6 May 2024

Bazar ertəsi, 12:16

TÜRK TANDEMİ

Azərbaycan-Qazaxıstan münasibətlərinin iqtisadi gündəliyi yeni layihələrlə zənginləşir

Müəllif:

15.03.2024

Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı münasibətlər müasir tarixin bütün dövrlərində tərəfdaşlıq, müttəfiqlik müstəvisində olub. Burada əsas rolu əlbəttə ki, onların Türk dünyasına mənsubluğu, mədəni-tarixi bağlılığı oynayır. Bu, bir yandan siyasi səviyyədə dəstək, digər tərəfdən isə miqyaslı iqtisadi layihələrin icrası məsələlərində də özünü göstərib.

«Biz ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq», - deyə Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə Bakıda apardığı danışıqlardan sonra mətbuata bəyanatı zamanı bildirib.

«Ən başlıcası odur ki, razılaşdığımız kimi, hökumətlərin və digər müvafiq idarələrin səyləri yüksək səviyyədə görüşlər zamanı əldə olunmuş bütün razılaşmaların tam şəkildə reallaşmasına yönəldiləcək», - deyə öz növbəsində, Kasım-Jomart Tokayev qeyd edib.

 

Qardaş dəstəyi

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzuru Ermənistanın işğalından azad etməsi məsələsində Qazaxıstanın Bakıya siyasi dəstəyi lap əvvəldən aydın idi.

«Azərbaycan Sizin rəhbərliyinizlə böyük tarixi Qələbə əldə edib. Bu, dövlət suverenliyinin bərpa olunmasıdır. Qazaxıstan xalqı bununla bağlı böyük sevinc hissi keçirib. Biz bu mövzuda danışmışıq. Mən Sizə təbrik məktubu ünvanlamışam. Zənnimcə, bu, uzun illər ərzində ıizin dövlət suverenliyinin bərpasına yönəlmiş və son nəticədə tarixi həqiqətin bərpası ilə nəticələnən səylərinizin qanunauyğun yekunudur», - deyə Tokayev Bakıda bir daha bildirib.

Qazaxıstan məhz bu səbəbdən azad edilmiş ərazilərin dirçəldilməsi prosesinə ilk qoşulmuş ölkələrdəndir. Tokayev Azərbaycan mətbuatına Bakıya səfəri ərəfəsində verdiyi müsahibədə ölkəsinin şirkətlərinin azad edilmiş ərazilərin bərpası layihələrində iştirakda maraqlı olduğunu bir daha dilə gətirib, Füzuli şəhərində Mərkəzi Rayon Xəstəxanasının inşası imkanının Qazaxıstan şirkətinə həvalə edildiyi üçün Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib: «Yaxın perspektivdə Qazaxıstan şirkətlərinin iştirakı ilə analoji layihələrin daha çox olacağına ümid edirik… Regionda infrastrukturun bərpası yalnız Azərbaycanın deyil, bütünlükdə Cənubi Qafqazın inkişafına təkan verəcək».

Səfərin ikinci günü iki ölkə prezidentləri Füzulidə Qazaxıstan xalqının Azərbaycana hədiyyəsi kimi tikilmiş Kurmanqızı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər.

«Qazaxıstan beynəlxalq sülhməramlı təşəbbüsləri iqdam edən və dəstəkləyən ölkə olaraq bütün Avrasiya regionunun dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır», - deyə Kasım-Jomart Tokayev qeyd edib.

İlham Əliyev isə deyib ki, keçmiş məcburi köçkün uşaqlarının təhsil alacağı bu kompleks həm də iki xalqın dostluq, qardaşlıq mərkəzi olacaq. «Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir», - deyə dövlət başçısı bildirib.

İki prezident Şuşa şəhərinə də səfər ediblər. Burada onlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natavanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən güllələnmiş abidələri ilə tanış olublar. Tokayevə şəhərin Baş planı haqda məlumat verilib.

 

Transregional marşrut

Siyasi müstəvidə hərtərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan-Qazaxıstan münasibətlərinin iqtisadi tərəfi də çoxşaxəlidir. Burada diqqət həm də qlobal və regional əhəmiyyətli layihələrə yönəlib.

Sanksiyalar və hərbi əməliyyatlar üzündən logistika zəncirinin pozulduğu hazırkı geosiyasi vəziyyətdə alternativ marşrutların axtarışı ciddi aktuallıq qazanıb. Bu mənada, Azərbaycan və Qazaxıstandan keçən «Orta dəhliz» transqitə ticarəti üçün getdikcə daha cəlbedici varianta çevrilir. Hər iki ölkə burada aparıcı oyunçuya çevrilmək şansına malikdir. Bu haqda Ali Dövlətlərarası Şuranın Tokayev tərəfindən «tarixi hadisə» adlandırılan birinci iclasında da danışılıb.

Qazaxıstan nəqliyyat nazirinin müavini Satjan Ablaliyev bildirib ki, bu il trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, «Orta dəhliz») ilə yük daşımalarının həcminin 4,2 milyon tonadək artırılması planlaşdırılır.

Tokayev isə deyib ki, bu yolla daşıma həcminin 10 milyon tona çatacağı gözlənilir. «Marşrutun gələcək inkişafı və onun digər nəqliyyat dəhlizləri ilə əlaqəsi də perspektivli hesab olunur ki, bu da Cənubi Qafqazla Türkiyənin Qazaxıstan, Mərkəzi Asiya ölkələri, Avrasiya İqtisadi Birliyi və Çinlə daha geniş transregional inteqrasiyası üçün əlavə imkanlar təmin edəcək», - deyə dövlət başçısı əlavə edib.

Beləliklə, bu arteriyanın inkişafı yalnız ticarət dinamikasının genişlənməsinə kömək etməyəcək, həm də Şərqlə Qərbi birləşdirən bu iki ölkənin mövqeyini daha da gücləndirəcək.

«Trans-Xəzər nəqliyyat marşrutunu meydana, deyərdim ki, dünya nəqliyyat-logistika spektrinə çıxaran indiki geosiyasi şərait möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb. Zəngin təbii ehtiyatlara malik olmağımıza baxmayaraq, biz nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə çalışdıq və buna nail olduq», - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Bu mənada, iki ölkə başçılarının Çinin Siyan terminalından Qazaxıstan və Azərbaycandan keçməklə Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimi rəmzi sayıla bilər. 61 konteynerdən ibarət qatar uzunluğu 7 min kilometr olan marşrutu (Siyandakı Qazaxıstan terminalı-Aktau-Abşeron stansiyası) 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb.

Bildirilib ki, Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır. Bununla yanaşı, «Orta dəhliz»in inkişafı üçün birbaşa istehlakçılara yönəlmiş rəqəmsal DTC platforması yaradılıb, Azərbaycan və Qazaxıstan dəmir yolları «Track and Trace» («Təqib və İzləmə») funksiyası vasitəsilə real vaxt rejimində marşrut boyunca yüklərin izlənməsi sisteminə inteqrasiya olunub. Vahid rəqəmsal ekosistemin yaradılması və inkişaf etdirilməsi «Orta dəhliz»in şəffaflığını, cəlbediciliyini getdikcə artırır.

 

Həm ənənəvi enerji, həm də alternativ

Transqitə ticarətinin inkişafı sahəsində hədəflərə çatılması, şübhəsiz ki, Azərbaycan və Qazaxıstanda (həmçinin digər regionlarda) iqtisadi inkişafı stimullaşdıracaq, onların arasında ticarət dövriyyəsinə öz təsirini göstərəcək. Bu arada, son üç ildə bu göstəricidə onsuz da ciddi artım var – təxminən 5 dəfə (109 milyon dollardan 529 milyon dollara).

İqtisadi əməkdaşlıq portfelində bir neçə miqyaslı layihə var – Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətti və enerji kabelinin çəkilişi, Azərbaycan vasitəsilə neft və uran ixracı, Qazaxıstan Azərbaycan bazarına taxıl tədarükü və s.

O da məlumdur ki, Qazaxıstan öz neftinin bir hissəsini Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə ixrac edir və görünən odur ki, bu marşrutla nəql həcmini artırmağa hazırlaşır. Hər halda, Tokayevin Bakıya səfəri çərçivəsində «Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə «KazMunayQaz» Milli Şirkəti» Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq haqqında Memorandum» və «Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında Saziş» imzalanıb.

«KazMunayQaz» şirkətindən verilən məlumata görə, razılaşma Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Qazaxıstan qazının nəql həcminin ildə 2,2 milyon tonadək artırılmasını nəzərdə tutur. «Tərəflər bu razılaşma çərçivəsində Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə nəql tariflərinin azaldılması, həmçinin Qazaxıstan neftinin Bakı-Supsa marşrutu ilə nəqli məsələlərinin müzakirəsini davam etdirəcək», - deyə şirkətin yaydığı press-relizdə bildirilir. Qurum xatırladır ki, 2022-ci ildə SOCAR ilə Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu ilə ildə 1,5 milyon ton neftin nəqlinə dair razılaşma əldə edilmişdi.

İki ölkənin iqtisadi gündəmində, əlbəttə ki, bu günün aktual mövzularından olan bərpa olunan enerji mənbələri məsələsi də var. «Qazaxıstanın nəhəng bərpaolunan enerji potensialını nəzərə alaraq, biz Azərbaycanın region ölkələrinin enerji sistemlərinin gələcək inkişafının səylərini, enerji sistemlərinin davamlı qarşılıqlı əlaqəsi də daxil olmaqla, əlaqələndirmək və sinxronlaşdırmaq təşəbbüsünü alqışlayırıq», - deyə Tokayev qeyd edib: «Qara dəniz və Xəzərdə həyata keçirilən layihələr tezliklə birləşəcək ki, bu da ölkələrimizin elektrik enerjisi təchizatçısı kimi mövqelərini gücləndirəcək».

Bu, şübhəsiz ki, səmərəli təşəbbüsdür. Digər yandan o, beynəlxalq iqlim gündəminə də tam uyğun gəlir. Qeyd olunmalıdır ki, Qazaxıstan həm də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi təklifini ilk dəstəkləyən dövlətlərdəndir. «Mən COP29 sammitində iştiraka dəvəti böyük minnətdarlıqla qəbul edirəm. COP29 ümumilikdə Azərbaycan dövlətinin və onun diplomatiyasının tarixi nailiyyətidir. Sammit mövcud iqlim problemlərinin nizamlanması nöqteyi-nəzərindən, həm də məhz bu sahədə qlobal əməkdaşlıq baxımından birinci dərəcəli əhəmiyyətə malikdir. Şübhəsiz ki, Bakı bu vəzifənin öhdəsindən gələcək», - deyə Kasım-Jomart Tokayev bildirib.

Qazaxıstan liderinin Bakı səfərinin vacib nəticəsi isə tərəflər arasında onsuz da kifayət qədər dolğun olan normativ-hüquqi bazanın yeni sənədlərlə daha da zənginləşməsidir.

Bir sözlə, Qazaxıstan Prezidentinin Bakıya səfəri son dərəcə məhsuldar alınıb. Amma bu, hələ iki dövlət başçısının bu il keçirdikləri ilk görüşdür. Artıq qarşıdakı aylarda İlham Əliyevin beynəlxalq səviyyəli tədbirlərdə iştirak etmək üçün ən azı iki dəfə Qazaxıstana yollanacağının anonsu verilib. Tokayev isə öz növbəsində, həm Türk Dövlətləri Təşkilatı liderlərinin qeyri-formal sammiti, həm də COP29-a qatılmaq üçün Azərbaycana yenidən gələcək.

Beləliklə, iki dövlət başçısının da təsdiqlədiyi kimi, Azərbaycanla Qazaxıstan arasındakı strateji tərəfdaşlıq haqda deyilənlər, gəlişigözəl söz və ya diplomatik nəzkət deyil, iki ölkə arasındakı qarşılıqlı münasibətin məğzidir.



MƏSLƏHƏT GÖR:

26