24 Dekabr 2024

Çərşənbə axşamı, 09:03

BRİTANİYASAYAĞI YENİLƏNMƏ

Leyboristlər Partiyası Aİ ilə münasibətləri yaxşılaşdıra biləcəkmi?

Müəllif:

15.09.2024

Böyük Britaniyada iki aydan bir qədər artıqdır hakimiyyətdə olan leyboristlərin xarici siyasətinin konturları, nəhayət, ümumi şəkildə də olsa, görünməyə başlayıb. Məlum olduğu kimi, Leyboristlər Partiyası Böyük Britaniyada iyulun əvvəlində keçirilən seçkidə inamlı qələbə qazanaraq, son 14 ildə ilk dəfə hakimiyyətə gəliblər. Onlar hökumətin başına keçər-keçməz, ölkənin daxili və xarici siyasətinin müxtəlif istiqamətlərində fəal işə başlayıb, prioritetləri dəyişib, əvvəlki hakimiyyətdən fərqli yanaşma sərgiləməyə başlayıblar – müdafiə sahəsindən tutmuş, neft-qaz sahəsinin lisenziyalaşdırılmasınadək.

Britaniyanın yeni baş naziri Kir Starmer bildirib ki, o, Böyük Britaniyanın Avropa İttifaqı ilə münasibətlərini də yeniləmək, «Brexit»lə bağlı sələflərindən daha yaxşı razılaşma əldə etmək istəyir.

Lakin təxminən on ildir davam edən gərgin danışıqlardan sonra bu sahədə güzəştlər əldə etmək gözləniləndən çətin ola bilər.

 

Arzularla imkanlar tam üst-üstə düşmədikdə

Starmer hökuməti Brüssel ilə ticarət, təhsil, yeni texnologiyalar və təhlükəsizlik kimi sahələrdə daha sıx münasibətlər qurmaq istəyir. Onun Aİ ilə əldə etmək istədiyi razılaşmalar arasında təhlükəsizlik paktı da var. Yeri gəlmişkən, bu sahədə hər iki tərəfin yanaşması eynidir.

Daha bir mümkün razılaşma gənclərin təhsili və mobilliyi sahəsində ola bilər. Məsələn, Böyük Britaniyanın blokun «Erasmus Study Abroad» proqramına qoşulması mümkündür. Bu proqram universitet tələbələrinə tərəfdaş ölkələrdə təhsil almaq və ya təcrübə keçmək imkanı verir.

Bununla yanaşı, yenilənmənin asan başa gəlməyəcəyi istiqamətlər də var. Məsələn, miqrasiya bu gün Avropanın əsas siyasi problemdir. Britaniya La-Manşda gəmiçilik qaydalarının sərtləşdirilməsini, qeyri-leqal miqrantların kiçik gəmilərdən istifadəsinə məhdudiyyətlərin tətbiqini istəyirsə, Aİ-nin buna xüsusi maraq göstərdiyini söyləmək çətindir.

Son illər Böyük Britaniya ərazisinə La-Manş vasitəsilə daxil olmuş qeyri-leqal miqrantların sayı əhəmiyyətli dərəcədə artıb. 2018-ci ildən onların əksəriyyəti buraya kiçik gəmilərlə gəlir.

Daha ağrılı olan ticarət sahəsinə gəlincə, Starmer hökuməti Avropa ilə sərhəddə gömrük nəzarətini sadələşdirmək, Böyük Britaniyanın bəzi standartlarını Aİ-nin normalarına uyğunlaşdırmaq istəyir. London bu halda Brüssellə yeni və daha yaxşı ticarət razılaşmasının əldə oluna biləcəyinə ümid edir.

Aİ isə hələlik növbəti uzun-uzadı danışıqlara başlamağa maraq göstərmir. Avropalı məmurlar açıq şəkildə deyirlər ki, Londonun diqqəti yeni razılaşmaların əldə edilməsinə deyil, artıq əldə olunmuş razılaşmaların icrasına yönəltməsi daha yaxşı olar. Starmerin Almaniya və Fransa kimi nəhənglərin dəstəyini əldə etmək cəhdləri isə hələ ki, nəzərəçarpacaq nəticələr vermir.

Beləliklə, faydalı ola biləcək niyyətin konkret əmələ və uzunmüddətli dəyişikliklərə çevrilməsinə avropalı siyasətçilərlə uzun-uzadı və sərt müzakirələr lazım gələ bilər. Belə ki, onlar «Brexit»lə bağlı illərlə davam etmiş gərgin danışıqlardan hələ özlərinə gəlməyiblər.

 

Təhlükəsizlik ilk yerdədir

Ölkənin silahlı qüvvələrinə gəlincə, leyboristlərin seçkidə qələbə qazanaraq hakimiyyətə gəldikdən sonra gördükləri ilk işlərdən biri uzunmüddətli beynəlxalq gərginliyə hazırlıq məqsədilə müdafiə siyasətinə «kökündən yenidən baxmaq» olub. Starmer bu məqsədinə nail olmaq üçün dövlət xərclərinə sərt məhdudiyyətlərin tətbiqinə rəğmən, Britaniya ÜDM-in 2,5%-nin müdafiəyə yönəldiləcəyinə, ölkənin nüvə potensialına dəstəyin artırılacağına söz verib. O, baş nazir qismində yollandığı ilk xarici səfərdə Londonun NATO-ya dəstəyinin sarsılmaz olduğunu bildirib. Halbuki Britaniya ordusunun şəxsi heyəti 1980-ci illərin əvvəllərində 500 min nəfərdən artıq idisə, indi bu rəqəm təxminən 140 mindir.

Yanvarda ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri Britaniyanı silahlı qüvvələrinin şəxsi heyətinin sayına yenidən baxmağa çağırıb, bunun qlobal təhdidlərə daha yaxşı reaksiya verilməsi üçün vacib olduğunu deyib. Böyük Britaniyanın sabiq müdafiə naziri Ben Uolles isə həmin vaxt bildirib ki, ölkənin silahlı qüvvələri on ildən artıqdır «lazımi səviyyədə maliyyələşdirilməyib» və «viran qoyulub».

Britaniyanın yeni müdafiə naziri Con Xili isə parlamentə müraciətində xüsusilə davam etməkdə olan müharibələr və artan qlobal təhdidlər fonunda qarşıda duran vəzifənin miqyasını tam dərk etdiyini söyləyib: «Bilirik ki, bu sahədə də ciddi problemlər var. Hərbçilərin mənəvi hazırlığının aşağı olması, həyat şəraitlərinin bərbadlığı, Dövlət Hesabları Komitəsinin «dağıdılmış» adlandırdığı müdafiə tədarükü sistemi və vergi ödəyicilərinin itirilmiş pulları. Bütün bu problemləri bir anda çözə bilmərik, amma onları həll etmək əzmindəyik».

Ölkədə təxminən 85 min adamı daimi iş yeri ilə təmin edən müdafiə sənayesinin təmsilçiləri bu sahəyə xərclərin artırılması niyyətini alqışlasalar da, hökumətlə daha sıx əməkdaşlığa ehtiyacın olduğunu da bildirirlər. Leyboristlər Partiyası isə hələ seçkiqabağı kampaniya zamanı bildirirdi ki, hakimiyyətə gələcəkləri təqdirdə «hökumətin ilk işi ölkənin təhlükəsizliyinin təmini olacaq». Bildirilirdi ki, onlar «Birləşmiş Ekspedisiya Qüvvələrindən («The UK Joint Expeditionary Force» - JEF) olan tərəfdaşlarla yeni ikitərəfli razılaşmalara və daha sıx əməkdaşlığa nail olacaqlar». Söhbət Şimali Avropa ölkələrinin Böyük Britaniyanın təşəbbüsü ilə 2014-cü ildə yaradılmış koalisiyasından gedir. Üzvlüklə bağlı tələblərə əsasən, JEF üçün maraqlı olan əsas coğrafiya Uzaq Şimal, Şimali Atlantika və Baltik dənizi bölgəsidir. Britaniya bu coğrafiyada mümkün qədər fəal rol oynamağa çalışır.

Hələ 2023-cü ilin fevralında Müdafiə Komitəsi «Böyük Britaniyanın diqqəti Uzaq Şimala (Arktika və Şimali Atlantikanın ayrı-ayrı hissələri) yönəltdiyini», onun «Birləşmiş Ekspedisiya Qüvvələri çərçivəsindəki aparıcı rolunun tərifəlayiq olduğunu» bəyan etmişdi.

Hazırda «JEF Bank» və «JEF Digital» hesabına bu formatın institusionallaşdırılması davam edir. Məqsəd əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsidir. «JEF Bank»a müdafiə potensialının artırılması və ya iştirakçı dövlətlərin silahlı qüvvələrinin texnoloji təchizatının yaxşılaşdırılması üçün ixtisaslaşmış investisiya bankı kimi yanaşılır. «JEF Digital» isə şəbəkə məlumatlarının qorunması texnologiyalarının müasirləşdirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi, regional iştirakçıların silahlı qüvvələri arasında koordinasiyanın yaxşılaşdırılması üçün rəqəmsal texnologiyaların tətbiqi platformasıdır.

 

Berlinlə Paris Britaniya «yenilənmə»sinin əsas tərəfdaşları kimi

Britaniyanın yeni hökumətinin xarici siyasi prioritetlərindən danışarkən Londonun Avropa İttifaqına münasibətdə «yenilənmə siyasəti» yolu seçdiyini vurğulamamaq olmaz. Kir Starmer avqustun sonunda əməkdaşlığa dair yeni ikitərəfli razılaşmanın müzakirəsi məqsədilə Berlinə səfər edərkən bildirib ki, bu imkandan Böyük Britaniya-Aİ münasibətlərində «daha geniş yenilənmə» imkanlarına dair danışıqlar imkanı kimi də baxır. Baş nazir Parisə də eyni motivasiya ilə yollanmışdı.

Görünən odur ki, Berlinlə Paris Londona qarşılıq verməyin əleyhinə deyillər. Belə ki, sol-mərkəzçi qüvvələrin daha bir təmsilçisi olan Almaniya kansleri Olaf Şolts Starmerlə birgə mətbuat konfransında həyəcan təbili çalaraq bildirib ki, Londonla Berlin arasında münasibətlər «Brexit»dən sonra çox zəifləyib. «Bizə uzanmış bu əli tutmaq istəyirik», - deyə o, qeyd edib.

Bəli, Britaniya baş nazirinin «əlinin tutulması» üçün stimul az deyil. Birincisi, Starmer sələflərindən fərqli olaraq, parlamentdə ciddi dəstəyə, yəni mütləq çoxluğa malikdir. İkincisi, Britaniya bazarı hər zaman olduğu kimi, Avropa, xüsusilə də Almaniya istehsalçıları üçün cəlbedicidir. Nəhayət, üçüncüsü, London hələ də Avropanın təhlükəsizlik sisteminin tərkib hissəsidir.

Bütün bunlar avropalılara leyboristlərlə uzunmüddətli anlaşmaya getməyə, münasibətləri inkişaf etdirməyə ciddi stimul verir. Onlar Britaniyanın bundan əvvəlki mühafizəkar hökumətinə daha az inanırdılar. Bu gün isə Avropada çoxları inanır ki, Britaniyanın yeni baş naziri «Brexit»lə bağlı «vəziyyəti dəyişmək» isətyir və Aİ bu işdə ona qarşılıq verməlidir.

Bundan başqa, London, Paris və Berlini hər üç ölkədə populyarlığını getdikcə artırmaqda olan ultrasağçı partiyalar qarşısındakı narahatlıq da birləşdirir. Başqa sözlə, bu siyasi qüvvələrin qarşısının kəsilməsi onların arasında çoxtərəfli dialoqu stimullaşdıran daha bir amil ola bilər.

Amma kameralar qarşısında bir-birinin əlini sıxmaq başqadır, praktik addımlar başqa. Sorğular göstərir ki, Britaniyanın Aİ-ni tərk etməsinə münasibət hələ də birmənalı deyil. Kir Starmer özü də «yaşadığı müddətcə» Londonun Aİ-yə qayıdış perspektivinin olmadığını deyir. Leyboristlərin lideri sadəcə, «ticarətdə lazımsız əngəllərin aradan qaldırılması ilə» mübahisələri azaltmağa söz verir. Bu isə Böyük Britaniyanın Aİ ilə Gömrük İttifaqı və ya vahid bazara qayıdışı istisna edir. Boris Consonun əldə etdiyi uğursuz «Brexit» razılaşmasına yenidən yalnız 2025-2026-cı illərdə baxıla bilər. Brüsselin müqavimətini qırmaq üçün isə son dərəcə ciddi səy və böyük inam tələb olunur. Digər yandan, baş nazir və ətrafı, deyəsən, Aİ-nin büdcəsini artıracaq, ona töhfə olacaq hər hansı birgə razılaşma və ya sxemdə iştiraka maraq göstərmir.

Britaniya hökumətinin Avropa ilə ticarətdəki hədəflərinə gəlincə, açıq ifadə olunan iddialar o qədər də böyük deyil. O, ərzaq məhsulları ticarətində maneələri azaldacaq baytarlıq razılaşmasından, qostrola yollanan musiqiçilər və digər incəsənət xadimləri üçün maneələrin aradan qaldırılmasından, peşəkar ixtisasların qarşılıqlı tanınmasından ibarətdir. Əlbəttə ki, bu məsələlərdə «ciddi irəliləyişlər»ə nail olunması daha asandır. Amma bu «irəliləyiş» «yenilənmə» adlandırıla bilərmi? Bu, ciddi sualdır.



MƏSLƏHƏT GÖR:

63