Müəllif: Natiq NAZİMOĞLU
Bakı ilə Moskva dostluq və mehriban qonşuluq ruhunda inkişaf edən ikitərəfli münasibətləri möhkəmləndirir. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri bunu bir daha təsdiqləyib.
Qarşılıqlı maraqlar
Səfərin xarakteri və əhəmiyyətinə ən yaxşı qiyməti elə dövlət başçılarının özləri veriblər. Tərəflər arasında 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik münasibətlərinə dair bəyannamənin uğurla reallaşdırıldığını deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, «ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir». Onun rusiyalı həmkarı isə Moskvanın «Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verdiyini» söyləyib, onun əsasını «bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil etdiyini» vurğulayıb.
Səfər Azərbaycan-Rusiya münasibətlərinin inkişafında iqtisadi əməkdaşlığın böyük yer tutduğunu təsdiqləyib. Bunu bu ilin yanvarında imzalanmış, 2024-2026-ı illər üçün Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqamətlərinin inkişafına dair tədbirlər planı da ortaya qoyub. Sənəddə ticarət, nəqliyyat, sənaye, enerji, informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlığın inkişafından danışılır. Bununla yanaşı, «Şimal-Cənub» layihəsinin reallaşdırılmasına da böyük əhəmiyyət verilir. V.Putin bildirib ki, bu layihənin həyata keçirilməsi «bizə Hind okeanının sahillərinə çıxmağa və bu marşrutları qarşılıqlı fayda və qarşılıqlı maraq kontekstində istifadə etməyə imkan verəcək».
İlham Əliyev isə həmkarı ilə «Şimal-Cənub» layihəsilə bağlı detallı müzakirələr apardıqlarını deyib: «Biz dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, «Şimal-Cənub» layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə etdik». Bununla yanaşı, Azərbaycanın bu layihənin həyata keçirilməsi üçün əsas bənd olduğu da aşkardır. Bu rol İlham Əliyevin Rusiyaya 2024-cü ilin aprelində etdiyi səfər zamanı da təsdiqlənib. O zaman hər iki lider bilmirmişdi ki, «Şimal-Cənub» dəhlizi çərçivəsində əsas dəmir yolu marşrutu Azərbaycan ərazisindən keçəcək. Putinin Bakıya səfəri çərçivəsində isə Əliyev deyib ki, «Azərbaycanın ərazisində «Şimal-Cənub» dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır».
Azərbaycan-Rusiya əməkdaşlığında ekoloji sahə də xüsusi aktualdır. Məlum olduğu kimi, Moskva Bakının bu ilin noyabrında keçiriləcək COP29 sammitinə ev sahibliyi etməsini dəstəkləyib. Azərbaycan və Rusiya liderləri Putinin səfəri çərçivəsində Xəzər dənizindəki ekoloji vəziyyəti də müzakirə edib, onun suyunun azalmasından narahatlıqlarını ifadə ediblər.
«Danışıqlar apardığımız otağın pəncərəsindən Vladimir Vladimiroviçə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərdim. Biz bunu Abşeron yarımadasının bütün sahili boyu, həm də Azərbaycanın bütün sahilyanı ərazilərində müşahidə edirik. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün biz birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəldik. Yəni bu ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük», - deyə İlham Əliyev bildirib. Eyni zamanda o, deyib ki, Azərbaycanla Rusiya arasındakı etibarlı münasibətlərin həm də ümumi təhdidlərin qarşısının alınması üçün birgə səylərin göstərilməsinə əsaslandığını deyib.
Balanslaşdırılmış siyasət ruhunda
Putinin Bakı səfərinin vacib nəticələrindən biri də Rusiyanın «ŞƏT-də Azərbaycan Respublikasının statusunun artırılması və onun BRHÇC ilə əməkdaşlığın möhkəmləndirilməsi istəyinə» dəstəyi olub. Sonuncu məqam Azərbaycanın Rusiya ilə yanaşı, Braziliya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, BƏƏ və İranın da yer aldıtı BRHÇC-yə üzvlük üçün rəsmi ərizə ilə müraciət etməsilə bir daha təsdiqlənib.
Azərbaycanın BRHÇC-yə üzv olmaq qərarı onun balanslı xarici siyasət strategiyasına və Qoşulmama Hərəkatının nəinki üzvü, hətta sədri olaraq beynəlxalq məsələlərdə gücləndirdiyi roluna tam uyğundur. Yaxın gələcəkdə Bakının bu rolu daha da artacaq. Üstəlik, bu işdə onu hazırda BRHÇC-yə sədrlik edən Rusiya bilavasitə dəstəkləyir. Azərbaycanın BRHÇC ölkələrinin iqlim məsələləri üzrə Ali Səviyyəli Dialoqu və «Müasir şəraitdə BRHÇC-nin iqlim gündəliyi» forumunda iştirak üçün Moskvaya dəvət olunması da təsadüf deyildi. Azərbaycanın bu quruma üzv olmaq üçün yazdığı rəsmi ərizəyə isə oktyabrın sonunda təşkilatın Kazanda keçiriləcək sammitində baxılacağı gözlənilir.
Beləliklə, Azərbaycan beynəlxalq arenada mövqelərini gücləndirməyi hədəfləyir. Onun BRHÇC-yə qoşulması kontekstində bu, Rusiya da daxil olmaqla, bu təşkilatın üzvləri ilə əməkdaşlığın möhkəmləndiriləcəyi deməkdir. Eyni zamanda Azərbaycana yaxın olan və BRHÇC-yə qoşulmağı hədəfləyən Türkiyə və Pakistan kimi ölkələrlə müttəfiq münasibətlərinin genişləndirilməsi də öz yerində.
Putinin Bakı səfəri zamanı təhlükəsizliklə bağlı məsələlər də geniş müzakirə olunub. İlham Əliyev bildirib ki, «ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır». Dövlət başçısı deyib ki, «Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır».
Rusiya Prezidenti isə öz növbəsində, bildirib ki, Bakı danışıqlarında bu məsələ «Azərbaycanın Xəzər regionunda və Cənubi Qafqazda oynadığı rol nəzərə alınaraq» müzakirə edilib.
V.Putinin Bakı səfəri zamanı səsləndirilən ən səs-küylü bəyanatlardan biri Azərbaycan-Ermənistan nizamlanması ilə bağlı olub. Rusiya lideri Moskvanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, sülh müqaviləsinin imzalanmasına bundan sonra da əlindən gələn köməyi göstərməyə hazır olduğunu söyləyib. «Həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq», - deyə o, vurğulayıb.
Rusiyanın Azərbaycan-Ermənistan danışıqlarına kömək etmək niyyətini xatırlatması maraqlıdır. Məsələ ondadır ki, Qərb tərəflər arasında sülh müqaviləsinin bu ilin noyabrında Bakıda keçiriləcək COP29 sammitinədək imzalanmasına nail olmaq istəyir. Azərbaycanın sülh prosesinə yanaşması isə məlumdur. Ermənistanla dövlətlərarası müqavilənin imzalanmasına tərəfdar olan Bakı bunu İrəvanın ərazi iddialarından tam imtina etməsilə əlaqələndirir. Bu isə həm də Ermənistanın öz qanunvericiliyindən ziddiyyətli məqamları çıxarması ilə də təsdiqlənməlidir.
Azərbaycanın Ermənistanla dayanıqlı sülhə nail olmaq hədəfinə sadiqliyini onun Rusiyanın yenidən danışıqlara ev sahibliyi etmək təklifinə reaksiyası ilə də təsdiqlənir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov «İzvestiya» qəzetinə müsahibəsində bildirib ki, «biz danışıqlar prosesinin formatına açığıq. Bunun üçün biz bilavasitə Azərbaycan və Ermənistan arasında ikitərəfli formatdan istifadə edirik. Həmçinin biz müxtəlif platformalardan heç vaxt imtina etməmişik. Rusiya Federasiyasının platforması bizim üçün həmişə münasib olub. Bundan sonra biz bu platformadan istifadə etməyə hazırıq. Son zamanlar məhz Ermənistan tərəfi buna razılıq verməyib».
Nazirin sözləri Ermənistanın ümumilikdə sülh prosesinə münasibətinin destruktiv olduğunu təsdiqləyir. Əvəzində, İrəvan onun Avropa İttifaqı, Fransa, həmçinin ABŞ tərəfindən hərbiləşdirilməsi kursundan ruhlanmaqdadır. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etdiyi hüquqi səviyyədə rəsmən təsdiqlənmədiyindən, baş verənlər Bakıda məqsədli şəkildə yeni müharibənin qızışdırılması cəhdi kimi qiymətləndirilir.
Tarixi xarakter
Rusiya Prezidentinin Bakıya son dövlət səfərindən danışarkən Azərbaycanın beynəlxalq arenada çəkisini artırmasından narahat olan bəzi beynəlxalq və regional dairələrin baş verənlərə reaksiyasını da nəzərdən qaçırmaq olmaz. Söhbət Bakının həm də bilavasitə Moskva ilə strateji dialoqla artırmaqda olduğu çəkisindən gedir.
Ermənistanın siyasi ekspertlərinin də fikirlərinə yer verməyi xoşlayan Avro-Atlantik informasiya məkanı artıq bir müddətdir ki, Azərbaycanı az qala rusiyapərəst ölkə, beynəlxalq səviyyədə davam edən qarşıdurmada «Qərb demokratiyası»nın deyil, «Putin diktaturası»nın tərəfindən dayanan dövlət kimi təqdim etməyə çalışır. Lakin Azərbaycanın geosiyasi rolu ətrafında qaldırılmış bu bayağı səs-küy, ilk növbədə, onun real müstəqilliyi, müstəqil siyasi kursu fonunda yox olur. Bu isə özünü, ilk növbədə, Bakının Avrasiyadakı miqyaslı inteqrasiya proseslərinə iqtisadi təsirinin getdikcə artmasında göstərir. Azərbaycanın ən sərt şəkli ilə özünü Qərb-Rusiya münaqişəsində göstərən qlobal qarşıdurma ilə bağlı mövqeyinə gəlincə, o, bu məsələdə də öz suveren hüquqlarını qoruyur. Avropanı silkələməyə davam edən Rusiya-Ukrayna savaşında Azərbaycan heç kimin tərəfini tutmur, hər iki tərəflə ənənəvi dostluq münasibətlərini qorumağa və inkişaf etdirməyə çalışır. Bu siyasət qlobal dairələrdə belə bir fikir formalaşdırır ki, onlar davamlı olaraq balanslı xarici siyasət yürüdən Azərbaycanın əhəmiyyətini qəbul etməli, onunla razılaşmalıdırlar. Hər halda, Bakı xaricdən gələn buyuruqlara, beynəlxalq siyasi dairələrin şıltaqlığına əhəmiyyət vermir. Həmin güclər, əlbəttə ki, Azərbaycanın onların əlaltısına çevrilməsini, indiyədək sahibi olmuş Rusiyanı Qərbə dəyişməyə çalışan Ermənistana bənzəməsini istəyir. Söhbət bu və ya digər qlobal mərkəzin iradəsi ilə hərəkət etmək ənənəsindən əl çəkməyən Ermənistandan gedir. Amma bu, mümkün deyil, çünki İrəvandan fərqli olaraq, Bakı ölkənin geosiyasi çəkişmələr meydanına çevrilməsinə imkan verməyəcək. Azərbaycanın bütün addımları – istər Qərb, istər Şərq, istərsə də Şimal və Cənub istiqamətində – yalnız öz suverenliyinin güclənməsinə, regional fövqəldövlət statusunun təsdiqlənməsinə hesablanıb. Bu, qonşu Ermənistanın ənənəvi ampluası ilə müqayisə oluna bilməz. Ermənistandan fərqli olaraq, Azərbaycan ərazisində hər hansı xarici qoşunun yer almadığı ölkədir. O, Rusiya sülhməramlılarının Qarabağ regionundan planlaşdırılmış müddətdən əvvəl çıxarılmasına belə, nail olub. Bununla yanaşı, Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindən çıxarılması zamanı Bakı hər hansı anti-Rusiya addımı atmayıb və bu, tərəflər arasında dostluq, mehriban qonşuluq və müttəfiqlik münasibətlərini yeni səviyyəyə yüksəldib. Bunu Putinin Bakı səfəri bir daha təsdiqləyib. Prezident İlham Əliyev əbəs yerə deməyib ki, «bu səfər tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək».
MƏSLƏHƏT GÖR: