19 Sentyabr 2024

Cümə axşamı, 13:02

FİDE 100 YAŞ!

Beynəlxalq Şahmat Federasiyası yubileyini qeyd edir

Müəllif:

01.08.2024

İyulun 20-də dünyada şahmatın inkişafına cavabdeh olan Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 100 yaşı tamam olub. 1966-cı ildən FİDE-nin qərarı ilə bu gün bütün şahmat aləmində qeyd olunur.

 

Hindistandan başlayaraq

Beynəlxalq Şahmat Federasiyası planetin ən qədim idman təşkilatlarından biridir. UEFA kimi tanınan Avropa Futbol Assosiasiyalar Birliyi 1954-cü ildə, FİDE isə uzaq 1924-cü ildə yaradılıb.

Hindistanda yaranan şahmatın peşəkar qaydalarla bağlı islahat dövrü XV əsrə təsadüf edir. Müasir şahmatın əksər qaydaları məhz həmin dövrdə təsdiqlənib. XIX əsrdə isə bu qədim oyun üzrə beynəlxalq turnirlər, hətta dünya çempionatları keçirilməyə başlanıldı. Şahmatla bağlı ilk beynəlxalq təşkilatın yaranmasına cəhdlər 1914-cü ildən başlayır. Rusiyada təşkilatın yaranması naminə olan cəhdlər uğurlu alınmayıb. 1920-ci ildə İsveçin Höteborq şəhərində, 1922-də isə Böyük Britaniyada bir qrup nüfuzlu şahmatçı öz təşkilatını yaratmağa çalışır və lakin cəhdlər uğursuzluqla nəticələnir. Nəhayət, 1924-cü il iyulun 20-də Parisdə 8-ci Yay Olimpiya Oyunları keçirildiyi günlərdə FIDE təsis olunur. Əsas təşəbbüskar Fransa, Böyük Britaniya, Niderland, Argentina, Belçika, Macarıstan, İspaniya, İtaliya, Kanada, Polşa, Rumıniya, Çexiya, İsveçrə və o vaxt Yuqoslaviyanın olduğu qurumun hazırda 191 ölkədən ibarət üzvü var.

 

Yeni əsr üçün yeni strategiya

FİDE-nin yaranmasının 100 illiyi münasibətilə Fransanın paytaxtı Parisdə təntənəli mərasim keçirilib. Ölkəmizi yubiley tədbirində Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov təmsil edib. Yubiley tədbirində FIDE rəsmiləri ilə yanaşı, dünya şahmatının ulduzları da şahmatla bağlı fikirlərini bölüşüb. Gələcək baxımından mühüm görüşlərdə qurumlar arasında əməkdaşlıq məsələlərinin gələcək perspektivləri müzakirə edilib.

Parisdəki yubiley tədbirində FİDE növbəti illər üçün yeni strategiyanı açıqlayıb. Beynəlxalq Şahmat Federasiyası dünya üzrə şahmatın əhatəsini artırmağa çalışacaq və daha çox yarışlar təşkil edəcək. Şahmat dünyada milyonlarla insan tərəfindən oynanılsa da, oyuna marağı və populyarlığı artırmaq üçün geniş imkanlar var. Bunu edərkən, FİDE həmişə inklüzivlik prinsiplərini rəhbər tutacağını, hər kəsin şahmatı öyrənmək və ondan həzz almaq üçün kifayət qədər imkan və resurslara malik olmasına şərait yaradacaq.

Bir çox ölkələr təhsil sistemlərində şahmatı tətbiq ediblər. FİDE növbəti illərdə şahmatın bir fənn kimi tədris olunduğu ölkələr üçün tədris materialları və üslubları daha da inkişaf etdirməli və təhsilin qabaqcıl elmi təcrübələri ilə birləşdirilməsinə səy göstərəcəyini bildirib.

Şahmat dünyası gender və şəxsiyyət bərabərliyi daha çox qadının şahmatla məşğul olmasına çalışacaq. Eyni zamanda yaşından, qabiliyyətindən və sosial vəziyyətindən asılı olmayaraq əlilliyi olan şəxslərin peşəkar turnirlərdə iştirak etmələri üçün əlverişli şərait yaradılacaq.

Beynəlxalq Şahmat Federasiyası qaçqınlar üçün şahmat proqramını təsis edəcəyini açıqlayıb. FİDE həbsdə olanlarla bağlı layihələr həyata keçirəcəyinə də söz verib. Ali şahmat qurumu növbəti illərdə dünya çempionatı və bu kimi mötəbər yarışlarda mükafat fondunun artırılması üçün yeni sponsorlarla danışıqların aparılacağını qeyd edib.

FİDE-nin elan etdiyi yeni strategiya bu idman növünün inkişafı və şahmatın Olimpiya proqramına daxil edilməsi üçün nəzərdə tutulub. 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi şahmatı idman növü kimi qəbul edib. Məhz həmin ildən FİDE şahmatın Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi üçün mübarizəyə başlayıb. 2004-2010-cu illərdə hətta şahmatın Qış Olimpiya Oyunlarının proqramına müsabiqədən kənar daxil edilməsi müzakirə edilib və son anda müsbət cavab alınmayıb.

 

Adekvat olmayan münasibət

FİDE müntəzəm olaraq üzvləri arasında Ümumdünya Şahmat Olimpiadası adlanan möhtəşəm yarış təşkil edir. Adi olimpiadadan fərqli olaraq, burada əsas şüar kimi dünya ölkələrinin birləşməsi götürülür. Planetin bütün ölkələrinə olimpiadada iştiraka icazə verilir.

Müasir Olimpiya hərəkatının Oyunların proqramına skeytbordinq və breyk-dans kimi yarış növlərinin daxil olduğunu nəzərə alsaq, şahmata qeyri-adekvat münasibət təəccüb doğurur. Bəlkə də FİDE artıq şahmatın olimpiadaya daxil edilməyəcəyi ilə barışıb və bu istiqamətdə mübarizəni dayandırıb. Amma şübhəsiz ki, olimpiadada təmsil olunmaq şahmatın inkişafına böyük təkan olacaq.

2024-cü ildə Ümumdünya Şahmat Olimpiadası sentyabrda Macarıstanda təşkil olunacaq. Bu ilin noyabr ayında isə Sinqapurda şahmat tacı uğrunda görüş keçiriləcək.



MƏSLƏHƏT GÖR:

43