Müəllif: Sənan ŞƏFİZADƏ
Dünya idmanı planetin ən böyük yarışına hazırlaşır. İyulun 26-da Fransa paytaxtı Parisdə 33-сü Yay Olimpiya Oyunlarına start veriləcək. Paris Olimpiya və Paralimpiya Oyunları indiyə qədər Fransada keçirilən ən böyük hadisə olacaq. Oyunları dünya əhalisinin yarıdan çoxu - 4 milyard tamaşaçı izləyəcək. Oyunlarda 22 şəhər və 40 yarış məkanı iştirak edəcək, burada 878 müxtəlif idman növü üzrə 54 yarış keçiriləcək. 10 min 500 idmançı 17 gün ərzində 32 növdə mübarizə aparacaqlar. Onlar 329 dəst mükafatın sahiblərini müəyyənləşdirəcəklər.
Yay Olimpiadası 1900 və 1924-cü illərdən sonra üçüncü dəfə Fransada keçiriləcək. Dördilliyin ən nüfuzlu yarışının proqramına 28 idman növü ilə yanaşı, breykdans, idman dırmanması, skeytbordinq və dalğa sörfinqi kimi yeni növlər də daxil edilib. 2024-cü il Yay Olimpiya Oyunlarının açılış mərasimi ənənəyə uyğun olaraq atletika stadionunda deyil, milli komandaların qayıqlarla Parisin mərkəzindən keçəcəyi Sena çayında olacaq. Olimpiya Oyunları Parisdə 2024-cü il iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.
Paris-2024 Yay Olimpiya Oyunlarında 48 idmançımız 15 idman növü üzrə 17 proqramda ölkəmizi təmsil edəcək.
Badminton
Azərbaycan idman tarixində ilk dəfə badminton idmanında olimpiadada təmsil olunacaq. Bu idman növündə Edi Reski Dviçayo (kişilər, fərdi) və Keişa Fatimə Zəhra (qadınlar, fərdi) Parisə yollanacaq.
Gimnastika
Azərbaycan Gimnastika Federasiyası Paris Olimpiadasına böyük heyətlə yollanan idman növləri sırasındadır. Bədii gimnastikada Zöhrə Ağamirova karyerasında ikinci olimpiadaya yollanacaq. Eyni zamanda qrup hərəkətləri üzrə komanda ardıcıl ikinci olimpiadada mübarizə aparacaq. Tokio Olimpiadasından sonra qrup hərəkətləri komandası Avropa çempionatının qalibi olub, dünya çempionatının medalını qazanıb. Bu isə gimnastların Paris Olimpiadasında iddialı komandalardan olacağını göstərir. Qrup hərəkətləri komandasında Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina təmsil olunacaq. Batut gimnastikasında Selcan Mahsudova olimpiadada iştirak edəcək ilk azərbaycanlı batutçu kimi tarixə düşəcək.
Güləş
Böyük ümid bəslədiyimiz güləşçilər Parisə 12 idmançı ilə yollanır. Sərbəst güləşdə Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedxan Maqomedov (97 kq), Giorgi Meşvildişvili (125 kq), yunan-Roma güləşində Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq) olimpiadaya lisenziya qazanıb. Qadın güləşində dəfələrlə dünya və Avropa çempionu Mariya Stadnik Azərbaycanı təmsil edəcək.
Yüngül atletika
Atletikada yalnız bir idmançımız lisenziya qazanıb. Anna Skidan Parisdə çəkicatma növündə gücünü sınayacaq.
Boks
Boksda daha çox lisenziya gözlənilsə də, milli komandanın 5 üzvü planetin ən böyük yarışına vəsiqə qazanmağı bacarıb. Bunlar Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq),Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) olacaq. Boks müstəqil Azərbaycan komandasına bütün olimpiadalarda medal qazandıran iki idman növündən biridir. Buna görə Paris Olimpiadasında da dəri əlcək sahiblərinə böyük ümid bəslənilir.
Taekvondo
2016-cı ildə Braziliyadakı olimpiadada Azərbaycana qızıl medal qazandıran taekvondo Parisə cəmi bir idmançı ilə yollanır. 58 kq-da Qaşım Maqomedov taekvondoçuların olimpiadada yeganə ümidi olacaq.
Atıcılıq
Avropa çempionu Ruslan Lunyov atıcılıqda növbəti dəfə olimpiadada mübarizə aparacaq. İdmançı Parisdə 10 metr məsafəyə pnevmatik tapançada yarışacaq.
Basketbol
Daha bir ilk ölkəmizin basketbolda olimpiadada təmsil olunmasıdır. 3x3 növündə qadın basketbolçularımız planetin ən böyük yarışında iştirak hüququ qazanıb. Qısa müddətdə formalaşmasına baxmayaraq yaxşı təcrübə toplayan basketbolçuların Parisdə medala iddia edəcəkləri proqnozlaşdırılır.
Avarçəkmə
Səkkiz illik fasilədən sonra Azərbaycan idmançısı avarçəkmədə olimpiadaya lisenziya qazanıb. Diana Dımçenko Parisdə akademik avarçəkmədə 2000 metr məsafədə yarışacaq.
Triatlon
Avropa çempionu Rostislav Pevtsov ardıcıl ikinci dəfə olimpiada çıxış edəcək. Böyük təcrübəyə malik atletin Parisdə liderlərə ciddi rəqabət yaradacağı gözlənilir.
Qılıncoynatma
Uzun fasilədən sonra qılıncoynatma növündə də lisenziyamız var. Parisdə Anna Başta sablyada mübarizə aparacaq. Beynəlxalq təcrübəyə malik idmançının olimpiadada medal qazanmaq şansları yüksək qiymətləndirilir.
Kamandan oxatma
Bu idman növündə lisenziya sahibi Yaylagül Ramazanovadır. Paris öncəsi iki təlim-məşq toplanışında iştirak edən idmançı mübarizəyə təsnifat mərhələsindən başlayacaq.
Üzgüçülük
Üzgüçülükdə Parisə iki lisenziyamız var. Məryəm Şeyxəlizadəxangah və Ramil Vəlizadə Fransa paytaxtında karyeralarının ən böyük yarışında çıxış edəcək.
Cüdo
Azarkeşlərin yüksək əyarlı medal gözlədiyi idman növlərindən biri cüdodur. Azərbaycan Cüdo Federasiyasının səmərəli fəaliyyəti nəticəsində Parisdə 9 cüdoçumuz çıxış edəcək. Lisenziya qazanan idmançılar bunlardır: Balabəy Ağayev (60 kq),Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (+100 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq). Cüdo millisində kişi cüdoçularının hər biri potensial medal sahibidir. Sadəcə mötəbər yarışda əsas amil yarış günü idmançının hazırlığı və püşk sayılır.
Xatırladaq ki, olimpiadadan sonra Parisdə növbəti Paralimpiya Oyunları keçiriləcək. Yay Paralimpiya Oyunlarına Azərbaycan 13 lisenziya qazanıb.
MƏSLƏHƏT GÖR: