Müəllif: Salatın MİRZƏYEVA
Azərbaycanın maddi-mədəni sərvətləri sırasında müxtəlif metallardan hazırlanmış sənətkarlıq nümunələri xüsusi yer tutur. Qədim zamanlardan bəri azərbaycanlılar bu sənətə xüsusi diqqət yetirirlər. Ölkəmizdə eramızdan əvvəl II minilliyə aid olan qab-qacaq, xəncər, balta, kəmər, qızıl zinət əşyaları nümunələri tapılıb. Artıq Orta əsrlərdə ustalar metaldan müxtəlif növ silahlar, məişət əşyaları, qablar, zərgərlik məmulatları və s. düzəldirdilər. Metal məmulatların hazırlanmasında əsas texniki üsullar döymə, naxış basma, qarasavad, şəbəkə, xatəmkarlıq və minalamadır. Onların arasında ən qədimi döymə sənətidir. Sənətkarların dediyi kimi, bu iş kəskin baxış və böyük məharət tələb edir. Lakin indiki dövrdə belə zəngin tarixə malik sənətkarlar getdikcə azalır və bu sənət aktuallığını itirir.
Əzizbala Dadaşov 30 ildən artıqdır ki, özünü bu işə həsr edib. Onun emalatxanası Bakının Balaxanı kəndində yerləşir. Kitabların qoxusunun hopduğu emalatxananın hər küncündə ustadın həyat hekayəsini əks etdirən onlarla yaradıcılıq nümunələrinə rast gələ bilərsiniz. Əzizbala Dadaşov metalla işləməyə meyilli olmasına baxmayaraq, xəttatlıq, keramika və qobelen toxuculuğu ilə də təcrübələr aparıb.
- Emalatxananızda bədii döymə nümunələri ilə yanaşı, qrafika, rəsm nümunələri də görmək olar...
- Mən bu sənətdə ilk addımlarımı döymə sənətinin əsaslarını öyrənməklə atdım. Metalla işləməkdə ilk təcrübəm uşaqlıqda milliyyətcə yunan olan qonşumuz Anatoli ilə tanış olanda başlayıb. O, elmlər namizədi, rəssamlıq və dəmir döymə üzrə mütəxəssis idi. Atamın xahişi ilə mənə dərs verməyə razı oldu və bu sənəti mənə öyrətməyə başladı. 13 yaşımda artıq metal üzərində Nizami Gəncəvi və Məhəmməd Füzulinin portretlərini yarada bilirdim, velosipedim üçün poladdan kiçik ceyran fiquru düzəldirdim.
- Hansı metallarla işləyirsiniz?
- Alüminium, mis, bürünc və gümüş. Əsasən miniatürlər, ornamentlər üzərində işləyir, rəssamlıqla məşğul oluram. Bir müddət keramika ilə də məşğul olmuşam.
- Emalatxananızda metal işlərinin bir qismi rənglənib. Bu, sizin yaradıcılığınızda yeni üsuldur?
- Bəli, metalın rənglənməsi yaradıcılığımda yenilikdir. Mis qızılı-çəhrayı rəngə malik olan plastik keçid metalıdır. Onu rəngləmək üçün topoqrafik rənglərdən istifadə etmək qərarına gəldim. Sarı və göy rənglərlə işləməyi çox sevirəm. Onların sintezi inanılmaz kölgə yaradır, mən bunu, demək olar ki, bütün işlərimdə uğurla tətbiq edirəm.
- Metalla işləməyi öyrənərkən qarşılaşdığınız çətinliklərdən danışardınız. Axı, o, bir neçə mərhələdən ibarətdir.
- İlk çətinliklə təhsil aldığım müddətdə qarşılaşdım. 1981-1984-cü illərdə 84 saylı peşə məktəbində metal döymə və metal oyma ixtisası üzrə təhsil almışam. Müəllimim Gürcüstanda bu işi öyrənən Səlim İbrahimov idi. Ancaq nə qədər səy göstərsəm də, rəsm çəkə bilmirdim və buna görə də sonradan metala köçürülən eskizlər uğursuz olurdu. Sonra Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Xalçaçılıq sənəti fakültəsinə daxil olmaq qərarına gəldim. Burada mənə Lətif Kərimovdan dərs almaq qismət oldu. O, mənə bu sənətin ən mühüm sirlərini açdı və mənim üçün həqiqi dosta çevrildi. Ornamentalizm üzrə ixtisaslaşmağa başladım. Rəsm müəllimlərim arasında Arif Mərdan və Oqtay Murtuzayevi də qeyd etmək istərdim.
- Əfsanəvi Lətif Kərimov sizinlə hansı sirləri bölüşüb?
- Birincisi, mənə gördüyüm işi sevməyi öyrədib. Yalnız sənətimə aşiq olduqdan sonra bir çox bilmədiyim məsələləri kəşf etdim. Bu, ornamentallıq sənətinin mükəmməlliyini də üzə çıxarıb. Onun zəhməti sayəsində peşəkar oldum. Lətif müəllim çox mehriban, xeyirxah insan idi. O, İranda böyüyüb, amma bir çox ölkələri görməyi bacarıb. Ərəb və fars dillərini mükəmməl bilirdi. O, hər şeyi bilirdi. Düşünürəm ki, məhz bu, onu ünsiyyətin ilk saniyəsindən sizi cəlb edə biləcək açıq bir insana çevirirdi. O dövrdə mənim inkişafımda onun hərəkətləri, işinə, insanlara münasibəti çox mühüm rol oynayıb.
- Sizcə, insanın ruhunun meyilli olmadığı bir işə sevgi aşılamaq mümkündürmü? Axı, bəzən bu və ya digər işi niyə sevdiyimizi izah etmək çətin olur, çünki bu, intuitiv səviyyədə baş verir.
- Söhbət ondan gedir ki, daxilimdə alova çevrilmiş bir qığılcım var idi. Daxilinizdə işinizə həvəsiniz olmayanda dünyanın ən yaxşı ustaları belə sizi öyrədə bilməyəcək. 1983-1987-ci illərində peşə fəaliyyətimə haradan başlayacağımı bilmirdim və buna görə də işsiz qaldım. Amma bu da peşəmi tərk edib özümü başqa sahədə sınamaq üçün əsas olmayıb. Səbr etməyə və sənətimi öyrənməyə davam etdim.
- Biz öz sahəmizdə peşəkar olmamışdan əvvəl sonsuz bilik, bacarıq və təcrübə qazanırıq. Artıq peşəkar ustaya çevrildiyinizi hansı məqamda anladınız?
- Bu proses mənim kifayət qədər uzun - 30 ilə yaxın vaxtımı apardı. O vaxt hər kəs mənə sənətimi atıb, qazanclı bir işlə məşğul olmağımı deyirdi. Amma bir məqsədim var idi: işimi sona çatdırmaq. Mən heç vaxt özümə və sənətimə xəyanət etməmişəm. Amma indiki dövrdə əlcək kimi peşə dəyişdirmək və işin gəlirliliyinə xüsusi diqqət yetirmək çox aktualdır. İnsanlar artıq uğursuzluğa səbirli deyillər. Ancaq tarixdə dilənçi kimi yaşasa da, öz sevimli işini davam etdirmək üçün vəsait tapmağa davam edən məşhur rəssamların və yaradıcı şəxslərin adları çoxdur. Onların bir çoxu yalnız öldükdən sonra tanındı, lakin onlar öz məqsədlərinə nail oldular, adlarını tarixə yazdılar və bizə böyük miras qoydular. Zaman böyük nəsnədir. Zamana güvənin, amma heç vaxt boş yerə sərf etməyin. Zaman ağıllı və mənalı yanaşma tələb edir.
- Yaradıcılığınızın tanınması sizin üçün nə dərəcədə vacibdir?
- Bu, mənim üçün vacib məsələ deyil. İnsan özünü təkmilləşdirməli, kiminsə xoşuna gəlmək üçün çalışmamalıdır. Mənim üçün yaradıcılıq özünü ifadə etmək üsuludur. Fikirlərinizi, münasibətinizi, hisslərinizi bu və ya digər işə qoyaraq özünüz üçün nəsə yaradırsınız. Əgər “heyrətləndirmək üçün yaratmaq” düşüncəsinə köklənmişsinizsə, o zaman diqqətiniz daxili vəziyyətə deyil, xarici dünyaya yönələcək.
- Son dövrə aid hansı əsərlər sizi heyran edir? Kimin yaradıcılığını hisslərlə həyata keçirilmiş iş hesab edirsiniz?
- Mən uzun müddətdir ki, sərgilərə getmirəm və özüm də keçirmirəm. 2001-ci ildə bir dəfə Balaxanıda sərgi keçirdim və bu tamaşaçılarla ilk və sonuncu görüş idi. Mən bunda məna görmürəm. İnternet vasitəsilə sənəti və yenilikləri izləyirəm. Amma hazırda məni nə iləsə təəccübləndirmək çətindir.
- Əsərlərinizin qəhrəmanları kimlərdir? Hansı obrazlar üzərində işləməyinizi necə seçirsiniz?
- Bədii metal üzərində işləmək özündə rəsm, bütöv bir kompozisiya yaratmağı ehtiva edir. Bundan əlavə, əsərlərimdə müxtəlif dövrlərin əfsanəvi şəxsiyyətlərini görə bilərsiniz. Onların arasında Şekspir, Nizami, Füzuli, Nəsimi, Bethoven və başqaları var. Poeziyanı dərindən öyrənirəm - emalatxanamda saysız-hesabsız ədəbiyyat nümunələri var. Əsərləri ürəyimdə əks-səda doğuran ustadların həyat və yaradıcılığını öyrənmək mənim üçün də vacibdir. Mən əvvəlcə şəxsiyyəti sevməli və yalnız bundan sonra obrazın yaradılması üzərində işləməliyəm. Ən çox bəyəndiyim əsərlər arasında Mirzə Ələkbər Sabirin portreti var. Hazırda Azərbaycan dilində yayımlanan qəzet olan “Əkinçi”nin təsisçisi Həsən bəy Zərdabinin obrazı üzərində işləyirəm. O, çox böyük iş görməsinə baxmayaraq, şəxsiyyəti uzun müddət kölgədə qalıb.
- Bəziləri üçün sənət interyerin bir hissəsidir, bəziləri isə onu düşüncə üçün qida hesab edir. Siz işlərinizi hansı məqsədlə yaradırsınız?
- Maraqlı sualdır. Sənət ruhu yüksəltməli, şüurunuzu qidalandırmalı və tərbiyə etməlidir. İncəsənət əsərləri interyerin bir hissəsi olmamalıdır. 10 gün ona baxacaqsan, daha sonra isə ümumiyyətlə, fərqinə varmayacaqsan. İncəsənət əsərlərinin yeri muzeylərdir, burada insanlar şüurlu şəkildə baxmağa, mənimsəməyə, yenidən düşünməyə gəlirlər.
- Sizin işlərinizin tənqidçisi kimdir? Sizin üçün kimin fikri önəmlidir?
- Anam. İndi onun 87 yaşı var, təhsili olmasa da, bu yaşda belə işimə çox düzgün qiymət verir. Sevdiyi işlər, həqiqətən də, çox uğurlu olur. Əgər o, işə “pis” qiyməti veribsə, bir müddət sonra mən özüm onun haqlı olduğu qənaətinə gəlirəm.
- Bu gün Azərbaycanda döymə sənəti nə dərəcədə populyardır? Bunu təhsil müəssisələrində öyrənmək olarmı?
- Bu sənətin populyar olduğunu söyləyə bilmərəm. Hazırda bunu davam etdirən insanların sayı barmaqla sayıla biləcək qədərdir. Döymə sənəti keçən əsrin 60-90-cı illərində SSRİ-nin bir çox ölkələrində məşhur idi. O dövrdən qorunub saxlanılan fabriklərin, zavodların, dövlət qurumlarının fasadlarına və interyerlərinə nəzər saldıqda bunu görmək olar. Fikrimcə, döymə sənətinin gözəl nümunələrinə Gürcüstan və İranda rast gəlmək olar və Azərbaycanda bu sənətin tarixi alban mədəniyyətinə gedib çıxır.
Döymə sənətinə böyük maraq göstərən tələbəm Yusif Dadaşzadəyə böyük ümid bəsləyirəm. Kiçik yaşlarından emalatxanamda çox vaxt keçirir, iş prosesini izləyir. Mən ona metal emalı sahəsində ən vacib bilikləri verirəm və onun işinin nəticələrindən məmnunam. Ümid edirəm ki, tələbələrimiz Azərbaycanın bu qədim sənətini davam etdirmək üçün əllərindən gələni edəcəklər.
Metal işinin məşhur sahələrindən biri misgərlik və ya dəmirçilikdir ki, bu da daha çox məişət əşyalarının yaradılması ilə bağlıdır. Mən isə bədii metal üzərində kompozisiya yaratmaqla məşğulam. Döymə sənətkarları metalı istədiyiniz forma və naxışlara çevirmək üçün dəmirçi çəkici və zindanı kimi xüsusi alətlərdən istifadə edirlər. Bu, çox səs-küylü prosesdir. Buna görə də, bu sənəti sevməyən adam ondan tez yorulacaq. Amma uzun illər ərzində döymə sənəti ilə məşğul olmuşam, bundan sonra da olacağam. Bu, mənsub olduğum işdir.
MƏSLƏHƏT GÖR: