3 Dekabr 2024

Çərşənbə axşamı, 21:46

FƏALİYYƏT PLANI

“Black Sea Energy” layihəsi start mövqeyinə çıxıb

Müəllif:

15.09.2024

Bərpa olunan enerji sahəsini dinamik şəkildə inkişaf etdirən Azərbaycan zəngin aşağı karbonlu resurs potensialından Avropaya “yaşıl enerji” tədarükü üçün istifadə etmək və eyni zamanda Xəzər regionu ölkələrinə tranzit imkanlarını təqdim etmək niyyətindədir.

Sentyabrın əvvəlində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın enerji qurumlarının rəhbərləri Buxarestdə “Green Energy Corridor” birgə müəssisəsinin yaradılmasına dair səhmdar sazişi imzalayıblar. Bununla da, “Black Sea Energy” enerji dəhlizinin çəkilməsi üzrə genişmiqyaslı layihənin növbəti mərhələsinin həyata keçirilməsinə start verilib: onun texniki-iqtisadi əsaslandırması (TİƏ) bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təqdim ediləcək.

 

“Yaşıl potensial”

Azərbaycan “2030-cu ilin böyük enerji keçidi”nin qlobal proseslərində iştirak etmək üçün maksimum səy göstərir və o, son bir neçə ildə bərpa olunan enerji mənbələri sektorunun inkişafında əhəmiyyətli irəliləyişə nail olub. Energetika Nazirliyi bildirib ki, iyunun əvvəlinə olan məlumata əsasən, bərpa olunan enerji mənbələri seqmentində quraşdırılmış güc 1748,6 MVt-a çatıb və bu da ölkənin elektrik enerjisi sisteminin ümumi quraşdırılmış gücünün 20,1%-ni təşkil edir. Ümumilikdə son iki ildə “yaşıl enerji”nin payının yüksək artım dinamikasını qeyd etmək olar. Belə ki, 2023-cü ildə bu göstərici ümumi elektrik enerjisi istehsalının 12%-ni təşkil edirdi. Bu göstərici 2022-ci ildə 10%-i belə keçmirdi. Yerli alternativ energetikanın gücünün böyük hissəsi hidroenergetikanın payına düşür. Eyni zamanda BƏƏ-nin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri ilə əməkdaşlıq sayəsində Azərbaycanda günəş və külək enerjisi generasiya obyektlərinin genişmiqyaslı tikintisi həyata keçirilir. Yaxın illərdə xarici tərəfdaşların dəstəyi ilə Neftçala rayonunda 315 MVt və Biləsuvar rayonunda 445 MVt gücündə günəş elektrik stansiyalarının (GES), Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyasının (KES) və s. tikilməsi planlaşdırılır. Qarabağ regionunda da “yaşıl enerji” zonası formalaşır. Energetika Nazirliyinin məsləhətçisi olan Yaponiyanın TEPSCO şirkətinin ilkin araşdırmalarına görə, azad edilmiş ərazilərdə günəş və külək generasiyasının potensialı 9,2 MVt-dan çox qiymətləndirilir. Azad edilmiş ərazilərdə “Azərenerji” ASC-nin mütəxəssislərinin səyləri ilə iyirmiyə yaxın kiçik SES yenidən qurulub və tikilib. Oxşar layihələr Naxçıvan Muxtar Respublikasında (NMR) da həyata keçirilir, burada günəş stansiyaları və SES-lər tikilir, həmçinin elektrik ötürücü xətləri çəkilir və yarımstansiyalar modernləşdirilir. Qarabağda istehsal olunan və artıq qalan “yaşıl elektrik enerji”sinin NMR-ə ötürülməsi və burada Türkiyə və Avropaya ixrac üçün enerji tranzit habının formalaşdırılması planlaşdırılır. Energetika Nazirliyinin mütəxəssislərinin qiymətləndirmələrinə görə, artıq 2028-ci ilə qədər əlavə olaraq təxminən 1900 MVt “yaşıl güclər” istismara veriləcək ki, bunun nəticəsində ölkənin enerji sistemində bərpa olunan enerji mənbələrinin payı 33%-ə çatacaq. Beləliklə, artıq bir neçə ildən sonra Azərbaycanda güclərin böyük profisiti (bir neçə giqavat) müşahidə olunacaq. Yaxın perspektivdə isə “yaşıl elektrik enerjisi”nin təxminən 80%-nin əsasən enerji defisitinin olduğu Köhnə Dünyaya ixracı nəzərdə tutulur.

Bu məqamda qeyd edək ki, sadalanan təşəbbüslərin həyata keçirilməsi üçün 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan  arasında Qara dənizin dibi ilə 1195 kilometr uzunluğunda və 1 GVt gücündə “Black Sea Energy” sualtı elektrik kabelinin çəkilməsi üzrə strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. İlkin qiymətləndirmələrə görə, kabelin gücü ildə 4 qiqavata qədər “yaşıl elektrik enerjisi”nin tədarükünü təmin edəcək. 2023-cü ildə isə Bolqarıstan perspektivli tərəfdaş kimi layihəyə qoşulub, ardınca Serbiya da enerji sistemini Rumıniya və Macarıstanın paylayıcı şəbəkələrinə qoşmağa hazır olduğunu bildirib. Ötən dövr ərzində layihə iştirakçıları enerji körpüsünün texniki-iqtisadi əsaslandırmasını hazırlamağa başlayıblar. Gürcüstan və Rumıniya arasındakı hissədə sualtı kabelin çəkilməsi üzrə müvafiq tədqiqatlara İtaliyanın CESI konsaltinq şirkəti cəlb edilib. Öz növbəsində tərəfdaşlar bu layihənin Avropa Komissiyası (AK) tərəfindən maliyyələşdirilməsi imkanlarını araşdırıblar, AK bu məqsədlə 2,3 milyard avro ayırmağı planlaşdırır. “Black Sea Energy layihəsinin reallaşdırılmasının 3-4 il çəkəcəyi güman edilir.

 

Prosesi sürətləndirmək

Bütün bu fəaliyyətin məntiqi nəticəsi sentyabrın 3-də Azərbaycan-Aİ “yaşıl dəhlizi” üzrə birgə müəssisənin yaradılması haqqında səhmdar sazişinin imzalanması olub. Müqavilə dörd ölkənin sistem operatorları – “Azərenerji” ASC, Gürcüstan Dövlət Elektrik Sistemi, “Transelectrica” və MVM tərəfindən imzalanıb.

“Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “Yaşıl enerji dəhlizi”nin yaradılmasına dair Rəhbər Komitənin nazirlərinin Buxarest görüşü “Green Energy Corridor” birgə müəssisənin yaradılması haqqında Səhmdarlar Müqaviləsinin imzalanması ilə yekunlaşıb. Layihənin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) həyata keçirilməsinə məsul qurum kimi birgə müəssisə -Yaşıl Enerji Dəhlizi Enerji Şirkətinə liderliyin rotasiyaya əsaslanmasını, növbəti görüşədək Fəaliyyət Planının hazırlanmasını və proseslərin sürətləndirilməsini razılaşdırdıq”, - Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Nazirin sözlərinə görə, bu qərar dördtərəfli sazişin icrasına başlamaq və Azərbaycanı Avropanın “yaşıl enerji” təchizatçısına çevirmək üçün vacib addımdır. Görüşün yekunlarına əsasən, Birgə Müəssisə və İşçi Qrupa müəyyən edilmiş müddət ərzində layihənin texniki-iqtisadi əsaslandırmasının tamamlanması üçün məsləhətçi şirkətlə birgə prosesləri sürətləndirmək, nazirlərin növbəti görüşünədək Birgə Müəssisənin fəaliyyət planının hazırlanması və layihə üzrə biznes modellərlə bağlı məsləhətləşmələrə başlamaq tapşırılıb. Həmçinin “Black Sea Energy” layihəsinə Bolqarıstanın cəlb edilməsi məsələləri müzakirə edilib. Danışıqlar zamanı qeyd olunub ki, Avropa Komissiyası bu “yaşıl regional layihə”nin TİƏ-sini ümumi və qarşılıqlı maraq doğuran layihələr (PCI/ PM) sırasına daxil edə bilər. Enerji körpüsünün dörd təşəbbüsçü ölkəsi AK-nın müvafiq prosedurunu başlatmaq üçün bu məqsədlə kollektiv müraciət edib. Avropa Komissiyasının bu təşəbbüsdə iştirakı əlamətdar məqamdır. Bu, dolayısı ilə kollektiv Avropanın Azərbaycanın təşəbbüskarı olduğu “yaşıl layihə”ləri dəstəklədiyini və ölkəmizin regional enerji habı kimi rolunun aşkar şəkildə tanındığı göstərir.

Oxşar fikri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Buxarestdəki nazirlərin görüşü zamanı səsləndirib: “Macarıstan Azərbaycanla “yaşıl dəhliz” üçün Aİ-nin maliyyə dəstəyinə ümid edir: gələcəkdə Azərbaycan və Gürcüstandan Macarıstan və Rumıniyaya elektrik enerjisinin idxalına imkan verəcək layihə geri dönüşü olmayan kritik nöqtəyə yaxınlaşır. Bu layihə çətin dövrlərdə enerji və milli təhlükəsizliyin əsas elementi kimi çox vacibdir”. P.Siyarto qeyd edib ki, iştirakçı ölkələrin müvafiq şirkətləri birgə müəssisə formalaşdırır və yaxın vaxtlarda “yaşıl enerji” sahəsində tərəfdaşlıq haqqında dəyişdirilmiş sazişi imzalamağı planlaşdırır.

“Black Sea Energy” layihəsinin TİƏ-sinin təqdimatı bu ilin noyabrında Bakıda BMT-nin iqlim konfransı - COP29 zamanı baş tutacaq. Regionumuzdakı Avropa dövlətlərinin Qafqaz bazarı kimi tamamilə fərqli bazardan enerjiyə çıxış əldə etməsi faktı, şübhəsiz ki, təchizatın şaxələndirilməsinə və enerjinin daha da ucuzlaşmasına gətirib çıxaracaq”, - Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja bildirib.

“Bu, ucuz layihə deyil, biz onun dəyərini TİƏ hazır olduqdan sonra öyrənəcəyik. Lakin hesab edirik ki, Gürcüstan və Rumıniya arasında sualtı kabel xəttinin çəkilməsi üçün 3,5 milyard avro lazımdır və bu layihənin enerji təhlükəsizliyi və bazar üçün faydalı olacağını bilirik”, - o qeyd edib.

Buxarestdə keçirilən görüş zamanı tərəflər, həmçinin razılaşıblar ki, layihənin TİƏ-sini fiber-optik rabitə kabelinin çəkilməsi də əhatə edəcək. “Enerji körpüsü layihəsinə, həmçinin dörd ölkəni birləşdirəcək, internet məlumatlarının axınının artırılmasına kömək edəcək və regionun rəqəmsallaşmasına dəstək verəcək optik rabitə əlaqəsi komponenti daxildir”, - S.Burduja vurğulayıb.

 

Perspektivli tərəfdaşlıq

Qeyd etmək lazımdır ki, gələcəkdə Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya “yaşıl elektrik enerjisi”nin ixracı imkanı nəzərdən keçirilir. Bu baxımdan, 2024-cü il mayın 1-də Daşkənddə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin inteqrasiyası üzrə Əməkdaşlıq Memorandumu imzalanıb. Bu sənəd bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının və onun ixracının birgə həyata keçirilməsini, enerji sistemlərinin inteqrasiyasını və alternativ enerji resurslarından səmərəli istifadəni stimullaşdırmaq məqsədi daşıyır. Memorandumla Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabel xəttinin çəkilməsi yolu ilə enerji sistemlərinin birləşdirilməsi imkanının öyrənilməsi nəzərdə tutulur.

Mərkəzi Asiya regionunda daha bir perspektivli tərəfdaş Türkmənistandır. Bu ölkə Xəzər dənizi vasitəsilə Azərbaycan və Türkiyəyə elektrik enerjisi tədarük etməyə hazır olduğunu rəsmən bəyan edib. Onun enerji sistemi uzun müddətdir ki, artıq elektrik enerjisi istehsal edir. Bu ölkə Özbəkistan və Qırğızıstanı elektrik enerjisi ilə təmin edir, İranla enerji mübadiləsi həyata keçirir. Üstəlik, Aşqabadda ixrac generasiya güclərinin artırılmasına ardıcıl olaraq investisiya qoyulur. Belə ki, 2023-cü ilin sonunda Türkmənbaşı limanı yaxınlığında 1574 MVt gücündə yeni elektrik stansiyasının təməli qoyulub.

Qazaxıstan elektrik enerjisinin Azərbaycan ərazisindən tranziti də eyni dərəcədə perspektivli görünür. Qazaxıstanda ümumi gücü 2600 MVt-dan çox olan 145 bərpa olunan enerji obyekti fəaliyyət göstərir.

“Yaşıl elektrik enerjisi”nin transferi layihəsi çərçivəsində Azərbaycan və Özbəkistan Qazaxıstanla tərəfdaşlıqda 2450 km uzunluğunda sabit cərəyan elektrik ötürücü xəttinin tikintisini planlaşdırır”, - Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov bildirib.

“Hazırda biz layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üzərində fəal işləyirik və bu təşəbbüs çərçivəsində daimi cərəyan elektrik ötürücü xəttinin Qazaxıstan, Azərbaycan və Gürcüstandan keçməklə Avropa bazarlarına çıxışı planlaşdırılır”, - o qeyd edib.

Nazir həmçinin xatırladıb ki, Özbəkistan ümumi gücü 10 min MVt-a qədər olan külək elektrik enerjisi istehsalını fəal şəkildə inkişaf etdirir. Özbəkistanın inkişaf strategiyasına uyğun olaraq, 2030-cu ilə qədər ümumi generasiya gücləri 2,4 dəfə artırılaraq 44,9 GVt-a çatdırılacaq. Eyni zamanda ümumi istehsalda bərpa olunan enerji mənbələrinin payı 40%-ə çatdırılacaq.

Xatırladaq ki, bu iddialı planların həyata keçirilməsi üçün Azərbaycanda yarımstansiyalar tikilir və modernləşdirilir, yüksək gərginlikli xətlər çəkilir. “Black Sea Energy” layihəsindən əlavə, ölkəmiz daha iki tranzit dəhlizi formalaşdırır: Azərbaycan-Gürcüstan-Türkiyə (2015) və Naxçıvan Muxtar Respublikasından Türkiyəyə - hazırda inşa edilir. Sadalanan bütün bu amillər Azərbaycanın tranzit ölkə kimi mövqeyini dəfələrlə gücləndirir və onun Köhnə Dünyaya elektrik enerjisinin ötürülməsi üzrə mühüm hab kimi müstəsna rolunu təmin edir.



MƏSLƏHƏT GÖR:

58