19 Sentyabr 2024

Cümə axşamı, 05:04

İKİNCİ NƏFƏS

İslahatçı Prezident Məsud Pezeşkian İran İslam Respublikasının siyasi sistemini yeniləyə biləcəkmi?

Müəllif:

15.07.2024

Bu il iyunun 28-də keçirilən İran İslam Respublikasında (İİR) 14-cü növbədənkənar prezident seçkilərinin ikinci turu islahatçı namizəd, etnik azərbaycanlı Məsud Pezeşkianın qələbəsi ilə yadda qalıb. İranın 14-cü prezidenti fəal seçki kampaniyası və son illərdə seçki məntəqələrində ən yüksək fəallıq fonunda seçilib.

Dörd namizəddən heç biri birinci turda tələb olunan səslərin yarıdan çoxunu toplaya bilməyib. Buna görə də onlardan ən çox səs toplayan yalnız iki nəfər - Məsud Pezeşkian (10,5 milyon) və Səid Cəlili (9,5 milyondan bir qədər çox) növbəti tura keçib.

Qalan iki mühafizəkar namizəd - parlamentin spikeri və İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş generalı Məhəmməd Baqir Qalibaf və keçmiş ədliyyə və daxili işlər naziri Mustafa Purməhəmmədi daha az səs yığıb: müvafiq olaraq 3,3 milyon və 206 min. Bu, səsvermənin ilk mərhələsində əsas intriqanın ilk iki namizəd ətrafında cərəyan etdiyini deməyə əsas verir.

 İkinci turun rəsmi nəticələrinə əsasən, M.Pezeşkian 16 milyon 384 min, onun rəqibi, mühafizəkar siyasətçi Səid Cəlili isə 13 milyon 538 min səs toplayıb. Bu, birinci turla müqayisədə səslərin təxminən 10 faizə yaxın artımı deməkdir. Belə ki, birinci turda 61 milyon iranlı seçicinin yalnız 40 faizdən bir qədər çoxu, yəni təxminən 25 milyon seçici iştirak etmişdi. Amma ikinci turda  30,5 milyon, yəni 50 faizə yaxın seçici seçkilərdə iştirak edib.

 

“Qeyri-sabit” islahatçılar “sabit” mühafizəkarlara qarşı

Səsvermənin nəticələri onu göstərib ki, birinci və ikinci turda mühafizəkarların səsi sabit olub. Məlum olub ki, ikinci turda üç mühafizəkar namizədin az qala bütün seçiciləri S.Cəliliyə səs verib. Buna baxmayaraq, S.Cəlili bununla yalnız fərqi bir qədər azaldıb. Amma M.Pezeşkianın səsləri təxminən 6 milyon, yəni 54 faizə yaxın artıb.

Başqa sözlə, birinci turda iştirak etməyən 6 milyona yaxın insan ikinci turda seçkilərə qatılaraq M.Pezeşkiana səs verib. Görünən odur ki, “islahatçılar” ikinci tura daha çox insan cəlb ediblər. Həmçinin mümkündür ki, İranda “mühafizəkarlar”dan narazı olan böyük bir kütlə məhz onların məğlub olması üçün seçkiyə qatılıb. Həmçinin şah tərəfdarları və ümumilikdə hazırkı rejimə qarşı boykota çağırış edən qruplar məhz “mühafizəkarlar”ın qələbə qazanmaması üçün seçkiyə gedib.

İranda prezident seçkilərinin “islahatçı” bir namizədin qələbəsi ilə bitməsini son illərdə hakimiyyətin bütün qollarında möhkəmlənən “mühafizəkarlar”a qarşı reaksiya hesab etmək olar. Amma bu seçkilər bir çox başqa məsələlərə də işıq salıb.

 

Referendum kimi seçkilər

İranda 14-cü prezident seçkiləri müəyyən mənada İslam Respublikası siyasi sisteminin referendumuna çevrilib. Məsələ ondadır ki, xüsusən də son 4 ildə İranda seçkilərdə iştirak faizi kəskin düşüb. İbrahim Rəisinin seçildiyi 2021-ci il prezident seçkilərində seçici fəallığının 48 faizə düşməsi təkcə İran siyasi sisteminə inamın itirilməsi kimi deyil, həm də ölkə daxilində və xaricdə müxalifətin təsirinin artması kimi göstərilib. Üstəlik, 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar hakimiyyətə xalq dəstəyinin olmamasının sübutu kimi şərh edilib.

Buna görə də bu ilin martında parlament və Ekspertlər Məclisinə keçirilən seçkilərdə, eləcə də növbədənkənar prezident seçkilərində ölkənin dini-siyasi rəhbərliyi əsas diqqəti seçici fəallığının artırılmasına yönəldib. İranın ali lideri Əli Xamneidən tutmuş nüfuzlu generallara, ilahiyyatçılara qədər bu ölkənin siyasi elitasının, demək olar ki, bütün nümayəndələri məhz bu barədə danışıblar.

Maraqlıdır ki, parlament seçkilərində seçici fəallığı yüksək deyildi. Amma prezident seçkilərində bu hədəfə nail olunub. Bu məqamda qeyd edək ki, seçkilərdə 6 namizədin iştirakına icazə verilsə də, onlardan yalnız biri islahatçı idi. Bu, görünür, ona ikinci raundda böyük fərqlə qalib gəlməyə imkan verib.

Prezident seçkilərinin daha bir fərqləndirici xüsusiyyəti etnik qrupların fəallığının artması idi. Pezeşkianın islahatçı qanad və azərbaycanlılarla əlaqəsi onların arasında onun namizədliyinin irəli sürülməsinə kömək edib. Məsələn, birinci turdan sonra o, Şərqi və Qərbi Azərbaycanda, eləcə də Ərdəbildə 75 faizdən çox səs toplayıb. Bəluclər və kürdlərin yaşadığı bölgələrdə isə Pezeşkian seçicilərin 60 faizinin dəstəyini qazanıb.

Beş gün davam edən ikinci tur kampaniyası zamanı hər iki namizəd əsas diqqəti etnik regionlarda təbliğata yönəldiblər.

Görünür, Pezeşkianın qələbəsindən sonra İrandakı seçkilərdə etnik kartla “gediş” xüsusi əhəmiyyət kəsb edəcək. Xüsusilə, prezidentliyə namizədlərin azərbaycanlılara və digər etnik qruplara xüsusi diqqət yetirəcəyini gözləmək olar ki, bu da İran tarixində yeni mərhələni qeyd edəcək, xüsusən də seçki dövründə.

Bu seçkilərin İranın mövcud siyasi sistemi baxımından əlverişli tərəfi ölkə siyasi səhnəsində son illərdə dərinləşən bölünməni aradan qaldırması olub. Beləliklə, İranda son illərdə islahatçılar və mühafizəkarların siyasi fraksiyaları arasında yaranan bölünmə səngiyib. M.Pezeşkianın qələbəsi İranda siyasi proseslərin canlanmasına səbəb olacaq. Üstəlik, son illərdə siyasi idarəçilikdən uzaqlaşdırılan “islahatçılar”ın yenidən icraedici hakimiyyətə geri dönməsi ölkənin taleyi ilə bağlı məsuliyyəti üzərlərinə götürmələrinə səbəb olacaq ki, bu da hazırkı dini-siyasi rejim üçün həyati əhəmiyyət kəsb edir.

Eyni zamanda  hakimiyyətin bütün qollarını ələ keçirmiş mühafizəkarların və ultra-mühafizəkarların yolunda böyük və real maneə yaranıb. Məsələ ondadır ki, islahatçı qanad İslam inqilabının özəyini təşkil edən, inqilabda fəal iştirak edən şəxslərin təmsil olunduğu geniş bir siyasi spektri əhatə edir. İslahatçılar hesab edirlər ki, sanksiyaları aradan qaldırmaq, ABŞ və Avropa ilə münasibətlərdə son 20 ildə artan gərginliyi azaltmaq üçün Qərblə dialoqun aparılması bu qrupun kollektiv reputasiyasına zərər verməyəcək. Daxilində geniş cəbhələşmə olan mühafizəkar qanad isə daha çox antiqərb mövqeyindədir və Rusiya, Çin kimi ölkələrlə yaxınlaşmanı, Qərbin regiondakı fəaliyyətinə qarşı çıxmağı təklif edir. İran-ABŞ münasibətlərində sabiq Prezident Donald Trampın yaratdığı ixtilaf, onun Barak Obama hökumətinin əldə etdiyi nüvə razılaşmasının şərtlərini pozması, əslində, İrandakı islahatçı ideyalara böyük zərbə vurub. Mühafizəkarlar bundan dərhal və uğurla istifadə edərək, Qərbi öz vədlərini yerinə yetirməməkdə və “istismarçılıq siyasətini” davam etdirməkdə ittiham etdilər. Nəticədə, 2018-ci ildən sonrakı seçkilərdə, bir qayda olaraq, islahatçılar uduzub və mühafizəkar qanad tərəfindən islahatçı liderlər xain, rüşvətxor kimi təqdim olunmağa başlanılıb. Bu isə İslam inqilabı sistemini daxildən zəiflədirdi. Bu mənada Pezeşkianın qələbəsi islahatçıların “reabilitasiyası” prosesi hesab oluna bilər.

 

Pezeşkianın vədləri

Seçkilərdə İran vətəndaşları Məsud Pezeşkiana böyük və birmənalı etimad göstərib. İndi yeni seçilmiş doqquzuncu prezident çox ciddi problemləri, o cümlədən İran iqtisadiyyatının, demək olar ki, bütün kanallarını bağlayan saysız-hesabsız sanksiyalar və embarqoları həll etməli olacaq.

Pezeşkian deyir ki, İran Qərblə dialoqa başlasa, sanksiyaları yumşaltmaq və ölkədə sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq olar. Bəli, keçmiş xarici işlər naziri Cavad Zərifin də yer aldığı yeni komanda Vaşinqton administrasiyası ilə ortaq dil tapa bilər. Amma mühafizəkar Donald Tramp payızda ABŞ prezidenti seçilərsə, bu, onun iranlı həmkarı üçün ciddi zərbə olacaq.

Lakin İranın hazırkı siyasi kursundan imtina edəcəyini gözləmək doğru olmaz. İranın ali dini liderinin prezident səlahiyyətlərini icra edən Məhəmməd Möhbər vasitəsilə Rusiya prezidentinə məktub göndərdiyi və orada ikitərəfli münasibətlərin kursunun gələcəkdə də dəyişməz qalacağına dair şayiələr var. Bu məlumatın nə dərəcədə doğru olduğunu zaman göstərəcək.

Məsud Pezeşkianın seçilməsi İran siyasətinə yeni təkan verməli və siyasi qruplar arasında mübarizəni canlandırmalıdır.



MƏSLƏHƏT GÖR:

34