19 Dekabr 2024

Cümə axşamı, 12:43

HAUBİTSALAR XİLAS ETMƏYƏCƏK

Fransanın Ermənistana hücum silahları tədarükü Parisin Cənubi Qafqazda təxribatla məşğul olduğunun növbəti göstəricisidir

Müəllif:

01.07.2024

Azərbaycan iyunun 26-da vacib dövlət bayramlarından birini – Silahlı Qüvvələr Gününü qeyd edib. Bu dəfə bayram bütün ölkə ərazisində qeyd olunub – indi nə işğal altında qalan ərazi var, nə də «boz zona». Azərbaycan ordusu döyüş qabiliyyətini Qarabağda möhtəşəm qələbə qazanaraq sübut edib. Bundan sonra əksər ekspertlər əmin idilər ki, Ermənistanla Azərbaycan müharibə səhifəsini çevirmək, dinc gələcək qurmaq şansı qazanıblar. Lakin təəssüf ki, İrəvandan gələn xəbərlər yumşaq desək, sülhə heç də hamının hazır olmadığını göstərir.

 

Paşinyana fransız «hədiyyə»si

Bu günlərdə bir xəbər haqlı olaraq, region ekspertlərinin diqqət mərkəzinə düşüb: Ermənistan Fransa ilə 36 özüyeriyən artilleriya qurğusunun alınmasına dair müqavilə imzalayıb. Söhbət CAESAR sistemlərindən gedir.

Bakının məsələyə reaksiyası özünü çox gözlətməyib. Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, Ermənistanın hücum təyinatlı artilleriya qurğuları, həmçinin digər silahlarla təchiz edilməsi Parisin Cənubi Qafqazda təxribatla məşğul olduğunun növbəti göstəricisidir. Bununla yanaşı, Fransanın yalanının üstü də açılıb. Məsələ ondadır ki, Fransa Müdafiə Nazirliyinin ötən ilin oktyabrında verdiyi açıqlamada bildirilirdi ki, Ermənistana tədarük olunan hərbi texnika sırf müdafiə xarakterlidir. Belə bir vəziyyətdə İrəvanın öldürücü hücum silahları ilə təchizatı Fransa rəhbərliyinin riyakarlığının növbəti sübutudur.

Fransa Ermənistana CAESAR özüyeriyən artilleriya qurğuları satmaqla Avropa İttifaqı və NATO-nun «qırmızı xətt»ini keçir – o, KTMT üzvü olan ölkəyə silah verir. Makronun Ukraynaya yardım imkanlarının olmadığına dair davamlı şikayətləri fonunda Ermənistana özüyeriyən haubitsaların verilməsi xüsusi həyasızlıqdır. Amma bu, Parislə müttəfiqlərinin işidir. Azərbaycanlı politoloqlar diqqəti başqa məqama çəkirlər. Fransa haubitsaları İrəvana çatmamış, Ermənistan baş nazirinin «konstruktiv imici» darmadağın olub. Nəticədə, bir şeyə heç bir şübhə qalmayıb: İrəvan nəinki sülhə köklənməyib, hətta yeni təcavüzkar müharibəyə hazırlaşır.

 

Haubitsalar alınırsa, demək, onlar kiməsə lazımdır

Əlbəttə, kimsə məsləhət görə bilər ki, məsələni şişirtmək, dramatikləşdirmək lazım deyil. Ermənistan müstəqil dövlət olaraq, silah almaq hüququna malikdik və Azərbaycanın buna xüsusi diqqət çəkməsinə ehtiyac yoxdur. Ermənistan ordusunun arsenalının boş olduğu sirr deyil. Azərbaycan Qarabağ savaşında sadəcə, işğalçıları darmadağın edərək torpaqlarından çıxarmayıb. Müstəqil ekspertlərin qiymətləndirməsinə görə, bu gün Ermənistan ordusunun istifadəsində olan ağır silah və zirehli texnikanın sayı Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş olunan texnikadan daha azdır. Odur ki, İrəvanın silah alması normaldır. Üstəlik, əvvəllər İrəvanı silahla təchiz edən Rusiyanın bütün resursları Ukrayna müharibəsinə yönəldilib. Odur ki, ermənilər yeni silah satıcıları axtarmaq məcburiyyətindədir. Bütün bunların fonunda İrəvan özünü və hər kəsi əmin etmək istəyir ki, Azərbaycan bu gün-sabah «iztirablı Ermənistana hücum edəcək», «Sünik»i, yəni Qərbi Zəngəzuru ələ keçirəcək. Nikol Paşinyanın «Sünik»lə bağlı iclas keçirdiyi də deyilir.

Bununla əlaqədar olaraq, bir daha xatırladaq ki, Azərbaycan Ermənistan ərazisini işğal etmək planının olmadığını dəfələrlə bəyan edib. O, öz ərazi bütövlüyünü təmin edib və Bakının qonşu ölkələrin torpağında gözü yoxdur.

Amma düşünsək ki, Ermənistan həqiqətən «Azərbaycan təhdidi»nə inanır, bu belə, onun özüyeriyən haubitsalar almasını izah edə bilməz. HHM radarlarını, zenit-raket komplekslərini «müdafiə xarakterli silah» anlayışına aid etmək olarsa, bunu CAESAR sistemləri haqda demək mümkün deyil. Mütəxəssislər topla haubitsa arasındakı fərqi yaxşı bilir. Topların mərmi trayektoriyası  düzxətlidir, yəni mərmilər yerə paralel uçur. Məqsəd düşmənin ayağa qalxmasına imkan verməmək, yerdə sürünməyə vadar etməkdir. Haubitsaların mərmiləri isə iti bucaq altında havaya qalxaraq hədəfi bu şəkildə vurur. Onlara düşmənin sığınacaqlarda, səngərlərdə vurmaq üçün üçün ehtiyac olur. Yəni kiçik və orta kalibrli toplar müdafiə xarakterli silah olsa da, hər halda, haubitsalar hücum silahlarıdır. Ciddi maddi sıxıntılar içərisində olan İrəvan son qəpik-quruşunu haubitsalara verirsə, bu, ölkə rəhbərliyinin prioritetlərini açıq şəkildə ortaya qoyur.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi hələ də imzalanmayıb. Buna əsas maneə isə Ermənistan Konstitusiyasıdır. Onun preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad olunur, orada isə Ermənistan SSR Ali Sovetinin Qarabağın «anşlüs»ü qərarından danışılır. Üstəlik, İrəvanda əvvəl konstitusiya islahatlarının vacibliyindən danışılırdısa, indi bu proses «dondurulub».

Düşünmək olar ki, Nikol Paşinyan ictimai rəyin müqavimətini qırmaq məcburiyyətindədir. Yəni sərhədlərin delimitasiyasına etiraz olaraq keşiş Baqrat Qalstanyanın başçılığı ilə davam edən aksiyalar fonunda o, kəskin siyasi gedişlər edə bilmir və s. Lakin haubitsaların alınması haqda qərar məhz baş nazirin yaxın ətrafı tərəfindən qəbul edilib. Odur ki, Paşinyanın fanklubu məsuliyyətdən qaça bilməz.

Bununla yanaşı, Azərbaycan-Ermənistan sərhədində insidentlər də artır. Bir neçə davam etmiş nisbi sakitlikdən sonra sərhəddə yenidən atəşkəs pozulmağa başlayıb. Bu, həm də klassik kəşfiyyatdır: reaksiyanın yoxlanılması, atəş nöqtələrinin müəyyənləşdirilməsi və s.

Ermənistan Xarici İşlər Nazirliyinin bu yaxınlarda verdiyi məlum bəyanatdan sonra isə insanda istər-istəməz, bir fikir yaranır – noyabrdan sonra nəsə baş verməlidir.

 

Tonoyan həbsxanada olsa da, əməyi itmir

2015-ci ilin mayında Ermənistanın ozamankı müdafiə naziri David Tonoyan demişdi: «Kim deyir ki, 1994-cü ildə yaradılmış təhlükəsizlik zolağı Azərbaycanın indiki silahlanma səviyyəsində öz rolunu tam yerinə yetirə bilər? Kim deyir ki, «DQR» ətrafındakı təhlükəsizlik zolağı bizim üçün kifayətdir? Bu, kimin qiymətləndirməsidir? Bizim qiymətləndirməmizə görə Azərbaycanın hazırkı silahlanma səviyyəsində bu, kifayət deyil. Bakıda Olimpiya oyunları keçiriləcək, Ermənistan qüvvələri onların başa çatmasınadək təmkinli davranacaqlar…». 2015-ci ilin yayında Azərbaycanda Birinci Avropa Oyunları keçirildi, 2016-cı ilin aprelində isə Ermənistan ordusu Azərbaycana hücuma keçməyə cəhd göstərdi. Lakin nəticə ermənilər üçün son dərəcə acınacaqlı oldu: «Ohanyan səddi»nin dağılması, Lələtəpə də daxil olmaqla, bir neçə vacib yüksəkliyin itirilməsi. Qarşıdakı ordunun doxsanıncı illərdəkindən tam fərqli olduğunun şoku da öz yerində. Aprel döyüşlərinin nəticəsinə görə Ermənistanda bir çox hərbi məmur vəzifəsini itirdi. Müdafiə naziri Seyran Ohanyan və müavini David Tonoyan da. Doğrudur, sonuncu sanki daha yüksək vəzifəyə təyin olundu – fövqəladə hallar naziri. Lakin bu, sadəcə formal olaraq belə idi.

«Kabab inqilabı»ndan sonra isə Nikol Paşinyan həmin Tonoyanı müdafiə naziri təyin etdi və yeni nazir 2019-cu ildə «yeni ərazilər uğrunda yeni müharibə»dən danışmağa başladı. Sonda Ermənistanın məğlubiyyəti ilə Tonoyan nəinki vəzifəsini itirdi, həm də həbs olundu.

Noyabrda Azərbaycan COP29-a ev sahibliyi edəcək və Ermənistan yenə «noyabrdan sonra» nəsə vəd edir. Paralel aparmamaq mümkün deyil.

Ermənistana Fransa haubitsalarının tədarükü ilə bağlı detalların «sızdırılması» da düşündürücüdür. Məlumatı «Le Figaro» qəzetinin redaktor müavini Jan-Kristof Byuisso yayıb. Onun Ermənistan rəhbərliyi ilə sıx əlaqələrinin olduğu məlumdur. Bu, Bakının «möcüzə silah»la qorxudulması cəhdinə də çox oxşayır.

Belə bir vəziyyətdə azərbaycanlı ekspertlərin üçüncü müharibə riskinin artdığını söyləmələri təsadüf deyil. Yenə də Ermənistanın təxribatı ilə…

 

Üçüncü cəhddə intihar

Ermənistan üçün Azərbaycanla istənilən «qaynar» münaqişə ümumxalq intiharıdır. Burada Fransanın haubitsaları «möcüzə silah» roluna qətiyyən uyğun deyil. Ona görə yox ki, çox ağır, «şıltaq» silahlardır və onlar üçün adi palçıq belə, problemdir. Sadəcə, 36 ədəd haubitsa Ermənistana Azərbaycanla müqayisədə heç bir hərbi üstünlük qazandırmır. Üstəlik, Azərbaycan da öz növbəsinə, Slovakiyadan, İsraildən, Türkiyədən yeni silah nümunələri əldə edir… Amma buna baxmayaraq, CAESAR sistemləri erməni «strateq»lərin başını gicəlləndirə bilər. Burada bir məqam da var: Ermənistan Silahlı Qüvvələrinin komanda məntəqələrində fransalı hərbi təlimatçılar ola və İrəvan onlardan «canlı sipər» kimi istifadə edə bilər, ümumiyyətlə Fransa ilə Ermənistan havadar və müdafiəçi kimi qəbul olunurlar.

Bütün bunlarla yanaşı, ekspertlər hesab edirlər ki, Parisi Ermənistanın taleyi və ya Fransanın üzünə Cənubi Qafqazın qapılarını açmış Paşinyanın gələcəyi maraqlandırmır. Fransalı siyasətçiləri – istər Makron olsun, istər İdalqo, Pekress və ya digəri – düşündürən Fransa pasportu daşıyan etnik ermənilərin səsidir. Parislə İrəvanın yaşadığı «bal ayı» fonunda belə, Makronun Paşinyana təzyiq göstərməsi, onu Fransa daşnaklarının lideri Murad Papazyanı Ermənistana buraxmağa məcbur etməsi təsadüf deyil. Halbuki daşnaklar Paşinyana sərt məxalifətdədirlər. Bu, nə deməkdir? Fransa özünü «iztirablı Ermənistan»ın qayğısına qalırmış kimi göstərə bilər, amma onu çətin ki, xilas etsin.

Bəs Baqramyan 26 ünvanında bunu anlayırlarmı və vəziyyəti nə qədər düzgün qiymətləndirirlər?



MƏSLƏHƏT GÖR:

73