17 May 2024

Cümə, 12:35

16 İLDƏN SONRA

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında rəhbər dəyişikliyindən sonra hansı yeniliklər gözlənilməlidir?

Müəllif:

15.04.2024

Azərbaycanda ən çox sevilən idman növündə islahatlar həyata keçirilir. 16 ildən sonra ölkə futbolunun rəhbərliyi dəyişib. Nəhayət, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) seçkilər keçirilib. 

16 il AFFA-ya rəhbərlik edən Rövnəq Abdullayev növbəti dəfə namizədliyini irəli sürməyib. Seçkilərdə yeganə namizəd olan “Neftçi” klubunun Müşahidə Şurasının sədri Rövşən Nəcəf açıq səsvermə yolu ilə yekdilliklə AFFA prezidenti vəzifəsinə seçilib.

 

Birlikdə işləmək lazımdır

Rövşən Nəcəf seçildikdən sonra ilk çıxışında qarşıya qoyduğu məqsədlərdən danışıb: “Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan idmanı inkişaf edir. Respublikada futbol səviyyəsinin yüksəlməsi üçün birlikdə çalışmalıyıq. AFFA-nin yeni strategiyası üzərində işləyəcəyik və onu hər kəsə təqdim edəcəyik. Biz hər an bilməliyik ki, düz yoldayıq, qoyduğumuz məqsədə çata biləcəyik. Nöqsanlar yaranarsa, onları dərhal düzəltməliyik. Biz uşaq futboluna xüsusi diqqət yetirməklə yanaşı, azarkeşlərin stadionlara cəlb edilməsi, futbolun kütləviləşməsi istiqamətində də çalışacağıq. Stadionların dolu olmasını istəyirik. Azarkeşlər futbola evdə yox, stadionlarda baxmalıdırlar. Artıq müəyyən uğurlar qazanan qadın futboluna diqqəti artırmaq niyyətindəyik. Bütün bunlar vaxt və səbir tələb edir. Komandamızın FİFA reytinqindəki mövqeyi də bizi qane etmir. Ümumi səylərlə irəli doğru getməliyik”.

AFFA-nın yeni rəhbəri bütün qərarların kollektiv şəkildə qəbul ediləcəyini bildirib: “İcraiyyə Komitəsində bütün qərarları hamımız birlikdə verəcəyik. Gələcək müzakirələrimizdən biri də klublarla və çempionatla bağlı olacaq. Bu mövzu təhlil tələb edir. Hər hansı qərarı verərkən Azərbaycanda və dünyada istifadə olunan təcrübədən istifadə edəcəyik. Futbol böyük ailədir. Burada birlikdə çalışmaq lazımdır... Bu, yalnız bir nəfərin işi deyil. Mən fəal olaraq bu işə cəlb olunacağam. Mənə həmkarlarımın, medianın və digər futbol ictimaiyyətinin nümayəndələrinin köməyi lazım olacaq”.

Seçkidə İcraiyyə Komitəsinin yeni üzvləri seçilib. 12 yerə eyni sayda namizəd olduğu üçün seçki açıq səsvermə yolu ilə keçirilib. Səməd Qurbanov, Fərid Mansurov, Xəyal Cəfərov, Qurban Qurbanov, Maqsud Adıgözəlov, Elşad Nəsirov, Balakişi Qasımov, Sərxan Hacıyev, Ülvi Mansurov, Leyla Xəlilova Rzazadə, Könül Mehtiyeva və Zaur Axundov  yekdilliklə İcraiyyə Komitəsində yer alıblar.

 

Əsas məqsədlər və problemlər

Bu gün Azərbaycan futbolunda 16 il ərzində görülən işləri təhlil etmək bir qədər çətindir. Dövlət tərəfindən lazımi maddi dəstək göstərilib, infrastruktur yaradılıb. Bu müddət ərzində ölkədə yeni müasir stadionlar tikilib. Azərbaycan böyük futbol yarışlarına ev sahibliyi edib. 17 yaşlılar arasında dünya və Avropa çempionatı, UEFA Avropa Liqasının final matçı, Avropa çempionatının 4 matçının ölkəmizdə təşkili bu idman növünün inkişafı baxımından yüksək qiymətləndirilməlidir. Amma milli komanda səviyyəsində uğur əldə olunmayıb. Əcnəbi məşqçilər bir-birini əvəzləyib, xarici futbolçular milliləşdirilib, lakin bütün bunlar nəticəsiz qalıb. AFFA rəhbərliyinin cavabdeh olduğu yığma hər il geriyə addım atıb, uşaq futbolu diqqətdən kənarda qalıb.

Yeni rəhbərliyin görəcəyi işlər çoxdur. Rövşən Nəcəf AFFA-ya “Neftçi”dən gəlib. Yəni o, Azərbaycan futbolunun problemləri barədə məlumatlıdır. İlk növbədə, uşaq futbolunun inkişaf strategiyası hazırlanmalı, kifayət qədər peşəkar məşqçilər formalaşdırılmalıdır. Uşaq futbolu ilə yanaşı, klubların aşağı yaş qruplarındakı məşqlər araşdırılmalıdır.

İmkan daxilində xüsusi istedadlı uşaqların xaricdə futbol akademiyalarında təhsil almasına dəstək göstərilməlidir. Ölkə futboluna hava-su kimi vacib olan menecer, idman həkimi, fiziki hazırlıq məşqçilərinin formalaşması üçün işlər görülməlidir.

Təbii ki, ən böyük problem Azərbaycan milli komandası ilə bağlıdır. Lakin milli komandanı bir il ərzində dəyişmək mümkün deyil. Uyğun baş məşqçi təyinatından sonra bütün yaş qruplarında komandalar bir proqram üzrə hazırlıq keçməlidirlər. Bəli, milli komanda ölkənin futbol piramidasının zirvəsidir. Amma layiqli kadrlar yoxdursa, uşaq futbolu inkişaf etmirsə, millidən nəticə gözləmək mənasızdır.

İndi ölkənin futbol ictimaiyyəti may ayında AFFA-nın millinin yeni baş məşqçisinin adını açıqlayacağını gözləyir.



MƏSLƏHƏT GÖR:

17