19 Sentyabr 2024

Cümə axşamı, 04:59

KUKLA “ƏVVƏL” VƏ “SONRA”

Pərviz HÜSEYNOV: “Gənc insana yağışın səsini, yaxud karnizə düşən damcıların tıqqıltısını necə təsvir etməyin yolunu bilmirəm. Bunun üçün o, həyatı yaşamalıdır!”

Müəllif:

15.05.2024

“Kukla” sözünün müxtəlif mənaları var. Lakin bu söz yunan dilindən “kiçik fiqur”, “balaca adam” kimi tərcümə olunur. Yəni kuklalar əsl insanlar deyillər, qəlbləri yoxdur. Bir yerə qoysanız elə orada da qalacaqlar. Amma bu, kukla “art obyekt” olduqda belə deyil.

Azərbaycanın Əməkdar rəssamı Pərviz Hüseynovun kuklalarının qəlbi, əhvalı və təbii ki, öz hekayələri var. Üstəlik, o, bu hekayələri həyat yoldaşı İrina Qundorina ilə birlikdə yaradır. Belə ki, “kuklalarla oynayan” evli cütlük uzun illərdir ki, yeni əsərlər yaratmaq üzərində işləyir və gənc rəssamlara da kukla sevgisini aşılayırlar.

- Sizi və həyat yoldaşınız İrina Qundorinanı Azərbaycanın müasir incəsənətində konseptual kukla və “art obyekt” kukla istiqamətlərinin yaradıcıları hesab olunurlar. Bu, şübhəsiz ki, şərəfli bir işdir. Amma necə oldu ki, bu sahədə birinci oldunuz? Sizdən əvvəl kukla yaratmaq sənətində hansı proseslər cərəyan edirdi?

- Bizdən qabaq insanın bütün dəhşətləri, göylərə və daha yuxarılara böyük uçuşlar ilə bir növ kimi formalaşması tarixi var idi. Əgər sizi bu regiondakı kukla sənəti maraqlandırırsa, bu zaman, yəqin ki, İslamdan əvvəlki dövrdən başlayaraq daş dövrünə qədər olan dövrlərə nəzər yetirmək lazımdır. Kuklalar müasir sərhədlərin və dövlətlərin yaranmasından uzun illər qabaq hər zaman mövcud olub. Hətta mağaralardakı qayaüstü rəsmlər belə kuklalardan uzun müddət sonra meydana çıxıb. Əvvəlcə üçölçülü təsvir var idi, çünki qədim insan üçün kölgə salan real obyekti təsvir etmək daha asan idi. Ümumiyyətlə, kuklalar daha çox Avropa anlayışıdır və bu məsələdə özünüzü aldatmamalısınız. Amma hədislərdən birində deyilir ki, Məhəmməd peyğəmbərin üçüncü həyat yoldaşı Aişə bint-Əbu Bəkr bildirib ki, Məhəmməd peyğəmbər onunla hələ kuklalarla oynayan yaşında evlənmişdi. Yəni o dövrdə kuklaların adı çəkilirdi.

Amma bizdə nə var idi? Bu, ilk növbədə, alman məişət mədəniyyəti ilə bağlı idi: mebel, divar saatları və əlbəttə ki, kuklalar. Bunları inqilabdan əvvəlki Bakıya gətirmək olardı. Onlar ucuz idi, lakin fransız məktəbi ilə rəqabət aparırdılar. Sonra inqilab baş verdi və hər yerdə olduğu kimi ölkəmizdə də varlı ailələrdən olan gənc xanımlar “çörək pulu” qazanmaq üçün kuklalar düzəltməyə başladılar. Müharibədən sonra bizdə Luiza Dağıstanlı var idi. Təbii ki, Elmira Abbaslını da yada salmaya bilmərik. Onların sənəti daha çox etnoqrafik kuklalarla bağlıdır, bir çox cəhətdən sovet və postsovet xalqları üçün başadüşüləndir. Xüsusilə kukla ustası Tamilla Qurbanovanı qeyd etmək istərdim. İlk növbədə, ona görə ki, o, “tekstil kuklalar”ı kənara atmadı. Hamımızın bu məktəbdə yetişdiyini söyləyə bilərik. Bəli, indi çox böyük miqdarda plastik var. Amma 2000-ci illərdə biz hamımız əcdadlarımızın sandıqlarında saxladıqları parçalarla işləyirdik. Xoşbəxtlikdən, Tamilla bu fəaliyyətindən əl çəkməyib. Doğrudur, o, kukla hazırlayan zaman müasir texnologiyalardan da istifadə edir. Bilirsiniz, insanı nə məyus edir? Bu sənət növü bizim Muzey Mərkəzimizdə təmsil olunmur.

Başqaları haqqında danışmayacağam, çünki çoxlu plagiat işlər var və onun sənətimizə çox ciddi mənfi təsirləri var. Bəziləri hətta şarnir kuklalarda (kuklanın hissələrinin hərəkətli birləşməsi) ilişib qalıblar. Mən kuklaların tarixini bildiyim üçün belə kuklaları gözüm götürmür. Biz kuklaları sanki daxildən düzəldirik, insanın özünün mahiyyətini göstəririk ki, bu da ayrıca izahat tələb edir.

Əsərlərimizi vizual olaraq qavramaq çətindir və ilkin olaraq onlarda sanki bir hiylənin olduğu düşünülür. Buna görə də onlardan çəkinirlər... Amma maraqlıdır ki, bizim kuklalarımız müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda təmsil olunur.

- Bəs niyə heykəltaraşlıq və ya keramikanı deyil, məhz kukla sənətini seçdiniz?

- Niyə heykəltaraşlıq və ya keramikanı seçmədim? Qədim Yunanıstanda kuklaların ənənəvi olaraq gildən hazırlandığı adaların olduğunu bilirdiniz? Amma bu, mən doğulmamışdan çox əvvəl idi (gülür). Heykəltaraşlığa gəlincə, o, kuklalara və ona uyğun olaraq mənə daha yaxındır.

- Ötən il “Ən yaxşı fantastik obraz” kateqoriyasında müasir kukla sənəti sahəsində “Maks Oskar Arnold” beynəlxalq mükafatına layiq görülmüsünüz. Məlumdur ki, bu Almaniya mükafatı həm də kukla yaradıcıları üçün “Oskar” adlandırılır. Söhbətimizdə bu il verilən daha bir mükafatı qeyd etdiniz. Bu mükafat haqqında bizə məlumat verərdiniz.

- Mükafatlar çoxdur. O qədər çoxdur ki, bu mükafatlarla kiçik birotaqlı mənzilimizi doldurmaq olar. Bu, sadəcə olaraq bizim prioritetimiz deyil. Sonuncu mükafata gəlincə, onu Rusiyada almışıq. O, “Pandora” adlanır. O, Rusiyada və dünyada kukla sənəti ilə bağlı peşəkar fəaliyyətin müxtəlif sahələrində özünü aydın nümayiş etdirmiş yaradıcı xadimlərə istedadın çoxşaxəliliyinə görə verilir. Bizi kukla teatrında 18 illik xidmətimizə görə təltif etdilər. Ən böyük mükafatı Prezidentimiz İlham Əliyevdən aldıq. Mən və həyat yoldaşım Azərbaycanın əməkdar rəssamlarıyıq! “Oskarı” isə Almaniyadan aldıq. İşimizi bu ölkəyə necə göndərdiyimizi bilirsinizmi? Çatdırılma xidməti vasitəsilə: göndərmə üçün böyük məbləğ ödədik. Avro ilə aldığımız bonus isə göndərmə haqqına bərabər idi. Maraqlıdır, daha hansı sənətkarımız öz əsərini pulla belə müsabiqələrə göndərə bilər? Sizcə, biz bu müsabiqələrdən böyük pul qazanırıq? Təəssüf edirəm ki, bizim ustadlarımız həyatın bu tərəfi ilə üzləşirlər. Hər sənətkarın bir həyatı, bir taleyi var. O, ya bütün dünyada tanınır, ya da heç kimə lazım deyil.

- Bu sahədə təcrübəsiz insan kimi sizin yaradıcılığınıza nəzər salanda məndə belə bir sual yaranır: bu konkret obrazı yaratmaqda ilham mənbəyi, buna səbəb nədir? Bir kukla üzərində iş əslində necə gedir? İdeyadan onu həyata keçirməyə doğru?

- Öncə qeyd etmək istərdim ki, kukla sənəti təsviri incəsənətin ən yüksək səviyyəsidir. Çünki bu sənətlə məşğul olan insan həm zərgər, həm geyim modelyeri, həm dizayner, həm heykəltaraş, həm də rəssam olmalıdır. Əslində kukla ustası bir növ yuxarıdan gələn siqnal qəbuledicisidir. Bu əlləri kimin seçdiyini bilmirik, sadəcə olaraq əmri yerinə yetiririk. Şəxsən mən sadəcə hansısa formaya aşiq oluram və sonda bundan nə yaradacağımı tam bilmirəm.

- Sizin yaradıcılığınız və ailə birliyiniz müasir həyatda kifayət qədər nadir hadisədir. Sizin vəziyyətinizdə bu, təkcə qadın və kişi deyil, həm də iki rəssamın birliyidir. Amma istənilən tandemdə, xüsusən yaradıcılıqda ziddiyyətlər ola bilər. Onlardan yan keçə bilirsinizmi, yoxsa sizin üçün “həqiqət mübahisədə doğulur”?

- Mən və həyat yoldaşım fərqli məktəblərin nümayəndələriyik. İrina keçmiş Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin və Sankt-Peterburqda yerləşən “Muxinka” Akademiyasının (indiki A.L.Ştiqlits adına Dövlət Rəssamlıq və Sənaye Akademiyası) məzunudur. Mən isə 84 saylı rəssamlıq məktəbini bitirmişəm. Ümumiyyətlə, Bakıda iki rəssamlıq məktəbi var idi: birincisinə 8-ci sinifdən sonra daxil olaraq orta təhsili orada bitirirdiniz, ikincisinə, yəni 84 saylı məktəbə 10-cu sinifdən sonra daxil olmaq mümkün idi. Mən daha sonra universiteti memarlıq ixtisası üzrə bitirmişəm. Beləliklə, biz bir-birimizi mükəmməl şəkildə tamamlayırıq.

Ümumiyyətlə, belə hesab edilir ki, hər bir rəssam, yaradıcı insan müstəqil şəkildə işləməyə üstünlük verir. İrina və mən birgə işləyirik, daha doğrusu, sanki dörd əllə “oynayırıq”. Əlbəttə ki, ilk dəfə çətin idi. İş prosesi zamanı göz yaşları var idi, hətta mənə tərəf fırçalar belə atılırdı. Amma məlum olduğu kimi, sevgi hər şeyə qalib gəlir. İndi hər kəs kuklada bacardığı ən yaxşı şeyləri edir. Ümumiyyətlə, dünyada iki rəssamın birlikdə işləməsi çox nadir haldır, üstəlik, Bakıda biz unikalıq! Ən azı ona görə ki, ər də, həyat yoldaşı da Azərbaycanın əməkdar rəssamlarıdır. Mübahisəsiz, mədəniyyət anlayışı var.

- Azərbaycanda sərgilərinizlə bağlı vəziyyət necədir?

- Bakıda sərgilər? Çoxlu sayda sərgilər keçirilib. Yadınızdadırsa, “Fusion Doll” Bakı Beynəlxalq Kukla Biennalesinin kuratoru idim. İki ildən bir dünyanın ən yaxşı kukla ustalarını Bakıya dəvət edirdim. Onlar bizimlə birlikdə sərgiləndilər, azərbaycanlı ustalarımız da öz işlərini təqdim etdilər. Sərgilər Muzey Mərkəzinin binasında keçirilirdi, biz dünyanın yarısını gəzdik, müxtəlif kukla sərgilərinə baxdıq. Mən o vaxt yeganə kukla qalereyasına rəhbərlik edirdim. Ekspozisiyanı bu sahənin mütəxəssisi, hazırda Azərbaycan Muzey Mərkəzinin direktoru olan Liana Vəzirova tərtib etmişdi. Bu sahədə peşəkar olmaq Allahın lütfüdür. Bu sahə ilə məşğul olan insanda dirijor və riyaziyyatçının beyni var. Bu səviyyəli insanlarla işləmək həyatımın ən xoşbəxt illəridir. Amma bu keçmişdə qalıb...

- Gəlin, başqa bir mövzuya keçək. Kuklalar haqqında çoxlu mənfi fikirlər var. Mistik kuklalar haqqında filmlər çəkilib, hətta onlarla bağlı qədim ayinlər və rituallar belə var. Sizin belə mifologiyaya münasibətiniz necədir?

- Mən mifologiyaya çox ciddi və adekvat yanaşıram. Mən belə mühakimələri aradan qaldıra bilmirəm, amma insanlar çarəsizlikdən bütün bu vudu kuklalarını fikirləşiblər. Daha sonra kuklanın oyuncaqdan ibadət obyektinə çevrildiyi keçid dövrləri var idi. Bir Roma patrisisinin qızı dünyaya gələndə ona bir kukla verilmişdi və görünüşünə görə onun müasir Barbidən demək olar ki, heç bir fərqi yox idi. Ancaq həmin kuklanın yalnız ombası daha geniş idi. Bir qız evlənəndən sonra isə onun kuklası ailə altarında qalır, yəni kult kuklasına çevrilirdi. O dövrün məzarlarını qazan arxeoloqlar mərhumun yanında belə kuklalar tapırdılar. Bu da qızın evli olmadığını göstərirdi. Bütün bu qədim anlayışlar və təzahürlər insanların nə oxuyub, nə də yaza bildiyi vaxtlarda belə mövcud olub. Demək, söhbət insanların öz əlləri ilə yaratdıqlarına qoyulan enerjidən, mənadan gedir.

- Aktyor üçün oynamadığı rol, yazıçı üçün yazmadığ kitab arzudur. Bəs sizin arzuladığınız kukla, təcəssüm etdirmək istədiyiniz, ustalığın zirvəsi olacağını düşündüyünüz obraz varmı?

- Şübhəsiz ki, var. Ancaq bu, bir az həyatın özü haqqındadır. Ətrafımdakı hər şeyin yaxşılığa doğru dəyişmədiyini hiss edirəm. Hər günümü yaşasam da, uzaq keçmişdə olduğu kimi, mallarını həyətlərə çatdıran satıcıların səslərini eşitsəm də, hər şeyin dəyişdiyini görürəm. Bəşəriyyət son sınağından, yəni pulla bağlı sınaqdan keçir. Yeri gəlmişkən, buraya mən də daxiləm. Nə avtomobilim, nə də bağ evim var. Sadəcə birotaqlı mənzilə sahibəm. Buna görə də mən az-çox azad adamam. Mənim itirəcəyim heç nə yoxdur. Odur ki, arzum ölkəmdə məşhur olmaqdır. Onsuz mən artıq xaricdə məşhuram.

- Nə vaxtsa gənc rəssamların təhsil alacağı, o cümlədən kukla sənətini öyrənəcəyi məktəb açmaq barədə düşünmüsünüzmü? Ümumiyyətlə, bunu öyrətmək olarmı?

- Bəli, bununla bağlı fikrim olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev məhz bununla bağlı məni və həyat yoldaşımı görüşə dəvət etmişdi. Biz təlim proqramını müzakirə etdik. Yəqin ki, ikinci kursdan başlayacağıq. Amma gənc insana yağışın səsini, yaxud karnizə düşən damcıların tıqqıltısını necə təsvir etməyin yolunu bilmirəm. Bunun üçün o, həyatı yaşamalıdır!

- Sizcə, yaradıcılıq xoşbəxt olmağa kömək edirmi, həyata məna qatırmı? Rəssamın uğura, tanınmağa ehtiyacı var, yoxsa bu mənada yaradıcılıq prosesi daha vacib məsələdir?

- Bunların hamısı bir-biri ilə bağlıdır! Əgər həyatımı buna həsr etmişəmsə və uğur qazana bilməmişəmsə, onda istər-istəməz sual yaranır: mən həyatımı nəyə sərf etmişəm? Bəli, bizi bütün dünya tanıyır. Mən dünyanın bütün kukla ustalarını tanıyıram. Xoşbəxtliyə gəlincə... Bu, özlüyündə qeyri-müəyyən anlayışdır. Yaradıcılıq prosesinə gəlincə, burada maraqlı bir məsələ var. İnsan yaşlandıqca ustalaşır. Yəni siz etmək istədiyinizi asanlıqla həyata keçirə bilərsiniz. Amma bu zaman da insanın qəlbində kifayət qədər alov olmur, sanki bu, harasa buxarlanır və həmişə sənətə yeni başladığın vaxta qayıtmaq istəyirsən. Qəlbin alovla dolu olduğu illərə...



MƏSLƏHƏT GÖR:

63