14 Noyabr 2024

Cümə axşamı, 17:55

QLOBAL MARAFONUN QAFQAZ TREKİ

Çoxsaylı seçkilər regiondakı siyasi proseslərə necə və nə qədər təsir göstərəcək?

Müəllif:

01.08.2024

Dünyada görünməmiş seçki marafonunun nəticələri siyasi qüvvələrin qlobal münasibətlərinə ciddi təsir göstərəcək. Bu, Cənubi Qafqaz da daxil olmaqla, müxtəlif regionlarda siyasi proseslərin dinamikasına təsirsiz ötüşə bilməz.

Yalnız son yarım ildə Rusiya və İranda seçki olub, Avropa Parlamentinə, Fransa və Böyük Britaniya parlamentlərinə seçkilər keçirilib, ABŞ isə seçkiqabağı dövrün aktiv fazasındadır. Azərbaycanda da prezident seçkisi olub, hazırda isə ölkə növbədənkənar parlament seçkisinə hazırlaşır. Qonşu Gürcüstanda bu, payızda baş verəcək. Türkiyədə bu ilin martında təşkil olunmuş bələdiyyə seçkisi belə, region üçün son dərəcə vacib olan bu ölkədə daxili siyasi dinamikaya ciddi təsir göstərib.

Bütün bu proseslər nəticəsində formalaşan qüvvələr nisbəti Azərbaycan-Ermənistan dialoqunun xarakterinə, həmçinin onlar arasında sülh müqaviləsinin bağlanması perspektivinə də təsir edə bilər.

 

Sülh gündəliyi ABŞ-dəki seçki prosesinin bir hissəsidir?

Hazırkı mərhələdə ABŞ sülh razılaşmasına mümkün qədər tez nail olunmasında maraqlıdır. Hər halda, ölkənin xarici siyasət idarəsi Bakı ilə İrəvanı danışıqlar masası arxasına əyləşdirmək üçün fəal səylər göstərir, iki ölkənin məhz onun moderatorluğu ilə sülh müqaviləsi imzalamasına çalışır. Güman ki, bu, seçki öncəsi daxili siyasi hədəflər, həmçinin postsovet məkanının ən köhnə münaqişəsinə son qoymaqla, Rusiyaya «yerini göstərmək» niyyəti ilə bağlıdır.

Seçkinin yaxınlaşması ilə bu cəhdlər daha israrlı və intensiv xarakter alır. Bununla yanaşı, Vaşinqton elə bir informasiya mənzərəsi yaratmağa çalışır ki, tərəflər danışıqlarda konkret razılaşmalar əldə etsin və bu, ciddi irəliləyiş kimi qiymətləndirilsin. Bu, ABŞ-nin öz əhəmiyyətini və moderator rolunun vacibliyini ortaya qoyması üçün vacibdir.

ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller iyulun 15-də verdiyi açıqlamada bildirib ki, «tərəflər (ABŞ-nin vasitəçiliyi ilə) inanılmaz irəliləyişə nail olub və kifayət qədər uzun yol qət edib». «Hələ razılaşma əldə olunmasa da, ABŞ onun imzalanmasınadək davam edəcək», - deyə Miller bildirib.

Məlum olduğu kimi, ABŞ-də Demokratlar Partiyasının elektoratı kifayət qədər qarışıqdır və əhalinin müxtəlif qruplarından, həmçinin milli azlıqlardan ibarətdir. Bu mənada, erməni diasporu xüsusi seçilir. O, ABŞ-nin qanunverici orqanında ciddi qrupa malik yeganə diaspordur. Amerikada 100-dən artıq konqresmen və senator erməni lobbisinin mövqeyini dəstəkləyir. Onların arasında tanınmış simalar, Demokratlar Partiyasının nüfuzlu üzvləri də kifayət qədərdir. Elə hazırkı prezident Co Bayden özü də senator olan zaman bu qrupda yer alıb. Osmanlı imperiyasında 1915-ci ildə baş vermiş hadisələr haqda danışan zaman onu «erməni soyqırımı» adlandırmış yeganə ABŞ prezident isə məhz Baydendir.

Odur ki, demokratlar kritik seçki ərəfəsində ermənilərin dəstəyini qazanmaq üçün danışıqlar prosesində İrəvanı dəstəkləmək əzmini nümayiş etdirməyə çalışır. Hər halda, Vaşinqtonun əsasən Azərbaycan tərəfinə açıq təzyiq göstərmək cəhdləri artıq az qala adi hala çevrilib. O, Bakının danışıqların ən çətin mövzularında mövqeyini dəyişməsini istəyir.

Birləşmiş Ştatlarda seçkiqabağı vəziyyətin Cənubi Qafqazdakı siyasi dinamikaya təsirindən danışarkən Tbilisinin «xarici agentlər haqqında» qanunu qəbul etməsi üzündən ABŞ-Gürcüstan münasibətlərinin görünməmiş həddə pisləşdiyi də vurğulanmalıdır. Amerika dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeyanın Tbilisiyə səfəri bu mənada diqqətçəkəndir. Səfər zamanı Gürcüstan hökumətinin və müxalifətinin təmsilçiləri ilə görüşən Zeya bir daha deyib ki, o, sözügedən qanunu anti-demokratik sayır və Amerika-Gürcüstan münasibətlərinin bərpası üçün qanunun ləğvi şərtdir.

Ümumilikdə Amerikada demokratların administrasiyası öz siyasətində «insan hüquqları» mövzusuna xüsusi yer verir. Onlar Respublikaçılar Partiyasından olan rəqiblərini tez-tez bu məsələyə lazımi qədər diqqət ayırmamaqda, bununla da ABŞ xarici siyasətinin ənənəvi qaydalarını pozmaqda təqsirləndirirlər.

Məlumdur ki, Prezident Donald Trampın tərəfdarları xarici siyasətdə «izolyasionizm» yanaşmasını dəstəkləyir, diqqətin daha çox daxili siyasi məsələlərə yönəldilməsini vacib hesab edirlər. Demokratlar isə əksinə, daha çox xarici siyasəti gündəmdə saxlayırlar – bütün dünyada demokratiyanın dəstəklənməsi prinsipini.

Uzra Zeya da «Gürcüstanın demokratik qüvvələri»nə dəstək verməklə, partiyasının əsas xəttinə uyğun davranıb. Hər halda, ölkədə seçki ehtiraslarının pikdə olduğu indiki vaxtda onların bu siyasətin effektivliyini nümayiş etdirəcək konkret arqumentlərə, nailiyyətlərə ehtiyacı var.

 

Cənubi Qafqaz, hələ ki, Avropa üçün maraqlı deyil

Digər oyunçulara gəlincə, Avropa İttifaqı üçün yaxın dövrdə Ermənistanla Azərbaycan, çətin ki, maraqlı olsun. Gürcüstan özü belə, zaman-zaman Brüsselin diqqət mərkəzindən çıxır. Hər halda, hələlik Avropanın başı Aİ-nin hakimiyyət strukturlarının formalaşmasına, yenilənmiş xarici siyasi prioritetlərin dəqiqləşdirilməsinə yönəlib.

Yeni parlament cəmi bir ay əvvəl – iyulda fəaliyyətə başlayıb və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması hələlik onun prioritetləri sırasında yer almır. Brüsseldən Tbilisi ilə bağlı da bəyanatlar eşidilmir.

Fransada hakimiyyət dəyişikliyi və yeni koalision hökumətdə mümkün fikir ayrılıqları bu ölkədə də siyasi elitanın ermənipərəstliyinə rəğmən, regional problemləri ikinci plana keçirib.

Digər ölkələrdə, məsələn, Böyük Britaniyadakı seçki regional gündəliyə ümumiyyətlə təsir etməyəcək. Bu gün London üçün daha vacibi Aİ ilə pozulmuş münasibətlərin bərpası, Ukraynaya dəstək siyasətinin optimallaşdırılmasıdır.

Britaniyanın Cənubi Qafqazdakı maraqları az-çox sabit görünür. Lakin Avropa Siyasi İcmasının bu ölkədə artıq yeni hökumətin formalaşmasından sonra keçirilmiş sammiti göstərib ki, London Avropanın siyasi gündəliyinin formalaşmasında fəal rol oynamaq niyyətindədir. Bu mənada, Britaniyanın yeni baş naziri Kir Starmerin Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sammit çərçivəsində görüşün təşkili təşəbbüsü diqqətəlayiqdir. Məlum olduğu kimi, erməni tərəfi həmin görüşdə iştirakdan imtina edib. Lakin istənilən halda, ilk cəhd uğursuz alınsa da, Britaniyanın yeni hökumətinin Bakı ilə İrəvan arasında dialoqun təşkilinə gələcəkdə də cəhd göstərəcəyinə ümid etmək olar. Yəqin ki, London bu məsələdə üstünlüyün onun rəqiblərinin əlinə keçməsini istəməyəcək.

Avropanın Cənubi Qafqaz ölkələri ilə bağlı prioritetlərinə gəlincə, ayrı-ayrı Avropa ölkələrində postseçki ajiotajının yatması ilə Brüsselin regiona daha çox diqqət ayırmağa başlayacağını gözləmək olar. Aİ üçün bölgənin Avropanın maraq dairəsində qalmamsı əvvəlkitək aktualdır. Avropa Parlamentinə seçkilər də göstərib ki, qüvvələr nisbəti ümumilikdə ciddi dəyişikliyə məruz qalmayıb və demək, prioritetlər də dəyişməzdir.

Brüsselin Avropa Sülh Fondundan Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avroluq yardımın ayrılması kimi ziddiyyətli qərarı isə düşünməyə əsas verir: İrəvana birtərəfli dəstək, Bakı ilə münasibətlərdə gərginlik yaratmaqla regionda bölücü siyasət aparmaq nə qədər effektivdir?

Gürcüstanla açıq qarşıdurma da Avropanın regiondakı maraqlarının təmininə, çətin ki, töhfə versin.

 

Azərbaycanlı Pezeşkian və Cənubi Qafqaz

Cənubi Qafqazda siyasi dinamikaya – həmçinin Azərbaycan-Ermənistan münasibətləri kontekstində – İranda keçirilmiş prezident seçkisinin nəticəsi də təsir göstərə bilər. Belə ki, seçkidə islahatçıların namizədi, azərbaycanlı Məsud Pezeşkianın qələbə çalması erməni ictimaiyyətində və yəqin ki, ölkənin siyasi elitasında ciddi narahatlıq yaradıb.

Pezeşkian seçki kampaniyası zamanı İranın azərbaycandilli əhalisinə geniş hüquqlar verilməsinin, xüsusilə təhsil sahəsində onların öz dillərindən istifadə etməsinə imkan yaradılmasının vacibliyin dəfələrlə dilə gətirib. Bunun fonunda erməni ictimaiyyətində Ermənistan-İran münasibətlərinin pisləşə, Azərbaycan-İran əlaqələrinin isə əksinə, yaxşılaşa biləcəyi fikri yaranıb.

Bununla yanaşı, İranın yeni prezidenti ölkəsinin sərhədləri boyunca gərginliyin azaldılmasına istiqamətlənmiş siyasət yürüdür və görünən odur ki, o, region dövlətləri ilə Tehran arasında daha sıx əməkdaşlığın qurulmasına çalışacaq. Bu isə öz növbəsində, İranla yanaşı, Azərbaycan və Ermənistanın da iştirakını nəzərdə tutan «3+3» formatlı regional əməkdaşlıq təşəbbüsünün reallaşması perspektivini açır. Üstəlik, yaxın vaxtlarda bu formata Tbilisinin də qoşulacağı istisna deyil. Hər halda, belə ehtimallar artıq bir müddətdir ki, səsləndirilməkdədir.

Bu perspektiv Bakını tamamilə qane edir. Görünən odur ki, özünün «sülh kəsişməsi» təşəbbüsünün reallaşmasında israr edən İrəvan da regional təşəbbüslərdə iştirakın əleyhinə deyil.

Amma təcrübədə çox zaman hər şey bu və ya digər oyunçuların konkret əməlindən asılı olur.

Sadalanan ölkələrdə keçirilmiş və keçiriləcək seçkilər yeni siyasi gündəlik formalaşdırır. Yeni xarici siyasi prioritetlər isə şübhəsiz ki, Cənubi Qafqazdakı siyasi proseslərə də təsir göstərəcək. Region münaqişəli keçmişindən nə qədər uzaqlaşarsa, xarici oyunçuların burada baş verən proseslərə müdaxilə imkanları o qədər azalar.



MƏSLƏHƏT GÖR:

61