8 Sentyabr 2024

Bazar, 06:12

NÖVBƏTİ ƏCNƏBİ

AFFA milli komandanı Fernando Santuşa həvalə edib

Müəllif:

01.07.2024

Nəhayət, futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin adı məlum olub. Altı aydan çox davam edən axtarışların sonunda tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuş millidə baş məşqçi kimi təsdiqlənib.

 

Yüksəlişlər və enişlər

F.Santuş bütün dünyada 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionatını qazanan məşqçi kimi tanınır. Amma onun dosyesində maraqlı məqamlar çoxdur. Onun karyerası “Benfika”, “Eştoril-Praya” və “Maritimu” ilə bağlı olub. Məşqçi karyerasına 1987-ci ildə məhz “Eştoril-Praya”da köməkçi kimi başlayıb, növbəti il baş məşqçi olub və 1994-cü ilə qədər bu komandanı çalışdırıb. Daha sonra dörd il “Eştrela”ya rəhbərlik edib, amma burda da uğurlu nəticə ilə yadda qalmayıb. O, 1998-ci ildə “Portu”nu çalışdırmağa başlayıb. 2001-ci ilə qədər “Portu” ilə bir dəfə çempion olub, iki dəfə Portuqaliya kubokunu, daha iki dəfə Superkubokunu qazanıb. 2001-2010-cu illərdə AEK, “Panatinaikos”, “Sportinq”, “Benfika”, PAOK kimi klubları çalışdırsa da, yalnız 2001/02 mövsümündə Yunanıstan kubokunu qazanmağı bacarıb.

O, məhz Yunanıstan klublarındakı işi ilə bu ölkənin futbol rəhbərliyinin diqqətini çəkib. 2010-cu il iyulun 1-də yığmaya rəhbərlik etməyə başlayıb. AÇ-2012 və DÇ-2014-də yunanların “sükanı arxasında” olub, hər iki turnirdə komandanı pley-offa çıxarıb. 2014-cü il sentyabrın 23-də F.Santuşun həyatında önəmli hadisə baş verib. O, çoxdan arzuladığı hədəfə çatıb – Portuqaliya yığmasının baş məşqçisi olub. 2022-ci il dekabrın 15-nə qədər bu komandanı çalışdırıb, bu müddətdə yığma ilə həm Avropa çempionu, həm də Millətlər Liqasının qalibi olub. Maraqlıdır ki, F.Santuş doğma ölkəsinin yığmasından ayrılandan sonra komandaları az qala “əlcək” kimi dəyişir. Ötən il Polşa yığmasında işləyən məşqçi  cəmi 9 ay sonra postundan qovulub. Bu ilin əvvəlində isə “Beşiktaş”da işləyib və Türkiyədəki karyerası cəmi 3 ay davam edib: yanvarın 7-də “qara qartal”ı çalışdırmağa başlayıb, aprelin 13-də qovulub.

 

Santuş: Azərbaycan millisinə inanıram

Portuqaliyalı mütəxəssis təqdimat mərasimində yeni iş yerindən məmnun qaldığını bildirib: “Qərarımı qətiləşdirməkdə bəzi məsələlər önəmli olub. Buna nümunə kimi təqdim edilən layihəni göstərmək olar. Bu gün burdayamsa, deməli, rəhbərlik milli ilə bağlı yeni layihənin həyata keçirilməsi üçün mənə inanıb. Buna görə şadam. Layihə bu günün və ya sabahın deyil, uzunmüddətlidir. Böyük uğura nail olacağımıza və tarix yazacağımıza inanıram. Daha yaxşı təkliflərim var idi. Amma layihəyə inandığım Azərbaycan millisindəyəm”.

O, hədəfin 2028-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq olduğunu vurğulayıb: “Gürcüstan kimi komandaların belə turnirlərdə iştirakı bizə motivasiya olacaq. Uğur ani olaraq göydən düşmür. Xalqın inamı da önəmlidir. Ümid edirəm ki, bizdə alınacaq. Qeyd edim ki, mən və köməkçilərim Azərbaycanda yaşayacağıq. Oyundan sonra vətənimizə qayıtmayacağıq. İşimizə ciddi yanaşmaq istəyirik. Ailələrimizi də bura gətirəcəyik.

Oyunlarda əsas məqsəd qələbə qazanmaq olacaq. Bunun üçün yaxşı oynamaq lazımdır. Qol vurmalı və qapımızı toxunulmaz saxlamalıyıq. Yığmanın son iki matçına da baxmışam. Daha əvvəl də Bakıya gəlmişəm. Mən bu komandanı tanıyıram. Biz yaxşı futbol göstərmək istəyirik. Azarkeşlərin dəstəyinə ehtiyacımız olacaq. Onların stadiona gəlməsi üçün cəlbedici futbol oynamağa çalışacağıq. Əsas hədəfimiz 2028-ci ildə qitə çempionatına vəsiqə qazanmaq olacaq”.

 

Əsas məsələ yaş ilə bağlıdır?

AFFA yığmanın baş məşqçi postunu 69 yaşlı portuqaliyalıya tapşırmaqla çoxlarını təəccübləndirib. Maraqlıdır ki, hər kəs onun məşqçilik bacarığını deyil, yaşını müzakirə edir. Bəs məşqçilikdə yaş amili nə dərəcədə önəmlidir? “Region plus” jurnalı bu məsələ ilə bağlı Azərbaycan futbolunun ağsaqqallarından biri, Santuşdan 8 yaş böyük olan Ağasəlim Mircavadovun fikirlərini öyrəndik: “Yaş məsələsinin heç bir önəmi yoxdur. Gücü varsa, niyə də işləməsin?! Məşqçilər meydanda futbol oynamırlar. Əvvəllər baş məşqçilərin iki köməkçisi olurdu. İndi isə hər birinin 10-12 köməkçisi var. Əsas məsələ ağıl, keyfiyyət və təcrübədir. Mənə belə təkliflər gəlməyib. Bizdə hesab edirlər ki, insan 60 yaşına çatan kimi artıq qocalır. Fernando Santuş dəvət olunub və təcrübəli məşqçidir. Portuqaliya millisində uğurları olub. Portuqaliyada dünyaya səs salan futbolçularla işləyib. Azərbaycanla Portuqaliya arasında böyük fərq var. Həmişə yerli məşqçilərin tərəfində olmuşam. Düşünürəm ki, millidə yerli baş məşqçi olmalıdır. Amma İspaniya və Portuqaliyanın futbolu bizə uyğundur. Dəvət alıbsa, ona uğurlar arzulaya bilərik”.

Qeyd edək ki, Fernandu Santuş Azərbaycan millisində işləyəcək yeddinci əcnəbi məşqçi olacaq. Karlos Alberto Torres, Qyoko Hacıevski, Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç, Canni De Byazi Azərbaycan millisində heç bir uğurla yadda qalmayıblar. Santuşun dosyesində ən diqqətli məqam isə onun Portuqaliya millisi ilə Avropa çempionu olmasıdır. Amma həmin Portuqaliya millisində Kriştiano Ronaldo, Pepe, Nani kimi ulduz futbolçular çıxış edib. Azərbaycan yığmasında dünya səviyyəsində futbolçu yoxdur.

AFFA portuqaliyalı mütəxəssislə 4 illik müqavilə imzalayıb. İntriqa Santuşun müqaviləsinin sonuna qədər postunda qalıb-qalmayacağı ilə bağlıdır. Unutmayaq ki, 69 yaşlı məşqçi əvvəlki iki işini vaxtından əvvəl tərk edib.

Bir sözlə, Fernandu Santuşun Azərbaycan millisində ilk sınağı sentyabrda UEFA Millətlər Liqasına təsadüf edəcək. Millətlər Liqasında millinin rəqibləri Slovakiya, İsveç və Estoniya olacaq.


MƏSLƏHƏT GÖR:

33