16 May 2024

Cümə axşamı, 21:55

PAŞİNYANIN «SƏRHƏD PROBLEMLƏRİ»

Ermənistanın baş naziri Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası dilemması qarşısında

Müəllif:

01.04.2024

Erməni yaraqlıları 1990-cı il martın 26-da Qazaxın Bağanis Ayrım kəndində dinc əhaliyə qarşı dəhşətli qətliam törədiblər. Azərbaycan bu hadisə ilə bağlı aparılmış istintaq nəticəsində qanlı cinayətdə əli olan 18 nəfəri beynəlxalq axtarışa verib. Kənd isə hələ də Ermənistanın işğalı altındadır və hazırda diqqət mərkəzində olan «yeddi kənd problemi»nin bir hissəsidir.

Bakı Ermənistanla hələ də şərti sayılan sərhədlərin demarkasiya və delimitasiyasını tələb edir. Qeyd olunan faciəvi hadisənin növbəti ildönümü isə bu prosesin nə qədər ağrılı olduğunu bir daha gündəmə gətirir. Hələ də Ermənistanın nəzarətində olan Azərbaycan kəndlərinin sakinləri ilə görüşən baş nazir Nikol Paşinyan bildirib ki, delimitasiya məsələsi «masa arxasında» həll olunmazsa, «artıq gələn həftə» müharibə başlaya bilər.

 

Paşinyan güzəştlərə hazırdır?

Ermənistan baş nazirinin Tavuş, yəni Tovuzqala rayonuna səfərini və orada səsləndirdiyi fikirləri ictimai rəyin kəndlərin boşaldılması zərurətinə hazırlanması cəhdi kimi qiymətləndirmək istərdik. Sanki hökumət başçısı, həqiqətən də, buna eyham vurur. İrəvandakı mənbələr bildirir ki, görüşdən reportajın efirə hazırlanması çox uzun çəkib, çünki müzakirələr çox qızğın keçib. Nəticədə, baş nazirin piarı ilə məşğul olanlar daha çox işləmək məcburiyyətində qalıblar.

Lakin Paşinyanın bəyanatının yekun versiyası o qədər də sülhsevər təsir bağışlamır. Baş nazir çıxışında Azərbaycanın guya 31 erməni kəndini işğal etdiyi haqda yalanı dəfələrlə təkrar edib. Əslində, Paşinyan bu cəfəng fikri hələ fevralın ortalarında, hökumətin iclasında dilə gətirmiş, Azərbaycan Xarici İşlər Nazirliyi isə öz növbəsində, elə o zaman bu bəyanata kifayət qədər sərt cavab vermişdi: «Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan baş naziri növbəti dəfə guya Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın tərkib hissəsidir. Əvvəlki bəyanatlarında belə kəndlərin 32 olduğunu bildirən baş nazirə xatırlatmaq istərdik ki, Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur».

Paşinyan isə Azərbaycanın tələblərinə çox qeyri-müəyyən cavab verib: «Onlar deyir ki, gəlin biz kəndləri azad edək, sonra onların həyati vacib hissələri haqda danışarıq. Biz, əlbəttə ki, etiraz edir və deyirik ki, kənd sadəcə kənd saovetliyindən ibarət deyil. Burada həyati əhəmiyyət daşıyan ərazilər də var. Bizim siyasətimiz müharibəyə yol verməməkdir. Məhz bu üzdən, sərhədin bu hissəsində düzəlişlərə ehtiyac olduğu qənaətindəyik. Biz bunu yalnız Ermənistanın xətrinə yox, həm də konkret olaraq Voskepar, Kirants kəndlərinin xətrinə, bu kəndlərin təhlükəsizliyinin təmini üçün edirik».

Göründüyü kimi, Paşinyan kəndləri boşaltmağa hazır olduqlarını göstərən heç nə söyləmir. O, sadəcə olaraq, növbəti dəfə guya konstruktivlik nümayiş etdirir, söz oyunu oynayaraq sülhsevər lider görüntüsü yaratmaq, manevr üçün maksimum imkan qazanmağa çalışır. Yəni məqsəd vaxt uzatmaqdır.

 

Sözlər, rəqəmlər və xəritələr

Xatırladaq ki, rəsmi Bakı anklav və qeyri-anklav kəndlərlə bağlı vəziyyəti kifayət qədər konkret, yozuma imkan verməyəcək qədər birmənalı ifadə edib. Bir şey söyləyib başqa şey düşünmək, üçüncü tərəfin bunu necə anlayacağını gözləmək Azərbaycanın üslubu deyil. Bu, sərhədlərin delimitasiyası məsələsinə də aiddir.

İlham Əliyev bu məsələyə yanaşmasını yerli telekanallara hələ yanvarda verdiyi müsahibəsində ortaya qoymuşdu: «Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir. Yəni bizim mövqeyimiz bundan ibarətdir». Dövlət başçısı dərhal onu da əlavə etmişdi ki, «Ermənistanın mövqeyi nədən ibarətdir, biz bunu başa düşə bilmirik».

Bundan sonra baş nazirin müavini Şahin Mustafayev Ermənistanın işğal olunmuş kəndləri Azərbaycana qaytarmasının vacibliyini bildirib və dərhal erməni tərəfi ortaya guya «31 kənd»in Azərbaycan tərəfindən işğal edildiyini «göstərən» qondarma xəritə çıxarıb. Halbuki xəritəyə ötəri nəzər saldıqda belə, onun saxta olduğu görünür. Həmin «sənəd»ə əsasən Azərbaycan Ermənistan ərazisinin yarısından çoxuna nəzarət edir.

Daha sonra Nikol Paşinyan hökumətin iclasında «bir qarış da erməni torpağı Azərbaycana verilməyəcək» bəyanatını səsləndirir, de-fakto Ermənistanın işğalı altında olan Azərbaycan kəndlərinə gedir, orada sanki sülhsevərlik nümayiş etdirməyə çalışır, lakin bunu elə formada edir ki, istənilən an «düz anlaşılmamışam» demək mümkün olsun.

Amma artıq Paşinyanın manevr etməsi üçün o qədər də geniş imkanı yoxdur.

 

Ərazi mübahisəsi, yoxsa işğal?

Sərhədlərin delimitasiyası və demarkasiyası çətin və uzun prosesdir. Üstəlik, dost ölkələrin sərhədində belə, mübahisəli hissələr ola bilər. Buna misal kimi, Danimarka ilə Kanadanın iddia etdikləri adaları göstərmk olar. Söhbət NATO üzvü olan iki hərbi müttəfiqdən gedir.

Türkiyə ilə Yunanıstan da NATO üzvləridirlər. Lakin onların arasında da adalar və şelf hissələrilə bağlı mübahisələr var. Nəhayət, Bakı ilə Tbilisinin münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycan Gürcüstan iqtisadiyyatının əsas investoru, Gürcüstan Azərbaycanın Qərbə karbohidrogen ehtiyatları ixracında əsas tranzit ölkədir. Lakin onların arasında da sərhəd mübahisəsi var. Söhbət qədim Keşikçidağ (David Qareci) monastırının ərazisindən gedir.

Bundan başqa, Azərbaycan ərazisində yerləşən, lakin Rusiya vətəndaşlarının yaşadığı iki kəndin problemi bir neçə il əvvəl kifayət qədər uğurlu şəkildə həll olunub. Uzun-uzadı davam edən mübahisələrdən sonra kənd əhalisinin böyük hissəsi Dağıstana köçüb. Amma bu, təxribatsız, qalmaqalsız, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir zaman dediyi kimi, «çal-çağırsız» baş tutub.

Ermənistanla olan məsələ isə fərqlidir. Cəmi bir neçə il əvvələdək Azərbaycan ərazisinin 20%-i onun işğalı altında idi. Xankəndi, Ağdərə, Xocavənd və Xocalıya nəzarət yalnız 2023-cü ilin sentyabrında bərpa olunub. Bu gün müzakirə mövzusu olan kəndlər də ermənilər tərəfindən zorla ələ keçirilib. İndi məsələ bu problemi dinc yolla, masa arxasında, yeni hərbi əməliyyatlar olmadan həll etməkdədir.

