17 May 2024

Cümə, 12:13

KİMƏ QARŞI?

«İŞİD Xorasan» yeni kabus, yoxsa Avrasiya üçün növbəti «Troya atı»?

Müəllif:

15.04.2024

«Vilayəti Xorasan» kimi də tanınan «İŞİD Xorasan» terror təşkilatı Moskvadakı «Krokus Siti Holl»da martın 22-də törədilmiş və 130-dan artıq insanın həyatına son qoymuş terror aktına görə məsuliyyəti üzərinə götürməsindən sonra yenidən diqqət mərkəzindədir.

Faciədən heç bir ay keçməmiş, qruplaşma rusları yeni terror aktları ilə hədələyən müraciətlə çıxış edib. Rəsmi Moskva baş verənlərin sifarişçilərinin olduğunu düşünür. Bunu təsdiq və ya təkzib etmək çətindir. Lakin ötən illərin təcrübəsi göstərir ki, belə hadisələrin arxasında, bir qayda olaraq, üçüncü qüvvələr dayanır.

Rusiyanın Yaxın Şərqdə, xüsusilə Suriyada İŞİD-ə və onunla əlaqəli qruplaşmalara qarşı apardığı əməliyyatlar, həmçinin Moskvanın son illərdə «Taliban»la yaxınlaşması bu ölkəni ekstremistlərin hədəfinə çevirir. Bəs Rusiyanın Suriya hökumətinə dəstəyini, yaxud Kabillə yaxınlaşmasını gözlənilməz hücumların səbəbi saymaq olarmı? Yoxsa bu aksiya naməlum üçüncü tərəflərin sifarişidir? Bu suallara hələ ki birmənalı cavab vermək çox çətindir. Lakin bu qarışıq vəziyyətdə bəzi məqamlara aydınlıq gətirməyə çalışaq.

 

Qlobal cihad milli cihada qarşı

İŞİD ilə «Taliban» arasında əsas ideoloji fərq sonuncunun silahlı və siyasi mübarizəni Əfqanıstan daxilində aparmaq tərəfdarı olmasındadır. İŞİD-in bütün məqsədi və hədəfi isə qlobal cihadla bağlıdır. Əfqanıstan taliblərinin İŞİD-in «anası» olan «Əl-Qaidə» ilə uzun illərdən gələn əməkdaşlığı bu iki təşkilat arasında hər hansı ciddi ideoloji ziddiyyətin olmadığını göstərib. Lakin hər yanda hakimiyyətə gəlmək cəhdləri, gizli intriqalar onları qatı düşmənlərə çevirib.

Pakistan «Taliban»ından («Təhrik-ə Taliban Pakistan») qopmuş radikal «İŞİD Xorasan» qruplaşması ortaya 2014-cü ildə İraqın Mosul şəhərində İŞİD-in «xilafət» elan etməsilə çıxıb. Qruplaşma İŞİD-ə sadiqliyə and içdikdən sonra Əfqanıstanda da «filial»ını yaradıb. Məlumdur ki, Xorasan hazırkı Əfqanıstan, İran, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan ərazilərini əhatə etmiş tarixi vilayət olub. Onun adının terrorçu qruplaşmanın adında yer alması həm də təşkilatın hədəfində olan ölkələri göstərir. Qeyd edilməlidir ki, bu gün «İŞİD Xorasan» bu coğrafiyanın hüdudlarını belə, aşıb.

Təşkilatın inkişafında pik 2015-2016-cı illərdə yaşanıb. Beynəlxalq KİV-də İŞİD-in Əfqanıstanın dağ rayonlarındakı məşq düşərgələrinin görüntüləri, yerli gənclərin bu düşərgələrə üz tutmağa başladığına dair xəbərlər məhz həmin illərdə yayılmağa başlayıb. Lakin o zaman qruplaşma üzvlərinin sayı təxminən 3 min nəfər təşkil edirdi və onların əsas hədəfi yerli şiələrlə Əfqanıstan hökuməti idi. Bununla yanaşı, «İŞİD Xorasan» Əfqanıstanda (şiə məscidlərində), Pakistanda, Banqladeşdə terror aktları törədir, minlərlə insanın həyatına son qoyurdu.

2016-cı ildə Əfqanıstanın hökumət qüvvələri və ABŞ-nin başçılıq etdiyi hərbi koalisiya İŞİD-ə qarşı silsilə əməliyyatlar həyata keçirib. Məsələn, Türkmənistan-Əfqanıstan sərhədində birinciyə hücuma hazırlaşan xeyli sayda yaraqlı məhv edilib. Həmin ilin avqustunda isə qruplaşma liderləri Hafiz Səd Xan və digərləri məhv edilib, liderlərin və üzvlərin öldürülməsi təşkilatın gücünü xeyli zəiflədib.

Ondan sonra «İŞİD Xorasan» bir də 1 yanvar 2017-ci ildə peyda olub – İstanbuldakı «Reyna» klubunda törədilmiş terror aktı 39 nəfərin həyatına son qoyub, 80-dək insan yaralanıb.

Lakin qruplaşmanın «dirçəliş» tarixi 29 fevral 2020-ci il hesab olunur. Söhbət ABŞ hökumətinin «Taliban»la razılaşmasından gedir. Bundan sonra qruplaşma talibləri Vaşinqtonla əməkdaşlıqda günahlandıraraq, onların mövqelərinə hücumlara başlayıb.

2021-ci ilin avqustunda Əfqanıstan hökumətinin süqutundan və ABŞ qoşunlarının bu ölkədən çıxmasından sonra «İŞİD Xorasan» yenidən fəallaşıb və ard-arda qanlı hücumlar təşkil etməyə başlayıb. Onlardan ən miqyaslısı Kabil aeroportunun qarşısında baş verib. Kamikadze tərəfindən törədilmiş partlayışda təxminən 170 əfqan və 13 amerikalı həlak olub.

İstər Əfqanıstan, istərsə də Pakistanda «İŞİD Xorasan»ın «Taliban» rejimi əleyhinə terror aktlarına sonrakı illərdə də rast gəlinib. Məsələn, 2023-cü ilin iyulunda Pakistanın Hayber-Paxtunxva əyalətində törədilmiş terror aktı onlarla insanın həyatına son qoyub.

Bununla yanaşı, terror təşkilatı özünü zaman-zaman İranda da göstərir. 2022-ci ilin oktyabrında və 2023-cü ilin avqustunda İsfahanda müqəddəs məkan olan Şahçıraqda törədilmiş iki partlayış nəticəsində 20-dən çox insan dünyasını dəyişib. 2024-cü ilin yanvarında isə ekstremistlərin general Qasım Süleymaninin anım mərasimində törətdikləri partlayış 90-dək insanın həyatına son qoyub. İcrasında taciklərin bilavasitə iştirak etdikləri hər üç hücuma görə məsuliyyəti «İŞİD Xorasan» qruplaşması öz üzərinə götürüb. Yeri gəlmişkən, İranın Məşhəd şəhərində iki ruhaninin qətlinin arxasında da bu təşkilat dayanır.

Aprelin 2-də İran mətbuatı yerli təhlükəsizlik qüvvələrinə istinadən «İŞİD Xorasan» təşkilatının 2 yaraqlısının Qum şəhərində yerləşən «Həzrət-Məsum» məbədinə soxulmağa çalışarkən saxlanıldığına dair məlumat yayıb.  Qeyd edək ki, o, ölkənin əsas dini mərkəzi sayılır. İddialara görə, saxlanılan şəxslər müqəddəs məkanda partlayış törətməyi planlayıblarmış.

Coğrafi baxımdan Xorasan hüdudlarından uzaq olan, «İŞİD Xorasan»a qarşı əməliyyatlarda iştirak etməyən Türkiyə belə, bu təşkilatın hücumlarına məruz qalır ki, bu da təəccüblü deyil. Bəli, qruplaşma Türkiyədə də bir neçə terror aktı törədib. Onlardan biri bu il yanvarın 28-də Santa-Mariya kilsəsinə edilmiş hücumdur.

Türkiyə polisi ölkə ərazisində belə halların qarşısının alınması üçün əlindən gələni edir, mütəmadi olaraq İŞİD üzvlərinə qarşı müxtəlif tədbirlər görür. Rəsmi məlumata görə, Türkiyə Daxili İşlər Nazirliyi bu məqsədlə ötən il iyunun 1-dən bu ilin aprelinədək 1329 əməliyyat keçirib. Nəticədə, şübhəli şəxs qismində qruplaşmanın 2919 üzvü saxlanılıb və 692 nəfər həbs edilib. Onlardan bəziləri Türkiyə vətəndaşıdır.

 

Bəs sonra?

Hazırda «Əl-Qaidə» kimi, «İŞİD Xorasan» da «gizli rejim»də çalışmağa cəhd edir. Yəni o, konkret əraziyə nəzarət etmir. Halbuki əvvəllər bu, belə deyildi.

Bu gün təşkilatın öz coğrafi zonasından (Xorasan) kənarda, konkret desək, Türkiyə və Rusiyada hərəkətə keçməsi bir sıra suallar yaradır. Regionda son illərdə törədilmiş, demək olar ki, bütün terror aktlarına görə məsuliyyəti «İŞİD Xorasan»ın öz üzərinə götürməsi də maraqlıdır. Onun aksiyalarının siyasi coğrafiyası əsasən Türkiyə, İran, Rusiya və Pakistan kimi ölkələri əhatə edir. Onların Əfqanıstanın uzaq dağ rayonlarında, Moskva və İstanbulda, hətta İranın cənub şəhərlərində terror aktları təşkil etmək bacarığı terrorçuların nə qədər hazırlıqlı olduğunu, onlar arasında koordinasiyanın səviyyəsini göstərir. Bəzi ekspertlər hesab edirlər ki, «İŞİD Xorasan» hücumlara görə məsuliyyəti üzərinə götürməklə, sadəcə, özünə diqqət çəkmək istəyir. Digər versiyaya görə isə ondan «pərdə» kimi istifadə olunur və əslində, hücumların əsas təşəbbüskarları ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarıdır.

Nəhayət, «İŞİD Xorasan»ın hücumları üçüncü şəxslərin sifarişi ilə həyata keçirdiyini düşünənlər də var.

Versiyalardan hansının doğru olduğunu demək çox çətindir. Lakin keçmişin təcrübəsi göstərir ki, belə terror təşkilatlarının arxasında, bir qayda olaraq, üçüncü qüvvələr durur. «İŞİD Xorasan»ın «dirçəliş»i göstərir ki, Mərkəzi Asiya yaxın illərdə dünyanın ən gərgin regionlarından biri olacaq, radikal terror qruplaşmaları isə sahibləri və ya sifarişçiləri üçün hələ uzun illər özünü oda vuracaq.



MƏSLƏHƏT GÖR:

16