Müəllif: Leyla ZEYNAL
Yay mövsümü tətil, istirahət və yeni təcrübələr dövrü ilə əlaqələndirilsə də, bu vaxt payıza qədər təxirə salına bilinməyəcək məsələlər var. Bu baxımdan bu mövsümü qaz sahəsində müqavilələrin bağlanılması üçün məhsuldar yay adlandırmaq olar. Buraya Azərbaycan və Türkiyə, İran və Rusiya, Türkmənistan və İraq arasında bağlanılan müqavilələr daxildir. Üstəlik, bu, bütün siyahı deyil.
Avropa ölkələri isə hələ də “mavi yanacağ”ın yeni mənbələrinin axtarışındadır. Eyni zamanda bu proses daha çox “maneələrlə qaçışa” bənzəyir. Bunlardan biri Ukraynanın 2025-ci ildən Moskva ilə mövcud razılaşmanın başa çatmasından sonra Rusiya qazının Avropa İttifaqı (Aİ) ölkələrinə tranzitindən imtina etmək qərarı idi. Avropa rəsmiləri və şirkətləri bu tranziti davam etdirmək üçün imkanlar axtarır, rəsmi Kiyev isə “Qazprom”la yeni müqavilə imzalamaq fikrində olmadığını bəyan edib.
Hazırda müzakirə olunan variantlardan biri də Azərbaycandan qazın alınması və onun Ukrayna ərazisindən keçən Rusiya qaz kəmərləri ilə Avropaya nəqlidir.
Eyni zamanda elə ölkələr var ki, ümumi müzakirələrə paralel olaraq, qaz problemlərini təkbaşına həll etməyə çalışırlar. Bu çalışmalardan birinin nəticəsində Azərbaycandan Sloveniyaya qaz tədarükü haqqında Memorandum imzalanıb. Bu, məcburi sənəd olmasa da, soyuq havaların başlamasından xeyli əvvəl imzalanacaq müqavilənin bağlanması üçün ilk addımdır.
İmkanımız olsa, kömək edəcəyik
Rusiya-Ukrayna münaqişəsinin başlaması ilə bir çox Aİ ölkələri Rusiya qazının əvəzedicisini axtarmağa başladılar. Hazırda təşkilata daxil olan ölkələrin tələbatının 30%-ni Norveç ödəyir. Lakin bir sıra ölkələr hələ də Rusiyanın “mavi yanacağı”na ehtiyac duyur və 2024-cü ildən sonra onun Ukrayna ərazisindən tranzitini dayandırmamağı xahiş edirlər. Əsas alıcılar Slovakiya, Macarıstan, Avstriya və İtaliyadır. Təchizat dayanarsa, Avstriya və Slovakiya ən çətin anlar yaşayacaq, çünki digər ikisinin alternativləri var.
Doğrudur, Kiyev razılışmanın müəyyən şərtlərlə və Avropa şirkətlərinin iştirakı ilə qalması ehtimalının olduğunu düşünür. Nəzərdən keçirilən variantlar arasında Rusiya “mavi yanacağı”nın yerinə Ukrayna ərazisindən Avropaya Azərbaycan qazının tranziti də var. O da mümkündür ki, Türkiyənin Azərbaycandan aldığı qaz Avropaya yönləndiriləcək, sonra isə bu həcmlər Türkiyə bazarında Rusiyadan əlavə tədarüklə doldurulacaq.
Azərbaycan Prezidenti İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda Moskva ilə Kiyev arasında qaz tranziti müqaviləsinin uzadılmasına kömək göstərilməsi ilə bağlı Ukrayna hakimiyyətnin və Avropa İttifaqının Bakıya müraciət etdiyini təsdiqləyib. Eyni zamanda o, Azərbaycanın Rusiya ilə eyni məsələ ilə bağlı danışıqlar prosesində olduğunu bildirib.
“Ukrayna və Avropa İttifaqı bizə müraciət edib ki, biz bu müqavilənin uzadılmasında yardımçı olaq. Hesab edirəm və mənə elə gəlir ki, hər iki tərəf bunda maraqlıdır. Çünki Ukraynanın özünün bu qaza ehtiyacı var. Avstriya, Slovakiya kimi ölkələr də çox ciddi çətinliklə üzləşəcəklər. Onlar ya, - dəqiq rəqəm demək istəmirəm, - digər mənbələrdən qaz almaq üçün yüzlərlə milyon dollar və ya avro həcmində əlavə pul verməli olacaqlar və fiziki olaraq da onların əlavə qaz həcmlərinə çıxışı olmayacaq. Çünki digər Avropa ölkələri kimi, bu iki ölkə də ən çətin vəziyyətdədir”, - Azərbaycan dövlət başçısı qeyd edib.
“Biz burada yardımçı ola bilsək, bunu edəcəyik... Hesab edirəm ki, bu müqavilənin uzadılması mümkündür. Bu, Rusiya üçün də faydalı olacaq, çünki o istiqamətdə 50 milyard kubmetrdən artıq premium bazarında satılacaq qazı var”, - İlham Əliyev əlavə edib.
Dövlət başçısı Azərbaycan qazının Avropaya nəqli ilə bağlı daha bir mühüm məsələyə də aydınlıq gətirib. Məqsəd yenə də eynidir - ixracın həcmini iki dəfə artırmaq.
“Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın həcmdə nəql ediləcək. Ümumi həcm isə 25 milyard kubmetr olacaqdır. 2027-ci il haqqında danışırıqsa, biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq. Bu resursların Avropaya mövcud şəbəkə - Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır”, - Azərbaycan lideri bildirib.
O da məlum olub ki, Azərbaycan Aİ-nin uzunmüddətli əsasda qaz almağa hazır olmadığı bir şəraitdə ixrac infrastrukturunun genişləndirilməsinə investisiya qoymaq niyyətində deyil. Bu, tamamilə məntiqlidir, çünki Cənub Qaz Dəhlizi ilə bağlı çəkilən xərclər hələ də ödənilməyib və bu proses davam edir.
“Bizim neft-qaz sahəsindən əldə etdiyimiz gəlir hələ də bu borcun ödənilməsinə yönəlib. Onlar gözləyirlər ki, biz oraya milyardlarla vəsait yatıraq və eyni zamanda, deyirlər ki, 10 ildən sonra Avropa İttifaqının qaza ehtiyacı yoxdur. Yəni, biz ağılsızıq ki, onların ehtiyacı olmadığı qaza 10 milyardlarla vəsait qoyaq?” – İlham Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, əlavə qaza Avropa ölkələrindən böyük tələbat var və bu, Azərbaycanın “mavi yanacağ”ının alıcılarının sayını artırır.
Müqavilə üçün ilk addım
İyulun 17-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Sloveniyanın ən böyük təbii qaz təchizatı şirkəti “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Bu sənəd Bakıda SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer arasında aparılan danışıqlardan sonra imzalanıb.
Daha əvvəl Bakı Enerji Həftəsi çərçivəsində B.Kumerin müavini Tina Sersen Sloveniyanın Rusiya qazından güclü asılılığından, ölkəsinin tədarük mənbələrini şaxələndirmək niyyətindən və bu məsələdə Azərbaycanla əməkdaşlığa hazır olmasından danışıb. Memorandumu imzalamaqla tərəflər alqı-satqı müqaviləsinin bağlanılması istiqamətində əsas addımı atıblar. Lyublyananın bu istiqamətdə operativliyi müqavilənin yaxın zamanlarda bağlanacağını deməyə əsas verir.
Bu məqamda qeyd edək ki, Sloveniyanın daxili qaza olan tələbatı ildə 1 milyard kubmetrdən azdır və demək olar ki, tamamilə müxtəlif mənbələrdən idxal hesabına ödənilir. “Geoplin” ölkədə bu məhsulun pərakəndə satış bazarının təxminən 50%-ni ödəyir.
“Sloveniya üçün müxtəlif mənbələrdən qaz təchizatını təmin etmək və “mavi yanacaq” tədarükünü şaxıləndirmək çox vacibdir. Sloveniya kiçik iqtisadiyyata malik kiçik ölkədir və qaz tədarükü baxımından biz tamamilə başqa ölkələrdən idxaldan asılıyıq. Təbii ehtiyatlarla zəngin olan Azərbaycan qaz tədarükümüzü şaxələndirmək üçün mühüm imkandır. Bu baxımdan Azərbaycan bizim üçün təbii seçimdir”, - B.Kumer vurğulayıb.
Ekspertlərin fikrincə, Sloveniya Azərbaycan qazını İtaliya vasitəsilə ala bilər. Bunun üçün iki ölkə arasında transsərhəd boru kəmərinin ötürücülük qabiliyyətinin cüzi artımı tələb olunur ki, bu da bir il ərzində tamamlana bilər.
Eyni zamanda, SOCAR-ın Bolqarıstanın qaz bazarında kommersiya fəaliyyətinin genişləndirilməsi istiqamətində praktiki işlərə başlanılıb. Azərbaycan Dövlət Neft Şirkəti Bolqarıstanın “M-Gaz” şirkəti vasitəsilə bu ölkənin sənaye müəssisələrini “mavi yanacaq”la təchiz etməyə başlayıb. Bu, Azərbaycan və Bolqarıstan hökumətləri arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığın gələcək inkişafı haqqında sazişə və SOCAR-ın strategiyasına uyğun olaraq həyata keçirilir. Bu qazın ilk alıcısı Dövlət Neft Şirkətinin cari ilin mayında Anlaşma Memorandumu imzaladığı Bolqarıstanın dağ-mədən və emalı zavodu “Asarel Medet” olub.
“Asarel Medet” Bolqarıstanda mis və digər növ filizlər üzrə yüksək keyfiyyətli mis konsentratları və mis katod istehsal edən və tədarük edən ən böyük açıq dağ-mədən və emalı şirkətidir. “Azərbaycan qazına çıxışın təmin edilməsi biznesimizin optimallaşdırılması və dəyər zəncirimizin səmərəliliyinin artırılması istiqamətində mühüm mərhələdir”, - şirkətin məlumatında qeyd edilib.
Türkmənistanla svop
Avropa ilə yanaşı, Türkiyə də qaz təchizatı məsələlərində fəal iştirak edir. Bundan başqa, son vaxtlar Türkiyə tərəfi Azərbaycan, İran və Türkmənistanla yeni razılaşmalar əldə edərək alqı-satqı sahəsində kifayət qədər fəal addımlar atıb. İstər memorandum, istərsə də müqavilə çərçivəsində imzalanmış sənədlər yalnız bir məsələni təsdiqləyir: türkiyəli tərəfdaşlar sözləri boş yerə sərf etmir və əsas məqsədlərinə - Türkiyəni regional qaz qovşağına çevirmək istiqamətində inamla irəliləyirlər.
Xatırladaq ki, “Şahdəniz” layihəsinin “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil edilən qaz Türkiyəyə gedir. 2021-ci ilin üçüncü rübündə tərəflər “Mərhələ 1”dən qazın alqı-satqısına dair yeni müqavilə bağlayıblar. Bu səndlə 2021-ci ilin sonundan 2024-cü ilə qədər Türkiyəyə ildə 3,5 milyard kubmetr qaz nəqli nəzərdə tutulur.
Beləliklə, bu müqavilənin müddətinin bitməsini gözləmədən Bakı Enerji Həftəsi çərçivəsində “Azerbaijan Gas Supply Company” və BOTAŞ eyni şərtlərlə müqavilənin müddətinin uzadılması barədə razılığa gəliblər. İndi Türkiyəyə illik 3,5 milyard kubmetr həcmində tədarük 2030-cu ilə qədər həyata keçiriləcək.
Eyni zamanda SOCAR və BOTAŞ arasında daha 4 müqavilə imzalanıb. Bu sənədlərin müddəaları SOCAR tərəfindən Türkiyəyə təbii qaz təchizatını, Azərbaycan qazının Türkiyə vasitəsilə Bolqarıstan bazarına çatdırılmasını, Naxçıvana qaz təchizatı sahəsində əməkdaşlığı və Türkmənistan qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqlini əhatə edir. Bu sənədlər əslində may ayında əldə edilmiş razılaşmaları möhkənləndirib.
Ankara Türkmən qazını svop əsasında İran vasitəsilə almaq imkanını nəzərdən keçirir. “Svop ilə hazırda əsas diqqəti Türkmənistan qazının İrana tədarükünə yönəldirik. Bu həcmlər bizə ya İran sərhədində, ya da Azərbaycan-İran əlaqəsi vasitəsilə tədarük ediləcək. Birinci mərhələdə təbii qazın tədarükü ildə 1,5-2 milyard kubmetr həcmində ola bilər. Bu, həm də Avropaya tədarükün təmin edilməsində rol oynaya bilər”, - Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Bloomberg”ə müsahibəsində bildirib. Nazir Türkmənistana səfəri zamanı bu məsələ ilə bağlı yekun razılığın əldə olunmasını gözləyir.
Yeri gəlmişkən, İran və Türkiyəni ildə 14 milyard kubmetr gücündə olan Təbriz-Ərzurum-Ankara qaz kəməri birləşdirir. Onun ötürücülük qabiliyyətinin yalnız 10 milyard kubmetri istifadə olunur. Bu, Türkmənistan qazının İran və Azərbaycan üzərindən Türkiyəyə svop tədarükü ilə bağlı suallar doğurur. Amma Türkiyə tərəfinin qonşuları ilə razılıq əldə etmək səylərini nəzərə alsaq, təkcə İranın imkanları kifayət etməyə bilər və bunu Azərbaycansız etmək olmaz.
Ölkəmizin artıq Türkmənistan qazının İran vasitəsilə svop əsasında alınması təcrübəsi var və infrastruktur buna imkan verdiyi üçün Azərbaycan da bu əməliyyatları təkrarlaya, tranzit ölkə funksiyasını onlara əlavə edə bilər. Demək, Türkmənistan “mavi yanacağı”nın Azərbaycan ərazisindən Türkiyə bazarına çıxarılması çətin olmayacaq.
Ümumiyyətlə, qazın Türkiyə bazarına tədarükü Türkiyəyə qaz idxalı mənbələrini şaxələndirməyə imkan verəcək və onun Avropaya gələcəkdə nəqlinin əsasını qoyacaq.
MƏSLƏHƏT GÖR: