19 Dekabr 2024

Cümə axşamı, 11:17

ŞUŞADAN MESAJ

Azərbaycan Prezidenti II Qlobal Şuşa Forumu çərçivəsində bir sıra vacib mesajlar verib

Müəllif:

01.08.2024

Sürətlə dəyişən dünyada geosiyasi koordinatları müəyyənləşdirməyə imkan verən dəqiq oriyentirlərə çox nadir halda rast gəlmək olur. Bu gün geosiyasi səhnədə tək öz regionlarında deyil, həm də dünyada baş verən prosesləri anlayan və izah edə bilən siyasətçilərə çox az rast gəlinir. Bu mənada, Azərbaycanın bəxti gətirib. Çünki burada addımları real vəziyyətə uyğun atmağa vərdiş ediblər.

Bunu «Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə» mövzusunda keçirilmiş II Qlobal Media Forumu (20-22 iyul) bir daha təsdiqləyib. Prezident İlham Əliyevin bu forumdakı çıxışını əhəmiyyətli hadisə saymaq olar.

 

Müstəqil siyasət uğurun əsası kimi

Azərbaycanın dövlət başçısının çıxışında əsas xətt ondan ibarət olub ki, əsl inkişaf yolunu kənardan diktələrlə deyil, milli maraqlara əsaslanmaqla getmək mümkürdür. İlham Əliyev bildirib ki, «Sovet İttifaqının süqutundan sonra Qərbdə və keçmiş sovet respublikalarının çoxunda belə bir fikir var idi ki, irəli getməyin və mövcudluğunu təmin etməyin yeganə yolu böyük ölkələrin diktəsi altında yaşamaqdır. Biz fərqli yol seçdik. Bu, asan deyildi…». Azərbaycan öz müstəqil yolu ilə gedib və haqlı çıxıb. Ölkəni asılı dövlətə, proksi və ya vassala çevrilməkdən məhz bu yol xilas edib.

Qarabağ münaqişəsinin ən çətin illərində belə, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəyinə ümidini itirməyib, bununla yanaşı, öz əməllərində mövcud reallığa əsaslanıb. «Ona baxmayaraq ki, əvvəlki iki prezident Azərbaycana qarşı soyqırımı törədənlər, xüsusilə də Xocalıdakı soyqırımını törədənlərdən idi. Bu, mənim üçün heç də xoşagələn hal deyildi ki, mən məcbur onlarla əl ilə görüşürdüm. Ancaq mən bunu sülh naminə və ərazilərimizin azad edilməsi naminə edirdim və Prezident olaraq bütün hisslərimi, bütün emosiyalarımı kənara qoymalı idim. Yəni, sən bu vəzifəni daşıyırsansa, emosiyalarını kənara qoyacaqsan. Həmin görüşlər bizə kömək etdimi ərazilərimizi bərpa edək? Məncə bəli, onların xeyri oldu», - deyə dövlət başçısı qeyd edib.

Bəlkə də bu, hərbi-siyasi şəraitin pisləşməsinə rəğmən, Rusiya ilə danışıqlardan birmənalı olaraq imtina edən Ukrayna prezidentinə mesaj idi.

İlham Əliyev deyib ki, vaxtilə Azərbaycanın Ermənistanla atəşkəsə razılaşması qərarını qəbul etmək asan olmayıb: «Mənim atam Azərbaycanı məndən az sevmirdi və ya hər hansı bir azərbaycanlıdan az sevmirdi. Ancaq o, məcburən 1994-cü ildə bu atəşkəsə razı oldu, çünki ölkəni xilas etməli idi. O zaman Azərbaycanın faktiki olaraq ordusu yox idi. Biz ordumuzu hələ yeni qururduq və bu proses sonra davam etdi və bu gün biz qürur duya biləcəyimiz ordu qurmuşuq».

Dövlət başçısı Azərbaycanın bir nömrəli problemini çözməsinə imkan vermiş strateji dözümlülüyünü də qeyd edib. İ.Əliyev hesab edir ki, işğal altındakı ərazilər onun prezidentliyi dövründə azad olunmaya da bilərdi və bu, vacib deyil. Torpaqları 50 il sonra da azad etmək olardı: «Yəni burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil, fərq etməz lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi və bizim tarixdən dərslərimiz olub. Bəzən biz çətin qərarlar verməli idik ki, əsas məqsədimizə çataq».

Danışıqlar prosesinin hazırkı mərhələsindən danışan prezident ehtiyalı nikbinlik ifadə edib, eyni zamanda, xüsusilə Nikol Paşinyanın Böyük Britaniyada bu yaxınlarda keçirilmiş sammit çərçivəsində onunla görüşdən imtina etməsi ilə şərtlərin pisləşdiyini söyləyib.

Rusiya-Azərbaycan münasibətlərində hər hansı sual yoxdursa, ABŞ ilə münasibətlərdə Vaşinqtonun Azərbaycanın daxili işlərinə qarışması, məsələn, müxalifəti maliyyələşdirməsi səbəbilə suallar yaranır. İlham Əliyev deyib ki, Donald Trampın prezidentliyi dövründə belə hallar olmayıb. Amerikaya respublikaçı administrasiyanın rəhbərlik etdiyi dövrün üzərində detallı dayanan İ.Əliyevin sözlərindən bu gün iki öklə arasında dialoqun qənaətbəxş səviyyədə olmadığı məlum olub. «Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər», - deyə dövlət başçısı vurğulayıb.

 

Azərbaycan qlobal Şimal ilə Cənub arasında körpü kimi

Xarici siyasi prioritetlərə də toxunan Azərbaycan Prezidenti bildirib ki, Bakının əsas hədəflərindən biri qlobal Cənub ilə Şimal arasında körpüyə çevrilməkdir. Azərbaycan hələ də müstəmləkə olan ada dövlətlərinin siyasi təşkilatları ilə fəal əlaqələr qurur, onların siyasi müstəqillik qazanmalarına kömək etmək üçün addımlar atır. Bu isə Bakını gələcəkdə bu dövlətlərin strateji tərəfdaşına çevirəcək və beynəlxalq arenada onun rolunu gücləndirəcək.

İlham Əliyev onu da deyib ki, kiçik ada dövlətlərinə iqlim dəyişikliklərin fəsadlarının aradan qaldırılmasında yardım göstərilməsi üçün «Commonwealth» (Suveren Dövlətlərin Könüllü Birliyi) təşkilatı ilə birlikdə xüsusi fondun yaradılması üzərində iş də aparılır. Bu işlər Bakıda COP29 sammitinə hazırlıq çərçivəsində görülür. Maraqlıdır ki, «Commonwealth» təşkilatında Böyük Britaniya ilə yanaşı, onun bütün keçmiş dominionları, müstəmləkə və protektoratları da yer alır. Yəni London Bakının hədəflərinə çatmasında Azərbaycanın strateji tərəfdaşıdır. Paris isə çoxu Fransanın müstəmləkəçilik siyasətinin qurbanı olmuş və ya hələ də olmaqda davam edən ölkələrlə münasibətlərin normallaşdırılması məsələsində Bakının əsas diplomatik hədəfidir.

Bu gün dünyanın ən nüfuzlu dövlətlərindən olan Fransanı heç də hər kəs açıq tənqid edə bilmir. Bakı isə Parisin mümkün qarşılığından çəkinməyərək, müstəmləkə dövlətlərə bundan sonra da bütün mümkün vasitələrlə dəstək vermək niyyətindədir. «Siz öz gələcəyinizi planlaşdırmalısınız. Siz öz irsinizi və ləyaqətinizi, dilinizi qorumalısınız, hansı ki, bu gün sizi ondan məhrum etməyə çalışırlar. Biz sizin yanınızda olacağıq», - deyə prezident qeyd edib.

 

«Yaşıl gündəlik» və təbii qaz perspektivləri

İqlim gündəliyindən və Bakının COP29 sammitinə hazırlığından da danışan İlham Əliyev bildirib ki, Azərbaycan mediada müxtəlif kampaniyalar da daxil olmaqla, xaricdən ciddi təzyiqlərə məruz qalır. O, bir daha deyib ki, neft hasil edən dövlətlər karbohidrogen ehtiyatlarına malik olduqları üçün günahkar deyillər. Onlar sadəcə, bu üstünlükdən qlobal «yaşıl gündəliy»i gücləndirmək üçün yararlanmalı, mədən yanacağından «yaşıl» enerjinin əldə olunmasına əhəmiyyətli vaxt və vəsait ayırmalıdırlar.

Dövlət başçısı Azərbaycan qazının Avropaya nəqli məsələsinə də toxunub. Avropa İttifaqının Azərbaycandan israrla «mavi yanacaq» ixracının artırılmasını istədiyini deyən İ.Əliyevin sözlərinə görə, bununla yanaşı, qarşı tərəf bu nəqlin həyata keçirilməsi üçün layihələri maliyyələşdirməyə həvəs göstərmir.

Transanadolu və Transadriatik qaz kəmərlərinin nəql gücünün iki dəfə artırılmasını istəyən Brüssel bu işlərin bütün xərclərini Bakının öz üzərinə götürməsini gözləyir. Halbuki, Azərbaycan «Cənub Qaz Dəhlizi»nə çəkdiyi xərciin yerini hələ doldurmayıb: «Bizim neft-qaz sahəsindən əldə etdiyimiz gəlir hələ də bu borcun ödənilməsinə yönəlib. Onlar gözləyirlər ki, biz oraya milyardlarla vəsait yatıraq və eyni zamanda, deyirlər ki, 10 ildən sonra Avropa İttifaqının qaza ehtiyacı yoxdur. Yəni, biz ağılsızıq ki, onların ehtiyacı olmadığı qaza 10 milyardlarla vəsait qoyaq?».

Nəzərə alsaq ki, Brüssel daim Azərbaycanla uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək niyyətini dilə gətirir, sual məntəqlidir. Məsələn, Avropa İttifaqında gözləyirlər ki, 2027-ci ildə Bakı qaz tədarükünü iki dəfə artıracaq, çünki Prezident İlham Əliyev belə deyib. Dövlət başçısı isə Şuşa Forumunda bir daha bildirib ki, onun vədi realdır və konkret hesablamalara əsaslanır. Dövlət başçısı deyib ki, burada söhbət formal öhdəliklərdən gedir. Yəni 2021-ci ildə Azərbaycandan Avropaya qaz nəqli 8 milyard kubmetrdən artıq olubsa, bu il bu rəqəm 13 milyard kubmetrədək artırılacaq. 2027-ci ildə nəql həcmini 16 milyard kubmetrə çatdırmaq tamamilə mümkündür. Mövcud nəql marşrutlarının gücü də buna imkan verir. Bunun üçün həm hazırda mövcud olan marşrutlardan istifadə olunacaq, həm də yeni interkonnektorlar tikiləcək.

Brüsseldə Bakı ilə Kiyevin və Bakı ilə Moskvanın bir tərəfdən Ukraynanın qaz nəqli sisteminin potensialından istifadəyə davam etməsinə, digər yandan isə Slovakiya və Avstriyanın «mavi yanacağ»la təmin olunmasına imkan verəcək razılaşma əldə edəcəklərinə də ümidlidirlər

Beləliklə, Bakının son dərəcə vacib işin görülməsində – Avropanın enerji müstəqilliyinin təminində geosiyasi rolu əhəmiyyətli dərəcədə artır. Bu rol Mərkəzi Asiyadan Avropaya «yaşıl enerji» dəhlizinin çəkilməsi kimi nəhəng layihənin reallaşdırılması ilə daha da güclənəcək.

Şuşa Qlobal Forumu çərçivəsində İlham Əliyev ölkənin daxili və xarici siyasətinin mahiyətini açmağa, prioritetləri ortaya qoymağa, istər Cənubi Qafqaz regionunda, istərsə də ondan kənarda aktual proseslərin inkişafı ilə bağlı fikirlərini çatdırmağa çalışıb. Kifayət qədər təcrübəli, siyasi proseslərdən məlumatlı xadimlərdən ibarət auditoriyanın reaksiyası göstərdi ki, onlar səslənən mövzuların səviyyəsi və  genişləyindən kifayət qədər razı qalıblar.



MƏSLƏHƏT GÖR:

78