3 Dekabr 2024

Çərşənbə axşamı, 22:10

İRAN YOLAYRICINDA

Pezeşkianın siyasi gələcəyi Sepah və Trampdan asılıdır

Müəllif:

15.09.2024

İran İslam Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminin ertəsi günü HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi yeni dövlət başçısı üçün pis başlanğıc sayıla bilər. İran və İsrail arasında növbəti toqquşma İran hökumətinin Qərblə münasibətləri yumşaltmaq üçün onsuz da kövrək addımlarını təhlükə altına qoya bilər. Axı İranın islahatçı prezidenti xarici siyasətini məhz bu hələ davamsız zəmində qurmaq niyyətindədir.  

Buna baxmayaraq, M.Pezeşkian qisas çağırışları fonunda Qərblə dialoqu bərpa edəcəyini bəyan edib. Yeri gəlmişkən, Qərb mediasının məlumatına görə, Vaşinqton mümkün hərbi münaqişənin qarşısını almaq üçün Tehrana xüsusi nümayəndə heyəti göndərib. İranlıların qisas bəyanatlarına baxmayaraq, dərhal cavab zərbəsini təxirə salıblar. Pezeşkianın başçılıq etdiyi yeni hökumət kabinetinin İranın dini liderləri ilə görüşündə ali rəhbər Ayətullah Əli Xamenei Qərblə nüvə danışıqlarının bərpasına yaşıl işıq yandırıb.

A.Xamenei bildirib ki, yeni hökumətin xarici işlər naziri (Abbas Əraqçi) bütün tərəflər və güclərlə danışıqlara açıq olacaq. Lakin təbii ki, əsas şərti dəyişməz olaraq qalır: “Düşmənə ümid bağlamaq, güvənmək, hökumətin siyasətini Qərbdən asılı hala salmaq olmaz”.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin (XİN) hazırkı rəhbəri əvvəllər Həsən Ruhani administrasiyasında Cavad Zərifin müavini vəzifəsində çalışıb və nüvə danışıqlarında iştirak edib. Bu mənada Əraqçının seçilməsi İranla Qərb arasında nüvə danışıqlarının bərpası istiqamətində ilk real addım kimi qiymətləndirilə bilər. Onun sələfi və keçmiş rəhbəri, strateji məsələlər üzrə vitse-prezident Cavad Zərif artan ictimai tənqidlər fonunda cəmi bir neçə gün vəzifədə qaldıqdan sonra istefaya getməyə məcbur olub. Ancaq güman ki, Zərif kənarda qalsa belə, yeni hökumət komandasının xarici siyasətini istiqamətləndirəcək.

 

Pezeşkianın əsas dayağı

İran siyasi elitasının islahatçı qanadına mənsub olmasına baxmayaraq, M.Pezeşkian həm seçki kampaniyası zamanı, həm də ondan sonra onun əsas himayədarına çevrilən ölkənin ali liderinin tam dəstəyini təmin edə bilib. 

Görünən odur ki, son illərdə sürətlə güclənən və dövlətin içərisində əhəmiyyətli postları, nəzarəti ələ keçirən Sepah generallarını dayandırmaq üçün Pezeşkian və ümumilikdə “islahatçı” qanadın siyasi hakimiyyətin ən azı bir qoluna nəzarət etməsi İran ali rəhbərliyi üçün lazım olub. Faktiki olaraq seçki kampaniyası dövründə məhz dini liderin dəstəyi Pezeşkiana qarşı Sepah və ona bağlı dairələrin hücumlarının qarşısını alıb.

Aydındır ki, hərbi elita geri çəkilmək fikrində deyil. Eyni zamanda ali dini və siyasi rəhbərlik istənilən vaxt Pezeşkiana dəstəyi dayandıra bilər. Pezeşkianın andiçmə mərasimi günü Haniyənin öldürülməsi ona ciddi zərbə olub. İsrailə cavab zərbəsinin təxirə salınması və ali rəhbərin Qərblə nüvə danışıqlarına icazə verməsi prezidentin hərbçilərlə qarşıdurmasında kart-blanş sayıla bilər. Amma qeyd edildiyi kimi, hərbi qarşıdurma bu planı poza bilər.

Əlbəttə ki, Qərblə danışıqların bərpasına icazə islahatçıların əlini gücləndirmək üçün verilməyib. Tehran anlayır ki, Qərblə davamlı konfrontasiya onun manevr imkanlarını zəiflədir və tədricən Rusiya və Çinin təsiri altında qalmasına aparır. İran isə ideoloji və hərbi-siyasi gücü hesabına regionun aparıcı gücü olmağa iddialıdır. Qərbin sanksiyaları İran iqtisadiyyatına hər il daha çox ağrılı zərbə vurur. Təcriddən çıxmaq və böyük güclərin hesablaşdığı oyunçu olmaq üçün Tehranın bütün tərəflərlə danışıq qapılarını açıq saxlaması lazımdır. Hazırkı İsrail hökumətinin İranla bağlı mövqeyini heçə saymaq olmaz. Tehranın əsas regional rəqibi kimi Təl-Əviv onu özünün əsas hədəfinə çevirərək Qərbdən təcrid etmək istəyir. Məhz buna görə də İran rəhbərliyi hər zamankından daha çox təcili olaraq “izqoy ölkə” kimi ona tətbiq edilən stereotiplərdən kənara çıxmağa və əməkdaşlıqda maraqlı olan hər kəslə danışıqlar imkanlarını genişləndirməyə ehtiyac duyur.  

