Müəllif: Aygün MAHMUD
Bir çox başqa ölkələr kimi, Azərbaycan da qlobal iqtisadi sarsıntıların episentrindədir. Buna baxmayaraq, hökumət bu ilin ikinci yarısındakı vəziyyətin inkişafına nikbinlə yanaşır və daha yüksək iqtisadi artım, eləcə də dövlət gəlirlərinin artacağını gözləyir. Lakin hər hansı iqtisadi modeldə olduğu kimi, bu planların həyata keçirilməsinə təsir edə biləcək dəyişkən vəziyyətlər mövcuddur.
Neft: təməl və çağırış
Beynəlxalq Valyuta Fondu (IMF) iyulda 2024-cü il üçün qlobal artım proqnozunu 3,2% səviyyəsində saxlayıb. Dünya Bankı (DB) isə iyunda bununla bağlı göstəricini 0,2 faiz bəndi artıraraq 2,6%-ə çatdırıb. 2024-cü ilin birinci yarısında qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərə geosiyasi və geoiqtisadi gərginliyin və ticari fraqmentasiyaların hökm sürməsi, qlobal əmtəə bazarlarında qiymət tərəddüdlərinin müşahidə olunması, deinflyasiya meyillərinin zəifləməsi səbəb olub.
Beynəlxalq maliyyə qurumlarının proqnozlarına görə, 2024-cü ildə xam neftin orta qiymətinin 75-85 dollar diapazonunda olacağı gözlənilir.
Neftin Azərbaycan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olduğunu nəzərə alsaq, onun qiymətinin birbaşa dövlət gəlirlərinə və investisiyalara təsir etdiyini söyləyə bilərik. Xatırladaq ki, dürüstləşmiş büdcədə hökumət neftin qiymətini 1 barel üçün 75 dollar müəyyən edib. Amma geosiyasi gərginlik, iqlim dəyişikliyi və “yaşıl enerji”yə keçid qlobal neft bazarında ciddi qeyri-müəyyənlik yaradır.
Bu çağırışları nəzərə alan Azərbaycan hökuməti neft qiymətlərinin dəyişməsi ilə bağlı müxtəlif ssenarilər əsasında proqnozlar hazırlayıb. Belə ki, xam neftin qiymətinin hər dəfə 10 dollar dəyişməsi Azərbaycanın icmal büdcəsinin gəlirlərinin təxminən 0,8 milyard manat artmasına və ya azalmasına səbəb olur.
Maliyyə Nazirliyinin proqnozlarına əsasən, icmal büdcənin gəlirləri 65 ABŞ dolları ssenarisi üzrə 0,8 milyard manat az, 85 ABŞ dolları ssenarisi üzrə isə 0,8 milyard çox olacaq.
Bir sözlə, neftin qiyməti 65 dollar olan icmal büdcənin gəlirləri 42,7 milyard, 70 dollar - 43,5 milyard manat, 80 dollar - 43,9 milyard manat və 85 dollar - 44,3 milyard manat səviyyəsində proqnozlaşdırılır. 2024-cü ilin 6 ayı ərzində Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfert və faktiki gəlirlər nəzərə alınmaqla, xam neftin 1 barelinin qiyməti 65 ABŞ dolları olarsa, icmal büdcədə 2,9 milyard dollar, 70 dollar - 2,5 milyard, 80 dollar - 1,7 milyard və 85 dollar - 1,3 milyard manat kəsir yaranacaq.
ARDNF-in aktivləri də neftin qiymətindən asılı olacaq, çünki 10 dollarlıq dəyişiklik onların həcminə 0,4 milyard dollara qədər təsir göstərə bilər.
Dəyişiklik küləyi
Azərbaycan qlobal iqtisadi proseslərdən təcrid olunmayıb. Ukraynadakı müharibə, inflyasiya, dünyanın aparıcı iqtisadiyyatlarında faizlərin artması - bütün bunlar Azərbaycan iqtisadiyyatına təsir edir. IMF və Dünya Bankı ehtiyatlı nikbinliyi saxlasa da, lakin risklər yüksək olaraq qalır.
Buna baxmayaraq, Azərbaycan hökuməti artım istiqamətində makroiqtisadi proqnozlara yenidən baxıb. Hazırda ÜDM-in 3,8% (121,3 milyard manat), qeyri-neft ÜDM-in isə 5,5% (84,7 milyard manatadək) artacağı gözlənilir. Əvvəllər bu rəqəmlər müvafiq olaraq 2,4% və 4,6% idi.
Azərbaycanda bu il üçün inflyasiyanın ilkin proqnozuna dair (5,3%) əhəmiyyətli dərəcədə aşağıya doğru düzəliş edilib: 2,7%. Bu onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatı əvvəllər düşünüldüyündən daha çox xarici şoklara davamlılıq nümayiş etdirir.
Qeyri-neft sektorunda artım, infrastruktura sərmayə qoyuluşu və iqtisadiyyatın şaxələndirilməsi müsbət əlamətlərdir.
Yenilənmiş məlumatlara görə, Azərbaycan büdcəsinə 36,4 milyard manat gəlirin daxil olacağı planlaşdırılır. Xərclər isə 39,7 milyard manat təşkil edəcək. Altı ay ərzində büdcə profisitlə icra olunub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.
Bəs bu rəqəmlərin arxasında nə dayanır? Bununla, ilk növbədə, qeyri-neft-qaz sektorunun mövqelərinin möhkəmlənməsi nəzərə çarpır. Proqnozlara görə, büdcə gəlirlərinin yarıdan bir qədər çoxu (51,2%) məhz qeyri-neft-qaz sektorunun payına düşəcək. Bu, ilkin planlaşdırılan göstəricidən 1,4 faiz bəndi çoxdur. Bu artım bir sıra amillərlə, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı, vergitutma bazasının genişləndirilməsi və vergi inzibatçılığının optimallaşdırılması ilə izah olunur.
Doğrudur, neft və qaz Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsi olaraq qalır. Dünya bazarlarında enerji qiymətləri bir qədər aşağı düşsə də, neft-qaz sektoru hələ də sabit nəticələr nümayiş etdirir.
Beləliklə, bu il “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə hasilatın pay bölgüsü sazişlərinə dair fəaliyyət göstərən podratçı təşkilatlardan gözlənilən gəlir vergisi daxilolmaları 280 milyon manat (75,7%), “Şahdəniz” layihəsi üzrə isə 325 milyon manat (20,2%) artırılıb.
Bu, ilk növbədə, ölkə iqtisadiyyatının daha çox şaxələndirildiyini və neft qiymətlərindəki dalğalanmalardan daha az asılı olduğunu göstərir. Bu da öz növbəsində milli valyutanın sabitliyini artırmalı, sosial problemlərin həllinə töhfə verməlidir.
Neft-qaz sektorunun ümumi vergi daxilolmalarının 43,7%-i ARDNF-in transfertlərinin, 14,2%-i AÇG layihəsi, 42,1%-i isə “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəətlərinin payına düşür.
Bundan sonra nə olacaq?
Əslində, Azərbaycan büdcəsi hökumətin ambisiyalarını və gələcəyə baxışını əks etdirən iqtisadi inkişaf ilə bağlı bir növ yol xəritəsidir. Lakin bu planların həyata keçirilməsi bir çox daxili və xarici amillərdən asılı olacaq.
Gömrük rüsumlarının və idxaldan vergi daxilolmalarının artması hesabına büdcəyə əlavə 535 milyon manat vəsait daxil olacağı gözlənilir. Belə ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsində gömrük rüsumları 6,435 milyard manat təşkil edir ki, bu da ilkin təsdiq edilmiş rəqəmdən düz 9,1% çoxdur. Bu artım bir neçə əsas amillə bağlıdır. 2024-cü il üçün idxalın təxmin edilən həcmi əvvəlki hesablamalarla müqayisədə 1,3 milyard ABŞ dolları və ya 8,7 % artaraq 17,5 milyard dollara çatdırılıb. Bununla belə, cari ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar proqnozdan 131 milyon manat və ya 7,1% artıq olub. Bu, ilin əvvəlində gözləniləndən daha yüksək iqtisadi aktivlik və idxal səviyyəsini göstərir.
Bununla paralel olaraq, hakimiyyət dövlət investisiyalarına xərcləri artırmaq qərarına gəlib. Qeyri-neft sektorunda artım müşahidə olunsa da, hələ də təkmilləşdirmə üçün imkanlar var. Hazırda aqro-sənaye parkların inkişafına xeyli vəsait xərclənir.
İnfrastrukturun inkişafına və işğaldan azad edilmiş ərazilərin bərpasına əlavə 1 milyard manat xərclənəcək. “Böyük Qayıdış” proqramının fəal şəkildə həyata keçirildiyi Qarabağa və Şərqi Zəngəzura xüsusi diqqət yetirilir. Bu il onun həyata keçirilməsinə 5 milyard manatdan çox vəsait ayrılacaq.
Qeyd edilən məsələrə əsasən söyləyə bilərik ki, 2024-cü il üçün iqtisadi proqnozlar ÜDM artımı və sabit enerji gəlirləri ilə Azərbaycan üçün optimist ssenari nümayiş etdirir. Amma bu mənada qlobal iqtisadi şərait və neftin qiyməti əsas amillər olaraq qalır ki, bu da ölkənin fiskal parametrlərinə və makroiqtisadi sabitliyə birbaşa təsir edəcək.
Bir sözlə, yeni çağırışlar və imkanlar yenilənmiş büdcənin uğurla icrasını təmin etməlidir. Əlbəttə ki, əsas amil ölkə iqtisadiyyatının dəyişən xarici mühitə uyğunlaşmaq və daxili resurslardan səmərəli istifadə etmək qabiliyyəti olaraq qalır.
MƏSLƏHƏT GÖR: