Müəllif: İlqar VƏLİZADƏ
«Böyük yeddilik» (G7) ölkələrinin İtaliyanın Brindizi əyalətinin Fzano şəhərində keirilən 50-ci sammiti dünyanın siyasi həyatında vacib hadisə olub. Ənənəvi olaraq, toplantıda dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş, eyni zamanda siyasi nüfuzu ən çox olan 7 Qərb dövlətinin liderləri, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayev ilə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel iştirak ediblər.
Budəfəki sammitin əsas müzakirə mövzuları Ukraynaya yardım, iqlim problemləri, miqrasiya böhranı, Afrikaya kömək və Qəzzadakı münaqişənin həlli olub.
Ukraynaya yardım, Qəzza və qaçqınlar
G7 sammitində Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya yardım məqsədi ilə istifadə olunmasının mexanizmləri razılaşdırılıb. Liderlər Kiyevə təxminən 50 milyard dollar kreditin ayrılması haqda da razılığa gəliblər. Bu kredit Rusiya aktivlərinin gələcək faizləri hesabına ödəniləcək.
İyunun 13-də ABŞ və Ukrayna Prezidentləri Co Bayden ilə Vladimir Zelenski sammit çərçivəsində 10 il müddətinə təhlükəsizlik razılaşması imzalayıblar. Sənəddə deyilir ki, «tərəflər bu razılaşmaya Ukraynanın NATO-ya mümkün üzvlüyünə dəstək körpüsü kimi baxır. Ukraynanın təhlükəsizliyinin təmini üçün hər iki tərəf Kiyevin güclü Silahlı qüvvələrə, ciddi potensiala və bu ölkənin hərbi-sənaye kompleksinə NATO standartlarına uyğun davamlı investisiya yatırımına ehtiyacı olduğunu etiraf edir».
Ukrayna təhlükəsizlik üzrə eyni razılaşmanı Yaponiya ilə də bağlayıb. Bununla yanaşı, skeptiklər hesab edirlər ki, bu razılaşmalar Rusiya-Ukrayna savaşının mümkün nəticəsinə əhəmiyyətli təsir göstərməyəcək.
Sammitlə bağlı tənqidi məqamlara gəlincə, «Politico» nəşrinin onu istehza ilə «altı ağsaq ördək və Meloninin sammiti» adlandırmasını xatırlatmaq olar. Yazıda bildirilir ki, bu toplantı daha çox «Qərbin güc nümayişindən çox gizli şam yeməyinə bənzəyir». Həqiqətən də İtaliyaya toplaşmış liderlər ev sahibi istisna olmaqla, ölkələrində ciddi problemlərlə üz-üzədirlər. Onların hər birinin reytinqi rekard həddədək azalıb. Bundan başqa, bu liderlərin heç biri bəyan etdiyi hədəflərə çatdığı ilə öyünə bilməz. Üstəlik, Rusiyanın Ukraynaya hücum əməliyyatlarının intensivliyi Qərbin Kiyevə hərbi dəstəyi sayəsində azalsa da, ümumilikdə əməliyyatlar davam edir.
Göstərilən bütün səylərə baxmyaraq, Qəzzada da müharibə bitmək bilmir. Husilərin Qırmızı dənizi mühasirədə saxlaması da öz yerində. Bəs miqrasiya böhranı? Ötən il bu problem nəinki Avropada, ABŞ-da belə, daha da ağırlaşıb. Yalnız onu xatırlatmaq kifayətdir ki, 2023-cü ildə Avropaya üz tutmuş miqrantların sayı son illərin rekordunu müəyyənləşdirib. ABŞ-da isə Amerika-Meksika sərhədindəki problemlər fonunda bu mövzu azqala seçki kampaniyasının əsas mövzusuna çevrilib.
Meloni vs Makron
Diqqət çəkən əsas məqamlardan biri İtaliyanın baş naziri Corca Meloninin sammitin ev sahibi statusundan özü üçün maksimum fayda çıxarmağa çalışmasıdır. Toplantıda sosial-iqtisadi problemlərin həllində Afrikanın dəstəklənməsi məsələsi əsasən onun sayəsində önəmli mövzulardan birinə çevrilib. Belə ki, Meloni ev sahibi olaraq, G7-yə Əlcəzair və Tunis Prezidentlərini də dəvət etmişdi. Dəvətlilər sırasında Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da var idi.
Məlum olduğu kimi, Əlcəzair və Tunis liderləri Fransa Prezidenti Emmanuel Makronun siyasətinin əsas əleyhidarlarındandırlar. Makronun İtaliyanın baş naziri ilə münasibətlərindəki gərginlik də çoxdan məlumdur. Meloni hələ hökumət başçısı postuna namizəd olarkən Makronun miqrasiya siyasətini sərt tənqid edirdi. Məsələ ondadır ki, məhz Parisin Avropaya üz tutan minlərlə miqrantı Fransaya buraxmaması üzündən onlar İtaliyanın qaçqın düşərgələrində məskunlaşırlar. Nəticədə Roma Afrikadan gəlmiş qaçqınların yerləşdirilməsinə və yaşamasına xeyli vəsait xərcləməli olur.
Sammitə Ərdoğanın dəvət olunmasına gəlincə, guman ki, bu da Fransaya mesaj idi – Aralıq dənizi regionunda marağı olan yalnız Paris deyil! Bununla, Meloni həm də regionda İtaliya-Türkiyə əməkdaşlığının Şərqi və Mərkəzi Aralıq dənizi bölgələrinin təhlükəsizliyi üçün böyük önəm daşıdığını göstərməyə çalışıb.
Meloni ilə Makron arasında münasibətlərin nə qədər çətin olduğunu sammitin kluarlarında abort probleminin yekun bəyanatda yer alıb-almaması ilə bağlı yaşanan fikir ayrılıqları da göstərib. Bu məsələ məhz italiyalı baş nazirin israrı ilə sənəddən çıxarılıb ki, Makron bundan təəssüfləndiyini açıq şəkildə dilə gətirib.
Fransada abort hüququ bu ilin martından konstitusiyada rəsmən təbit olunub. Bu təşəbbüsün müəllifi Makron olub və o, parlamentin qərarını dəstəkləyib. Meloni isə dövlətin anaların aborta getməməsi üçün onlara bütün lazımi dəstəyi verməyə hazır olduğunu deyir, qadınların analıq sevincindən məhrum olmasını yolverilməz sayır.
Roma Papası və Ərdoğan
Yeri gəlmtişkən, sammitə bu ilin aprelində abortu, suraqat analığı və transgender keçidini sərt tənqid etmiş Roma Papası Fransisk də dəvət olunmuşdu. Sammitdə o, süni intellekt idə tənqid atəşinə tutub. Papa deyib ki, «insanın həyatdan məhrum edilib-edilməməsi qərarını heç zaman bir maşın verməməlidir. Silahlı münaqişələrdə “öldürücü avtonom silahlar” kimi cihazların istifadəsini qadağan etmək üçün onların hazırlanması və istifadəsinə yenidən baxmağa ehtiyac var».
Qəzzadakı müharibəyə gəlincə, tərəflər hazırkı Fələstin-İsrail münaqişəsinin iki dövlətin dinc yaşayışı və Fələstinin tanınması yolu ilə çözülməsinin vacibliyini bəyan etməklə kifayətlənib. Bununla yanaşı, bu məqsədə nail olunması üçün hansı praktiki addımların atılmalı olduğundan danışılmır.
Türkiyə Prezidenti bildirib ki, «İsrailin düşüncəsiz hücumlarına son qoyulmalıdır». Ərdoğan onu da deyib ki, o, G7-dən qlobal və regional problemlərin həllinə daha ədalətli, daha realist yanaşma gözləyir.
Tədbirin gedişində Rəcəb Tayyib Ərdoğan Corca Meloni, İordaniya kralı II Abdulla və digər liderlərlə müzakirələr də aparıb. O, görüşün protokol qaydasına uyğun olaraq yanaşı əyləşdiyi Co Bayden ilə də söhbətləşib.
Türkiyə tərəfi bu səviyyədə keçirilən istənilən görüşdə mövcud beynəlxalq münasibətlər sisteminin yenilənməli olduğu tezisini irəli sürür. Bu dəfə isə sammit ərəfəsində «Al Jazeera»də Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun «G7 sammiti və daha ədalətli dünya zərurəti» başlıqlı məqaləsi dərc olunub. Məqalədə Ankaranın qlobal mövzulara münasibəti aydın şəkildə ifadə edilib.
Afrika gündəliyi və «Mattei planı»
Sammitdə Afrika ilə bağlı aparılmış müzakirələrə gəlincə, İtaliya üçün bu, ağrılı mövzudur. Bu gün Afrikadan olan on minlərlə qaçqın Avropa sahillərinə üz tutu rvə onların çoxu məhz İtaliyada məskunlaşır.
Yanvarda Corca Meloni Afrika üzrə xüsusi «Mattei planı»nı belə, elan edib. Plan Afrika qitəsi ölkələrinə sosial-iqtisadi problemlərin azaldılması üçün 5,5 milyard avro kreditin ayrılmasını nəzərdə tutur.
Planı hazırlayan Enriko Mattei İtaliyanın «Eni» enerji nəhənginin yaradıcısıdır. Əlcəzairi Parislə azadlıq mübarizəsi zamanı məhz o maliyyələşdirib. Nəzərə alsaq ki, Avropanın Afrika ilə bağlı siyasətində İtaliya ilə Fransa arasındakı fikir ayrılıqları Avropa İttifaqına ciddi başağrısı yaradır, bum əqam kifayət qədər rəmzi təsir bağışlayır.
İtaliyanın baş naziri ilə Əlcəzair Prezidenti Abdelməcid Tebbun arasında G7 sammiti çərçivəsində baş tutmun ikitərəfli görüş həm də «Mattei planı»nın reallaşdırılması perspektivinə həsr olunmuşdu. Meloni ilə Tebbun Aralıq dənizi regionunda əməkdaşlıqdan tutmuş, təhlükəsizltik probleminədək bir çox mövzunu müzakirə ediblər. Fransa və Əlcəzair liderlərinin görüşü haqda isə hes bir məlumat yoxdur.
«Böyük yeddilik» tərəfindən qəbul edilmiş qərarların icrası məcburi olmasa da, onlar beynəlxalq siyasətdə yeni trendlərin formalaşması üçün vacib şərt ola bilir. Məsələn, 2002-ci ildə malyariya və QİÇS ilə mübarizə üzrə qlobal fondun yaradılmasında əsas rolu məhz G7 oynamışdı. Birliyin 2021-ci ildə Böyük Britaniyada keçirilmiş sammiti ərəfəsində isə üzv dövlətlərin maliyyə nazirləri transmilli şirkətlər üçün vergilərin artırılmasına dair razılığa gəlmişdilər. «Böyük yeddilik» inkişaf etməkdə olan ölkələrə maddi yardım da göstərib, iqlim dəyişikliyi ilə mübarizə sahəsində gündəlik də formalaşdırıb. Son sammitdə qəbul olunmuş qərarların necə icra ediləcəyini isə yaxın gələcək göstərəcək.
MƏSLƏHƏT GÖR: