Müəllif: Sənan NADİROĞLU
İyunun 10-dan 17-dək Azərbaycanın paytaxtı çövkən üzrə dünya çempionatına ev sahibliyi edib. Bu, Şərq atçılığı idman növüdür. Çövkənin vətəni Azərbaycan sayılır. Ötən il Bakıda Beynəlxalq Çövkən Federasiyası təsis edilib.
Tarix və ilk çempion
Çövkənin qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də çoxsaylı mənbələrin mövcudluğu, miniatürlərimizdə bu oyunla bağlı mövzulara tez-tez müraciət edilməsi, yazılı mənbələrdə isə onun keçirilmə qaydalarının geniş izah olunmasıdır. “Kitabi-Dədə Qorqud” dastanında çövkənin tarixinin hətta VI əsrə aid olunduğu barədə qeydlər var. Çövkən müasir polo oyununun bir versiyasıdır. Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. 2013-cü ildə çövkənin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi dünyanın bu idmanı qəbul etməsi ki səciyyələndirilə bilər.
Yarışa gəlincə, 10 komandanın iştirak etdiyi çövkən üzrə dünya çempionatı Binə Atçılıq Mərkəzində təşkil olunub. Bir həftə davam edən yarışda üçüncü yerə Özbəkistana 3-1 hesabı ilə qalib gələn Nigeriya layiq görülüb. Finalda Azərbaycan və Mərakeş komandaları mübarizə aparıb. Rəqibi 2-0 hesabı ilə məğlub edən Azərbaycan dünya çempionu tituluna yiyələnib.
Afrika, Avropa və Cənubi Amerikada çövkən
Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev dünya çempionatının keçirilməsini çövkənin inkişafı baxımından faydalı olduğunu qeyd edib. O, həmçinin Beynəlxalq Çövkən Federasiyasının əhatəsini genişləndirdiyini bildirib: “Artıq Baş Assambleyanın iclası yekunlaşıb. 2025-ci ildə qitə çempionatının keçirilməsi təsdiqlənib. Biz növbəti ildə Afrika, Avropa və Cənubi Amerikada belə turnirlərin keçirilməsinin şahidi olacağıq. 2026-cı ildə isə sayca ikinci dünya çempionatı baş tutacaq. Bunun tarixi və məkanı barədə 2025-ci ildə qərarlar qəbul edəcəyik. Bununla yanaşı, 2025-ci ildə Avropa çempionatı Polşada təşkil olunacaq. Həmin ölkədə Beynəlxalq Çövkən Federasiyasının növbəti Baş Assambleyası keçiriləcək. Burada da bir sıra vacib qərarlar veriləcək. BÇF-nin artıq 53 üzvü var”.
B.Nəbiyev çövkən idman növünün gələcəkdə dünyada böyük populyarlıq qazanacağına inandığını deyib: “Beynəlxalq Çövkən Federasiyası olaraq qədim oyunu bütün dünyada tanıtmaq istəyirik. İştirakçıların sayı ildən-ilə artır. Hər bir üzv ölkəsində çövkənin inkişafı üçün yarışlar təşkil edir. Beynəlxalq federasiyanın cəmi 1 yaşı var. Qısa müddətdə böyük işlər görülüb. Amma əsas layihələr irəlidədir. Hər bir ölkənin daxili çempionatının olması vacibdir. Bundan sonra isə rəqabət artacaq. Dünyanın aparıcı idman növlərində olduğu kimi çövkəndə də qitələrarası yarışlar təşkil olunacaq. 5-10 ildən sonra çövkən daha çox tanınacaq”.
19-dan 53-ə qədər ölkə
Qeyd edək ki, Beynəlxalq Çövkən Federasiyasının məhz Azərbaycanda yaradılması xüsusi bir hadisədir. Bu, ölkəmizdə bir ilkdir. Çövkən üzrə 2023-cü ildə ilk Baş Assambleya keçiriləndə artıq 19 ölkə bu federasiyanın yaradılmasına dəstək verib. Çövkənin inkişafı ilə bağlı Azərbaycan Atçılıq Federasiyası xüsusi layihəyə start verib. Peşəkar Çövkən Liqasının yaradılması bu idman növünün peşəkar səviyyədə inkişaf etməsinə səbəb olacaq. Məqsəd tarixi və mədəni irsimiz olan çövkəni inkişaf etdirərək gələcək nəsillərə çatdırmaqdır. Bu çempionat dostluq, sülh notları ilə yadda qalacaq. Bu çempionat çövkənin geniş kütlələrə çatması və beynəlxalq arenalarda inkişaf etdirilməsinə böyük töhfə olacaq.
MƏSLƏHƏT GÖR: