19 Dekabr 2024

Cümə axşamı, 11:20

YENİ SƏHİFƏ

Bakı müstəmləkəçiliklə mübarizə mərkəzinə çevrilib

Müəllif:

01.08.2024

Azərbaycan paytaxtında müstəmləkə altındakı ərazilərin müstəqillik hərəkatının ilk qurultayı keçirilib. O, Qvadelupanın Azadlığı naminə Xalq Birliyi tərəfindən Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyilə təşkil olunub. Tədbir müstəmləkəçiliklə mübarizə tarixində yeni səhifə açıb.

 

Beynəlxalq Azadlıq Cəbhəsi

Foruma Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları, eyni zamanda Fransanın digər dənizaşırı ərazilərinin, həmçinin Niderlandın müstəmləkələri olan Bonayre və Sen-Marten adalarının müstəqilliyi uğrunda mübarizə aparan 20-dək siyasi partiya və hərəkatın liderləri qatılıb.

BTQ-nin icraçı direktoru Abbas Abbasov bildirib ki, qurultayın təşkili zamanı qarşıya hədəf olaraq müstəqillik hərəkatlarının təşəbbüslərinə, səylərinə dəstək verilməsi qoyulub.

Qurultay hələ də mövcud olan müstəmləkələrin azadlığı uğrunda ədalətli mübarizəyə dəstək olaraq ötən il keçirilmiş «Müstəmləkəçiliyə tam son qoyulması yolunda» adlı konfrans zamanı yaradılmış BTQ-nin dayanıqlığını, sarsılmazlığını təsdiqləyib.

Forum Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının etirazları fonunda baş tutub. Paris Sakit Okeanda yerləşən bu arxipelağın köklü sakinləri olan kanakların müstəqəllik hərəkatını sərt şəkildə əzir. Abbasov xatırladıb ki, Yeni  Kaledoniyada baş vermiş son iğtişaşlar zamanı Fransa polisi hərəkat üzvlərini qanunsuz olaraq həbs edib. Onlar gizli şəkildə Parisə aparılıb və orada müxtəlif zorakılıqlara məruz qalıblar. Saxlanılanlar arasında qadınlar və uşaqlar da olub. BTQ siyasi məhbusların ailələrinə və onların hüquqlarını qoruyan vəkillərə yardım göstərəcəyini bəyan edib.

BTQ bu yaxınlarda Yeni Kaledoniya, Moahi Nui (Fransa Polineziyası), Fransa Qvianası, Martinika, Qvadelupa və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan siyasi hərəkatlarla birgə bəyanat da yayıb. Bəyanatda Fransadan müstəmləkə siyasətinə son qoyması tələb edilir. Bakıda keçirilən qurultayda isə Fransa müstəmləkələrinin müstəqillik mübarizəsinin daha təşkilatlanmış hala gətirilməsi üçün vahid platformanın yaradılması istiqamətində praktik addım atılıb. Belə ki, Fransa və Niderland 17 müstəmləkəsinin səlahiyyətli nümayəndələri Bakıda Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması haqqında Bəyannaməyə imza atıblar. Sənəddə Fransa müstəmləkəçiliyinin irqçi və repressiv siyasəti, məsələn, Yeni Kaledoniyada törədilən cinayətlər qəti şəkildə pislənir. Qurultay iştirakçıları müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanmaq, Fransa müstəmləkəçiliyi üzərində qələbəyə nail olmaq üçün fəaliyyətlərini koordinasiya etmək qərarına da gəliblər.

Forumda Beynəlxalq Azadlıq Cəbhəsinin Nizamnaməsi təsdiqlənib, təşkilatın saytı (fildecof.org) istifadəyə verilib. Qurultayda BTQ-nin tələbə təqaüdü verməsi haqda da qərar çıxarılıb. Bu, Fransa müstəmləkələrində yaşayan gənclərin Azərbaycanın ali məktəblərində təhsil almalarına yol açacaq.

Abbasov Beynəlxalq Azadlıq Cəbhəsini müasir dünyada müstəmləkəçiliklə mübarizədə yeni və güclü silah kimi qiymətləndirib. «Hesab edirik ki, gələcəkdə iştirakçıların sayı əhəmiyyətli dərəcədə artacaq, cəbhəyə müstəmləkəçilik siyasətindən əziyyət çəkən başqa xalqlar da qoşulacaq», - deyə BTQ-nin icraçı direktoru qeyd edib.

Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest bildirib ki, o, Beynəlxalq Azadlıq Cəbhəsinin Fransa müstəmləkəçiliyindən xilas yolunda vacib addım olduğuna əmindir.

Beləliklə, BTQ və Beynəlxalq Azadlıq Cəbhəsi məzlum xalqların azadlıq hərəkatının avanqardına çevrilmək yolunda ciddi addım atıb. Bu mübarizədə Azərbaycan vacib rol oynayır ki, bu da öz əksini Bakı Qurultayının yekun Bəyannaməsində də tapıb.

 

Azərbaycanın cəsarətli addımları

A.Abbasov qurultayda bildirib ki, Azərbaycan paytaxtı anti-müstəmləkə fəaliyyəti və dekolonizasiya proseslərinin mərkəzinə çevrilib. Bu mənada ötən ilin oktyabrında Bakıda «Neomüstəmləkəçilik: insan haqlarının və ədalətin pozulması» mövzusunda konfransın keçirildiyini də xatırlatmaq lazımdır. Bu ilin mayında isə Azərbaycan ilk dəfə olaraq BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C24) iclasında iştirak edib. Bu komitə BMT-nin müstəmləkə ölkələr və xalqlara müstəqillik verilməsinə dair Bəyannaməsinin reallaşdırılması üçün yaradılıb. İclasda Azərbaycan XXI əsrdə müstəmləkə və neomüstəmləkəçiliyin qəbuledilməzliyinə dair mövqeyinə sadiqliyini bəyan edib.

Daha sonra 2024-cü ilin iyununda BMT-nin Nyu-Yorkdakı qərargahında Xüsusi Komitənin illik iclası çərçivəsində BTQ-nin təşəbbüsü və təşkilatçılığı ilə «Müstəqillik və əsas azadlıqlar yolunda: C24 komitəsinin müstəmləkəçiliyə son qoyulmasındakı rolu» adlı konfrans keçirilib. Konfransda Fransa və Niderlandın müstəmləkəsi olan əraziləri təmsil edən 40-dan artıq nümayəndə iştirak edib.

Ümumilikdə BTQ fəaliyyətini genişləndirməkdədir. Niderlandın müstəmləkəsi olan ərazilərin ona qoşulması bunu bir daha təsdiqləyir. Həmin ərazilərin nümayəndələri BTQ-yə müraciət etdikləri üçün BMT-nin qərargahında keçirilmiş beynəlxalq konfransa da qatılıblar, Bakıda təşkil olunmuş qurultaya da.

Qurultay iştirakçılarının çıxışlarında Azərbaycanın müstəmləkəçiliklə mübarizədəki rolu yüksək qiymətləndirilib. Məsələn, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin baş katibi Jan-Jakob Bisep Bakıda qurultayın təşkilinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlıq edib. «Azərbaycan cəsarətli addımlar atır. Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə biz ilk dəfədir BMT-nin himayəsi altında Bakıda belə tədbir keçiririk», - deyə o, qeyd edib: «Biz müstəmləkəçiliklə birlikdə mübarizə apara bilərik. Hədəfimiz dünya birliyinin diqqətini bu məsələyə cəlb etməkdir. Həmrəyliyimizi artırmaq, özümüzü dünyaya göstərmək üçün əlimizdən gələni edəcəyik. Fransa müstəmləkələrinə qarşı cinayət törədən ölkədir. Bizim hədəfimiz Fransaya təzyiq göstərmək üçün dünyanı səfərbər etməkdir».

Həqiqətən, Azərbaycanın müstəmləkəçiliyə qarşı hərəkata dəstəyi Qərbin müasir siyasətinin iç üzünü ortaya qoyur. Məsələn, dünya birliyi görür ki, Fransa müstəmləkəçiliyinin nəinki keçmişi, bu günü də Afrika, Asiya, Okeaniyanın bir çox ölkə və xalqlarına böyük fəlakətlər, iztirabları əsasında qurulub.

Fransa siyasətinin dəhşətli nəticələri daha çox bu və ya digər neokolonial libasına bürünmüş Fransa hökmranlığından canını qurtarmağa çalışan xalqların üzərinə düşür. Azərbaycan hesab edir ki, Fransanın cəzasızlığına son qoyulmalı, onun öz cinayətlərinə görə məsuliyyəti həyasızcasına neomüstəmləkəçiliyə son qoyulmasını tələb edən ölkələrin üzərinə atmağa çalışması diqqətdən qaçmamalıdır. Fransanın bu dünyada kiməsə öz iradəsini qəbul etdirməyə nəinki siyasi, heç mənəvi haqqı da yoxdur.

Müstəmləkəçiliklə mübarizə mövzusu Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilmiş II Qlobal Media Forumunda da müzakirə edilib. Azərbaycan Prezidenti İlham Əliyev birmənalı şəkildə bildirib ki, Bakı «kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcək, əlindən gələni edəcək». Dövlət başçısı bunun üçün bütün resurslardan, həmçinin Bakı Təşəbbüs Qrupunun imkanlarından istifadə olunacağını deyib. Forumda iştirak edən müstəmləkə ərazilərinin təmsilçilərinə müraciət edən İlham Əliyev deyib: «Siz öz gələcəyinizi planlaşdırmalısınız. Siz öz irsinizi və ləyaqətinizi, dilinizi qorumalısınız, hansı ki, bu gün sizi ondan məhrum etməyə çalışırlar. Biz sizin yanınızda olacağıq».

Azərbaycanın xaricin nəzarətində olan, neomüstəmləkəçilərin buyruğu ilə hərəkət etmək məcburiyyətində qalan xalqların azadlıq hərəkatına davamlı dəstəyi özünü bu xalqların nümayəndələrinin Bakıda keçiriləcək COP29-da iştirakının təmin olunması ilə bir daha təsdiqlənəcək. Qlobal iqlim gündəmi və Bakının COP29-un ev sahibi kimi üzərinə götürdüyü missiya kontekstində İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi bir bəyanat da diqqət çəkir. O, inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək proqramına start verildiyini bildirib. Dövlət başçısı deyib ki, bu dövlətlərin onlar üçün ekzistensional təhdid olan iqlim dəyişiklikləri ilə mübarizə aparması üçün xüsusi fon yaradılıb.

Beləliklə, ardıcıl olaraq neomüstəmləkəçiliyin istənilən təzahürünə qarşı çıxan Azərbaycan bütün dünyada ədalət və bərabərhüquqluluğun təmini üçün mübarizəsini davam etdirir. Bunu bədnam fəaliyyəti sırasında azğın anti-Azərbaycan kampaniyasının da olduğu Fransa və bir sıra digər dövlətlər də anlamalıdır.



MƏSLƏHƏT GÖR:

75