17 May 2024

Cümə, 16:01

MÜHARİBƏ MÖVZUSUNDA FANTAZİYA

Üçüncü Dünya müharibəsi başlayıb, yoxsa hər şey hələ qarşıdadır?

Müəllif:

15.04.2024

Üçüncü Dünya müharibəsi mövzusu artıq fantastik film ssenaristlərinin, küyçülərin və ya konspiroloqların sərsəmləməsinə bənzəmir. Bəşəriyyət tarixinin bütün böyük savaşları resurslar və ticarət yolları uğrunda olub. İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya düzəninin müxtəlif səbəblərdən dağılmağa başladığı, onu yeni qüvvələr balansının əvəzləməsi zərurətinin yarandığı indiki dövrdə də belədir.

Deyirlər ki, sülh dövrü yox, sadəcə, böyük müharibələrarası dövr, yeni savaşlara hazırlıq dövrləri olur. Bu gün də görürük ki, dünyada yaranmış münaqişəli vəziyyətin danışıqlar yolu ilə həlli şansı o qədər də çox deyil. Məsələ ondadır ki, bu qarşıdurmada cüzi istisnalarla, əsl müttəfiqlər yoxdur və hər kəs hər kəsə qarşıdır. Rusiya ilə Çini, yaxud Rusiya ilə İranı müttəfiq adlandırmaq çətindir. Eyni sözləri ABŞ ilə İsrailə və ya Avropa ilə ABŞ-yə da aid etmək olar. Məsələn, Aİ diplomatiyasının başçısı bildirib ki, İttifaq ölkələri artıq ABŞ-nin müdafiəsinə arxalana bilməz, çünki bu, «Amerikaya kimin rəhbərlik etməsindən asılıdır». Bir sözlə, əslində, söhbət maraqların situasiyaya uyğun üst-üstə düşməsindən gedir ki, bu da istənilən an dəyişə bilir.

 

Əsas təhrikçi

Hazırda Üçüncü Dünya müharibəsinin əsas təhrikçisi miqyası getdikcə böyüməkdə olan Ukrayna savaşıdır. Jozep Borelin sözlərinə qayıdaraq, demək olar ki, o, fikirlərini kifayət qədər açıq ifadə edib. Borrel hesab edir ki, Avropa İttifaqı ölkələri potensial müharibəyə hazır olmalıdır, çünki Ukrayna hüdudlarını aşa biləcək tammiqyaslı hərbi münaqişə «artıq fantaziya deyil». «Bizə tərəf bir müharibə gəlir. Avropa üçün yüksək intensivlikli şərti müharibə artıq fantaziya deyil», - deyə Borrel qeyd edib.

Eyni xəbərdarlıqla da əvvəl Polşanın baş naziri Donald Tusk da çıxış etmişdi. O da hesab edir ki, hazırda «sözün əsl mənasında, istənilən ssenari mümkündür». «Bilirəm ki, bu, xüsusilə gənc nəsil üçün ağır səslənir, lakin biz fikrən yeni dövrə – müharibəqabağı dövrə vərdiş etməliyik», - deyə Tusk bildirib.

Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps isə Avropanın «postmüharibə dünyasından müharibədən əvvəlki dünyaya keçdiyini» deyib. «Rusiya qonşularımıza təhdid yaradır. Çin getdikcə daha da aqressivləşir. İran Yaxın Şərqdən Yəmən boğazlarınadək regional xaos yaratmaq üçün öz adamlarından istifadə edir. Şimali Koreya isə davamlı olaraq «nüvə qılıncı» oynadır. Bu pisniyyətli güclər getdikcə birləşirlər və bizim demokratiyamız onların hədəfinə çevrilir», - deyə nazir qeyd edib.

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Devid Kemeron ilə Stefan Sejurne də bənzər fikirdədirlər. Onların Britaniyanın «The Telegraph» nəşrində dərc olunmuş birgə məqaləsində deyilir ki, «Ukrayna müharibədən qalib çıxmalıdır» və onların ölkələri NATO-nun iki əsas üzvü, Avropanın nüvə dövlətləri olaraq, «Şimali Atlantika Alyansını qarşısında olan problemin həllinə vadar etmək məsuliyyəti daşıyır».

Pentaqon rəhbəri Lloyd Ostin hesab edir ki, Ukraynanın məğlubiyyəti Rusiya-NATO müharibəsinə yol açacaq. Şimali Atlantika Alyansının Hərbi komitəsinin sədri, admiral Rob Bauer isə bildirib ki, Qərbin mülki əhalisi Rusiya ilə «total müharibə»yə hazırlaşmalıdır.

Bu da son deyil. Məsələn, İsveç hərbçiləri təlimlərdə Rusiyaya hücum ssenarisi üzərində çalışır.

 

Üçüncü Dünya müharibəsinin riskləri

Ağ Evə rəhbərliyə qayıtmaq şansı az olmayan Donald Tramp da bildirib ki, dünya heç zaman Üçüncü Dünya müharibəsinə bu qədər yaxın olmayıb. Sabiq prezident hesab edir ki, o, keçmiş savaşlardan daha miqyaslı olacaq və sadəcə, düşmən ordular və texnikalar arasında qarşıdurmanı əhatə etməyəcək.

Həqiqətən, NATO ilə Rusiya arasında birbaşa qarşıdurma riski getdikcə artır. 2023-cü ilin dekabrında Almaniyanın «Bild» nəşri öz mənbələrinə istinadən yazırdı ki, Rusiya 2024-cü ilin sonu, yaxud 2025-ci ilin əvvəlində Avropaya hücum edə bilər. Yazıda bildirilir ki, həmin vaxt ABŞ-nin başı potensial olaraq, prezident seçkisi ilə əlaqəli çətin daxili vəziyyətə qarışa, nəticədə Vaşinqton Avropa ölkələrinin köməyinə vaxtında çatmaya bilər.

Maraqlıdır ki, əvvəllər nüvə dövlətləri arasında savaşın apriori mümkün olmadığı düşünülürdüsə, indi nüvə silahı istisna olmaqla, bütün mümkün vasitələrin köməyi ilə savaşın mümkün olduğu istisna edilmir. Bəziləri hətta taktiki nüvə silahından istifadəni belə, mümkün sayır. Nəzərə alsaq ki, İsrail və Pakistan, hətta bəlkə də İran və digərləri taktiki nüvə silahına malikdir, bu ssenarini istisna etmək çətindir.

Moskva isə NATO ilə savaşmaq istəmədiyini bildirsə də, eyni zamanda, buna hazır olduğunu da göstərir. Vladimir Putin dəfələrlə deyib ki, ölkəsi ilə Alyans arasında tammiqyaslı qarşıdurma başlayarsa, dünya Üçüncü Dünya müharibəsinin astanasına çatacaq. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Ukraynada iki ildir davam edən müharibədə Rusiya ordusu real şəraitdə çox şey öyrənib, sursat və dron istehsalını artırmağı və paralel olaraq, hərbi potensialını bərpa etməyi bacarıb. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Kreml NATO ilə münasibətlərdə hadisələrin istənilən ssenari üzrə inkişafına hazırdır. Bu bəyanat Fransa prezidenti Makronun Qərb qoşunlarının Ukraynaya göndərilməsi təşəbbüsünə cavab olaraq səsləndirilib.

 

Ssenariləri sadalayaraq

İyunun ortalarında İsveçrədə Ukrayna ilə bağlı konfrans, yaxud bəzilərinin adlandırdığı kimi, «sülh konfransı» keçirilməlidir. O, «Böyük yeddilik» ölkələrinin Roma görüşündən dərhal sonraya planlaşdırılıb. Təşkilatçılar Rusiyaya Ukraynada hərbi əməliyyatların dayandırılmasına dair birgə ultimatumun verilməsi üçün konfransa qlobal Cənubdan maksimum çox iştirakçı toplamağa çalışır. Hələlik bu cür sammit ideyasının özü o qədər də real görünmür – bu "ideya"nın həyata keçirilməsi üçün nə dərəcədə effektiv mexanizmlərdən istifadə etmək olar?. Üstəlik, o vaxtadək çox şey dəyişə bilər. Hər bir halda, sülhə cüzi də olsa, şans var.

Bununla yanaşı, Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps hesab edir ki, NATO üçün təhdid yalnız Rusiyadan deyil, həm də Çin, İran və Şimali Koreyadan gəlir. NATO baş katibinin müavini Mirça Coane isə bu yaxınlarda bildirib ki, artıq dünya «böyük fövqəldövlətlərin rəqabəti dövrü»nə qədəm qoyub. Söhbət «Amerikanın hökmranlığına son qoymaq üçün kütləvi şəkildə tədbirlər görən» Rusiya, Çin, Şimali Koreya və İrandan gedir.

