16 May 2024

Cümə axşamı, 16:08

ÇİYİN-ÇİYİNƏ

Azərbaycanla Gürcüstan dostluq və tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqliklərini təsdiqləyirlər

Müəllif:

01.04.2024

Gürcüstanın yeni baş naziri İrakli Kobaxidzenin Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım olub. Vacib məqamlardan biri də odur ki, Bakı ilə Tbilisi arasında strateji dialoq istər ikitərəfli əməkdaşlıq, istərsə də Azərbaycan-Gürcüstan-Türkiyə kimi üçtərəfli format çərçivəsində uğurla inkişaf edir.

 

Dialoq və «üçlük»

Kobaxidzenin Bakıya səfərindən əvvəl Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı kontekstində eyni dərəcədə əhəmiyyətli sayıla biləcək iki hadisə baş vermişdi. Söhbət, ilk növbədə, Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun Gürcüstana səfərindən gedir. Usubov səfər çərçivəsində baş nazir Kobaxidze, daxili işlər naziri, eyni zamanda Gürcüstan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Vaxtanq Qomelauri və müdafiə naziri İrakli Çikovani ilə görüşlər keçirmişdi. Usubovla Çikovaninin görüşündə 2024-cü ildə Gürcüstanda Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyinin anonsu da verilib. Bu, Azərbaycan-Gürcüstan-Türkiyə formatında əməkdaşlığın «üçlüyün» hər bir üzvünün xüsusilə müdafiə və təhlükəsizlik sahəsində milli maraqlarının təmini baxımından əhəmiyyətini bir daha ortaya qoyur.

Üçtərəfli formatın ümumi perspektivləri üç ölkənin xarici işlər nazirlərinin Bakıda təşkil olunmuş 9-cu görüşündə də müzakirə edilib. Ceyhun Bayramov, İlya Darçiaşvili və Hakan Finad Bakıda keçirilən üçtərəfli görüşün yekununda üçtərəfli format iştirakçıları arasında münasibətlərin gələcək inkişafını nəzərdə tutan bəyannaməyə imza atıblar. Onlar bu əməkdaşlığın ümumilikdə regionda dayanıqlı, sabit inkişaf və sülh baxımından əhəmiyyətini vurğulayıblar.

Bakı Bəyannaməsində iki vacib məqama xüsusi diqqət çəkilir. Birinci məqam Azərbaycanla Ermənistan arasında sərhədlərin və suverenliyin qarşılıqlı tanınması, sərhədlərin pozulmaması prinsiplərinə əsaslanan münasibətlərin qurulması zərurəti ilə bağlıdır. Bu, regional sabitlik və təhlükəsizliyin təminində, həmçinin Cənubi Qafqazda əməkdaşlıq potensialının tam reallaşdırılmasında vacib rol oynamalıdır. Eyni zamanda sənəddə bu prosesdə Gürcüstanla Türkiyənin müsbət rolu vurğulanır, Azərbaycanla Gürcüstanın ərazi bütövlüyünə hörmət isə ayrıca qeyd edilir.

İkinci məqam regionun qlobal kontekstdə nəqliyyat dəhlizi rolunun artmasıdır. Söhbət xüsusilə Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu – «Orta dəhliz»dən gedir. Dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə konteyner daşımalarının həyata keçirildiyi bu marşrut Çin, Qazaxıstan, Xəzər dənizi hövzəsi, Azərbaycan və Gürcüstandan keçməklə, Avropa ölkələrinədək uzanır. Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən bütün iqtisadi layihələrə dəstəyin ifadə olunduğu Bakı Bəyannaməsi Orta Dəhlizin nəqliyyat və enerji komponentlərinin hər birinin maraqlarına uyğun olaraq üç ölkə tərəfindən əlaqələndirilmiş şəkildə inkişaf etdirilməsini nəzərdə tutur. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də buraya daxildir.

Qeyd olunan iki aspektə daha dolğun qiymət isə Gürcüstanın baş nazirinin Azərbaycana səfərinin gedişində verilib.

 

İqtisadi və digər layihələr

Əvvəllər Gürcüstanın hakim «Gürcü arzusu – Demokratik Gürcüstan» partiyasına rəhbərlik etmiş, fevralın əvvəlindən isə baş nazir postunda İrakli Qaribaşvilini əvəzləyən (sonuncu öz növbəsində, partiyanın başına keçib) İrakli Kobaxidze Azərbaycan paytaxtına baş nazirin birinci müavini, iqtisadiyyat naziri Levan Davitaşvili və xarici işlər naziri İlya Darçiaşvilinin daxil olduğu nümayəndə heyəti ilə gəlmişdi.

Kobaxidzenin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün yekununda mətbuata vacib bəyanatlar səsləndirilib. Hər iki lider Azərbaycanla Gürcüstan arasındakı dostluq, mehriban qonşuluq münasibətlərinin dərin tarixi köklərə bağlı olduğunu bildirib.

Azərbaycan Prezidenti iki ölkə arasında iqtisadi sahədəki əməkdaşlıq üzərində xüsusi dayanaraq bildirib ki, bu əməkdaşlıq region, daha geriş mənada isə Avrasiya üçün vacibdir. Çünki iki ölkənin birgə reallaşdırdığı infrastruktur – nəqliyyat, enerji layihələri bir çox ölkə üçün vacib əhəmiyyət daşıyır. İlham Əliyev Azərbaycan-Gürcüstan əməkdaşlığının cəlbediciliyinə nümunə kimi, tezliklə genişlənmiş formada işləməyə başlayacaq Bakı-Tbilisi-Qars dəmir yolunu göstərib, onun buraxılış gücünün 1 milyon tondan 5 milyon tona qaldırılmasının nəzərdə tutulduğunu söyləyib.

Azərbaycan, Gürcüstan və Türkiyə «Cənub Qaz Dəhlizi» layihəsinin də təşəbbüskarlarıdırlar.  Azərbaycan qazı bu boru xətti vasitəsilə Gürcüstandan keçməklə, Avropanın bir sıra ölkələrinə nəql olunur. İlham Əliyev Azərbaycanın investisiyalar yatırmaq üçün maliyyə imkanlarına, eyni zamanda Gürcüstan kimi etibarlı dostlara malik olduğunu xüsusi vurğulayıb, bildirib ki, məhz bu üzdən, reallaşdırılan enerji layihələri bundan sonra da dünyanın bir çox ölkəsinin enerji təhlükəsizliyini təmin edəcək.

Bununla yanaşı, yeni layihələr, xüsusilə «yaşıl enerji»nin inkişafı ilə bağlı layihələr üzərində də işlər aparılır. Dövlət başçısı bildirib ki, Böyük bərpa olunan enerji potensialına malik olan Azərbaycanla Gürcüstan hazırda miqyaslı bir layihənin iqtisadi-texniki əsaslandırılması üzərində işləyirlər. Onun bu ilin sonuna hazır vəziyyətə gətirilməsi, daha sonra praktik addımlara başlanılması nəzərdə tutulur.

Azərbaycan və Gürcüstan liderləri iki ölkə arasında ticarət dövriyyəsinin artımından məmnunluqlarını bildiriblər, bu rəqəmin 900 milyon dollara yaxınlaşdığını xatırladıblar. İlham Əliyev deyib ki, Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə yatırıblar. İrakli Kobaxidze isə Azərbaycanın ölkəsinin 5 ticarət tərəfdaşından biri olduğunu xüsusi vurğulayıb. «Biz bu rəqəmlərin davamlı olaraq artacağına əminik», - deyə baş nazir qeyd edib.

Azərbaycanla Gürcüstan arasında iqtisadi sahədə əməkdaşlıq bütünlükdə Avrasiya miqyasında inteqrasiya proseslərinin inkişafı baxımından son dərəcə əhəmiyyətlidir. Asiya ilə Avropanı, Şərqlə Qərbi birləşdirən bu regionda siyasi vəziyyəti də əsasən o müəyyənləşdirir. Cənubi Qafqaz və bitişik regionların təhlükəsizliyi üçün Bakı-Tbilisi tərəfdaşlığının strateji əhəmiyyət daşıması da buradan qaynaqlanır. Eyni sözləri regionda dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətə əsaslanan çoxtərəfli əməkdaşlığa da aid etmək olar. Bəzi qeyri-region güclərinin Cənubi Qafqazda vəziyyətə təsir etmək cəhdləri fonunda bu hədəfə nail olunması xüsusi əhəmiyyət daşıyır.

 

Qarşılıqlı maraqlar və «qlobal kontekst»

Prezident Əliyev ilə baş nazir Kobaxidzenin bəyanatlarında onların ənənəvi olaraq bir-birinin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə etmələri xüsusi yer tutub. «Bu dəstək bundan sonra da davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa edib», - deyə Prezident İlham Əliyev bildirib.

İrakli Kobaxidze isə öz növbəsində, Azərbaycana Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü bildirib, Tbilisinin də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini söyləyib. Baş nazir iki ölkə arasındakı tərəfdaşlıq və dostluğa «qlobal kontekstdə» də əhəmiyyət daşıdığını deyib, «regionda sabitliyə bündan sonra da maksimum töhfə veriləcəyini» bildirib.

Bütün bunların fonunda son zamanlar Gürcüstanın Avro-Atlantik məkana inteqrasiya cəhdlərindən öz geosiyasi maraqları üçün istifadə etməyə çalışan bəzi dairələrin «Cənubi Qafqaz oyunları»nı da nəzərdən qaçırmaq olmaz. Bu, Gürcüstanın 2023-cü ilin dekabrında Avropa İttifaqına üzvlüyə namizəd statusu almasından sonra xüsusilə nəzərə çarpmağa başlayıb. Həmin qüvvələr Gürcüstandan özlərinin anti-Azərbaycan planlarını həyata keçirmək üçün də istifadə etməyə çalışır.

Bakı isə Gürcüstanın Aİ ilə yaxınlaşması faktına praqmatik yanaşır, qonşu dövlətin xarici siyasi seçiminə hörmət edir. Prezident İlham Əliyev 2023-cü il dekabrın 6-da ADA Universitetindəki çıxışı zamanı bildirib ki, o, Aİ üzvü olduqdan sonra Gürcüstanın bu təşkilatda aparılacaq müzakirələrdə Azərbaycanı dəstəkləyəcəyinə əmindir. «Bizim münasibətlərimizdə heç nə dəyişməyəcək. Əksinə, Aİ-də bizi müdafiə edəcək daha bir yaxın dostumuz olacaq. Ümid edirik ki, Avropa Parlamentinin gürcü deputatları avropalı parlamentarilərini Azərbaycanla bağlı maarifləndirəcək və onlar daha realist olacaqlar», - deyə dövlət başçısı qeyd edib.

Lakin Gürcüstanın Cənubi Qafqazda Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi, erməni işğalından azad olunmuş bütün əraziləri üzərində suverenliyini bərpa etməsindən sonra yaranmış yeni reallıqla barışmaq istəməyən bəzi xarici güc mərkəzlərinin maraqlarının reallaşdırılmasında alətə çevrilə biləcəyi təhlükəsi də var. Bu reallığın əsas tərkib hissələrindən biri də müstəqil siyasət yürüdən Azərbaycanın daha da güclənməsidir. Bu prosesə mane olmaq istəyən ayrı-ayrı Qərb dairələri Cənubi Qafqazda sabitliyi pozmaq üçün aşkar addımlar atır. Söhbət, ilk növbədə, Ermənistanın «təhlükəsizliyinin qarantı» statusunda Rusiyanı əvəzləməyə çalışan Fransadan gedir. O, Ermənistana silah və hərbi texnika tədarük edir, bu işdə tranzit olaraq isə Gürcüstan ərazisindən istifadə olunur. Paris bununla göstərmək istəyir ki, Tbilisiyə Aİ-yə üzvlüyə namizə statusu boş yerə verilməyib. Burada söhbət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmaması, İrəvanın Azərbaycana qarşı ərazi iddialarının davam etdiyi bir şəraitdə Gürcüstanın yaxın dostu və tərəfdaşı olan ölkənin maraqlarına zidd prosesdən gedir. Fransa və digər Qərb dairələrinin bu əməlləri, şübhəsiz ki, onların daha miqyaslı planının bir hissəsidir. Söhbət Rusiyanın Cənubi Qafqazdan sıxışdırılaraq çıxarılmasından gedir. Bu, özünü NATO-nun baş katibi Yens Stoltonberqin Cənubi Qafqaz ölkələrinə turnesi zamanı da göstərib. Turne zamanı məlum olub ki, Şimali Atlantika Alyansında Avro-Atlantik məkana inteqrasiya yolu seçmiş Gürcüstan və son zamanlar qərbpərəst «damarı tutmuş» Ermənistandan fərqli olaraq, regionun lideri, hərbi baxımdan ən qüdrətli dövləti olan Azərbaycanın NATO-ya qoşulmaq niyyətinin olmadığını anlayırlar. Azərbaycan NATO-nun cəlbediciliyini hər zaman öz milli maraqları baxımından qiymətləndirib və bundan sonra da belə olacaq. Başqa sözlə, o, Qərbin bu hərbi-siyasi alyansının hansısa qüvvələrə qarşı olan geosiyasi planlarında iştirak etməyib və etmir.

Bəs Gürcüstan ondan, həmçinin Ermənistandan regionda təhlükəsizliyi  pozmaq, sonda bölgəni nəzarətə götürmək planının reallaşdırılması işində istifadə etməyə çalışan Qərbin təzyiqi qarşısında tab gətirə biləcəkmi? Azərbaycanla Gürcüstanın xarici siyasi prioritetlərindəki fərq ənənəvi tərəfdaşların, mehriban qonşuların, dostların ikitərəfli münasibətlərində problemlərə yol açmayacaq ki?

Gürcüstan baş nazirinin Azərbaycana səfərindən belə məlum olur ki, belə risklərin mövcudluğunu, eyni zamanda onların aşılmasının vacibliyini hər iki tərəf anlayır. Dünya və Avrasiyanın sərt geosiyasi təlatümlər içərisində olduğu şəraitdə Azərbaycanla Gürcüstan bundan sonra da birgə regional təhlükəsizlik sisteminin qurulmasında maraqlıdırlar.

İlham Əliyev əbəs yerə deməyib ki, «iki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcək». İrakli Kobaxidze isə deyib ki, «bundan sonra da dostluğu, əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirmək üçün əlimizdən gələni edəcəyik».



MƏSLƏHƏT GÖR:

21