Dinc insanlara qarşı qətliamın törədildiyi Bağanes Ayrım kəndi sadəcə, xəritədə bir nöqtə deyil. Azərbaycan qaçqınlarını, Ermənistanın törətdiyi hərbi cinayətləri heç zaman unutmayacaq, öz ərazilərini heç bir halda İrəvana hədiyyə etməyəcək. Ola bilsin ki, bu, sülhsevərlikdən uzaq səslənir, lakin Ermənistan 30 il davam etmiş münaqişənin sonunda bir metr də olsa Azərbaycan torpağı əldə edəcəksə, bu, onu yeni təcavüzlərə stimullaşdıracaq. 1938-ci ilin Münhen razılaşması göstərib ki, «ərazi hədiyyəsi» iştahanı nəinki öldürmür, əksinə, daha da artırır.

 

Bakı ilə… «poqoslar» arasında

Ermənistan artıq Azərbaycanın sülhsevərliyinin həddinin olduğuna əmindir. Hər halda, Bakı Ermənistanla bütün ərazi məsələlərini eyni sxemlə həll edib. Əvvəlcə hər şeyin beynəlxalq hüquq, sərhədlərin tanınması ilə çözülməsini təklif edib, Ermənistan nəyəsə ümid edərək vaxt uzadıb, işğal etdiyi əraziləri əbədi nəzarətdə saxlamağa çalışıb, nəticədə, Azərbaycan Ordusu hərbi əməliyyata başlayıb və nəticə ermənilər üçün heç də ürəkaçan olmayıb.

İndi Ermənistanda bu ssenarinin təkrarlanmayacağına əmin deyillər. Əlbəttə, ərazi itirmək nikbinlik yaratmır. Amma İrəvanın real seçimi nədən ibarətdir? Paşinyan artıq «hücum etməmək haqda razılaşma», «qoşunların qarşılıqlı şəkildə geri çəkilməsi» kimi təkliflərlə çıxış edib, lakin Bakı mövqeyində qətidir: Azərbaycan kəndləri geri qaytarılmalıdır! Bəli, bu kəndlərin ərazisindən Ermənistan üçün vacib olan yollar keçir, amma bu, İrəvanın problemidir. Yolları başqasına məxsus kəndlərin ərazisindən çəkərkən düşünmək lazım idi. Bakı birmənalı şəkildə bildirir ki, «ərazi hədiyyəsi» olmayacaq!

Yəqin ki, Ermənistan vəziyyəti silahlı qarşıdurma həddinə çatdırmağın sonra ondan qurtulmaqdan daha asan olduğunu anlayır. Yerevanın Azərbaycan Ordusuna təkbaşına müqavimət göstərmək şansı yoxdur. Kənar dəstək də mümkün görünmür. Zəngilan istiqamətində bir müddət əvvəl yol verilmiş təxribat göstərib ki, Qərb məmurları «Ermənistanla çiyin-çiyinə dayanacaqları» vədini dərhal unudurlar. Çünki onlar sərhəddə vəziyyəti kimin gərginləşdirdiyini yaxşı bilirdilər.

Bütün bunlarla yanaşı, sərhəd mübahisəsinin Azərbaycanın xeyrinə həll olunmasını erməni seçicilərə, yəni Paşinyanın əleyhdarlarının baş nazirin «poqoslar» adlandırdıqları tərəfdarlarına «yedirtmək» asan olmayacaq. Amma bu, artıq başqa mövzudur. Hər halda, müxalifət baş naziri yenidən «satqınlıq»da günahlandırır, sabiq müdafiə naziri Seyran Ohanyan isə ordunu işğal altındakı kəndlərdən çıxmamağa çağırır, az qala partizan müharibəsinə səsləyir.

Bu yerdə Zabux kəndinin taleyi yada düşür. O zaman da bənzər çağırışlar səsləndirilirdi…



MƏSLƏHƏT GÖR:

26