 

Müsbət tendensiyanın başlanğıcı

Avqustun sonunda Türkmənistanın milli lideri, eks-prezident Qurbanqulu Berdiməhəmmədov İrana səfər edərək prezident Məsud Pezeşkianla görüşüb. Bu görüşün ən çox diqqət çəkən hadisəsi isə Türkmənistan qazının İran ərazisindən keçməklə Avropa bazarına çıxarılması haqda saziş olub. Sazişə əsasən Türkmənistan qazı Türkiyə və İraqa ötürüləcək, həmçinin oradan Avropa bazarına çıxarılacaq. Bu, Qərbin Pezeşkiana siyasi-iqtisadi dəstəyi hesab oluna bilər. Hər halda Qərbdə də anlayırlar ki, Pezeşkianın hakimiyyətinin möhkəmlənməsi və xarici siyasətini həyata keçirməsi üçün ona xaricdən də dəstək lazımdır. Başlanğıc üçün türkmən qazının İran üzərindən Avropaya transferi Tehran, daha dəqiqi, Pezeşkian üçün jest rolunu oynayır.

 

Tramp və Sepah

Məsud Pezeşkian hökuməti üçün daxildə əsas təhlükə İran İnqilab Keşikçiləri Qvardiyasıdır (Sepah). Hərbçilər “islahatçı” Pezeşkianın güclənməsini və uğurlu fəaliyyətindən heç də razı qalmayacaq. Artıq Sepaha yaxın mediada Pezeşkiana qarşı tənqidlər səsləndirilir. Amma Pezeşkian yenicə prezident vəzifəsini icra etməyə başladığından və ölkənin ali lideri tərəfindən himayə olunduğundan, həmçinin İran ictimaiyyətinin dəstəyini qazandığından generallar hələ ki, ona qarşı ciddi addımlar atmağa cəsarət etmirlər. Lakin bu, necə deyərlər, ilk “büdrəməyə” qədər davam edəcək.

Pezeşkian üçün daha bir təhlükə Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsidir. Doğrudur, Tramp artıq elan edib ki, prezident seçildikdən sonra İranla danışıqlar masasına oturacaq, nüvə silahına imkan verməmək şərtilə İranla danışıqlar aparacaq. Lakin ötən prezidentliyi dövründə Trampın addımları unudulmayıb və onun yenidən seçildikdən sonra köhnə xəttini təkrarlamayacağına təminat yoxdur.

Belə ki, prezident Trampın 2017-ci ildə ilk addımları onun İrana qarşı Yaxın Şərq ərəb koalisiyası yaratmaq, 2015-ci ildə Barak Obama administrasiyasının əldə etdiyi nüvə razılaşmasından çıxmaq və daha sonra İrana qarşı yeni sərt sanksiyalar paketini imzalamaq səyləri olub. Nəticədə, bölgədə gərginlik artdı, Həsən Ruhani hökuməti bütün diplomatik uğurlarını itirdi və İranın islahatçı qanadının Qərblə danışıqlar lehinə arqumentləri tezliklə unuduldu. Məhz bundan sonra İran mühafizəkarları güclü “kozır” əldə etdilər və çox keçmədən islahatçıların parlamentdən və hökumət vəzifələrindən uzaqlaşdırılmasına nail oldular. Buna görə də Tramp dövründə oxşar hadisələrin təkrarlanma ehtimalı kifayət qədər yüksəkdir.

Bu səbəbdən də, payızdakı seçkilər həm də Pezeşkian üçün həlledici əhəmiyyət kəsb edir. Bu mənada indi Tramp və Sepah İran prezidentinin düşmənləri olaraq bir-birindən fərqlənmir.

 

Pezeşkianın “yol xəritəsi” və ya bundan sonra nə olacaq?

İranın islahatçı yeni prezidentinin qarşısında dayanan əsas vəzifə sanksiyaları müəyyən qədər yumşaltmaq və iqtisadiyyatı yenidən dirçəltməkdən ibarətdir. Əslində, hər ikisi bir-birinə bağlıdır. Məsud Pezeşkian bildirib ki, İran iqtisadiyyatını dirçəltmək üçün 200 milyard dollar sərmayəyə ehtiyac var. Bunun 100 milyardını daxili imkanlar hesabına təmin etmək olsa da, 100 milyard dollar dəyərində xarici sərmayəyə ehtiyac var. Maraqlıdır ki, Pezeşkian xarici sərmayənin ünvanı olaraq Çin və ya Rusiya deyil, xaricdəki, o cümlədən ABŞ-də yaşayan iranlıları qeyd edib. Başqa sözlə, Pezeşkian hakimiyyəti Rusiya və Çindən dəstək gözləmir, daha çox ümidi Qərblə razılaşmaya bağlayır. Çinlə 2016-cı ildə əsası qoyulan 400 milyard dollarlıq sərmayə layihəsinin hələ də yubanması Tehranda alternativlərə baş vurmağa ehtiyac yaradır.

Lakin Yaxın Şərqdə hərbi qarşıdurma yaranarsa, Pezeşkianın planları uğursuz ola bilər. Bu mənada hesab etmək olar ki, İsrailə qarşı cavab zərbəsinin yubanması da məhz Pezeşkian hökumətinin cəhdləridir.

Bununla belə, unutmaq olmaz ki, raket buraxılış sistemlərinə nəzarət edən Sepahdır. Generallar isə hərbi gərginliyin azalmasında o qədər də maraqlı deyillər. Bu mənada İsraillə yeni münaqişə riski yüksək olaraq qalır. Başqa sözlə, Pezeşkianın hakimiyyəti bir sıra ciddi problemlərlə üzləşir.



MƏSLƏHƏT GÖR:

59