6 May 2024

Bazar ertəsi, 14:35

«İLK SMOLENSK XƏBƏRDARLIĞI»

Ermənistanın Rusiya istiqamətindəki yeni demarşı təxminedilməz fəsadlara yol aça bilər

Müəllif:

15.03.2024

Moskva ilə İrəvan arasında gərginlik getdikcə artır. Tərəflər arasında dünənədək daha çox «xroniki gərgin» təsiri bağışlayan söz atışması yeni səviyyəyə yüksəlir. Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov görünməmiş sərtlikdə bəyanatla çıxış edib. Cavabında İrəvanda Sergey Viktoroviçin təbiri ilə desək, «körpüləri yandırmağa» başlayıb. Gəlin baş verənlərə ardıcıllıqla nəzər salaq.

 

Sərhədçilər çıxışa?

Rusiya-Ermənistan trekində son günlərin ən səs-küylü hadisəsi şübhəsiz ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatıdır. Onun sözlərinə görə, İrəvan Rusiya hökumətinə rəsmi məktub göndərərək, paytaxtın «Zvartnots» aeroportundan rus sərhədçilərinin çıxarılmasını istəyib.

Əvvəlcə rusiyalı sərhədçilərin bu hava limanında necə peyda olduqlarını yada salaq. 1990-cı illərin əvvəllərində, SSRİ dağılan zaman Moskva israr edirdi ki, MDB-nin daxili sərhədləri maksimum şəffaf qalmalı, xarici sərhədlərə isə Rusiya sərhədçiləri nəzarət etməlidir. Ekspertlər hesab edirdilər ki, SSRİ-nin keçmiş sərhədləri, xüsusilə də «cənub respublikaları»nın sərhədləri yalnız rusiyalı «yaşıl furajkalılar»ın nəzarəti altında keçilməlidir, çünki «qanunsuz miqrantlar», «terrorçular» və s. məhz bu sərhədlərdən «axışırlar».

Rusiya mətbuatı isə öz növbəsində, yeni müstəqil respublikaların sərhədlərinin dostları, qohumları bir-birindən ayırdığından, bu respublikaların vətəndaşlarının yeni peyda olmuş sərhədçilərdən, gömrükçülərdən və s. zara gəldiyini yazırdı. Bununla yanaşı, yeni müstəqillik qazanmış ölkələr planlı şəkildə öz «sərhəd suverenlikləri»ni qurmaqda idilər. Onların arasında Azərbaycan Sərhəd Qoşunlarını yaradaraq, sərhədlərini nəzarətə götürmüş ilk ölkələrdəndir. Bu mənada, yalnız ölkənin İranla Ermənistanın işğalı altında sərhədi istisna təşkil edirdi. Tədricən digər postsovet respublikaları da öz sərhədlərinə nəzarət etməyə başlayırdılar.

Son dövrlərdən bu məsələdə yalnız Ermənistanla Tacikistan istisna idi. Amma bir müddət sonra Düşənbə də Rusiya sərhədçilərini öz qoşunları ilə əvəzləməyə başladı. Ermənistanda isə… hələ də İran və Türkiyə ilə sərhədə rusiyalı sərhədçilər nəzarət edir. Üstəlik, İrəvanın «Zvartnots» aeroportunun Nəzarət Buraxılış Məntəqəsinə nəzarət də ruslardadır. Məlumatlı mənbələr bildirir ki, Rusiyanın ölkəyə girişini qadağan etdiyi şəxslərin siyahısı Ermənistanda da keçərlidir.

Nəhayət, indi Armen Qriqoryan İrəvanın hava limanından Rusiya sərhədçilərinin çıxarılmalı olduğunu deyir.

 

Məcburi demarş?

Ermənistanın qəflətən bu qərara gəlməsinin səbəbləri ilə bağlı bir çox versiya səsləndirmək olar. Konspiroloji ssenarilər yazmaq da mümkündür. Məsələn, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyannaməyə görə, Zəngəzur dəhlizinin təhlükəsizliyini məhz Rusiya sərhədçiləri təmin etməlidir. Amma İrəvanda bu dəhliz haqda eşitmək belə, istəmirlər. Belə bir vəziyyətdə qeyd olunan razılaşmanı pozmaq, yola nəzarəti tam əlinə almaq istəyən Ermənistan buna rusiyalı sərhədçiləri qovmaqla nail olmağı düşünür, aeroportla bağlı bəyanat isə sadəcə, «test»dir.

Doğrudur, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulmasına dair razılaşmaya belə çətin manevrlərə getmədən də əməl etmir. Üstəlik, razılaşmalara əməl edilməməsi erməni siyasətçilər üçün hər zaman xas cəhətlərdən olub. Mütəxəssislər bildirirlər ki, İrəvanın siyasətində Qərbə meyillənmə əsas mövzu olaraq qalsa da, onlar bu istiqamətdə hələ də hər hansı konkret addım atmayıblar. Bu mənada, rusiyalı sərhədçilərin hava limanından çıxarılmasına dair məktub İrəvanın Qərblə yaxınlaşması istiqamətində ilk ciddi gedişdir.

İntriqanı artıran daha bir məqam var: Qriqoryanın bəyanatı ərəfəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu məsələnin gündəmdə olmadığını, Moskvanın bununla bağlı heç bir rəsmi məktub almadığını bildirmişdi. Düşünmək olar ki, Qriqoryanın dediyi məktub Rusiyaya Peskovun açıqlamasından sonra göndərilib. Amma erməni tərəfinin sadəcə dezinformasiya yaymaqla, arzularını reallıq kimi təqdim etməyə çalışdığı da istisna deyil.

Bu gün Ermənistanın durumu yumşaq desək, birmənalı deyil. Bir yandan Nikol Paşinyan Qərb siyasətçilərinə davamlı mesajlar göndərir, Kremldən ağlasığan və sığmayan incikliklərini sadalayır, sanki Rusiyanın nüfuz dairəsindən çıxmaq niyyətini ifadə edir, digər tərəfdən isə Qərb Moskvanın İrəvana təsir imkanlarının azaldığını göstərən real addımlar görmək istəyir. Belə bir vəziyyətdə Paşinyanın «Van Damm şpaqatı» çox uzanır – Moskvanın da səbri tükənir, Parisin də, Brüssellə Vaşinqtonun da. İrəvanda yaxşı anlayırlar ki, Rusiya müharibə üzündən silah-sursat problemi yaşayır, bu üzdən də ondan əvvəlki miqyaslarda silah hədiyyəsi (gah 1 milyard dollarlıq, gah 800 milyon və s.) gözləməyə dəyməz. Zəngin Qərb isə kisənin ağzını aça bilər. Sadəcə, bunun üçün onların marağını cəlb etmək lazımdır. Yəni səs-küylü qərbpərəst addımlara ehtiyac var. Xüsusilə Ukrayna Prezidenti Vladimir Zelenskinin Ermənistana yerli KİV-in anons etdiyi səfərinin pozulmasından sonra. Belə bir məqamda «Zvartnots» aeroportundan rusiyalı sərhədçilərin çıxarılacağına dair bəyanat məhz odur!

 

Kağız üzərində hamar idi, amma…

Analitiklər isə əmindirlər ki, Ermənistan «rus ayısını incitmək» üçün heç də ən yaxşı yolu seçməyib. Azərbaycanlı ekspertlər bildirirlər ki, aeroporta nəzarət ilk baxışdan göründüyü qədər rahat iş deyil. Bunun üçün hazırlıqlı personal, məlumatlar bazası, dəqiq koordinasiya lazımdır. Ermənistan bu potensiala malikdirmi? Onun sərhədçiləri hava limanında xidmət çəksələr də, hər zaman ikinci rollarda olublar və hər hansı çətinlik yaranan zaman kömək üçün rusiyalı həmkarlarına müraciət ediblər. Rusiya sərhədçilərinin aeroportu tərk edəcəyi təqdirdə Ermənistana Rusiyanın daxili pasportu ilə girmək mümkün olacaqmı? Axı hazırda İrəvana əsas gəliş-gediş məhz bu cür həyata keçirilir.

Nəhayət, Ermənistan İran və Türkiyə ilə sərhədlərin mühafizəsini də nəzarətə götürəcək resursa malikdirmi? Bəlkə Moskva Rusiya sərhədçilərinin «Zvartnots» aeroportunda xidmət aparmasının daha böyük razılaşmanın tərkib hissəsi olduğunu, onun hələ 1992-ci ildə imzalanmış müqavilə ilə tənzimləndiyini, bu üzdən də rusiyalı sərhədçilərin yalnız aeroportu tərk etməsinin mümkün olmadığını deyəcək? Üstəlik, onların Ermənistanda xidmət aparması ilə bağlı müqavilə müddətsizdir. Onun ləğvi və ya dəyişdirilməsi yalnız hər iki tərəfin razılığı ilə mümkündür. Demək, Rusiya sərhədçilərinin Ermənistanı tərk etməsi qərarı birgə qəbul olunmalıdır.

Əlbəttə, Moskva İrəvanın hansısa məktubuna əhəmiyyət verməyə, sərhədçilərini oradan tərpətməyə bilər. Məsələn, Gürcüstana Şevardnadzenin rəhbərlik etdiyi dövrdə Kreml Gürcüstan parlamentinin Sxinvalidən Rusiya sülhməramlılarının çıxarılmasına dair çağırışlarını dəfələrlə cavabsız qoymuşdu…

 

Cavabı gözləyin…

Lakin Qərb ilə hazırkı qarşıdurma şəraitində Moskva İrəvanın jestini cavabsız qoymağı özünə yaraşdırmaz. Moskva bundan əvvəl də Ermənistanla sərt ritorikadan çəkinməyib. Məsələn, bir müddət əvvəl Baş nazirin komandasındakı əsas «qərbpərəst» sayılan Armen Qriqoryan bildirmişdi ki, «Rusiya ilə sıx münasibətlərin qurulması strateji səhv olub». Rusiyanın xarici işlər nazirinin cavabı özünü çox gözlətməyib. Sergey Lavrov bildirib ki, Qriqoryanın dedikləri «bütünlükdə Ermənistan rəhbərliyinin mövqeyidirsə, bu isə xalqın fikrinə əsaslanırsa, Rusiya-Ermənistan münasibətlərində bir çox məsələyə yenidən baxılmalıdır». Bundan başqa, Lavrov İrəvanı, nəhayət, KTMT ilə münastibətlərə dair yekun qərara gəlməyə çağırıb.

Rusiyalı nazir İrəvana cavab olaraq konkret hansı addımların atıla biləcəyini deməyib. Amma ekspertlər əmindirlər ki, geosiyasi problemlərə rəğmən, Moskva Ermənistanı «yerinə oturtmaq üçün» kifayət qədər rıçaqa malikdir – fərqi yoxdur, Paşinyanlı Ermənistanı, ya Paşinyansız.

Hələlik Rusiyada Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına sərt bəyanatlarla yalnız Marqarita Simoyan kimi təbliğatçılar çıxış edir. Kremlin iqtisadi rıçaqları işə salmasına isə heç nə mane olmur. Xatırladaq ki, 2013-cü ildə İrəvanın Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaq planını Moskva məhz bu yolla pozmuşdu. Hərbi qiyam, çevriliş və s. kimi kopspiroloji ssenarilər də öz yerində…

Yeri gəlmişkən, Moskva Ermənistanda siyasi meydanı «sahmana salmaq» işində Tehranın dəstəyinə də tam arxalana bilər. Hər halda, İrəvanın Avropa İttifaqı və ABŞ ilə oyunları İranda da son dərəcə böyük qıcıq yaradır. İran tərəfi İrəvana açıq şəkildə bildirir ki, «xaricilərin mövcudluğu» regionda sülh və sabitliyə fayda verməyəcək.

Moskvanın Ermənistandaxili siyasətində də dəstəyi var. Doğrudur, onların, həqiqətən, Rusiyanı ən yaxşı tərəfdaş saydıqları, yoxsa sadəcə Kremlin köməyi ilə hakimiyyətə gəlməyə çalışdıqları haqda mübahisə etmək olar. Amma istənilən halda, Yerevanda belə siyasi fiqurlar var.

İstənilən halda, Rusiyanın Ermənistana mümkün cavablarında Azərbaycan alət olmayacaq. Bakı təmkinli siyasət yürüdür və mümkün dividentləri çox şübhəli görünən risklərə getmir. Ermənistanın siyasi oriyentasiyasını dəyişməsi onun köhnə və yeni müttəfiqlərinin çözməli olduqları məsələdir. Bu işdə İrəvanın fikrinin soruşulub-soruşulmayacağı yaxın gələcəkdə aydın olacaq.



MƏSLƏHƏT GÖR:

26