18 May 2024

Şənbə, 13:04

“MAYELƏŞDİRİLMİŞ” PERSPEKTİVLƏR

Azərbaycan “Həmrəylik Halqası” vasitəsilə Balkan ölkələrinə ildə 5 milyard kubmetr “mavi yanacaq” tədarük etməyi planlaşdırır

Müəllif:

15.04.2024

Soyuq aylar geridə qalıb. Avropa ölkələri sərt qış günlərində və Rusiya təbii qazının tədarükünün azaldılması fonunda istehlakçılarını istiliklə təmin etmək vəzifəsinin öhdəsindən uğurla gəlib. Lakin yazın gəlişi qlobal enerji bazarında sabitliyin yaranmasına səbəb olmayıb. Məlum olduğu kimi, Ukraynadakı hərbi əməliyyatlar Avropanı idxal marşrutlarını dəyişməyə və mayeləşdirilmiş təbii qazın (LNG) alış həcmini artırmağa vadar edib. Rusiyadan tədarükün azaldılmasından sonra Avropanın LNG idxalı ümumi təbii qaz tədarükünün 35%-nə qədər artıb və onların əksəriyyəti spot qiymətlərlə alınır.

Avropa indi beynəlxalq LNG bazarında tam hüquqlu oyunçuya çevrilib və Asiyadakı ənənəvi alıcılarla təchizat uğrunda rəqabət aparır. Lakin onun əsas üstünlüyü odur ki, Avropa İttifaqı (Aİ) bir mənbədən asılılıqdan xilas olacaq. Medalın digər tərəfi isə Asiyadakı rəqabətin təsiri altında “mavi yanacağ”ın qiymətləri ilə bağlı dalğalanmalarıdır.

Bu arada, aprel ayında təbii qaz bazarının liderləri V Budapeşt LNG Sammitində bu sahənin gələcəyini müzakirə ediblər. Bu regional səviyyədə keçirilən unikal forumdur. Bu tədbir böyük şirkətlərin rəhbərlərini, yüksək səviyyəli hökumət və Aİ rəsmilərini, maliyyə və konsaltinq şirkətlərinin top menecerlərini, innovativ texnoloji həllərin tərtibatçılarını və tanınmış tədqiqatçıları bir araya gətirib.

 

Planlar və problemlər

Sammiti giriş sözü ilə açan Macarıstanın xarici işlər naziri və ticarət naziri Peter Siyarto bir daha açıq şəkildə bildirib ki, ölkəsi enerji təchizatı və sərfəli müqavilələr baxımından etibarlı olduğunu sübut edən tərəfdaşlıqdan imtina etmək niyyətində deyil.

“Biz enerji təchizatı məsələlərində istənilən siyasi təzyiqi rədd edirik. Faydalı əməkdaşlıq qurduğumuz heç bir tərəfdaşımızdan, bizim üçün faydalı olan heç bir müqavilədən imtina etməyəcəyik”, - nazir ölkəsinin “Qazprom”la Rusiya təbii qazının Macarıstana nəqlinə dair uzunmüddətli razılaşmalara toxunaraq vurğulayıb.

Eyni zamanda P.Siyarto təbii qaz təchizatının şaxələndirilməsinin vacibliyinə  diqqət çəkərək qeyd edib ki, bununla rəsmi Budapeşt mövcud mənbələrdən imtina edilməsini deyil, yeni mənbələrin daxil edilməsi nəzərdə tutur.

Nazir bu istiqamətdə uğur hekayəsi kimi “Türk axını” (“TurkStream”) kəmərinin inşasını və Macarıstanın bu yaxınlarda Türkiyə ilə qonşu olmayan və Türkiyədən hasil edilən təbii qazı (2024-cü il aprelin 1-dən – “R+”) alan ilk ölkə olmasını göstərib. Ötən ilin yayında imzalanan sazişlə 2024-cü ilin ikinci və üçüncü rübündə 275 milyon kubmetr Türkiyə “mavi yanacağı”nın idxalı nəzərdə tutulur.

P.Siyarto əlavə edib ki, Ukrayna Rusiya qazının öz ərazisindən Avropaya tranziti ilə bağlı 2024-cü ildən sonra “Qazprom” ilə müqaviləni yeniləməkdən imtina etsə belə, “Türk axını” sayəsində Macarıstan öz enerji təhlükəsizliyini təmin edə biləcək. Axı, Macarıstan istehlakçıları üçün, demək olar ki, bütün Rusiya qazı artıq Ukraynadan yan keçməklə, yəni “TurkStream” vasitəsilə cənub istiqamətindən ötürülür.

Bundan başqa, o, Slovakiya-Macarıstan boru kəmərinin inşasını, təbii qaz tədarükü üzrə Azərbaycanla əməkdaşlığı, Macarıstan-Rumıniya qaz nəqli imkanlarının genişləndirilməsini və “Shell” şirkəti ilə LNG müqaviləsinin bağlanmasını böyük nailiyyət adlandırıb. Bu ölkənin hökuməti “Shell” ilə müqaviləni 2027-ci ildən sonra da uzatmaq niyyətindədir.

Macarıstanlı nazir Aİ-ni Cənub-Şərqi Avropada enerji infrastrukturunun inkişafına yardımı azaltmaqda ittiham edib. O, bu layihələrin diversifikasiya üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Hər halda, boru kəmərləri və LNG daxil olmaqla Rusiyadan tədarük edilən təbii qaz hələ də Aİ idxalının 15%-ni təşkil edir. Lakin bu təşkilata üzv ölkələr 2027-ci ilə qədər Rusiya qazının idxalını mərhələli şəkildə dayandırmağı qarşılarına məqsəd qoyublar və bu istiqamətdə addım-addım irəliləyirlər. Avropa Parlamenti artıq Aİ hökumətlərinə Rusiyadan LNG-nin idxalını qadağan etməyə imkan verən qaydaların tətbiqini təsdiqləyib. Təbii qaz siyasətinə dair yeni qaydalar hökumətlər üçün Rusiya “mavi yanacağı”nın ölkələrinə daxil olmasını əngəlləmək üçün hüquqi mexanizmlər təmin etmək məqsədi daşıyır. Baxmayaraq ki, heç bir böyük idxalçı bu səlahiyyətdən istifadə etmək niyyətini hələ bildirməyib. Bunun baş verəcəyi təqdirdə LNG-yə tələbat artacaq və təbii ki, onun qiymətləri artacaq.

“Rusiyanın LNG təchizatının əvəz edilməsi qeyri-mümkün görünmür. Yalnız qısamüddətli perspektivdə LNG üçün qlobal rəqabətin artması səbəbindən bu enerji resursu daha baha başa gələ bilər, çünki hazırda xüsusən də Asiyada təbii qaza tələbatın artdığına dair əlamətlər var. Bunu LNG qiymətlərinin son artımı da göstərir”, - “Commerzbank”ın analitikləri bildiriblər.

Bu arada, “Shell Energy Integration & Fundamentals” şirkətinin vitse-prezidenti Cefferson Edvards qlobal LNG bazarındakı tendensiyalarla əlaqədar hesab edir ki, istər boru kəməri ilə tədarük edilən təbii qaz, istərsə də LNG həm enerji təhlükəsizliyində, həm də enerji keçidində mühüm rol oynayır: “2040-cı ilə qədər LNG-yə tələbatın 50%-dən çox artacağı gözlənilir, çünki Çin və Cənubi Asiyada sənayenin kömürdən qaza keçidi sürətlənir, həmçinin Cənub-Şərqi Asiya ölkələri iqtisadi artımlarını dəstəkləmək üçün daha çox LNG istifadə edir”.

“MET Central Europe” topdan ticarət və portfolio optimizasiyası şirkətinin direktoru Ester Sekeres qlobal hadisələrin “mavi yanacaq” qiymətlərinə ciddi təsir göstərdiyini, son illərdə Avropaya boru kəməri qazının tədarükünün təxminən 20%-nin LNG ilə əvəz olunduğunu qeyd edib: “Buna görə də qiymət səviyyəsi, demək olar ki, böhrandan əvvəlki səviyyəyə qayıtsa belə, volatillik azalmayıb”.

“Ötən dövrün ən mühüm nəticələrindən biri odur ki, Aİ indi kifayət qədər qazlaşdırma qabiliyyətinə malikdir. Bununla LNG bazarına çıxış daxil olmaqla mümkün təchizat fövqəladə hallarının həlli üçün uyğun olan qlobal çərçivə genişləndirilib”, - “MVM CEEnergy” şirkətinin təbii qaz və LNG ticarəti şöbəsinin baş direktoru Zoltan Rahoti deyib.

Konfransda, həmçinin LNG-nin enerji təhlükəsizliyi, təchizat çevikliyi və rəqabətqabiliyyətliliyindəki rolu müzakirə olunub.

“ABŞ və dünyanın istənilən ölkəsindən LNG tədarükü üçün uzunmüddətli müqavilələr lazımdır. Bununla tədarüklə bağlı problemlərin olmayacağına əmin olmaq mümkündür”, - “OMV Petrom” direktorlar şurasının üzvü Frank Nil qeyd edib. O, Rumıniyanın 2023-cü ildə ilk dəfə olaraq xalis qaz ixracatçısına çevrildiyini vurğulayıb. “OMV Petrom”un Qara dənizdəki tədarüklərinin və layihələrinin şaxələndirilməsi ilə bağlı F.Nil bildirib ki, şirkət təkcə Rumıniyadakı deyil, həm də şirkətin Bolqarıstandakı layihələrinə nikbin yanaşır. Onun sözlərinə görə, LNG bazarında gördüyü iki əsas problem həcmlər və maliyyə çatışmazlığı ilə bağlıdır.

SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov isə ölkələri Azərbaycanda enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar axtarmağa çağırıb: “Bizim üçün ən vacib məsələ münasibətlərdəki sabitlikdir”.

“Gəlin, neft və qazdan silah kimi deyil, strateji münasibətlərdə körpü kimi istifadə etməyə çalışaq”, - o vurğulayıb.

 

Qaz vertikalı

Budapeştdə keçirilən konfransda “Şaquli Qaz Dəhlizi” (VGC) layihəsi də müzakirə edilib. Bu layihə çərçivəsində Avropanın cənubu və şimalı arasında təbii qazın ikitərəfli nəqlinin qurulması və bununla da bütün regionun enerji təhlükəsizliyinin gücləndirilməsi planlaşdırılır.

Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya, Moldova və Ukraynadan olan əsas maraqlı tərəflərin, həmçinin “Gastrade” və Yunanıstan-Bolqarıstan İnterkonnektor konsorsiumlarının iştirakı sayəsində “Şaquli Qaz Dəhlizi” Avropanın Rusiya enerjisindən asılılığını azaltmağa yönəlib.

“FGSZ Zrt” şirkətinin baş direktoru Ferents İ.Sabolç bununla bağlı söyləyib ki, VGC qaz şəbəkəsi - operatorları ilə LNG infrastruktur operatorları arasında səmərəli əməkdaşlığa əsaslanan yaxşı təşəbbüsdür: “Mövcud qaz kəməri sistemində kiçik dəyişikliklər edilmək yolu ilə, yeni alternativ qaz və LNG mənbələri yaradılacaq. Bu da Balkan ölkələrinə, Ukrayna və bütün Mərkəzi və Şərqi Avropa regionuna fayda verəcək. Ümumiyyətlə, bununla daha çox likvidlik, daha yaxşı bazar inteqrasiyası və rəqabət yaradacaq”.

Gözlənilir ki, “Şaquli Qaz Dəhlizi” sisteminin işə düşməsi Yunanıstandan Bolqarıstan, Rumıniya, Moldova, Slovakiya, Macarıstana və Ukraynadakı yeraltı anbarlara qaz nəqlini təşkil etməyə imkan verəcək.

Təchizat üçün resurs bazasına bunlar daxildir: Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə Yunanıstana tədarük edilən “mavi yanacaq” və Yunanıstandakı terminallara müxtəlif ölkələrdən tədarük olunacaq LNG. Yəni Yunanıstanın Aleksandrupolisindəki LNG terminalı Revitus adasındakı modernləşdirilmiş yenidən qazlaşdırma stansiyası və TAP qaz kəməri ilə birlikdə “Şaquli Qaz Dəhlizi”nin əsas komponentlərinə çevriləcək.

Doğrudur, layihənin tam həyata keçirilməsi üçün Avropa ölkələrinin mövcud daxili qaz kəmərləri sistemlərinin modernləşdirilməsi, hətta bəzi hissələrdə çatışmayan boru kəmərlərinin tamamlanması, qaz kəmərinin tələb olunan gücünün müəyyən edilməsi, qazın axını və gücünü tənzimləyə bilmək məqsədilə interkonnektorlarda kompressor stansiyalarının quraşdırılması zəruri olacaq.

Yaxşı xəbər odur ki, iştirakçı ölkələrin bütün qazpaylayıcı sistem operatorları eyni vaxtda (2024-cü ilin iyul ayında), üstəlik, qrafikdən bir il əvvəl müvafiq birləşdirici nöqtələrdə tutumların paylanılmasına dair bazar baxışı keçirməyə razılaşıblar. Artıq ifadə edilmiş bazar marağına əsaslanaraq, VGC marşrutu boyunca tələbatı ödəmək üçün potensialın genişləndirilməsi layihələri həyata keçiriləcək.

Yeri gəlmişkən, artıq Yunanıstan-Bolqarıstan boru kəmərinin ötürücülük qabiliyyətinin ildə 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər genişləndirilməsinə yönəlmiş ilkin işlərə başlanılıb. Bəs bu, niyə vacibdir? Çünki bu, Yunanıstan terminallarından Bolqarıstan, Macarıstan, Rumıniya, Şimali Makedoniya, gələcəkdə isə Avstriyaya Azərbaycan qazının və böyük həcmdə LNG-nin tədarükünü təşkil etməyə imkan verəcək.

VGC layihəsində iştirak edən ölkələrə diqqət yetirsəniz, onların əksəriyyətinin “Həmrəylik halqası” adlı böyük bir təşəbbüslə Azərbaycanla bağlı olduğunu görəcəksiniz. Aprelin 25-də Bolqarıstan (“Bulgartransgaz”), Rumıniya (“Transgaz”), Macarıstan (FGSZ), Slovakiyanın (“Eustream”) qaz nəqli sistemlərinin operatorları, həmçinin SOCAR arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu imzalanmasından düz bir il keçəcək.  Bu, STRING təşəbbüsünü həyata keçirilməsinə yönəlib.

İl ərzində “Həmrəylik halqası”nın nəticə etibarilə tam gücü ilə fəaliyyətinə imkan verəcək bir çox hadisələr baş verib. Buraya, ilk növbədə, Azərbaycan və Macarıstan arasında qaz tədarükünə dair sazişlər, Bolqarıstan-Serbiya interkonnektorunun işə salınması, Azərbaycan qazının Serbiyaya tədarükü haqqında sənədlər daxildir.

V.Bəylərbəyov bildirib ki, Azərbaycan “Həmrəylik halqası” vasitəsilə Balkan ölkələrinə ildə 5 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır. Onun sözlərinə görə, analoji həcmlər əlavə olaraq Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və onların qonşularına çatdırıla bilər.

Ümumilikdə, 2024-2025-ci illərdə Azərbaycan Avropaya qaz ixracının həcmini 2023-cü illə müqayisədə 17% artıraraq 14 milyard kubmetrə çatıb. O, 2026-cı ildən isə bu göstəricini daha da artırmaq niyyətindədir.

Eyni zamanda SOCAR-ın nümayəndəsi qeyd edib ki, müəyyən layihələr SOCAR-dan yox, avropalı müştərilərdən asılıdır: “Biz tədarükün artırılmasında maraqlıyıq, lakin infrastrukturun olması da son dərəcə vacibdir”.

O əlavə edib ki, Avropa uzun illər Azərbaycanın əsas bazarı olaraq qalacaq.

Energetika Nazirliyinin məlumatına görə, Avropada Azərbaycan qazına olan tələbat ildə 30 milyard kubmetr təşkil edir. Bu o deməkdir ki, hər iki tərəf bununla bağlı irəliyə doğru gedə bilər. Görünən odur ki, top hazırda Avropanın meydançasındadır.



MƏSLƏHƏT GÖR:

17