Odur ki, Ukrayna müharibəsi fonunda belə, Yaxın Şərqdə yaşananlar daha qorxulu təsir bağışlayır. Fələstin-İsrail münaqişəsi, husilərin Qırmızı dənizdə etdikləri, İsrail-İran qarşıdurması, Türkiyə üçün kürd amili, Suriyadakı vəziyyət açılmaz düyünə çevrilib. Belə bir vəziyyətdə analitiklər bir də İslam İnqilabı Keşikçiləri Korpusunun SAXAL-ın strateji infrastrukturuna və İsrailin digər obyektlərinə hücumunun hansı nəticələr verə biləcəyi haqda düşünməyə başlayıb. Xatırladaq ki, Tehran bu addımı İranın Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq atıb. Analitiklər düşünür ki, Tehran regiondakı proksi qüvvələrindən davamlı istifadə yolu ilə Təl-Əvivi gərginlikdə saxlamağa davam edə bilər. Bəziləri isə hesa edir ki, İranın İsrailin Qəzzadan qoşunlarını çıxarması, Rəfahda yerüstü əməliyyatları dayandırması müqabilində «geri çəkiləcəyi» istisna deyil. Daha bir ssenariyə görə, İranın uzaqmənzilli «kamikadze» dronlardan, qanadlı raketlərdən, hətta ortamənzilli ballistik raketlərdən istifadə etməsi təhlükəsi var.

İsrail Hərbi Hava Qüvvələrinin komandanlığı, həmçinin hava-kosmik məkana nəzarət üzrə bütün radiolokasiya mərkəzləri yüksək hərbi hazırlıq vəziyyətinə gətirilib. Məlumata görə, İsrail ilə ABŞ İranın ən vacib nüvə və hərbi-sənaye infrastrukturuna birgə zərbə hazırlaya bilərlər. Aydındır ki, bu, münaqişəni asanlıqla bütün regiona, daha sonra isə dünyaya yaya bilər. Belə bir şəraitdə bir həqiqəti anlamaq üçün peşəkar analitik olmağa ehtiyac yoxdur: Yaxın Şərqdə indiki miqyaslı gərginlik Rusiya-Qərb savaşı olan Ukrayna müharibəsinin davamıdır.

Daha bir gərginlik nöqtəsi Tayvandır. Hazırda orada vəziyyət az-çox sabit görünsə də, bu problem gözləniləndən tez «partlaya» bilər. Bu kontekstdə heç bir nəzarətə uymayan Şimali Koreya kimi dövlətin mövcudluğunu unutmaq olmaz.

Bəs Üçüncü Dünya müharibəsi necə inkişaf edə bilər? Bu, kimlərin necə təşkilatlanacağından, daxili sabitliyi necə təmin edəcəyindən, məsələyə necə ideoloji çalar qatacağından, yeni texnologiyalardan necə istifadə edəcəyindən, həmçinin əlbəttə ki, vacib resurslardan, silahlardan və canlı qüvvələrdən hansı formada yararlanacağından asılı olacaq. Burada düşmən tərəflərin AES və HES kimi vacib strateji obyektlərə zərbə endirmək qərarı verib-verməyəcəyi də önəmli rol oynayacaq. Bununla yanaşı, münaqişələrə xəritələri ağlagəlməz dərəcədə qarışdırmaq qüdrətində lan təbiət gücləri də «müdaxilə edə» bilər.

Bəzi siyasi analitiklər hesab edir ki, Üçüncü Dünya müharibəsi artıq tam gücü ilə getməkdədir. Həqiqətən də, İkinci Dünya müharibəsi heç də 1 sentyabr 1939-cu ildə başlamamışdı… Bəzilərinin fikrincə, Üçüncü Dünya müharibəsi də Ukrayna savaşı ilə birlikdə, digərlərinin düşüncəsinə görə isə daha əvvəl – Suriya müharibəsi, hətta 9/11 hadisəsindən sonra Yaxın Şərqdə yaşananlarla başlayıb. Bu, həqiqətən, belədirsə, Üçüncü Dünya müharibəsi müəyyən qədər lokal xarakterli ola bilər. Bu, artıq münaqişəyə cəlb olunmuş və ya ediləcək tərəflər üçün olmasa da, ümumilikdə bəşəriyyət üçün ən yaxşı ssenari sayıla bilər. Ən pis ssenari isə o olardı ki, bu gün müşahidə etdiklərimizin yalnız hazırlıqdır və əsl apokalipsisin hələ 5-10 sonra yaşanacaq…



MƏSLƏHƏT GÖR:

16