, kütlənin arasında çox sayda uşaq da olub.

BMT Təhlükəsizlik Şurasının martın 2-də keçirdiyi iclasda Qəzza sektorunda mülki insanların və infrastrukturun təhlükəsizliyinin təmini üçün tədbirlər görülməsi tələbi irəli sürülüb: «Münaqişənin bütün tərəfləri beynəlxalq hüququn normalarına əməl etməlidir. Qəzza sektorunun mülki əhalisi humanitar yardımdan məhrum olmamalıdır».

BMT TŞ İsraili buraxılış məntəqələrini açıq saxlamağa, regiona humanitar yüklərin keçidini təmin etməyə də çağırıb. BMT-nin İnsan hüquqları üzrə ali komissarı Folker Tyurk bildirib ki, israillilərin Fələstin ərazisində yaşayış məntəqələri salması fələstinlilərin dövlət qurmaları perspektivini pisləşdirir. BMT-nin və digər mənbələrin məlumatına görə, 2023-cü ilin oktyabrınadək keçən 12 ayda İordan çayının qərb sahilində israillilərə məxsus daha 24,3 min yeni tikili peyda olub.

 

Memorandumla bağlı ziddiyyət

ABŞ-nin dövlət katibi Entoni Blinken İsrailin İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrində daha 3,3 min evin inşası planının Vaşinqtonu məyus etdiyini söyləyib.

Son zamanlar demokratlar Konqresdə Ağ Evə təzyiqləri artıraraq, İsrailə silah tədarükü məsələsindən təsir rıçaqı kimi istifadə olunmasını tələb edirlər. Onların fikrincə, Vaşinqton bu yolla İsraili Qəzza sektorunda apardığı hərbi əməliyyatların üsulunu dəyişməyə, humanitar böhranın aradan qaldırılması üçün əlavə addımlar atmağa məcbur edə bilər. Co Bayden administrasiyası da öz növbəsində, İsrailin əməllərindən narazılığını getdikcə daha sərt ifadə edir. Məsələn, bildirilir ki, israillilərin Rəfah şəhərinə (Qəzzanın hələ ki, İsrail əsgərlərinin girmədiyi son iri şəhəri) soxulması «güman ki, Baydenin bu yaxınlarda imzaladığı milli təhlükəsizlik memorandumu ilə ziddiyyət təşkil edəcək». Həmin sənəddə deyilir ki, ABŞ-dən hərbi yardım alan hər hansı dövlət ondan beynəlxalq hüququn normalarına uyğun istifadə ediləcəyinə «yazılı zəmanət verməlidir». Nəticədə, Ağ Ev Dövlət Departamenti və Pentaqondan İsrailə tədarük olunması planlaşdırılan və ya yaxın zamanlarda tədarük olunacaq bütün silahların siyahısını istəyib.

Demokrat senator Kris Van Xollen bildirib ki, ABŞ-nin qanunlarına və şərtlərinə əməl olunanadək, Bayden administrasiyası İsrailə silah satışını tam dayandırmalıdır. Qeyd edək ki, Təl-Əviv buna hazır olduğunu bildirir.

 

Humanitar liman

Baş verənlərin fonunda Qəzzaya humanitar yardımın çatdırılması üçün beynəlxalq səylər davam edir. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı və İordaniya Silahlı Qüvvələri Qəzza sektorunun şimal hissəsinə yardımın çatdırılması üçün birgə əməliyyat da keçirib. Belə ki, «C-130 Hercules» hərbi-nəqliyyat təyyarəsi isə bölgəyə 36,8 min ərzaq dəsti atılıb. Amma bu hadisə də faciəvi insidentsiz ötüşməyib – konteynerlərdən birinin paraşütü açılmayıb və o, insanların üzərinə düşüb. Nəticədə, aralarında uşaqların da olduğu ən azı 5 nəfər dünyasını dəyişib.

Bundan başqa, Avropa Komissiyası, Kipr, BƏƏ, ABŞ və Böyük Britaniya yardımın daşınması üçün dəniz dəhlizinin yaradılması təklifini dəstəkləyiblər. Mətbuat yazır ki, Birləşmiş Ştatlar bu məqsədlə sektor ərazisində müvəqqəti liman yaratmağı da düşünür. BƏƏ və Misir də hava ilə birgə humanitar əməliyyata başlayıblar. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə region ictimaiyyətini blokadanı zor gücünə yarmağa çağırıb.

Region dövlətləri kimi, ABŞ də hadisələrin arzulanmaz istiqamətdə inkişafının Yaxın Şərqdə «böyük yanğın»a səbəb ola biləcəyindən narahatdır. Son dərəcə kiçik bölgədə saysız-hesabsız geosiyasi oyunçuların maraqları toqquşursa, bu «yanğın»ın baş vermə ehtimalı kifayət qədər yüksəkdir.

 

Ziddiyyətlər seçkisi

Bu arada, ABŞ-də daxili siyasi ziddiyyətlər və getdikcə qızışan prezidentlik yarışı vəziyyəti qəlizləşdirir. Məsələn, Ağ Evə qayıtmağı hədəfləyən sabiq prezident Donald Trampın müttəfiqlərinin İsrailin yüksək vəzifəli şəxsləri ilə görüşdüklərinə dair məlumat yayılıb. Guya Trampın milli təhlükəsizlik məsələləri üzrə aparıcı məsləhətçisi Kit Kelloq bu günlərdə Təl-Əvivə səfər edib. Məlumatda bildirilir ki, o, Trampın qələbə qazanacağı təqdirdə, Qəzza zolağındakı müharibəyə necə yanaşacağını israillilərin nəzərinə çatdırıb. Bildirilir ki, Kelloq səfər çərçivəsində İsrailin strateji məsələlər naziri, baş nazir Binyamin Netanyahunun ən yaxın adamlarından olan Ron Demer və Knessetin spikeri Əmir Oxana ilə görüşüb.

Xatırladaq ki, İsraillə bir sıra ərəb dövləti arasında münasibətlərin normallaşmasını nəzərdə tutan «İbrahim razılaşması» məhz Trampın prezidentliyi dövründə imzalanıb. Bundan başqa, ABŞ-nin Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi, İsrailin Holan yüksəklikləri üzərində suverenliyinin tanınması da Trampın dövrünə təsadüf edib.

İsraildə də daxili ziddiyyətlər artır, baş nazir Netanyahu getdikcə daha ciddi təzyiqlərlə üzləşir. Bu günlərdə məlum olub ki, «Mahane Mamlahati» partiyasının rəhbəri, İsrailin fövqəladə naziri Beni Hants Birləşmiş Ştatların vitse-prezidenti Kamala Xarris, prezidentin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sallivan, Konqressin respublikaçılar və demokratlardan olan üzvləri, həmçinin ictimai əlaqələr üzrə Amerika-İsrail komitəsinin liderləri ilə görüşmək üçün Vaşinqtona yollanıb. Amma o, səfərini Netanyahu ilə razılaşdırmadan edib ki, bu da baş naziri çox qəzəbləndirib. Netanyahu Hantsın bu addımını «siyasi demarş» kimi qiymətləndirib.

Müxalifət lideri Yair Lapid isə Netanyahunun koalisiyasındakı qatı sağçılardan ayrılacağı təqdirdə hökumətə qoşulmağa hazır olduğunu deyir. Onun fikrincə, hazırda hərbi kabinetlə təhlükəsizlik üzrə daha iri kabinet arasında ziddiyyət var (əslində, Hantsın səfəri bunu təsdiqləyir). Bildirilir ki, sərt xəttin tərəfdarları olan Betsalel Smotriç və İtamar Ben-Qvir kimi ultrasağçıların daxil olduğu təhlükəsizlik kabineti mülki əhalini belə, Qəzza sektoruna humanitar yük daşıyan maşınların qarşısını kəsməyə çağırır. Gələcəyi ilə bağlı ciddi böhranla üz-üzə qalmış Netanyahu isə mövqeyindən çəkilmir. Baş nazir HƏMAS-a qarşı əməliyyatlar Rəfah da daxil olmaqla, bütün Qəzzada davam edəcəyini bildirir.

Bununla yanaşı, o, israilli zabitlərin martın 7-də keçirilən məzun günündə beynəlxalq təzyiqlərlə qarşı-qarşıya qaldıqlarını etiraf edib və xalqı birliyə çağırıb: «Biz məhz beynəlxalq təzyiqlərin gücləndiyi vaxt birləşməliyik. Biz müharibəni dayandırmaq istəyənlərə birlikdə müqavimət göstərməliyik».

Bu arada, Səudiyyə Ərəbistanının «Əş-Şark Əl-Ausat» nəşri İsrail hökumətinə yaxın mənbələrə istinadən maraqlı məlumat yayıb. Qəzetin yazdığına görə, Netanyahu Qəzza sektorunun qarşıdakı 10 ildə Təl-Əvivin nəzarətində saxlanılmasını planlaşdırır. Məqsəd onu İordan çayının qərb sahilinə bənzər bölgəyə çevirməkdir. Bunun üçün isə «HƏMAS-ın məhvi və alternativ hökumətin formalaşdırılması tələb olunur».

Yaxın perspektivə gəlincə, İsraillə HƏMAS arasında martın 4-də atəşkəs razılaşmasının əldə oluna biləcəyinə dair proqnozlar özünü doğrultmayıb. Amma bu istiqamətdə səylər davam dir. Müxtəlif mənbələrin məlumatına görə, Qətərlə Misir (İsrailə təsir rıçaqı olan bu dövlətlər fələstinli qaçqın axını ilə üz-üzə qalacaqlarından da narahatdırlar) ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ilə İsrailin kəşfiyyat xidməti «Mossad»ın rəhbəri arasında görüş təşkil ediblər. Görüş iştirakçıları çox ciddi adamlar olduğundan, bəlkə də hansısa nəticəyə ümid etmək olar.

Hələliksə Yaxın Şərqdə yaşananların nə ilə bitəcəyini heç kim təsəvvür etmir. Bəzi analitiklər bu böhranı artıq ABŞ-nin regiona əvvəlki təsir gücünün olmaması ilə əlaqələndirir. Eyni zamanda İran, Çin, Rusiya, Türkiyə və Fars körfəzinin monarxiyaları ya ayrı-ayrılıqda, ya da birlikdə ABŞ-ni əvəz etmək iqtidarında deyillər. Çünki hər oyunçunun öz marağı var. Bundan başqa, regionda çoxsaylı proksi qüvvələr var və onların hərəsi «ipi bir tərəfə çəkir». Bunun ən bariz nümunəsi husilərin Qırmızı dənizdə gəmilərə hücumlarıdır. Onlar bildirirlər ki, «nə qədər ki, İsrailin təcavüzü bitməyəcək, Qəzza sektorunda Fələstin xalqının blokadasına son qoyulmayacaq», bu hücumlar davam edəcək. Husilər indiyədək Qırmızı dənizdə kommersiya, həmçinin ABŞ və koalisiya qüvvələrinin hərbi gəmilərinə 45-dən çox raket və dron zərbəsi endirib. Nəticədə, Süveyş kanalı ilə daşımaların həcmi ciddi şəkildə azalıb ki, bu da dünyadakı geosiyasi vəziyyətə bilavasitə təsir göstərir.

Qəzzada savaşın necə bitəcəyindən asılı olmayaraq, onun regiona təsiri hələ uzun illər hiss olunacaq.



MƏSLƏHƏT GÖR:

24